AZAD QARADƏRƏLİ TOFİQ QƏHRƏMANOV – BAHARI GÖRƏN YAZIÇI (Bu gün – iyunun 2-si yazıçı Tofiq Qəhrəmanovun doğum günüdür.)

                       AZAD  QARADƏRƏLİ

 

            TOFİQ QƏHRƏMANOV – BAHARI GÖRƏN YAZIÇI



 

            (Bu gün – iyunun 2-si yazıçı Tofiq Qəhrəmanovun doğum günüdür.)

 


            Tofiq haqqında bir neçə yazı yazmışam. Həm Tofiq haqqında, həm yaradıcılığı...

            Hə, yazıçılar var ki, həyatı da əsərdir.

            Tofiqin həyatı yaradıcılığına tən idi...

            “Əllidən bir kəm” romanımda Tofiqin obrazı var...

            Oxumayanlar üçün xatırladım...

            Romanın qəhrəmanı İmirin öz “mən”i ilə belə bir dialoqu var:

            “-Sən böyük bir tənqidçi, bəlkə də yazıçı ola bilərdin?..

            -Olmadım, bilirsən niyə? Cavidi Sibirdə çürütdülər, Müşfiqi Xəzərin balıqlarına yem elədilər, Səmədi məddaha çevirdikləri bəs deyildi, rak elədilər, Əli Kərimi alkoqolda boğdular, Məsud Əlioğlunu  boğdular öz əllərilə... Hələ Tofiq Qəhrəmanov! O cavan yazıçını məcbur elədilər ki, özünü doğrasın... Mən dəliydim özümü gözgörəti bu ət maşınının ağzına atım?! Bu ölkənin adamları ətə, qana yerikləyiblər, insan ətinə!”

            Hərdən düşünürəm ki, Azərbaycan nəsrində bir faza var ki, ora yalnız üç-dörd adam girə bilir. Bu, nəsrimizin Tofiq Qəhrəmanov fazasıdır. Əvvala, bu faza elə sözün həqiqi mənasında ağır fazadır, üstündə “öldürər” sözü yazılmasa da, gərginlik çox yuxarıdır. Necə ki, elə yazıçının özünü də öldürdü...

            O fazaya daxil olanların ilki Əkrəm Əylislidir ki, qonararın qonarar vaxtı Tofiqin əsərlərini “Azərbaycan”da çap etdi, yaxşı da qonarar verdi. İkincisi Tofiqin çox sevdiyi yazıçı Anar idi ki, daim onun əsərlərindən ilham alar, ona məktublar yazardı. Üçüncü İsmayıl Vəliyev idi ki, Tofiqin kitablarını təmənnasız olaraq çap edirdi, ruhu şad olsun. Dördüncüsü Tehran Əlişanoğludur ki, bu gün də Tofiqin yaradıcılığını tədqiq edir, ən son çap olunan “Görmə sahəsi” kitabına (Alatoran, 2021, 368 səh.) önsöz yazıb. Dördüncüsü də bəndənizdir ki, Tofiqi imkan daxilində yad etməyi borc bilir... Gəlin yenə “Əllidən bir kəm”də Tofiqə aid səhifəyə göz yetirək...

            “...Onlar üç dost olublar: Rail, Tofiq və İmir. İnstitutun “Gənc müəllim” qəzetinin redaksiyasında yığışar, fikir mübadiləsi edərdilər. (Ala gözlü, bəstəboy, tərtəmiz geyinən, yerişi-duruşu yerində bir gənc idi Tofiq. On yaş Raildən, beş yaş da İmirdən kiçik olsa da, hər ikisi çox vaxt onunla hesablaşar, fikrinə hörmətlə yanaşardılar. Əslləri İsmayıllının Lahıc qəsəbəsindən idi. İki əsr əvvəl babaları gəlib Bakının Yuxarı Dağlı küçəsində yurd salmışdılar. Tofiq də burada doğulmuşdu. Tofiq “Gənc müəllim” qəzetində işləyirdi.) Sonralar Tofiqin gözləri tutuldu və onlar məcbur olub  görüşlərini Tofiqin Yuxarı Dağlıdakı darısqal evində davam etdirdilər. O vaxta qədər ki, İmiri MTN-ə çağırdılar. Ondan sonra dostların görüşü səngidi. İmir həyat tərzini dəyişdi, Rail institutdan ayrıldı, Tofiq də ki, guşənişin oldu.

            Qanının it qanına döndüyü vaxtda Tofiqi xatırlaması ona xoş oldu.

            “Gör də, bu dar macalda, bu qovhaqovda Tofiq gəlib düşüb yadıma.  Allah qəni-qəni rəhmət eləsin. Tofiq bir ayrı adam idi. Heyf onnan. Gözləri tutulannan sonra demək olar ki, əlaqələrimiz kəsildi. Düzü, mənim bir alim kimi formalaşmağımda Tofiqin rolu hamıdan çox olub. Mən Məsud Əlioğlunnan, İsmayıl Şıxlıdan, Raildən aldığım impulslardan artığını  Tofiqdən almışam. O əsl dahi idi. Yeriyən ensiklopediya! Fəlsəfə, ədəbiyyat, musiqi, xüsusən klassik musiqi, dil, din kimi məsələlərdə bilmədiyi yox idi. Paxıllıq yad idi ona. Mən elmi işimin yarısını onun verdiyi “navotkalar “  əsasında yazmışam... Həm də gözəl yazıçı idi... Ehhhh, ha dedim yazıqdan bir yaxşı məqalə yazım, olmadı... Yaza bilmədim...

            Yaxınlarda Rail zəng eləmişdi ki, bəs gəl, Tofiq intihar eliyib. Maşına minib sürdüm Yuxarı Dağlıya. Girdim otağa, başımdan duman qalxdı: otaq bütöv qan içində idi. Qapını içəridən bağlayıb özünü lezva ilə doğramışdı... Əsl xarakiri...

            Təsəvvür edirsən? Bu adam görməyə-görməyə namizədlik işi müdafiə etdi, neçə povest yazdı, kitabları çıxdı... Amma mən... mən... mən iki gözlə heç nəyə nail ola bilmədim. Yazdıqlarım da boş-boş cəfəngiyyatdır. Yüzlərlə  mənasız Azərbaycan aliminnən biriyəm...”



            ...Tofiqin ilk iri həcmli əsəri – uzun hekayəsi (o povest deyirdi) “Bahara lap az qalır” adlanır. O gözəl əsərin dadı hələ də Tofiqsevərlərin yaddaşından getməyib. Tanrı Tofiqə hər şey vermişdi: istedad, bacarıq, inandırma qabliyyəti, elmi fantaziya, utopik yanaşma... İlk əsəri məhz utopik yanaşmanın bəhrəsi idi. Ondan ki, baharın astanasında Tofiq həyata vəda etdi... (Hə, qardaşlar! İçi Tofiq qarışıq biz o baharı görə bilmədik. Əlimizi uzatdıq, baharın nəsimi əlimizi oxşadı, ruhumuza dəyən kimi oldu, amma diqqətlə baxanda gördük ki, bu bahar deyilmiş, olsa-olsa son bahar imiş... Lap sonralar, Tofiqin vəfatından illər ötəndə mən “Renessans həsrəti” adlı üç cildlik kitablar buraxdım ki, o cildlərdə bizim nəslin renessans həsrətini, bahar istəyini ifadə etməyə çaləışdım. Nə yazıq ki, renessanas burnumuzun ucundaykən bizlərə əl yelləməklə kifayətləndi... Utopiya havası uda-uda ölən öldü, qocalan qocaldı. Tofiqin sevdiyi yazıçı da, utopiya cəngəlliyində xumarlanan digərləri də elə bilir ki, renessansın ağuşundadırlar, zira heç gödənində də deyillər... Gödən demişkən, indi “mədən” sözündən qopan “iyyət” şəkilçisi məhz “gödən” kəlməsinin dalına girib...)

            Tanrı Tofiqdən bir neçə qiymətli nəsnəni əsirgəmişdi: ən əziz nemət olan gözlərini gənc yaşında aldı... Bir də Tofiqin övladı olmadı...

            Düzdür, onun əsərləri - hekayələri, uzun hekayələri, məqalələrinin hər biri Tofiqin övladı sayıla bilər. Zira onun soyadını daşıyan bircə övladı olmasını çox istəyirdi...

            Tofiqin vəfalı bir xanımı var. Təəssüf ki, uzun zamandır əlaqəmiz yoxdur. Əgər bu yazını oxuya bilsə, qoy əlaqə saxlasın. Axı gələn il dostumun 80 illiyi olacaq...

            Bu gün isə qələm dostumun 79 yaşı tamam olur.

            Doğum günün qutlu olsun, Tofiq!

 





                                                                                              02.06.2025.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...