AZAD QARADƏRƏLİ KƏNAN HACI-nın 50 illik yubileyində dediklərim və demədiklərim.

 

                             AZAD QARADƏRƏLİ

                                    KƏNAN HACI-

            nın 50 illik yubileyində dediklərim və demədiklərim.

 

 


            Dəyərli ədəbiyyat adamları və müsafirlər!

            Bu gün dostumuz Kənan Hacının yubileyinə gəlməyə hazırlaşarkən bir nigarançılığım vardı – gələ bilməmək kimi. O biri tərəf ağır basınca bir qulağım televiziya verilişindəki Cem Qaraca söhbətlərində idi. Cemin çox sevdiyim bir mahnısı səslənincə qətiləşdirdim: nə olur olsun, gedəcəyəm...

 

            sürərəm buluddan tarlaları

            yağmurlar əkərəm göyün köksünə

            günəşdə dəmlərəm sənin çayını

            yürəgimdən süzərəm öylə verərim

            nə olur ıslak-ıslak bakma öylə...

 

            Nədən əcəba? Nə idi Cem Qaracanın məni tədbirə qovmasının sirri?

            Biz ədəbiyyat adamları bir-birimizə bir köynək yaxınıq. Elə zaman gəlib ki, deyəsən bizim yazdıqlarımızı elə özümüz oxuyacağıq... “günəşdə çayımızı dəmləyəcək, ürəyimizdən süzəcəyik...”

            Kütlə hələ ki, Şərurlu İsfəndiyarın, Baboşun, təlxək Trampın, əliqanlı Putinin həsbəndindədir. Necə ki, onları qanına qəltan edən Stalinə diframbalar oxuyardılar...

            (Amma bir şey yəqindir: kütlə küt sözündəndir axı. Bir gün kütəlmiş ağlı ilə anlayacaq hər şeyi, yenə bizə dönəcək. Kitaba yıxılacaq, romanlara baş vuracaq, şeirin romantikasına dalacaq... İnsanlıq ölməyəcək. Oxuyacaqlar bizi. Duyacaqlar. Doyacaqlar...)

            ...Kənandan danışacaqdın axı...

            Çox fikirləşdim ki, əcaba, mən Kənan Hacını haçandan tanıyıram, dəqiqləşdirə bilmədim. Aramızda 21 il yaş fərqi olsa da, elə bil bir ilin, bir məhlənin uşaları olmuşuq.

            Ən son xatırladığım o oldu ki, mənim ilk “qalın” kitabım olan “Burda yer fırlanmırdı”nın təqdimatına Kənan həyat yoldaşı ilə gəlmişdi! Hə, hə, düz eşitdiniz, İlhamə xanımla gəlmişdi...

            Bu, Kənanın bir ədəbi jesti idi həm də. Onların ədəbiyyatçılar ailəsi olmasına, ədəbiyyatın çörəyini yemələrinə və kitaba olan sonsuz ehtiramlarına dair bir düşüncə tərzi idi...

            Sonrakı kitablarımın da təqdimatında Kənan mütəmadi iştirak edib. Və məndən ən maraqlı müsahibəni də Kənan alıb. Ötən il 70 illiyimlə bağlı buraxılan 600 səhifəlik kitaba yazıçı, tənqidçi, estet, dilçi alimlərin və digər düşüncə adamlarının yazıları ilə yanaşı bir müsahibə də salmağı fikirləşəndə Kənanın o müsahibəsi bütün digər müsahibələrin önünə keçdi və topluya düşdü.

            Kənanla yollarımız bir də mənim “Yazı” dərgimdə kəsişdi. Yazmağa başladığı “Fironun dəftəri” romanını hissə-hissə çap edəndə Kənanın yazı üslubuna və müşahidə qabliyyətinə heyran qaldım. Nə yazıq ki, o romanı sonacan eyni ahənglə yazıb bitirməyə dostmuzun nəfəsi çatmadı və roman, bir növ tələm-tələsik bitdi...

            Kənan Bakı əhli olsa da, heç bakılıya bənzəməyən yerişə, duruşa sahibdir. (Bir çox Bakı cavanlarının dəliqnlılığını, vurub-yıxmağını, basıb-bağlamağını nəzərdə tuturam.) Son dərəcə təmkinli, suyu üfürə-üfürə içməyi, səliqə-səhmanı onu fərqləndirir. Yox, Kənan qorxaq deyil, amma ehtiyatlıdır. Özünə söz deyilməsini heç sevməz, daha doğrusu istəməz...

            ...Kənanın hekayələrində bitkin bir obraz, yetkin insan boylanır. Doğru demişlər, adam ən çox özünü yazır. Kənan Bakı əhlinin qara tüstü-dumanda itib-batan insanlarının obrazını axtarıb-arayır, üzə çıxardır, kitablaşdırır. Bir rayonun vəzifəli adamı Birinci Qarabağ savaşında şəhid olub. Kənan onu axtarıb arayıb, kitab yazıb...

            Kənanın şairliyi də var. Əlbəttə, onu poeziya dəlisi, şeir aşiqi hesab etməzsən, di gəl ki, adamın içindən bir şairin boy verdiyini görməyə bilmirsən...

 

            ...Yalandan yanımda qalacaqsansa,

             Doğrudan get, bilim, məni sevmirsən.

             Ay başı bəlalı gözəl yarasa,

             mən bir az dumanı, çəni sevənəm,

             sən axı dumanı, çəni sevmirsən.

 

            Sən gecə get, bəxtin yatan vaxtında,

           çay süzəndə baxım görüm qənd yoxdu.

           Gedişlərin bu gəlhagəl vaxtında

           gedim kəndə, baxım görüm kənd yoxdu...

 

            Kənd demişkən, axı Kənanın kəndi də var! Kənanı dışlayan, ata yurdunu əlindən alan, torpağını torba ilə daşıyan kəndi...

            Radioda işləyən vaxtım idi. Bələdiyələrə, kənd sovetlərinə, bir az dirəşəndə icra hakimiyyətlərinə sözümüzü deyə bilirdik. Öyrəndim ki, doğma adamları Kənanın ata yurdundakı daxmasını, torpağını ələ keçiriblər, halallıq da vermədən.

            Kənana dedim ki, gəl, gedək bələdiyyəyə, tələb edək, yurd-yuvanı qaytaraq. Kənan əvvəl razılaşsa da, iş rəsmiyyətə gələndə (Kənan şikayət ərizəsi yazmalı idi) dedi ki, Azad bəy, mən bunu edə bilmərəm... Doğma adamlardı, indi onların ağlı belə kəsib, bəs mənə nə olub?..

            ...Təsəvvür edirsiniz? Kənan Hacı o ərizəni yazmadı və yenə də Yasamaldakı zirzəmidə kirayə qalmağa üstünlük verdi...

            ...Bir qədim bayatı var:

           

            Ayran sizə, şor sizə,

            Qalmaz bu dövran sizə.

            Biz də bir inək allıq,

            Vermərik ayran sizə...

 

            Yəqin bu bayatının kökü sizi də maraqlandırdı?

            Deyir, əski zamanlar imiş. Bir kasıb ailə yaza güclə çıxsa da, pencər yeməkdən dişlərinin dibi yara olubmuş. Kasıb ailənin qadını qızına bir qab verib varlının qapısına göndərir. Deyir, get o Keçəl Qızdarbəyiyə yalvar, ağla, sıtqa, bir az ayran versin, qataq pencərə, yeyək.

            Qız canı ölmüş də eləməyib tənbəllik, gedib kəsib qapını döyüb, deyib ki:

            -Keçəl Qızdarbəyi xala, nənəm dedi ki, bir qab ayran versin, qataq pencərə yeyək...

            Allahın işinə bax ki, gündə yağ-bal yeyən Qızdarbəyinin saçı lopa-lopa tökülürmüş, ona görə Keçəl Qızdarbəyi deyirmişlər. Qızdarbəyi qabı qızın əlindən alıb tırıldadır küçəyə və deyir:

            -A bala, o dil ki, sənin nənaındı, içinə də bir çalxam (yağa belə deyərdilər – A.Q.) salacam!

            ...İndi Kənana dövlət baba ev verib, neçənci mərtəbədəsə, oradan baxanda Buzovna əl içi kimi görünür...

            ...Həəə...

            Beləcə, bir dostun da yubileyini qeyd etdik.

            Əzizim Kənan!

            49-50 qorxulu yaşdır. Kişilər bu yaşı keçsə, qorxusu yoxdur deyirlər. Mənim “Əllidən bir kəm” romanımı ki, oxumusan?! Səməd Vurğun, Eldar Baxış yaşıdı bu... Demək, kəfəni yırtmısan. O xəstəlikləri, ağrımaqları bir kənara qoy və yeni entizuazmla yaz, yarat!

            S.A.(Söz Ardı.)

            Çıxışımın sonunda Kənana yenicə çapdan çıxmış külliyyatımın 7-ci cildini hədiyyə etdim. Bunun həm də rəmzi mənası var: gəl 70-ə çat! Sonrasını sən, bir də səni yaradan bilər...

            Qələminə qüvvət!

 

                                                                                                            05.04.2025.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...