AZAD QARADƏRƏLİ ÖZÜNDƏNMÜŞTƏBEHLİK, yaxud püflənmişlər haqqında (“Sözümüz, bezimiz” silsiləsindən)
AZAD QARADƏRƏLİ
ÖZÜNDƏNMÜŞTƏBEHLİK,
yaxud
püflənmişlər haqqında
(“Sözümüz,
bezimiz” silsiləsindən)
Dilimizdə bəzi
kəlmələr var ki, onların türkcəsi ya yoxdur, ya da olub, alınma qarşılığı gələn
kimi özümüzünkü unudulub. Məsələn, GEYİM əvəzinə PALTAR, yaxud ƏLBİSƏ sözləri
işləndiyi kimi. Birinci bizdə, ikinci Türkiyə türklərində işlənməkdədir. Hətta
geyimdən başqa GEYİŞ adlı söz də olub dilimizdə ki, indi ancaq bir söz birləşməsinin
ikinci tərəfi kimi qeyri-məhdud dairədə işlənir: YEYİŞİNİ-GEYİŞİNİ bilməyən
adam və sair.
Dilimizdə
ÖZÜNDƏNMÜŞTƏBEH adlı deyim də var ki, dədələrimizin, nənələrimizin daha çox işlətdiyi
bu söz indi çox az adama məlumdur, nə yazıq ki. Yaxud o sözü bilirlər, amma sərf etmədiyi üçün özlərini bilməməzliyə vururlar. Və o da maraqlıdır ki, özü
haqqında çox yüksək fikirdə olanlara deyilən bu təşbeh ən çox ədəbiyyat
adamları tərəfindən işlədilir. Daha maraqlı orasıdır ki, özündənmüştəbehlər
layiq olmadıqları kürsüdə oturdulan, kimlər tərəfindənsə bilərdəkdən şişirdilən,
onların özlərinə də o səviyyənin adamı olduqları inandırılanlardır. Maraqsız tərəfi
isə odur ki, bu bədbəxtlər müəyyən mövqeyə çatanadək ağıl əvəzinə sərvət
toplamaqla məşqul olurlar ki, o haram qazanc az sonra onların məhvinə səbəb
olur.
Özündənmüştəbehlər
haqqında biz tərəfdə daha orijinal kəlmə işlədərdilər: PÜLƏNMİŞLƏR. Yəni şar
kimi püflənmişlər. Çox püflənəndə şar necə partlayırsa, bu bədbəxtlər də ya həbsə
düşürlər, ya da hansısa ağır xəstəliyə düçar olurlar.
Ədəbiyyatda
da belələri var. Özü də çox. Baxırsan, yadda qalan bir misrası yoxdur, amma
xalq şairdir. İki düzəməlli cümləsini göstərə bilməzsən, amma xalq yazıçısı
olduğu bəs deyil, hələ Fəxri Xiyabanı da, akademikimiz demişkən, zanit eləyib.
Və
sonda. Bir gəncin kitabı haqqında o qədər “bəh-bəh” eşitdim ki, tapıb oxudum və
əlim üzümdə qaldı. O boyda nəsr kitabında bir bədii cümlə tapmadım...
Adamları
püləməyin (püfləməyin). Yazıqdırlar. Səpdiyiniz o “bəh-bəh”lər azot gübrəsindən
də qorxuludur...
Ah
özündənmüştəbehlik! Səni heç bitməyəsən! Artıb törəməyəsən!
20.05.2025
Yorumlar
Yorum Gönder