AZAD QARADƏRƏLİ LYOSA: SEVGİDƏN SİYASƏTƏCƏN (Perulu ədibin özü və sözü haqqında kiçik esse)
AZAD QARADƏRƏLİ
LYOSA: SEVGİDƏN
SİYASƏTƏCƏN
(Perulu
ədibin özü və sözü haqqında kiçik esse)
Mənimçün
ədəbiyyat qatı dumanda azan yolçunun düşdüyü vəziyyət kimidir: sonu bilinməyən
dumanda azmaq qorxusu və üzünü şıltaq qadın kimi yalayıb, səni az qala masturbasiya
həddinə gətirən dumanın həyəcanı. Neçə-neçə hekayə, roman, esse yazdım, zira nə
o dumanın cazibəsindən qurtuldum, nə o azmış yolçunun qorxusundan...
Hər
dəfə əlimə qələm alanda (indi klaviatura) o cazibə və qorxu kəsir başımın
üstünü.
Gənclik
illərində Nizami, Hüqo, Tolstoy, Cek London, Mopassan, Cəlil Məmmədquluzadə
kimi ədiblərin rəfimdəki kitablarını əlimlə sığallayar, onlardan sanki güc
alardım. (Onda rəfim də rəf deyildi: altı taxtanı pis-pis yontaqlayıb
mismarlamış, üstünü qəzet parçaları ilə bürüb-bükmüş, bu rəfəoxşar taxçakimiyə
az-çox kitablarımı yığmışdım.) Bu da yetməyəndə Sabir Əhmədovun yanına gedər,
o böyük yazıçının aşıb-daşan enerjisindən qidalanardım, toxtayardım...
18
yaşda da beləydi, 68-də də belədir.
Dəyişən
adlardır: Bulqakov, Platonov, Markes, Lyosa, Çəmənzəminli... Sabir Əhmədlinin
indi özü yoxsa da, kitabları rəflərimi bəzəyir... Məhz bu ədiblərin “yanına” gəlir,
kitablarını tumarlayır, onlardan güc alıram. Qorxu və həyəcan çəkilir, duman isə
“Yaramaz qız”a* çevrilib, mənimlə mazaqlaşır, qorxma, yaz deyir. Artıq canımdan
çıxan qorxunu həyəcanla yola salaraq kompüterin qapağını açıram.
Bu
dəfə dostum, həmkarım və sonsuz qaraçuxalarımdan biri olan Lyosadan söz açmaq
istəyirəm.
Nobelli
Lyosa, perulu Lyosa, özündən 18 yaş böyük qadına aşiq olan, ondan ilham alan
Lyosa, Markesin gözünün altını qaraldan Lyosa, Peru prezidentliyinə namizəd
olub uduzan Lyosa, cild-cild romanlar yazan Lyosa...
Çox
az əsərini oxusam da, mətni və həyata baxışı ilə mənə yol yoldaşı olan Lyosa...
Qəribədir
ki, dünya şöhrətli Lyosa da indi oxucuların azalmasından gileylənirdi. Özü də
necə?!
“Belə
görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində,
yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin
humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu
fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar kişilər qədər işləmədikləri
üçün daha çox kitab oxuyurlar; bundan başqa, əksər qadınlar xəyal qurmağı və
fantaziyaya vaxt ayırmağı, kişilərdən daha çox özlərinin haqqı hesab edirlər.
Kişilərlə qadınları kəskin siniflərə bölən, qadınla kişinin bir-birindən fərqli
fəzilət və qüsurları olmasını özünə dayaq nöqtəsi götürən izahların heç birindən
heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun hər gün azalması və yerdə
qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominantlığı inkar edilməz
həqiqətdir.”
***
İstinad
nöqtəmizin biri ədibin bu günlərdə oxuyub başa çıxdığım məşhur “Yaramaz qızın sərgüzəştləri”
romanıdır, fəqət buracan Lyosa haqqında vacib deyiləsi bir neçə kəlmənin üstündən
keçə bilmərəm.
Bilənlər
bilir ki, mən on ilə yaxın “Yazı” adlı dərgi buraxmışam. Bu dərgi ilk növbədə mənim
özümə lazım idi. Sonra mənim ətrafıma, xüsusən gənclərə. Bilirəm, bəzi özündənmüştəbehlər
o dərgiyə ağız büzə bilərlər, daha yaxşısını çıxartmaq olardı deyərlər və s.
Bilənlər onu da bilirlər ki, belə sözlər söyləmək işin ən asanıdır. “Yazı” isə
bundan sonra çıxacaq, şıxmayacaq, bilmirəm, amma o öz zamanı üçün fövqəladə bir
iş gördü. (Bu sətirləri yazanda dərgini hələ gənclərə verməmişdim – indi mən
dərginin yalnız təsisçisiyəm və həvalə etdiyim gənclərin işinə də qarışmıram.
Əlbəttə, bu mənim “Yazı”m deyil, amma dərgimizin yaşaması naminə bu işə razılıq
vermişəm. Nə yazıq ki, mənim yaşım və fiziki gücüm bu işi görməyə yetmir.)**
İlk növbədə dünya klassiklərinin əsərlərini, o cümlədən modern dünya və Azərbaycan
ədəbiyyatını Azərbaycan oxucusuna çatdırdı. Elə böyük Peru ədibi Mariya Varqas
Lyosanı da bəlkə, ilk dəfə Azərbaycan oxucusuna “Yazı” təqdim etdi. Təbii ki,
bu yerdə ilk növbədə dərgi ilə əməkdaşlıq edən, dərginin yaşaması üçün maddi-mənəvi
dəstəyini əsirgəməyən, həm də çevirmən kimi çalışan Moskvada yaşayan Araz
Gündüzə sağ olun deyirəm!
Araz
bəyin tərcüməsində Lyosanın təxminən 50 jurnal səhifəsi edən (dərgimiz 200 səhifə
idi) ədəbi qeydlərini – memuarını çap etdik. Şəxsən mən o əsərə qədər
Lyosanın rus dilində, Anadolu və Azərbaycan türkcələrində iki-üç hekayəsini
oxumuşdum. Lyosanın bu iri həcmli xatirə üslubunda yazdığı əsər mənim ədəbi tərcümeyi-halımda
böyük rol oynadı. Mən o əsəri çap edəndə (“Yazı”, 2015-ci il, 13-cü nömrə, səh.85-148.)
nisbətən az yazırdım. Lakin o əsəri oxuyub redəktə edə-edə çapa hazırlayanda
anladım: dayanmadan, nəfəs dərmədən ürəyimdəkiləri kompüterin klavişlərinə döyəcləməli,
yazmalı, yazmalıyam. Bu gün yazdığım çoxlu hekayə və romanlara görə məhz
Lyosaya borcluyam. (Burda Joze Saromoqonun da haqqını vermək gərək. Adam
deyirdi ki, yazıçı hər gün səhər ən azı bir səhifə yazmalıdır. Bu bir səhifə
ilin sonunda 362 səhifə olacaq... Yəni bütöv bir roman...)
Gələk
ədibin sözügedən əsərinə - “Su içindəki balıq kimi yaşadığım günlər”ə. Əslində
bu yazıda daha çox elə bu əsərdən bəhs edəcəyəm. Nədən? Ona görə ki, mən tənqidçi
deyiləm və Lyosanın “Şıltaq qız”ını təhlil etmək fikrindən də uzağam. Sadəcə...
Hə,
bizdə ədəbi-bədii memuar səviyyəsində kitablar ya yoxdur, ya da çox
lazımsızdır. Ordubadinin, Çəmənzəminlinin və daha bir-iki ədibimizin belə əsərləri
var, zira onlar da tam deyil, yalnız müəyyən dövrü əhatə edir. Bir də Ümbülbəni
– Banin və onun “Qafqaz günləri” var ki, bu ayrı bir estetikadır və ayrıca təhlil
tələb edir, zira buranın yeri deyil. (Sadəcə, oxucuya çatdırmalıyam: bir
vaxtlar mövcud olan “Xan” nəşriyyatının təklifi ilə Baninin sözügedən romanını
yenidən çapa hazırladım. Belə ki, romanın Sovet dövründə naqis çap olunduğunu,
ixtisarlar edildiyini bilirdim. İxtisar olunmuş səhifələri tərcümə edən gənc
bir müəllifin köməyi ilə əsəri tam bərpa olunmuş vəziyyətdə çapa hazırlayıb,
redaktor kimi də ön söz yazdım.)
Yəni
Sovet dövrünə ayaq basan kimi ya mətn axsayır, ya da...
Anarın
“Sizsiz”i var. Bu “ya da”, əslində, o əsərə işarədir. Adam ata-anasından yaza
bilər, amma həqiqəti yaza bilməyəcəksənsə, yazma, qardaşım, yazma. Onsuz da bilənlər
bilir, kim kimdir... Nigar xanım böyük bir nəslin qızıdır, amma o allahsız
Sovet höküməti ilk olaraq o böyük nəsillərin boynunu vurub, boylarını gödəltməklə
məşqul idi. Daha çox baş əyənlər, daha çox yuxarıya yaltaqlananlar həm sağ
qaldılar, həm də vəzifə və ad-san, gəlir əldə etdilər...
Yəni,
olub-bitənləri sizsiz də bilirik, elə “Sizsiz” də...
Rəhmətlik
Sabir Əhmədlinin “Yazılmayan yazı” romanı istisna olmaqla, bizdə Lyosanın
memuarı səviyyədə əsər yoxdur...
Mətləbdən
uzaq düşdük. Qayıdaq “Su içində balıq kimi yaşadığım günlər”ə. (Heyf ki, əsər
əlimizə yarımçıq gəlib çatmışdı və dostumuz da onu ancaq o cür çevirməyə məcbur
olmuşdu. “Yazı”nı bəyənməyənlərin ilk işlərindən biri, həmin əsəri tapıb çevirmək,
bütöv şəkildə oxuculara çatdırmaq olmalıdır.)
M.Kunderanın
sözüdür:”Əsərlərindən daha ağıllı olan yazıçılar peşələrini dəyişməlidirlər.”
Lyosa
ağıllı yazıçıdır. Zira əsərləri özündən daha kamil, daha ağıllı...
Niyə
bu memuar mənim diqqətimi belə çox cəlb edib?
Çünki
orada Lyosanı Lyosa edən həqiqətlərə ütü çəkilməyib. Məsələn, ailəsini müqəddəsləşdirmir.
Onu hərbi məktəbə vermələrini, o məktəbdə başına gələnlər...
Və
babası, nənəsi...
Onu
yazıçı edənlər...
Və
bütün manelərə baxmayaraq özündən az qala iki dəfə yaşlı olan bir qadınla ailə
qurmasını detalları ilə yazması. Az qala bütün nəslin-kökün onalara qarşı
çıxması...
Və
Markesin gözünün altına vurulan yumruq...
...Qələm
dostumuz Aslan Quliyevin çevirdiyi “Yaramaz qızın sərgüzəştləri” romanı
Lyosanın sevgi və birtərəfli sevginin doğurduğu eybəcərliklərin siyasət fonunda
necə ustalıqla verilməsinə ən yaxşı nümunədir. Əsər o qədər cazibəlidir ki,
başladınmı, səni buraxmaz. Adi, adi olduğu qədər də qeyri-adi bir qızın, az
qala bütün dünyaya kəf gəlməyi bacaran şıltaq qadının – mən onun adını belə
bura yazmağa qorxuram, çünki özü saxta olduğu kimi adları da saxta idi – onu dəlicəsinə
sevən insanın sevgisini ələ salıb dolamasını, hətta alçaltmasını elə əsrarəngiz
dillə çatdırır ki...
Bir
şey də qəribədir: bu saxta xanımın özü kimi saxta məhəbbətinin fonunda dünya,
siyasət, acı da olsa insanlığın get-gedə çökməsi Lyosa qələmi ilə elə ustalıqla
verilir ki, buna valeh olmaya bilmirsən...
O,
ədəbiyyatın gücünə inanırdı. Zatən inanmasaydı o qalın-qalın romanları yazmadı.
Bu da onun dedikləridir:”Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini
görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi
ədəbiyyatdan daha yaxşı heç bir şey öyrədə bilməz. Yaxşı ədəbi əsərləri
oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və
qüsurlarımız içində gördüyümüz işləri, xəyallarımızı və kabuslarımızı, təkliyimizi
və bizi başqalarına bağlayan münasibətləri, cəmiyyətdəki obrazımızda və
şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.”
“El
Paris” qəzeti “Yaramaz qızın sərgüzıştləi haqqında yazmışdı:”Sevgi,
qarşılaşmalar, ayrılıqlar, aldatmalar, təslim olmaq və eyni zamanda bir çox həqiqəti
özündə ehtiva edən bir roman.”
S.A.
(Söz Ardı)
Əziz
oxucu! Mən bu yazını illər əvvəl başlamış, lakin dəfə-dəfə qayıtsam da
tamamlaya bilməmişdim. Bu gün böyük kədər hissi ilə Lyosanın fiziki köçünü
oxuyub sarsıldım və ilk işim bu yarımçıq yazını tamamlamaq oldu. Bilirəm, ürəyimi
boşalda bilmədim, amma olan oldu. Dünya nəsrinin böyük ədibi Lyosa bizlərə əlvida
dedi. Ruhu şad olsun.
2020-2025
---------------------------------------------------------------------------------------------------------------------
*Perulu yazıçı Mario Varqas Lyosanın
“Yaramaz qızın sərgüzəştləri” romanının qısaldılmış adı.
*Mən bu yazını başlayanda vacib işlər
çıxmışdı və onu bitirmək planım baş tutmadı. O müddətdə “Yazı”nı gənclərə
verdim, onlar bir neçə nömrə buraxdılar və usandılar. İndi yenə fasilə
vermişik. Çox güman ki, bu fasilə deyil, tam mənada sondur.
Yorumlar
Yorum Gönder