AZAD QARADƏRƏLİ ADAŞIM AZAD (Dostum, keçmiş tələbə yoldaşım Azad Əsədovun 70 yaşı tamam olur.)
AZAD QARADƏRƏLİ
ADAŞIM AZAD
(Dostum,
keçmiş tələbə yoldaşım Azad Əsədovun 70 yaşı tamam olur.)
Tələbə
vaxtı auditoriyada, bəlkə də ən cığal, ən səs-küylü uşaq olmuşam. Elə ilk gündən
həm birləşmədə (“patok”da), həm qrupda yaxşı oxuyanları gözaltı eləmişdim. Biri
Gəncəvi id... Biri...
Öz
aləmimdə onları özümə rəqib bilirdim. Amma ən böyük rəqib başqası çıxdı – qrup rəhbərimiz
rəhmətlik Dursun müəllim siyahını oxuyanda məlum oldu ki, məndən başqa da Azad varmış burada. Ona tərs-tərs baxdım, öz aləmimdə “bu
hardan çıxdı?” düşüncəsilə mızıldandım...
Çox
eqoist deyildim, amma eqoları olan, gələcəyə fərqli baxan birisi idim. Ona görə
adamlara yanaşmam da fərqli idi. Görünür, bu mənim gələcək yazıçılıq taleyimlə
də bağlı imiş – adamlara təkcə fərd kimi deyil, obraz kimi də baxırmışam...
...Get-gedə
qrup üzvləri ilə isinişdikcə qarabuğdayı, boy-buxunlu (bu baxımdan çox təhlükəli
rəqib idi!), qalındodaq (mənsə qalınqaş idim), bir az kəntöy birisinə oxşayan
Azad Əsədovla nəinki rəqib olduq, hətta tezilklə dostlaşdıq da.
Ağsuda
pambıq yığımı zamanı gələcəkdə şəhidlik mərtəbəsinə ucalacaq Sabirin (yeri
behişt olsun) qarmonda çaldığı oyun havalarına şıdırğı oynayarkən Azadı da dəvət
etdik. Gəlmədi. İsrar etdikdə əlini boğazına apardı, yəni boğazım ağrıyır.
Qırıldıq gülməkdən! Ay zalım, boğazınla oynamayacaqsan ki!..
...Sonra
Ağsuda xəstələndim. Bir gün Azadın qardaşı Azadın və qohumları Abdullanın
ardıncan ora gəlib çıxdı və mən dostumdan xahiş etdim ki, qardaşı Tofiqə desin,
məni rayonları Füzuliyə aparsın ki, oradan Qaradizə, ordan isə qatarla
Mincivana gedə bilim.
Əlbəttə,
rəhmətlik Tofiq məni maşını ilə Qaradizəcən apardı ki, “Yuxarıda kim var?” adlı
uzun hekayəmdə bu barədə bəhs etmişəm.
...İllər
sonra, səhv etməsəm 2023-cü ildə Nəbi, Talıb və Ələmdarla Azadgilin rayonuna –
Füzulinin Kərimbəyli kəndinə qonaq getdik. (Seyidismayıl da Saatlıdan gəlmişdi).
Azadın ailəsi bizi xoş üzlə qarşıladı. Gözəl bir məclis quruldu. Yedik, içdik,
sağlıq dedik, şeir söylədik, gənclik illərimizi xatırladıq... Hətta Abdullanı
da gördük orada... (Əşi, Abdulla da bir komik adam idi, onun işləklərini danışsam,
barmağınızı kəssəniz, xəbəriniz olmayacaq. Elə bunu desəm bəs edər: tələbə
vaxtı təcrübə dəsrsi zamanı səkkizinci sinifdə “İsim” bəhsini keçirdi. Allahsız
müəlliflər də dərslikdə isimin tərifindən və suallarından başqa heç nə
yazmamışdılar. 45 dəqiqənin yarısını qara hərflərlə verilən o tərifi bəlkə əlli
dəfə əzbərdən söylədi. Biz də arxa cərgədə qırılırıq gülməkdən...)
...Azadın
70 yaşı tamam olur.
Dostuma
nə arzulayardım?
Sağ
can, xoş əhval və övladlarının, nəvələrinin xoş günlərini görmək, şad xəbərlərini
eşitmək.
Doğum
günün qutlu olsun, adaş!
(“Məndən sonra” memuar
romandan)
23.06.2025
Yorumlar
Yorum Gönder