AZAD QARADƏRƏLİ NƏBİNİN AD GÜNÜ VƏ QARA KÜRÜ ƏHVALATI (Tələbə yoldaşım, dostum Nəbi Abasovun 75 illik yubileyi qutlu olsun!)
AZAD QARADƏRƏLİ
NƏBİNİN AD GÜNÜ VƏ QARA KÜRÜ ƏHVALATI
Biz, köhnə dillə desək, V.İ.Lenin adına APİ-nin dil ədəbiyyat (indiki dillə filologiya) fakültəsinin 82-ci qrupunun tələbələri ayrı uşaqlar olmuşuq. Bu “ayrı” sözünü qəribçiliyə salmayın, vallah, billah bizim qrupa tay olası qrup tapa bilməzsən. Əşi, 300 nəfərlik fakültədə biz rəngdə, biz rufda uşaq görəmməzdin. Məsələn, imtahan gedə-gedə hamıdan tez cavab verəsi (əlifba sırasıyla) uşaqların yaxşı oxuyanlarını mütləq axıra saxlayardıq ki, zəiflərə kömək eləsinlər. Heç yadımdan çıxmaz, kimsə konspekti yazıb ötürüb qızlardan birinə, o da hardasa gizlədib və bunu görən Kamal müəllim qızın üstünü aldı:”Aç əlini!”
Qız açdı.
Heç
nə yoxdu.
“O
birini aç”!
Açdı.
Yenə
heç nə yoxdu...
“Otur
aşağı!”
Qızın
dili açılmadımı. Gürcüstan ləhcəsilə vıdıladı:
“Ajda
nə var kin, yalavıja da nə verə!”
Belə...
İmtahana
bir neçə gün qalmış yığılardıq kiminsə kirayədə qaldığı evə və başlayardıq “Sakit
Don”u, “Oyanmış torpağı”, nə bilim “Hərb və sülh”ü danışmağa, oxumayanlar
konspekt tutardılar...
Hələ
pambığa gedəndə! Əşşi, orda min oyundan çıxardıq. Pul verib qrupun pambığını
yazdırmaq, maşına minib Mingəçevirə qaçmaq, Göyçayda Əli Kərimin məzarını ziyarət
etmək... Hələ Mingəçevirdə Əliağa Ağayevi qəfil görüb üstünü almağımız, ki bizlə
şəkil çəkdirsin. O da qayıdasan ki, mənim şəklim düşmür... Pəh! Qırılmazmıyıq
gülməkdən!
Nə
bilim axı... Hansını deyim?!
Bu
işlərin hamısının təşkilatçısı qrupun ağsaqqalı Nəbi idi. Abasov Nəbi. İmişlili
Nəbi. Qardaşı Daxili İşlər Nazirliyində işləyən Nəbi... Və həkaza...
Nəbi
bizim qrupun həm də yaşca ağsaqqalı idi. Hərəmizdən azı 4-5 yaş böyük idi...
Nəbi
həm də qrupun oğlanlarına araq içmək dərsi keçirdi. İndi dilim-ağzım qrusun,
hacıdı, kərbalayıdı, məşədidi və sairdi, amma onda arağı vedrə ilə içərdi, bu sən
öl! (Əlimi şappıltı ilə sifətimə çırpıram – Müəllif.)
Mən
də bir dəfə vedrənin bir qulpundan tutub arağı necə hörtdətmişdim ki, az qala
institutdan qovacaqdılar...
...Nəbinin
ailə üzvlərini, yuxarıda dediyim kimi DİN-də işləyən qardaşı Abası, həkim
qardaşı Fəxrəddini (yerləri behişt olsun), atasını, anasını, bütün ailəni
tanışyırdım. Göbəktalada evlərində olmuşdum...
Oradan
Zəngilana gedəndə yoluma bir banka içi qara-qura şeylə dolu nəsə qoymuşdular. Evdə
açanda anam heyrətlə soruşdu:”Ədə, bala, deyirdin bu ikradı, nədi, bahalı şeydi,
gör saa nəxəntənə pay veriblər!”
(Demək,
bir hekayə yazdım sonralar, “Dağlardan əsən yellər” adında, həmin hekayənin qəhrəmanı
ilk dəfə kürü görür Bakıda və sevinə-sevinə qışqırır ki, uy daaaa, bu böyürtkən
mürəbbəsi hardan gəlib Bakıya çıxıb!!!.................................
Hekayə
sonralar ilk kitabım olan “Dumduru su”da çıxanda hərə bir yerə yozmuşdu, amma
çox yerə yozulsa da, elə əsil yozulmalı Nəbinin o kiloluq bankasındakı qara “ikra”
idi...)
Nəbigilin
Göbəktalada vətəgəsi vardı, indiki dillə desək, balıq gölü. Bir neçə il qabaq
min ilin dostları yığışıb getdik Göbəktalaya, o gölün kənarında balıq
kababıynan vedrə-vedrə araq içmək istəsək də, olmadı. Əvvala, Nəbi tobalıydı,
arağı tərgidib kərbalayı olmuşdu. İkincisi də biz, o qızqaytaran oğlanlar
qocalmışdıq, əprimişdik; arağı vedrə nədi, heç Qurbanəli bəy demiş, üsküklə də
içə bilmirdik...
Nə
isə, gecəni yatıb o gölün kənarında qaldıq. Məlum oldu ki, 82-ci qrupdan bir
yazıçı da çıxıbmış, onun buraxdığı “Yazı” dərgisinin saylarını, çap etdirdiyi
çoxlu kitablarını orada bir-birimizə ötürdük... Və bu sətirləri o yazıçının
yazacağı gün, yəni may ayının 1-i, 2025-ci il bizim qocaman Nəbinin 75 yaşı
tamam olur...
Nəbiyə
nəticə sevinci, özünün daim arzusunda olduğu bir şey var ha, bax onu, bir də
can sağlığı arzulayıram!
(Biz,
82-ci qrupun üzvləri bu günlərdə Nəbinin 75 yaşının işığına yığışacağıq. Bəri
başdan deyirəm, araq verməsə, dəbbələsə, açaram sandığı, tökərəm pambığı!)
Fıştırığın gəlsin, ay Nəbi!
(Hə, buradakı şəkilləri ötən il həmin yazıçının 70 illik yubileyində çəkdirmişik. Yenisini Nəbinin yaşında çəkdirərik, sağlıq olsun!)
( "Məndən sonra" memuar romandan)
01.05.2025.
Yorumlar
Yorum Gönder