AZAD QARADƏRƏLİ MƏTBUAT GÜNÜ VƏ MƏNİM JURNALİSTLİYİM (Mətbuat günü münasibəti ilə hətərən-pətərən düşüncələr)
MƏTBUAT
GÜNÜ VƏ MƏNİM JURNALİSTLİYİM
(Mətbuat günü münasibəti ilə hətərən-pətərən düşüncələr)
...İllər
əvvəl Əli Bayramlı (indiki Şirvan) şəhərinə yas məclisinə getmişdim. Orada məskunlaşan
uzaq qohumlardan biri vəfat etmişdi. Radioda işlədiyim vaxtlar olduğundan həm
ziyarət, həm ticarət düşüncəsilə o şəhərdəki tanış məktəblərin bir neçəsinə baş
vurub tələsik radio üçün bir neçə müsahibə aldım, sonra məcburi köçkünlərin məskunlaşdığı
yas yerinə yollandım.
Bizim
Qaradərə, Qaragöz kəndlərindən, Mincivan qəsəbəsindən məclisdə olan tanışlarla
görüşərkən qulağım belə bir söhbət çaldı:
-Azad
Qaradərəli indi harda işləyir? Yenə məktəb direktorudu?
-Xeyir.
Jurnalistdi. Hər gün radioda çıxışlar eliyir... Qulaq asmırsan?..
Və
bir ayrı səs:
-Yox
əşşi! Nə jurnalist?! O hardan jurnalist oldu?! O məllimliyi qutarıb...
Məcbur
olub söhbətə qatıldım:
-Ağsaqqal
düz deyir... Mən ixtisasca müəlliməm, o zamankı Lenin adına APİ-nin dil-ədəbiyyat
fakültəsini bitirmişəm... Jurnalistika isə mənim anadangəlmə peşəmdir...
Yadınızda varsa, rayonda “Kənd həyatı” qəzetində redaktor müavini də işləmişdim...
İndi isə, Azərbaycan radiosunda Uşaq verilişləri redaksiyasında böyük redaktor
kimi çalışıram...
Vəssalam.
Söhbət kəsildi...
...Bir
az əvvələ qayıdacağam. Demək, Sobu kənd 8-illik məktəbində müəllim işləyirəm.
Hekayələrim “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” dərgisində (AYIB-çılar
demiş, jurnalında) çap olunur. Məqalələrim isə həm mərkəzi mətbuatda, həm də
yerli qəzetdə yayımlanır. Müəllimliyə aşırı həvəsim olsa da, özümü mətbuat
işçisi kimi hiss edirəm. Düşünürəm ki, mən orada daha çox fayda verə bilərəm. Rəhmətlik
Zərdabinin, M.F.Axundovun, C.Məmmədquluzadənin kəsərli məqalələrini
oxuduqca mətbuata can atıram. Hələ
hamının ancaq bəstəkar kimi tanıdığı Üzeyir Hacıbəylinin məqalə və
felyotonları!!!
Bakı
şəhərində keçirilən pedoqoji mühazirələrdə oxuduğum məruzə və məruzəmin
elmi-metodik dərgidə nəşri rayon təhsil şöbəsində böyük səsə səbəb olur və mən
Təhsil nazirliyinin əmri ilə “Qabaqcıl maarif xadimi” (sonra adı dəyişilərək
“Qabaqcıl maarif əlaçısı” oldu) döş nişanı ilə təltif olunuram. Sonra rayon təhsil
şöbəsinin müdiri mənə “Baş müəllim” adı verilməsi üçün məsələ qaldırır. Bəzi
etirazlara baxmayaraq mənə - Çöpədərə kənd orta məktəbin müəlliminə bu adı
verirlər...
1987-ci
ildə həyatımdakı ən böyük hadisə baş verir: “Dumduru su” adlı ilk hekayələr
kitabım çapdan çıxır.
Az
sonra direktorumuz vəfat edir və məni zor-xoş direktor təyin edirlər...
Ağır
illərdir. SSRİ laxlayır. Ermənilər üstümüzə ayaq alıb. Qorbaçov fəlfəlləyir və
arvadı ermənilərdən aldığı bahalı boyunbağıya görə və təbii ki, xristian həmrəyliyinə
görə Qarabağı bizdən qopartmağa çalışan erməni daşnaklarına haqq qazandırır...
Belə
bir vaxtda məni raykoma işə dəvət edirlər. “Bilik” cəmiyyətinin məsul katibi
olsam da, raykomun işçisi sayılıram. Az sonra burada özümü narahat hiss
etdiyimdən onsuz da hər gün təmasda olduğum “Kənd həyatı” qəzetinə redaktor
müavini təyin olunuram...
Qəzetdə
işlədiyim müddətdə bir sıra yeniliklər edirəm. Ən əsası isə qəzetin xalqın
yanında olmasına çalışıram. Hətta 20 Yanvar zamanı qəzetdə sovet ordusunun əleyhinə
böyük bir səhifə material çap etdirirəm. Redaktor qəzeti imzalamaqdan imtina
edir və redaktorun yerinə də imza atıram, qəzet mətbəəyə gedir.
20
Yanvar günü işə gələndə kabinetimin qapısının sındırıldığını, otağımın
darmadağın edildiyini, əlyazmalarımın müsadirə olunduğunu, hətta otağımdakı
makinamın da aparıldığını görürəm.
Böyük
meydanda mitinq gedir. Mitinqdə çıxış edərək xalqıma əl qaldıran bu “faşist
partiyasına üzvülükdən imtina edirəm.”
Eşidirəm
ki, rayonun xalq cəbhəsi fəalları həbs olunaraq naməlum istiqamətə aparılıblar.
Mən möcüzə nəticəsində xilas oluram. (Sonradan biləcəm ki, ana tərəfdən uzaq
qohumluğumuz çatan general Məhəmməd Əsədova görə mənə toxunmayıblar.)
Bir
neçə gün sonra partiyanın büro iclası olur və mənə şiddətli töhmət verilərək vəzifəm
aşağı salınır – redaktor müavinliyindən şöbə müdirliyinə endirilirəm. Bu, artıq
“get” deməkdir və mən az sonra məktəbə - müəllimliyimə qayıdıram və qəribə də
olsa, bir çoxlarının gözləmədiyi halda kəndimizdə yeni açılan 8-illik məktəbə
direktor təyin olunuram... (Bu məktəbin binasını raykomda işləyəndə özüm
tikdirmişdim – sanki bir gün bura dönəcəyimi bilirdim.)
Burada
bir nümunəvi lisey qurmaq eşqi ilə alışıb-yansam da, kor tale və erməni
vandalizmi imkan vermir – Qarabağın son nöqtəsi Zəngilan da işğal olunur və mənim
ailəm də, məktəbim də qaçqın-köçkünə çevrilir...
...Bakıda
eyni zamanda 5-6 yerdə işləyirəm. Həm qaçqın məktəbimizin direktoruyam, həm
Nardaran 130 saylı məktəbdə dərs deyirəm, həm “Müsavat” dərgisndə məsul
redaktoram, həm dostum Eldar Baxışın təklifi və təkidi ilə radioda uşaq
verilişləri redaksiyasında bir neçə verilişə rəhbərlik edirəm...
Radioda
düz on beş il çalışdım.
Və
həyatımda dalbadal baş verən hadisələr: hekayələr kitablarım, elmi-pedoqoji
mövzuda kitablarım ard-arda çap olunur... İlk romanımı yazıram....
Və
ən böyük hadisə: “Yazı” adlı 200 səhifəlik ədəbiyyat dərgisini bir neçə dostun
iştirakı ilə açıarm. (Rəhim Əliyev, Eyvaz Zeynalov, Aslan Quliyev, Rafiq Tağı və
qismən də Əlabbas... Əlabbas ona görə qismən ki, belə bir dərgini buraxa biləcəyimizə
qəti inanmırdı... İlk nömrə çıxanda artıq Rafiqi qətlə yetirmişdilər. Sonra
Aslan getdi dərgidən. Sonra Eyvaz getdi... Rəhim də... Axırı Əlabbas da dedi
ki, qağa mənim də şəkilimi day ora vurma... “Yaradıcı heyət”də şəkillərimiz
olurdu titul səhifəsində, onu nəzərdə tuturdu. Bu dostlar getdi, yerlərinə
yeniləri gəldi. Xüsusən, gənclərin gəlişi məni ümidləndirdi.)
Həyatımda
bir önəmli hadisə də olub: gözlənilmədən Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə
informasiya şöbəsinə işə dəvət edildim. Mənim kimi idarəolunmaz bir adamın
burada iki ilə yaxın davam gətirməsi möcüzə sayıla bilər. (“Şekspir dövlət
qulluqçusu olub?” adlı yazımda bu barədə geniş bəhs etmişəm. “Burda kişi var?”
hekayələr kitabıma ön söz kimi yazılan yazını oxucuların bir çoxu yəqin ki,
oxumuşlar. Ona görə inamla deyirəm ki, kitab həm böyük tirajla, həm ən ucuz
qiymətlə çap olunmuşdu, üstəlik, illər sonra, oxucuların xahişi ilə mən kitabın
elektron formatını internetdə yerləşdirdim.)
Və
zamanı gələn kimi ərizəmi yazıb oradan da getdim. Yenə öz GEDƏCƏK YERİMƏ –
MÜƏLLİMLİYİMƏ. Bu dəfə Kamal Abdullanın dəvəti ilə Slavyan universitetinə “Yaradıcılıq”
fakültəsinə dərs demək üçün çağrılmışdım...
...“Yazı”
düz on il dalbadal çıxdı. Sonra pandemiya oldu və ara verdik. Sonra onu gənclərə
əmanət etdim. Sonra zaman göstərdi ki, mən yaşlanmışam və gücüm yalnız öz bədii
təsərrüfatımı idarə etməyə yetir...
Dərginin
nəşrini dayandırdım və 70 yaşımı qeyd etməyə hazırlaşanda hələlik 20 cilddən
ibarət olacaq (güman ki, bu 22, yaxud 23 cildə çatacaq, çünki bir çox yarımçıq
yazılarım var) bütün əsərlərimin (köhnə dillə desək, külliyyatımın) çapına qərar
verdik...
Beş
cild çapdan çıxıb, altıncı da çap prosesindədir...*
Haqqımda
“Azad Qaradərəlinin söz dünyası” (alimlərin və yazıçı dostların yazdığı 600 səhifəlik
məqalələr toplusu) və Vaqif Osmanlının qələmə aldığı “Sözün azadı”
monoqrafiyası 70 illiyimlə bağlı işıq üzü görüb...
...Mən
o “adamı”ın dediyi kimi jurnalistika fakültəsini bitirməmişəm, amma ömrüm boyu
jurnalistika ilə məşqul olmuşam. Müəllim olanda da, direktor işləyəndə də,
raykomda çalışanda da, Komitədə də...
Elə
indi də... Bax, elə bu yazdığım yazının ədəbiyyata daha çox dəxli olsa da, həm
də yurnalist yazısıdır... Amma jurnalist olduğuma görə heç ev davası döymədim...
Ad istəmədim... Təqaüd heç istəmədim...
Həm
orta məktəbdə, həm ali məktəbdə çalışanda, “Kənd həyatı” qəzetində, həm radioda,
“Yazı” dərgisində və başqa yerlərə işləyəndə müəllimlərimin (atam da daxil,
orta məktəb müəllimlərim, ali məktəbdə dərs aldığım akademik Feyzulla Qasımzadə,
akademiyanın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, ədəbi müəllimim
Sabir Əhmədli, radioda baş redaktorum və dostum Eldar Baxış, müəllimim və
dostum professor Ramin Əhmədli, “Kənd həyatı” qəzetində Şükür Şükürlü...) göstərdiyi
yoldan sapmamışam... çoxsaylı tələbələrimə də bu ağır və şərəfli yolu nişan
vermişəm...
Yolunuz
açıq olsun! Milli mətbuat gününüz qutlu olsun!
S.A.
(Söz Ardı)
Sonda
Mətbuat günündə heç zaman heç nə istəmədiyim dövlət babadan bir istəyim var: həbsdə
olan jurnalistləri, xüsusən xanım jurnalistləri azad edin. Qoy dünya bizi azad
sözə bağlı ölkə kimi tanısın. Torpağımız azad olduğu kimi sözümüz də azad
olsun. Amin.
(22.07.2024)
------------------------------------------------------------------------------------------------
*Bu yazını yazdığım baxtdan bir il
keçib. Dəyişən odur ki, əsərlərimin 8 cildi çapdan çıxıb, 9-cu cild də
çapdadır. Dəyişməyən isə həbsdəki jurnalistlərin hələ də orada olmasıdır. Mən
xahiş etməyi sevən biri deyiləm. Amma bu işə görə bir daha ölkə başçısına üz
tuturam. Çox xahiş edirəm ki, jurnalistləri, xüsusən xanımları azad edin.
19.07.2025.
Yorumlar
Yorum Gönder