AZAD QARADƏRƏLİ VALEHİN VALEHLİYİ (Dostum, keçmiş iş yoldaşım Valeh Aslan oğlu Quliyevin 70 yaşı tamam olur)
AZAD QARADƏRƏLİ
VALEHİN VALEHLİYİ
(Dostum,
keçmiş iş yoldaşım Valeh Aslan oğlu Quliyevin 70 yaşı tamam olur)
Həyatda
çox dostlarım olub. Yox, təkcə ədəbiyyat adamlarını, yazıçıları nəzərdə
tutmuram. Həyatın mənə qazandırdığı yaşıdlarım, iş yoldaşlarım, əqidə
dostlarım...
Bunların
içərisində gənclik dostlarımın xüsusi yeri var. Onlardan biri istedadlı müəllim,
gözəl dost, məclis adamı Valeh Quliyev idi.
Əvvəl
Zəngilanın Sobu kəndində, sonralarsa Valehgilin kəndi Çöpədərədəki orta məktəbdə
bir yerdə işlədik, bir pedoqoq kimi çalışdıq, çörək kəsdik, həmfikir olduq.
Valeh
həm də ədəbiyyat aşiqi idi. Mənim qəzet-jurnallarda çıxan yazılarımı kəsib
saxlayar, kəndçilərinə oxuyar, sonra da mənə zarafatla, “Vəliyev, bax ha, səni
təbliğ edirəm” deyərdi.
(Valehgilin
kəndində məktəb direktoru işlədiyim üçün mənə çox vaxt soyadımla müraciət edərdilər.)
Valeh
ixtisasca fizika müəllimi olsa da, Çöpədərə məktəbində mənim direktor işlədiyim
dövrdə hərbi rəhbər kimi çalışırdı. Adətən, bu dərslərə məktəblərdə barmaqrası
baxılır, bəzən müəllimlər uşaqlarla futbol oynayır, vaxt öldürürdülər. Valehlə
birlikdə az vaxtda hərbi kabinetin zənginləşməsinə, uşaqların hərbi biliklərinin
və təlimlərinin yüksəldilməsinə nail olduq.
Valeh
odlu-odlu danışar və deyərdi ki, biz sərhəd rayonuyuq. Üstəlik də erməni kimi
düşmənimiz var. Ona görə də, hərbi dərsə xüsusi önəm verməliyik.
Valeh
idmanı, xüsusən futbolu çox sevərdi. Mən Dinomo Kiyevin, o isə Dinomo Tiblisin
fanatı idi. Təbii ki, Neftçiyə də ayrıca hüsn-rəğbətimiz vardı.
Valeh
şahmata da çox bağlı idi. Dərsdən sonra məktəbdə şahmat yarışlarının təşkili ənənə
halı almışdı. Müəllimlərlə, ən əsas isə yuxarı sinif şagirdləri ilə keçirilən
şahmat turnirlərinin də təşkilatçısı o idi.
Valeh,
həm də prinsipal biri idi. Bir işə qol qoydumu, mütləq onu aşırmağa çalışardı.
Çöpədərə
kəndi suyu qıt olan yerdə qərar tutduğundan insanlar içməli su sarıdan korluq çəkirdilər.
Əlbəttə, bulaqlardan sənəklə su daşıyır, tələbatlarını ödəyirdilər. Lakin Valeh
istəyirdi ki, yeni tikdirdiyi evinin həyətinə su çəkdirsin. Və bu arzusunu mənə
bildirəndə təbəssümlə dedi ki, mənə bu işdə yalnız sən kömək edə bilərsən.
-Necə?
Nə lazım olsa, mən hazır, - dedim.
-Buralarda
iri şlanq tapmaq müşkül məsələdir. Ancaq Füzuliyə getməliyəm. Buna isə gərək sən
icazə verəsən.
Əlbəttə,
onu arxayın yola saldım və dedim ki, su çəkmək üçün lazım olan ləvazimatları
almamış gəlmə...
Beləcə,
az müddətdə, bir neçə kilometr uzalıqdan qapısına su çəkdirdi. Sonra elə həmin
təzə evinin həyətində, o suyun üstündə bizə - məktəb kollektivinə yaxşı bir
qonaqlıq da verdi. Dedim axı, Valeh, məclis adamı idi! Fizik olsa da, şeir deməyi,
sağlıq söyləməyi, yeyib-içməyi sevərdi...
Bakıda
məcburi köçkümlük dövründə də bir neçə dəfə götrüşümüz oldu. O burada açdığı məktəbin
direktoru idi. Təəssüf ki, Xətai rayonunun ərazisində yerləşən həmin məktəbi hansısa
qoluzorlular yerləşdiyi binadan çıxartmaq istəyirdilər. Mənə, işlədiyim radioya
zəng vurdu, kömək istədi. Az vaxt içərisində problem çözüldü...
Dostumuz
Tariyel müəllimin hüzr yerində qulağıma pıçıldadı ki, ay qağa, sənnən bir məsləhət
almaq istəyirəm, həmişə gənəşik yerimiz olmusan. Bizim bu uşaq (oğlunu göstərdi)
aspiranturaya girib, nə bilim axı, deyir, mövzu götürəcəm, dissertasiya
yazacam, ağlın nə kəsir?
Sevindim.
Əlimi onda hələ sütül bir oğlan olan oğlunun kürəyinə vurub dedim ki, halaldı sənə!
İnanıram ki, arzuna çatacaqsan!
Daha
heç mənə ehtiyacı olmadı. Dissertasiya da yazdı, müdafiə də etdi. Bilmirəm,
Valeh oğlunun alim adı aldığı günü gördmü, ya yox. Kaş görəydi!
...Amansız
xəstəlik dostumuzu şam kimi əritdi.
O
digər müəllim yoldaşlarımız – mərhum Söhrab müəllim, Abdulla müəllim, Məhərrəm
müəllim, Xamməmməd müəllim, Şəmsəddin müəllim, Tariyel müəllim və başqaları
kimi torpağa bağlı adam idi. Torpaq həsrəti ilə də dünyadan köçdü.
Valeh
adına layiq adam idi. Ona görə də yazının adını Valehin valehliyi qoydum.
Həyatı,
yaşamağı, gözəlliyi sevən, qiymətləndirən dostumuz yaşasaydı, 70 yaşı olacqdı.
Ruhun
şad olsun, dost!
Qarabağa,
Zəngilana köçlər başlayıb. Bir gün Çöpədərəyə gedəsi o köçün önündə sənin də
ruhunun olacağından əminəm.
08.04.2025.
Yorumlar
Yorum Gönder