AZAD QARADƏRƏLİ 13-14 YAŞLI UŞAĞIN ROMANI (Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” romanı barədə birnəfəsə yazdıqlarım.)

 

 

 

                    AZAD QARADƏRƏLİ

 

               13-14 YAŞLI UŞAĞIN ROMANI

 

            (Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” romanı barədə birnəfəsə yazdıqlarım.)

 


            Deyim ki, yazını birnəfəsə yazsam da, kiatabı ara verə-verə oxudum. Ona görə yox ki, bəyənmədim, sadəcə, gənc bir adamın niyə belə bir əsəri məhz bu səpkidə yazmağını özümçün aydınlaşdırmağa çalışırdım. L.Tolstoy da “Uşaqlıq”, “Gənclik” kimi əsərlər yazıb, başqa müəlliflərin də bu tip təcrübələri var. Zira həmişə bu fikirdə olmuşam ki, roman yazmaq üçün bir romanlıq sözün, yaşantın və keçilən zamanın olmalıdır. (“Bir Quranlıq söz” timsalı.)

            Bu barədə yazmışam da. Ustad Sabir Əhmədli “Ədəbiyyat və incəsənət”də bir neçə hekayəmi çap etdikdən sonra, üstəgəl əl boyda “Dumduru su”nun çıxdığını da biləndən sonra “yavaş-yavaş romana keçə bilərsən” demişdi. Amma mən ilk romanımı qırx yaşımın tamamından sonra yazmağa cəsarət etdim... (Əlbəttə, mən belə etmişəm deyə, hamı belə etməməlidir, zira roman bir qədər ayrı məsələdir...)

            Yaxşı cəhət orasındadır ki, kitabda dövrün ab-havası rahat duyulurdu. İran saqqızı, uşaqların kompüter salonlarına hücumu, dini dərslərin bir ara dünyəvi dərsləri üstələməsi...

            İran səfəri barədə daha maraqlı lövhələr gözləsəm də, bunu görə bilmədim.

            Kitabda ən çox ana obrazının nifrət çalarlarının tündlüyündən üzüldüm. (Şəxsən, mənim də anam çox qəddar olub mənə qarşı. Amma onun o qəddarlığı olmasaydı, məndən heç nə çıxmazdı.) Ümumən, ailə demokratiyası deyilən bir şeyin Şərq üçün olmadığı qənaətindəyəm. “Əti sənin, sümüyü mənim” prinsipinin hələ də bizdə aktual olduğunu düşünürəm. 13-14 yaşlı uşağı başına buraxsan, ən azı “tarın mizrabını xalçanın üstünə salıb itirər.”

            Təbii, bu tip memuarlar yazılıb, amma gənc bir adam niyə durub-durub memuar yazsın ki?! Memuarı, adətən ömrün finişində yazarlar...

            Mətndə hər şey yerli-yataqlı idi, bircə bədiilikdən başqa. Mən bu müəllifin indi adını unutduğum hekayələrini oxumuşam və onu kifayət qədər istedadlı qələmə malik biri kimi tanıyıram. Nə yazıq ki, bu əsərdə, ümumən bədiilik adına dişədəyər heç nə tapmadım və bəlkə də mənim onu ara verərək oxumağımın bir səbəbi də bu idi...

            Ailənin, özü də tayqanad ailənin bizim kimi ölkələrdə hansı çətinliklərlə üzləşməsi yeganə xoşuma gələn cəhət kimi verilib.

            Bütün yazıçıların əsər yazmasının bir cümlə ilə ifadə olunası səbəbi olur. Vüqar Vanın bu romanının yazmasının ən böyük səbəbi ölkənin ucqar bir əyalətinə kanalizasiya xəttinin 21-ci əsrdə çəkilməsi ola bilərdi. O da fəlakətlə nəticələnir – bir ailənin yeganə uşağı o xəttə düşüb boğulur və əsərin qəhrəmanı – yəni gələcək yazıçı ağır sarsıntı keçirərək depressiyaya düşür. Sonda anasının təzyiqi ilə öz sidiyini içir ki, sağalsın... (Kanalizasiya, poxla məktəb tualetinin divarlarına yazılanlar, qız uşağının kanalizasiyada boğulması və yeniyetmə qəhrəmanın öz sidiyini içməsi... Ən dəhşətlisi isə savadlı, rayonda müəyyən bir idarənin müdiri olan ananın sidiyi içərsə, itgin ərinin geri dönməsinə inamı...)

            Əgər bu sonuncu detal olmasaydı, mən bu yazını qəti yazmayacaqdım...

            Yuxarıda dediyim o “bədiilikdən məhrum olma”nı da, yaxşı mənada bu detalın ayağına yazıb, yazını bitirirəm...

            Vüqar bəyə qəti məsləhət-zad vermək fikrində deyiləm. Sadəcə, yazdıqlarım yaşlı bir dostunun qeydləri kimi gərəyi ola bilər. Olmaması da mümkündür.

            Bütün hallarda yaxşı cəhdləri təqdir edən biri kimi gənclərin romana tez başlamasını və olar-olmazları söküb atmasını alqışlayıram.

 

                                                                                                          29.05.2025

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...