AZAD QARADƏRƏLİ YASAQ ƏDƏBİYYATIN YARADICISI (Ustad yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunur)










 

    


              AZAD QARADƏRƏLİ

 

 

   

 

   YASAQ ƏDƏBİYYATIN YARADICISI

 

           (Ustad yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunur)

 

 

                         

 

 

 

                

 

 

 

 

 

 

 

 

 

 

 

                                                Bakı, Alatoran, 2020

 

 

 

 

 

 

    Elmi redaktoru  Ramin Əhmədov

   (filologiya elmləri doktoru, professor)               

   Redaktor  Sevinc Elsevər

   Tərtibçi    Türkan Azadqızı

 

 

  

 

 

 

 

 

 

 

 

 

    Sabir Əhmədli Azərbaycanın ədəbiyyat tarixində qüdrətli bir nasir, böyük romançı kimi əbədi iz qoyub. İyirmiyə qədər roman müəllifi olan yazıçının irsi bu günə qədər də lazımınca öyrənilməmiş, arxivindəki bəzi əlyazmaları nəşr olunmamışdır.

      Bu kitabda özünü Sabir Əhmədlinin tələbəsi hesab edən bir qələm adamının esseləri, müsahibələri və bədii yazılarından seçmələr (Sabir müəllimin obrazı olan mətnlər) yer alıb.     

      Əslində, bu kitab böyük ədibin yubileyinə kiçik bir töhfədir.

                 

           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                     ƏBƏDİYYƏTİN MÜBARƏK, USTAD!

 

                                          Ön söz əvəzi

 

                                   

            2020-ci il yaddaşlarda dünyanı sarsıdan covid-19 pandemiyasının tüğyan etdiyi il kimi qalacaq. Amma bu təbiət hadisəsi olaraq belədir. 2020-ci il bir çox cəhətlərinə görə həm də işıq və ümid ili kimi də insanlığın ədəbi düşüncə tarixinə həkk olunacaq. Bu ümidin və işığın daşıyıcıları isə hər xalqın ədəbiyyat və mədəniyyət tarixindəki əvəzsiz sənətkarlardır. Bu bizim üçün ilk növbədə böyük Azərbaycan ə


dibi Sabir Əhmədlinin 90 illik yubileyi ilə xarakterizə oluna bilər. Böyük ustad ədəbiyyatımıza bir romançı kimi daxil oldu. Eyni zamanda onu həqiqət axtarışçısı kimi də dəyərləndirmək olar.

        2020-ci il, Azərbaycanda Sabir Əhmədli ili elan olunmalı idi. Dediyimiz kimi, bu il onun  yubiley ilidir. Amma bunu görməzdən gəldilər. Sabir Əhmədliyə yaraşan sözü yenə onun ailəsi, tələbələri, bir də bu günkü ədəbi gənclik deyir. Tam əminliklə söyləyə bilərik ki, gələcək onundur! Kim gələcəkdə yer almaq istəyirsə, bu böyük ədibin yanında olmalıdır. Ondan uzaq qaçan gələcəkdən məhrumdur.

         Bu kitabı sənin adına bağladım, ustad!

        Qolumdan tutdun, yolumu açdın, sözün sehrinə saldın məni.

        Neçə illər sənə layiq sözlər seçdim, adına layiq söz axtardım – bu topluda ərsəyə gələnlər sənin adına layiq oldumu, bilmirəm...

       ... Sabir Əhmədli sözünün sehrinə baxın:”Dan üzünün mehindən süzülən bir qiymə ağ bulud başsız dağın boynuna sarınırdı”. On illərin qadağasından sıyrılıb çıxan “Dünyanın arşını” romanındandır bu cümlə. Sabir Əhmədli də, “Dünyanın arşını” da repressiyanın cəngindən çıxıb öz əbədiyyətinə qovuşdu.

            Əbədiyyətin mübarək, ustad!

           

                                                                                                    Azad  Qaradərəli

                                                                                                          05.05.2020

 

 

 

 

 

 

 

 

                

 

 

                

 

 

 

 

 

                         ESSELƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

           

 

 

            

 

         YASAQ  ƏDƏBİYYATIN  YARADICISI

 

 

   

      Sabir  Əhmədli...

      Bu ad uzun zaman Azərbaycan ədəbiyyatını məşğul edib və etməkdədir.

      Həm də onun sağlığında. Uzun bir zaman məsafəsində...

      Zira sağlığında dildə-dişdə olanları çox görmüşük. Ruhu bədənindən çıxan kimi, cismi soyumamış, yazdıqları ömrünü başa vurub. (Belə anlaşılır ki, bədəndən çıxan heç ruh da deyilmış...)

      Sizə uzun bir siyahı göstərə bilərdim, fəqət böyük ustadın yazısına kiçik adamların adını bulaşdırmağı rəva görmədim.

      Özü həyatda olmayanda haqqında  daha çox danışılanlar isə əsl ədəbiyyat adamlarıdır. Bu dəfə onların əvəzindən yazdıqları, yaratdıqları şəhadət verər. Məsələn, “Dünyanın arşını” romanı deyəcək ki, məni yazan adamın başına olmazın əzablarını açmışam. Mən çap olunandan sonra onu o ki var incitdilər. Əsərlərinin çapını qadağan etdilər. Hətta rus və başqa dillərdə çıxası kitablarının çapına belə əl qoydular. Adı Mərkəsi Komitənin qərarına düşdü və hakəza...

            Hətta onu da deyəcəklər ki, çəmbərlər bağlı olduğu üçün biz – yəni ədibin əsərləri dünya turnesinə çıxa bilmədi...

       “Yamacda nişanə”  sübüt edəcək  ki, məni yazmaqla Sabir müəllim “möhtəşəm sovet gəncliyi” deyilən bir anlayışın əslində fiasko olduğunu göstərdi. Bu əsər və onun talesiz qəhrəmanı  bir faciəvi  filmə ssenari ola bilərdi. Amma... film qəhrəmanı olan “yazıçılar” varkən, Sabir Əhmədlinin əsərlərini  ekranlaşdıran kim idi?

        “Toğana”, “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzürdü” kimi möhtəşəm romanlar Azərbaycanda roman janrının inkişafına mühüm töhfələr verdi.  Amma bu əsərlər Sovet rejiminin necə  dayanaqsız, içdən çürümüş bir quruluş olduğunu da təsdiqləməklə müəllifinə böyük təhlükə yaradırdı. Lakin yazıçı öz düz yolundan bir an belə sapmır, icazəli qəhrəmanlıqlar edən yazçıların yoluyla deyil, Azərbaycan Sovet ədəbiyyatının əksinə olaraq, YASAQ  ƏDƏBİYYATIN izi ilə irəliləyirdi. Əslində bizdə bu yeni ədəbiyyatın yaradıcısı da o özü idi. Yasaq demişkən, yazıçının  “Yasaq edilmiş oyun” adlı bir romanı var. Qeyri-adi üslubda qələmə alınan  bu əsər  rus ədəbiyyatında  Bulqakovun, Platonovun  yaradıcılığı ilə səsləşir,   sosializmin əslində anti-humanist bir cəmiyyət olduğunu açıb ortaya qoyurdu. Romanda xalq oyun üslubuyla roman təhkiyəsi elə birləşib və qara yumorla elə çuğlaşıb ki, ayıq oxucu sözün nədən getdiyini yaxşı bilir. “Allahsızlar cəmiyyəti”ndən tutmuş məşhur “Üçlük”lərəcən əsərdə böyük bir çetenin - qorxulu dəstənin sifəti  açılır. Və buna alternativ olan xalq oyunu – şah, vəzir, vəkil və onların çıxardığı digər “oyun”lar...

        Sabir Əhmədli neçə il əvvəl vəfat edib. Onu Fəxri Xiyaban deyilən yerdə dəfn etmədilər. Əsərlərinin çapına qadağa qoydular... Yasaq ədəbiyyatın üstündən yasaq hələ də götürülmədi ki...

        Amma...

        Ustadın “Yazılmayan yazı” memuar romanı onu sevənlərin fədakarlığı nəticəsində ikinci dəfə nəşr edildi.

        Sabir Əhmədlinin yaradıcılığı əsasında elmi tədqiqat işləri, esselər, məqalələr və epistolyar mətnlər  yazıldı.

         Sabir Əhmədli hekayə, roman qəhrəmanına çevrildi, mifik bir obraz kimi reallıqdan mifə, mifdən reallığa döndü.

        Başlandı! Artıq Sabir Əhmədli yaradıcılığının ikinci dövrü başlandı. Gün gələcək, onun cild-cild əsərlərinin çap edildiyini də görəcəyik.

 

                                                                                                            “Yazı” dərgisi, 14-cü say

 

 

 

 

 

       

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                    SABİR  ƏHMƏDLİ  DÜYÜNÜ

 

 

 

      Qabaqlar qız istəyən oğlanın qabağına iri düyünlü bir kötük qoyarmışlar. Yara bilsəymiş, imtahandan çıxarmış. Bilməsə...

      Belə danışırlar ki, bir gün oğlan düyünlü kötüyü yarmaqda can çəkişməsində olduğu vaxtda istədiyi qız itin qabına qaynar yal tökür. İt ağzını basır qaba, isti yal dilini yandırır, başlayır zəngildəməyə. Qız qayıdır ki, ay it, üzün-üzün yala!

      Oğlan baltanı kötüyün özəyindən çəkib çıxardır və öz-özünə deyir: “Ey dadi-bidad! Bu, əslində mənə də işarədir.” Və başlayır baltanı üzdən vurmağa.

      İlk hekayəmin tələbə vaxtı “Ədəbiyyat və incəsənət” kimi nüfuzlu bir qəzetdə Sabir Əhmədlinin köməyi ilə çap olunmasından sonra həvəslənib yeni bir hekayəylə gəlmişdim redaksiyaya. Sabir müəllim gözlərini qıyıb zəndlə mənə baxdı. Canımdan üşütmə keçdi. Bu baxışı təxminən belə yozdum: “Gərək məni pərt eləməyəsən. Bu əvvəlkindən güclü olmasa, heç.”

      Bir həftə sonra getdim redaksiyaya. Ustadın kefi kök idi. Məni görüb durdu ayağa və dedi:

      -Yaxşı gəlmisən, Yusif müəllim hekayəni oxuyub, bərk tutub onu. Səni görmək istəyir. Gedək.

      Kişinin (baş redaktor Yusif Əzimzadənin) uzun bir kabineti vardı. Elə bu hində fikirləşdim ki, tək adam bu uzunluqda otağı neynir görəsən? Kişi elə bil üzümdəki sualı oxudu və şirin bir ləhcəylə dedi:

      -Burda biz işçilərnən yığışurıq, sənin kimi cavanların yazılarını müzakirə edirik. Hindi növbə səninkidir. Amma gərək əvvəlcə bu hekayədəki əhvalatı yerli-yataxlı bizə danışasan. Doğrudan, qatır nə təyriynən olur?

      Pah! Başıma iş açmışam. Hekayədə bir palantikən kişidən yazmışam. Bir də belə bir süjet var ki, madyan atla erkək eşşəyi cütləşdirirlər, qatır əmələ gəlir və sair... Bax, mən indi bunu təzədən danışmalıydım. Baxdım Sabir müəllimə. Kişinin kefi ala buludda idi. Göz vurdu mənə - yəni başla...

      Pul kimi qızarsam da yazdığımı bir az da ayrı dillə danışıb qurtardım. (Xüsusilə, bu zaman dəzgahaoxşar bir şeyin düzəldilməsini təsvir etdim, elə hekayədəki kimi: yarğan bir yerdə bir-birindən təxminən otuz santimetr fərqlənən meydança düzəldilir. Aşağıda at, yuxarıda isə eşşək dayanır...)

      Yazıçılar bir müddət bir-birinə baxıb susdular. Siqaret yandırıb, nəhayət, danışmağa başladılar.  Onların arasında belə bir dialoq oldu:

      -Sabir, sən kənt adamısan, yəqin bu at-qatır məsələsini bilərdin?

      -Eşitmişdim, amma görməmişdim.

      -Bilirsən, mənimçün nə maraqlıydı? Yazdığı kimi də danışdı o yeri: gərək atla eşşəyin mayalanmasından sonra madyan qırx gün erkək at kişnərtisi eşitməsin... Sən təbiətdəki hikmətə bax! Eşitsə, qatırın rüşeymi pozular...

                                                                              ***

 

       Sonralar Sabir müəllim mənə tez-tez bunu xatırladardı: sən özündəki təbiiliyi qorumasan, süniliyə getsən, yaxşı yazıçı olmayacaqsan.

      Axı Sabir müəllim özü təpədən dırnağacan təbii idi. Həm insan kimi, həm yazıçı kimi. Həm də şəxsiyyət kimi...

       Sabir Əhmədlinin bir əsəri var – “Yamacda nişanə” adında.

       Mən bu yaxınlarda indi çox məşhur olan rus yazıçısı Viktor Pelevinin “Omon Ra” romanını oxudum. Bu gözəl əsər mənə niyə belə doğma gəldi deyə düşünməyə başladım və tapdım: əslində, bu tipli daha sanballı bir əsəri mən təxminən otuz beş il əvvəl oxumuşam – “Yamacda nişanə”ni deyirəm. Mövzular fərqli olsa da ideya birdir bu əsərlərdə: Sovet rejimi gəncliyin, özü də diribaşlarının məhvinə çalışıb həmişə.

      “Aran”,  “Yamacda nişanə”,  “Qanköçürmə stansiyası”, “Görünməz dalğa”, “Yaşıl teatr”, “Toğana”, “Dünyanın arşını”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Yanvar hekayələri”(bunlar ayrı-ayrı hekayələr olsa da, əslində birsüjetli romandır məncə), “Kütlə”, “Ömür urası”, “Axirət sevdası”... Bu romanlar Azərbaycan nəsrinin ayaqda durmasına yardımçı olan sütunlardır. (Yəqin sual yarandı: bəs o nəsrin özü hanı? Bu nəsr əslində indi-indi yaranmaqdadır – elə o sütunların üzərində.)

        M.S.Ordubadidən və Çəmənzəminlidən sonra roman janrını layiq olduğu səviyyəyə bu əsərlər qaldırıb. Və Sabir Əhmədli vaxt tapıb ömrünün sonlarına yaxın “Yazılmayan yazı”nı yazdı. Bu əsər müəllifin ailəsinin gücüylə cəmi 200 tirajla buraxılıb. Adamın neft səltənətində can verən Azərbaycan ədəbiyyatına yazığı gəlir.

                                                                         ***

 

       Bir qədər də “Yazılmayan yazı” barədə.

       Əsərə keçməzdən əvvəl deyim ki, mən saytların birində Dimitri Şostakoviçin adamı almaz kimi doğrayan sərt xatirələrini oxudum. Və dəhşətə gəldim ki, bizdə niyə belə həqiqət dolu yazılar – xatirələr yoxdur. Cavab sadədir: saxta pafos, saxta qara-qışqırıq, yalan, yaltaqlıq bizi adam kimi danışmaqdan, həqiqəti deməkdən və yazmaqdan məhrum edib. Hətta həqiqəti oxumaqdan da qorxuruq. (Bir tanışım mənim son kitabımı oxuyub, amma qurtarmayıb, yarımçıq qoyub. Səbəbini qulağıma pıçıldadı: qorxudan kitabı büküb rəfin ən dalda yerinə soxmuşam.)

      Sabir Əhmədli bizə həqiqəti yazmağı öyrədir. Son əsərində, roman-xatirədə isə çılpaq həqiqət lüt-anadangəlmə  dayanıb qabağınızda. Dahi Mikelancelonın lüt insan obrazlarından utanmadığımız kimi, Sabir müəllimin bu çılpaq həqiqətlərindən də qorxmaq, utanmaq lazım gəlmir. İnsan doğulanda və öləndə çılpaq olmurmu? Budur dünyanın əzəli və əbədi sirri.

      Qayıdaq əsərə. Tələbəlik illərindən bəhs edən səhifələrdəki acı həqiqətlərdən: “Yataqxana məni kütləyə qatırdı. “Tələbə” deyəndə ağıla nə gəlirdisə, mənim barəmdə elə acınacaqlı rəy yaranmasın. Yoxsa adiləşir, hamının, hər kəsin tayı olurdum. İçimdə yenilməz bir inam səslənirdi: “Mən bunlar deyiləm!”

       Nə yazıqlar ki, bu gün də ali təhsil müəssisələrimizdə minlərlə savadsız, milli hissdən uzaq tələbə kütləsi “yetişdirilir.”

       Başqa bir misal: “Sağ olsun müəllimlərim! Mən S.M.Kirov adına ADU-nun filologiya fakültəsini qırmızı diplomla bitirən, ildə bütün qiymətləri “əla” olan oğlan büsbütün gözübağlı saxlanmışdım... Hər şeyi öyrətmişdilər: siyasi iqtisad, marksizm-leninizmin əsasları, bazis-üstqurum... Bircə milli varlıqdan başqa.”

         Bu, gələcək yazıçının faciəvi etirafıdır. Başqa bir səhifədə isə Heydər Hüseynovun başına gətirilən dramdan söz açılır. Yazıçı şahidi olduğu səhnəni belə təsvir edir: “Sonra Mirzə İbrahimova söz verildi. Onun səsi qulaqlarda cingildədi: “Mən yazmamışam o rəyi?! Mən qələt eləmişəm! “Qələt” sözünü onca ucadan, acıqla dedi, mat qaldıq. Ona qədər elə bilirdim ki, “qələt eləmişəm” “pox yemişəm” deməkdir. Demə, Mirzə müəllimin doğulduğu İranda “qələt” sözü “səhv” deməkmiş.”  Bir səhifə o tərəfdəsə oxuyuruq: “Stalin haqqında on səkkiz poema yazmış, üç dəfə Stalin mükafatı almış Səməd  Vurğunun “Zamanın bayraqdarı” şeiri çıxmışdı və artistlər, həvəskarlar onu əzbərdən söyləyir, təntənə, yığıncaqlarda oxuyurdular:

                Bütün xalqlar, qəbilələr od içindən çıxacaqlar,

                Stalinin mərd əlini dönə-dönə sıxacaqlar!”

            İri həcmli, 478 səhifəlik bu əsərin bütün səhifələri belə çılpaq həqiqətlərlə doludur. Biz bu sanballı kitabı gələcəkdə dərgimizdə hiss-hissə çap etməyi planlaşdırırıq*. Qoy Sabir Əhmədli həqiqətləri təkcə 200 tirajla çap olunmuş bir kitabın səhifələrində məhdudlaşmasın.

        Sabir Əhmədli nəsri Azərbaycan ədəbiyyatında çoxlarının çözə bilmədiyi bir düyündür. İçində həqiqətlə sənətin baş-başa qaldığı bu düyünün hissə-hissə açılacağı gün uzaqda deyil.

 

                                                                                                                      “Yazı” dərgisi

 

 

                                  

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Vədimizə əməl edərək həmin memuarın bir çox fəsillərini hissə-hissə “Yazı”nın çıxarda bildiyimiz 23 sayında verə bildik. Fəqət maddi sıxıntıya görə hələlik dərgi çapını dayandırdığından əsərin çapı da yarımçıq qalıb.

 

 

 

               

 

 

 

 

 

 

 

 

         QÜRUB DÖVRÜNÜN CƏNGAVƏR  ƏDİBİ

                                              

                     (Bu gün – 17 aprel  böyük ədib Sabir Əhmədlinin anım

                     günüdür, qarşıdan isə onun 90 illik yubileyi gəlir)

 

 

 

 

            Hər yazıçı – söhbət adi kitab çıxardıb yazıçı adı qazanan və iddiası olmayanlardan getmir təbii – özü boyda bir sözdür, cümlədir, mətndir, hekayədir, romandır. Yəni, yazıçı sözdür, söz adamıdır, sözün yetirməsidir, sözə boyun əyəndir, sözün boyuna sevinəndir.

            Heç yadımdan çıxmaz. Bir dəfə Sabir Əhmədlinin kabinetində oturmuşduq. Qəzetin işçilərindən biri mənim “Əstal” adlı hekayəmi ustada təqdim edəndə “qəhər”  sözünün üstündən xətt çəkmişdi. (Cümlə belə idi: “Qış qəhər gəlmişdi.”) Əsəbi halda soruşdu ki, niyə bu sözün üstündən xətt çəkmisən? Bu söz bu hekayədəki bəlkə ən uğurlu sözlərdəndir axı!?

            Sonra məndən bu sözün burdakı yeri haqqında soruşdu. Axı adətən, qəhər sözünü adamın qəhərlənməsi kimi işlədirik. Mən də uşaq ağlım, elə bildim ki, ustad bu sözün burda işlənməsini düzgün saymır. Başladım uzun-uzadı sözün müdafiəsinə qalxmağa. Nələrsə danışdım. O gülümsünüb məni saxladı və o sözü yerinə bərpa elədi. Düzdür, qəzetə yenicə baş redaktor təyin olunan N.Həsənzadə həmin hekayənin çapına mane oldu və sonralar o mətn bir çox yazılarımla bərabər, işğal zonasında qaldı. Yalnız üstündən 30 il keçəndən sonra mən o hekayəni tamam başqa biçimdə işlədim və bəzi saytlarda, eləcə də “Burda yer fırlanmırdı” kitabımda nəşr olundu...

            Söhbət “qəhər” sözündən gedirdi...

            Yox, söhbət Sabir Əhmədlinin sözün boyunu necə sevməyindən gedirdi...

            Onun romanlarında sözün izzət-nəfsi var. Sözün hökmranlığı var. O, elə-belə, boş söz işlətməz. Axşam əvəzinə qürub yazıbsa, bunun altından hökmən nəsə çıxacaq. Gəlin baxaq.

            “Qürub çağı adamlar kövrəlir. Ürəklər yumşalır, bir səfil, zəlil arayırlar, ona nəzir versinlər, əl tutsunlar.” (“Kef” romanından.)

            Necə dəqiq müşahidədir! Qüruba doğru adamların tarazlığı bərpa olunur, iç savaş bitir, sanki batan günəş timsalı bir gün bu dünyayla vidalaşacaqlarını anlayırlar... Bir də... Hə, sonrası da var. İnsanların bir günlük savaşı, mübarizəsi bitir, gəlir-çıxarlarını bilirlər və o gəlirdən çıxar – sədəqə verməyi borc bilərlər. Bunlar romanın “qürub” kəlməsindən  çıxanlardır...

            ...”Kuma-Manıç çökəkliyi”ndə onun obrazını yaratmaq ağlımın ucundan da keçmirdi. Qapı-bacanı bağlayıb işləyəndə özüm də bilmədən qəribə hallar keçirdim. Bir də gördüm ki, ustad gəlib iş otağımdadır, üzbəüz əyləşmişik. Yenə qayğılıydı. Siqareti də uzun barmaqlarının arasında. Heç danışmır, eləcə hara isə zilləmişdi baxışlarını...

            ...” -Xoş gördük, cavan oğlan. Gəl əyləş görək... Sən indi Cavanşirsən, ya Baharlısan?

            -Elə ikisinin qarışığıyam, - deyirəm, Sabir müəllimi də güldürürəm, özümü də gülmək tutur. Qəribədir ki, bu kişinin yanında çox sərbəstəm. Elə bil babamın yanındayam. (Yox, babam bir az birtəhər adamıydı, belə saymaz, adama üstdən aşağı baxmağı vardı. Bu kişi isə ayrı aləmdir. Qəti sıxılmırsan bunun yanında)

            -Sənin “Odlar yurdu”ndakı məqaləni oxudum, xoşuma gəldi. Babana zəng vurmuşdum, fərəhlə dedi ki, nəvəmdir... Sən bəlkə bizim qəzetə də yazasan... Məsələn, baban haqqında, yaxud Baharlılar barədə... Dayan görüm, babanın bir qohumu olub, 37-də güllələyiblər...

            -Yapon Səməd, - mən onun fikrini tamamlayıram.

            -Ay sağ ol səni! Yapon Səməd... Bax, o kişi haqqında bir şey yaz... Babanı danışdır, dediklərini yaz... Məsələn, ona niyə Yapon Səməd deyiblər-filan...”(“Kuma-Manıç çökəkliyi”)

            O, həqəqətən beləydi. “Yapon Səməd” kəlməsinə bir romançı baxışı ilə nəzər salmağı gənc qələm adamına elə deyərdi ki, buna inanmamaq mümkün olmazdı.

            Yazı sənəti Sabir müəllim üçün bir ayin kimi idi – mütləq gedişat zamanı tələb olunan gələnəklər icra olunmalıydı. Ən, başda həqiqət və inam gəlirdi.

            Yazı Sabir müəllim üçün bir etiqad idi – burada sənin inamınla şübhən çarpışacaqsa, hansı gözün ağır basacağından asılı olmayaraq sən bu çarpışmanı nöqtə-vergülünəcən təsvir etməlisən. Hətta sənin əsərlərinin çapına on il qadağa qoyulsa belə, haqqında o zamanın ali orqanının ölüm hökmünə bərabər qərarı olsa belə: “Bu romanda ciddi ideoloji sapıntılara yol verilmişdir.”  (“Dünyanın arşını” barədə Azərbaycan KP MK-nın avqust – 1972-ci il qərarından.)

            Sabir Əhmədli mənsub olduğu dövrün – Sovet cəmiyyətinin qürub dövrünü (yenə qürub!) zərrəbinlə görürmüş kimi elə təsvir edirdi ki, bilmirdin övladı olduğu cəmiyyətin dağılmaqda olduğuna acıyır, ya bunun təntənəsini yaşayır?! Bir romanında köhnə-külüş soyuducunun evi başına götürən zəhlətökən tırıltısı, zarıltısı, başqa bir romanında isə qəhrəmanın səhərlər it abırında olan kömköhnə maşınını işə salmaq üçün min oyundan çıxması, maşının adam kimi can çəkişməsində olması…

            Sanki adi texnikanın  da deyil, Sovet maşınının – onun aparatının idarəedici funksiyasının can çəkişməsində olmasıydı bu… Yazıçı qələminin ustalığı ən xırda detalı belə mənalandıra bilir…

            …Deyəsən, bu detalı bir dəfə hansısa yazımda vermişəm, təkrar olsa, üzürlü sayın. Yeri gəlib, imtina etmək istəmədim. 23 yaşım vardı, bəlkə 24 idi? Nəysə, Bakıya gəlmişdim yaşadığım rayondan və o zamanın sevilən qəzeti “Ədəbiyyat və incəsənət”ə hekayə gətirmişdim. “Əhləd daşı” adlanırdı. İki gün sonra cavab üçün gələndə Sabir müəllim  qolumdan tutub məni baş redaktor Yusif Əzimzadənin yanına apardı. O zaman Zevin küçəsində yerləşən redaksiyada, baş redaktorun otağında uzun bir stolun ətrafında çoxlu stullar vardı. Özü birində oturdu, mənə də işarə etdi ki, əyləş. Stulların çoxluğu məni çaşdırdı, nəhayət, birini geri çəkib əyləşdim. Bunların him-cimindən başa düşdüm ki, deyəsən, hekayəni bəyəniblər. Amma iş gözləmədiyim halda, başqa yerdən pırtladı: Yusif müəllim dedi ki, buyur, hekayədəki qatırın əmələ gəlmə səhnəsi var ha, bax onu danış…

            Bu hissəni başqa yazımda daha ətraflı yazmışam, ona görə üstündən keçirəm.

            (Burada bir heyfsilənim: o qaranlıq tövlə, ayğırın səsi-filan yerləri hekayəyə düşməmişdi çap zamanı. Ustaddan utandım soruşam ki, o cümlənin başına nə iş gəldi? Tərslikdən o əhvalatın üstündən azı qırx il keçib və o hekayə mənim sonrakı kitablarıma düşməyib. Sağlıq olsun, hökmən gələcək çaplarda bunu nəzərə alacağam.)

            Bu xatirəni niyə təkarar yada saldım. Ondan ki, orada bir qısa keçid də oldu. Sabir müəllim mənim ona oxuduğum, amma işləmək üçün qaytardığı bir hekayəmdən də söz saldı. “Saray Hürü qarının həsrəti” adlı hekayəm haqda danışdı və məni təəccübləndirdi… “Yusif müəllim, bir hekayəsi də var, qarının yay günü ürəyi yanır, buz istəyir, illəti varmış… Gedir dağın ən uca zirvəsindəki buz çalasına düşür, ürəyini söykəyir buza, daha oradan çıxa bilmir, ölür orada…

            Kişilər mütəəssir olmuşdular. “Mütləq ver o hekayəni Sabirə” dedi Yusif müəllim… Amma mən o hekayəni yenidən işləyib ilk kitabıma salsam da, Sabir müəllimə vermədim… Həm də anlaya bilmirdim, hələ tam bəyənmədiyi, işləmək üçün qaytardığı hekayəni niyə tərifləsin ki?..

            Və lap sonralar duydum bu hikməti. O, avans verirmiş mənə. “Qorxma, yaz” deyirmiş… Və esselərimdə daha çox gənclərdən yazmağımın bir səbəbi də ordan gəlir – istedadlı adama istedadı olduğunu inandır! Amma istedadsıza da istedadsız olduğunu ifallıca başa salmaq şərtilə…

            Sabir müəllim əsərə qiyməti təkcə özü vermirdi, həm də başqalarını da bu işə şərik edirdi…

            …Başda “Əstal”dan danışmışdım.

            Əstal bir  yaramaz bitkidir, bioloji dillə desək, parazitdir. Bu günkü koronaviruslu günün deyimiylə desək, virus kimi bir şeydir. Nə torpaqda, nə suda bitməz. Ancaq və ancaq başqa bir ağacın - nə yazıqlar ki, bu ağac da ibarət olsun palıddan – budağında özünə yer edər və başlayar onu sorub qurutmağa…

            Hekayənin çapına mane oldular. Yox e, nə mane oldular, qəzetçilərin dili ilə desək, bir üzlü çap olunmuş ottisk variantından sonra, maşının ağzına gedəndə dartıb ordan çıxartmışlar!.. (Sabir müəllim o “ottisk” variantını mənə vermişdi ki, yadigar saxla, gələcəkdə lazım olar…)

            Sonralar, 30 il keçmiş yazdığım tamam başqa bir “Əstal” adlı hekayəyə epiqraf kimi A,Voznesenskinin:

 

                                               “ Amin.

                                              Mən iki poema öldürmüşəm.     

                                              Doğurmadan dəfn etmişəm.

                                              Sən necə də oğlunun şıq gəzməyini,

                                              Düz yeriməyini istərdin!

                                              -Qalx, ana,

                                                     mən iki poema öldürmüşəm...

                                              Rəhmət diləməyə,

                                                         goruna and içməyə

                                              Əbədi xatirə olsun deyə...”  -

 

misralarını və ustad Sabir Əhmədlinin bu sətirlərini vermişdim:“Sındırırlar qapını. Basırlar, mən bu üzdən var gücümlə saxlamağa çalışıram, qapının bir taxtası qopur, oradan, yarıqdan onları görürəm. Sir-sifətlərindən qatillik yağır.”(“Kef” romanından.)

 

            S.A.(Söz Ardı)

            1. Sabir müəllimin bu il 90 yaşı tamam olur. O, yeganə yazıçımızdır ki, Sovet ədəbiyyatı zamanında öz qələminə xəyanət etmədi. Həm də müstəqilliyimizin bərpası üçün bir şəxsiyyət kimi qolunu çırmayıb vuruşdu. Eyni zamanda müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradıcılarından biri kimi özündən sonra gələnlərə örnək oldu.

            Hə, o, örnək idi. Ədəbiyyatda da, həyatda da.

            2. O həm də bütün sədləri vurub yıxan bir cəngavər idi. Buxovları, yasaqları, olmazları tanımayan cəngavər ədib.

                                                                                                          17.04.2020

                                                                                                          edebiyyat.az saytı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  ƏDƏBİYYATINI  SİLKƏLƏYƏN  ƏSƏR*

 

                (Sabir Əhmədlinin “Dünyanın arşını” romanı barədə qeydlərim)

 

 

    “Dünyanın arşını” Sabir Əhmədlinin 20-yə yaxın romanından biri olsa da,  həmin əsərin  bu böyük nasirin yaradıcılığında  deyil,  ümumən Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Bəri başdan deyim  ki,  mən Sabir müəllimi  özümə ustad bilmişəm. Həm də sağlığında onunla  çox təmasda olmuşam. “Dünyanın arşını” barədə  o həmişə həvəslə danışırdı. Mən ona bir dəfə çəkinə-çəkinə sual verdim: “Sabir müəllim, romanda avtobioqrafik  yerlər çoxdurmu?” O gülə-gülə dedi: “Bəlkə deyəsən ki, avtobioqrafik olmayan yerlər var?”

      Mən anladım ki, yazıçı elə bil mənim qeydimə  sevinirdi. Amma o məni qeyri-müəyyən vəziyyətdən qurtarmaq üçün əlavə etdi:”Yazıçı yaxşı bilmədiyi şeydən yazmamalıdır...”

       Sonra gözlərini qıyıb: “ Amma bu o demək deyil ki, yazıçı elə özündən,  ailəsindən yazmalıdır. Bu onu bitirər”, - dedi.

       Bu roman, yazıçının ən başıbəlalı əsəridir. Ən əsası isə bizim oxuduğumuz “Dünyanın arşını” müəllifin  əsərinin orjinalı deyil. İlk yazılışda 500 səhifə olan romandan  çap olunanda cəmisi 200 səhifə qalmışdı. Əsəri ilk olaraq “Azərbaycan” jurnalı  4 nömrədə vermişdi. Halbuki, ixtisar olunmuş variantı elə  iki  nömrədəcə vermək olardı. Bəs bunun səbəbi nə idi ki, baş redaktor Cəlal Məmmədov  əsəri  4 nömrəyə  səpələmişdi?

       Onu deyim ki, mən əsər haqqında  fakt gətirərkən bir Sabir müəllimdən eşitdiklərimə əsaslanacam, bir də onun ömrünün son illərində yazdığı, ölümündən sonra çap olunan “Yazılmayan yazı”  adlı avtobioqrafik  kitabına söykənəcəm.

       Demək, Sabir müəllim  bu son kitabında yazır ki, baş redaktor əsəri çap etmək üçün məni çoxlu ixtisarlar aparmağa vadar etsə də, əslində  onun nəşrinə  yardımçı oldu. Həm də özünü qorumaq üçün  əsəri 4 nömrəyə səpələdi ki, bir növ nömrələri oxuyanlar  ardıcıllığı itirsinlər, əsərdəki bəzi mətləblərdən xəbərdar ola bilməsinlər.

     Zəruri qeyd: Sabir müəllim “Yazılmayan yazı”da bu ixtisarları yana-yana yada salır: “Baş redaktorun qeydlərinə görə mən romana bir də baxdım. Onun irad tutduqlarının bir qismini düzəltdim, bir qismini kəsdim, atdım. Bu romanın “dosyo”su ilə yaxşı tanış olmaqdan ötrü  onun ilk variantını oxumaq düz olar. Əlbəttə, orada artıq yerləri çıxmaqla. Bir parçanı  çıxdığıma indi də heyfslənirəm: Xudafərinə gedirlər. Orada Arif bir çoban görür. Bu çoban otardığı heyvanlardan seçilmir. Geri, evə qayıdanda qardaşı – birinci katib ondan səfərin necə keçdiyini soruşur. Kiçik qardaş danışr və deyir: “Mən Qumlaxda bir çoban gördüm. Onu muzeydə qoyasan qəfəsə, altından  yazasan: “İnsanın meymunlaşmasında əməyin rolu.” Baş redaktor qalın qaşlarını dartıb, qınaq dolu səsiylə ucadan demişdi:”Nu, doroqoy!”

     Roman jurnalda çıxandan sonra  böyük rezonansa səbəb olur.  Moskvada, Ukraynada və başqa respublikalarda əsəri tərcümə edib çap etmək üçün plana salırlar. Fəqət...

 -----------------------------------------------------------------------------------------------------

*Esse  “Renessans həsrəti” (Qanun, 2015) kitabının 1-ci cildində çap olunub. Lakin  müəllif yazıya yenidən baxmış, bəzi əlavələr etmiş və kitabın 2-ci cildinə də salmışdır. Biz burada 2-ci cilddəki variantdan istifadə etdik. (Tərtibçidən)    

    

“Azərnəşr”də əsəri çap etmək əvəzinə, onu bir az da kəsib-doğrayırlar. İlyas Əfəndiyevin qardaşı  baş redaktor Mustafa Əfəndiyev deyir: “Mən əlimi kəsərəm,  belə əsəri nəşr olunmağa qoymaram.”  Bayram Bayramov da əsərin əleyhinə çıxır. Arada əlyazması yoxa çıxır.  Bununla da qalmayıb,  doğranmış səhifələri də  əlavə etməklə  DTK-ya geniş bir izahat yazılır.

     1972-ci ilin avqustunda Azərbaycan KP MK-nın plenumunda  birinci katib H.Əliyev ədəbiyyata geniş yer ayırır. Və “Dünyanın arşını” haqqında kəskin şəkildə yazılır: “Bu romanda  ciddi ideoloji sapıntılara  yol verilmişdir.”

     Müəllif sonralar söhbətləriundə deyərdi: “Biz yıxılana balta çalanıq. Hamı düşmüşdü üstümə. Bayram Bayramov, Əli Vəliyev, Əlfi Qasımov... daha kimlər  əleyhimə o ki var döşəmişdilər. Hətta  Əli Vəliyev bir məclisdə açıqca demişdi ki, bu adam, yəni  Sabir Əhmədov onun qurduğu kolxozu dağıtmaqla məşğuldur. Buna heç vaxt yol verməyəcək.”  (Sonralar Sabir müəllim bu danışdıqlarını  son kitabında daha geniş yazmışdı.)

       Daha bir zəruri qeyd: 10-12 ilin söhbətidir. Şəhərdə təsadüfən Sabir müəllimlə görüşdük. Məni möhkəm danladı ki, niyə zəng-zad eləmirəm? Günahımı boynuma alsam da, bildirdim ki, ustad, uşaqlar böyüyüb, problemlərin altında inləyirəm. İki uşaq ali məktəbdə oxuyur, oğlum tibb institutuna hazırlaşır... Güldü və dedi ki, zarafat edirəm, bilirəm ki, sən ailəcanlısan. Amma arada görün, çay içək, dərdləşək. Və qəfil soruşdu ki, indi hara gedirsən? Tələsik işim olsa da, dedim, heç yerə, sizi gördüm, hər şeyi unutdum. Onda dedi, dur gedək Akademiyaya. Orda Kamal Talıbzadənin yubileyi olacaq.  Mən belə yerlərə gedən olmasam da, Sabir müəllimin xatirinə razılaşdım. Bir də o elə-belə heç yerə getməzdi. Səbəbini yəqin biləcəm. Marşrutda gedəndə soruşdu ki, “Dünyanın arşını”nın qalmaqalı yadındadır? Dedim hə, mən onda tələbə idim, qəzetlərdə MK-nın plenumu barədə və sizin roman haqda  yazılmışdı. Təbii ki, sonralar daha ətraflı tanış oldum.

     Dedi, həmin plenumdan sonra  cənub rayonlarından birində  Yazıçılar İttifaqının səyyar  iclası keçirilirdi. Mənə demişdilər ki, məruzəçi Kamal Talıbzadə səni  yıxıb sürüyəcək. İnanırsan? Məruzə başa çatdı, sadəcə adımı çəkmişdi, o da xalaxətrin qalmasın... Sən baxma e, o kişi oğluydu. Bilirsən də Abdulla Şaiqə bir gün zəng vururlar ki, bəs nə durmusan, bu gecə Cavid Əfəndi sürgündən Bakıya  qayıdır.  Şaiq Əfəndi bilir ki, bu ona torba tikmək üçün tələ ola bilər. Amma dözmür, durub gedir  dəmiryol vağzalına. Qatarlar hamısı gəlir, amma Cavid əfəndi gəlib çıxmır. Bu vaxt bir nəfər Şaiq Əfəndiyə yanaşıb   Cavid Əfəndinin ailəsinə həmişə yardım edən  bu kişiyə rişxəndlə deyir: “Gəlmədi Hüseyn Cavid? “

     Şaiq Əfəndi tövrünü pozmadan deyir:”Yox, gləmədi.”

     “Gəlsəydi ona nə deyəcəkdin ki?”

     Özünü bu murdar adamın sifətinə tüpürməkdən güclə saxlayan Şaiq Əfəndi deyir: “Üzünə tüpürəcəkdim.”

      Sabir müəllim gülümsünüb dedi:”Kamal müəllim elə kişinin oğludur. O vaxt mənə olan hücumları əslində məruzəsilə dəf etmişdi. İndi 80 illiyidir, gedək iştirak edək...”

      Biz o tədbirdə yan-yana otutmuşduq. Hətta yadımdadır ki, şəklimizi də çəkdilər. (Təəssüf ki, bu böyük insanla bicə dənə də olsun şəklim yoxdur)  Üstündən tam on il keçəndən sonra  “Yazılmayan yazı”da mən bunları bir daha oxuyanda çox xoşhal oldum.

       Əsəri təbii ki, Azərnəşrdə plandan çıxarırlar. “Drujba narodov” jurnalı da nəşri ləğv edir. “Sovetski pisatel”dəki kitab və Ukraynadakı nəşr də dayandırılır.  Müəllifə təklif gəlir ki, “səhvlərini etiraf etsin”,  rəhbərə məktubla müraciət edərək haqlı olduğunu bildirsin və sair. (Məruzədə  digər tənqid olunanlar bunu etmişdilər) Ona bunu məsləhət görənlər  çox idi: MK-dan Xeyrulla Əliyev, AYB-dan İmran Qasımov, yazıçı Altay Məmmədov və ən əsas da müəllifin öz rayonlarında birinci katib olan  qardaşı Vaqif Əhmədov... Lakin yazıçı bunu etmir və  Yazıçılar İttifaqının  növbətçi  zəncirliləri  müəllifin üstünə  hücum çəkir, ona salam vermir, salamını almırlar. Əsərlərini çap etmirlər. Nəhayət, dözməyən müəllif SSRİ Yazıçılar İttifaqının sədri G.Markova məktub yazıb başına gələnləri  çatdırır. Markov sonralar İ.Qasımova deyirmiş: ”Bu adi məktub deyil. İttihamdır. Yazıçının acı taleyidir.”  (“Yazılmayan yazı”dan)

       Sonralar müəllif  biləcək ki, onun haqqında MK-nın çap olunmuş qərarı muştuluq imiş.  İdarə və təşkilatlara  göndərilmiş məxfi məktubda qərarın bütöv hissəsi verilibmiş. Orada belə bir cümlə varmış: “V romane iqnariruetsya osvoboditelnaya missiya sovetskoy armii.” Müəllifi fikir götürür: Heydər Əliyev yəqin ki, bu romanı oxumayıb. Bəs axı kim edib bunu? Qardaşı  müharibədə həlak olub Sovet İttifaqı Qəhrəmanı olan yazıçıya bu damğanı vurmaq kimin ağlına gəlmişdi?

       Və yazıçının yadına düşür ki, romanda belə bir yer var: Xudafərin körpüsündən Təbrizə keçib gedən Sovet ordusunu öz gözləri ilə görən müəllif (onda 10-12 yaşlarındaymış) orada belə cümlə işlədib: “Bu qoşun harayasa ölüm aparır, özləri ölümə gedirdi.”  İndi də açılmayan bir cinayəti – Sovet ordusunun əliylə şah tərəfindən boğulmuş Güney Azərbaycanın istiqlalını  sanki  fəhmlə görmüşdü  gələcəyin yazıçısı  o vaxt. Və bunu  sonralar  romanda yazmışdı. O ordunun tərkibində Təbrizə gedən R.Rzadan, M.İbrahimovdan, M.Rahimdən və başqalarından fərqli olaraq o yazmışdı. S.Cəfər Pişəvərinin öldürülməyini də yazmışdı. O taydan bura pənah gətirən inqilabçıların başına gətirilənləri də yazmışdı...

     Amma yazıçını və əsəri vurduran adam gizlində qalmışdı. Bir təsadüf nəticəsində  müəllif  bunu aşkarlaya bilir...

     “Sovet ordusunun xilaskar rolunu inkar...”  Bəs axı  bu kimin ağlına gəlmişdi? Müəllif anlayır ki, sirr romanın çap olunduğu “Azərbaycan” jurnalındadır. Yazıçılar İttifaqının kitabxanasına gedib romanın çap olunduğu nömrələri alır və baxır ki, səhifələrdə əski əlifbayla qeydlər edilib. Elə sovet ordusuyla bağlı səhifələrdə də! Kitabxanaçı bildirir ki, jurnalı M.İbrahimov götürübmüş. Çoxlarının KKB generalı kimi tanıdığı Mirzə müəllim öz Vətəni haqqında yazılan həqiqətləri danos kimi MK-ya çatdırıb, məruzəyə, qərara saldırıb... (Bütün bunlar haqqında daha geniş şəkildə “Yazılmayan yazı”da  tanış olmaq olar)

       Sual doğur: Bəs nə idi bu əsərin əsl qayəsi ki, bu qədər hay-küyə, hətta MK-nın qərarına düşməsinə səbəb olub? Təkcə yuxarıda qeyd etdiklərimizmi?

       Xeyr. Əsər o dövr üçün şedevr sayıla biləcək bir səviyyədə yazılmış roman olmaqla bərabər, həm də  doğrudan da antisovet bir roman idi.

       Bu isə ayrıca bir söhbətin mövzusudur.

        Romanda iki mühüm xətt var: əsərin qəhrəmanı  filosof Arif, onun ailəsi və onları əhatə edən ətraf mühit: Haraylılar kəndi, qonşular, qohumlar...

        Əsərin qəhrəmanı filosof Arifdir. Müəllimi  olan filosof  özünə qəsd etmiş, qardaşı Sovet-Alman müharibəsində  həlak olub Sovet İttifaqı Qəhrəmanı  olmuş, digər qardaşı birinci katib   Arif. Bu, əslində müəllifin özüdür.

         Arif məzuniyyətini  doğma kəndlərində keçirir və romanda cərəyan edən hadisələr 10-15 gün ərzində baş verir...

         Yazını burda saxlayır və ardını ustadın gələcək tədqiqatçılarına buraxıram.

         Və sonuncu zəruri qeyd. Bu gün Sabir Əhmədlinin yaradıcılığından tədqiqat işləri yazılmaya bilər, amma gün gələcək, onun yaradıcılıq estetikasından, ədəbi dünyasından və ən əsası antisovet yaradıcılığından qalın-qalın kitablar yazılacaq. Bunu yadınızdan çıxartmayın!

                                                                                                          2014-2018

                                                                                                        Kultura.az

 

 

          

 

 

 

                   ŞƏHİD ATASI – ŞƏHİDLƏRİN ATASI*

 

 

 

 

 

            Ustad Sabir Əhmədli axına qarşı gedən idi. Həm sözü, həm də ədəbi kimliyi ilə bir yaşadı bu həyatda. Sözünün ağası olduğu kimi, söz də ona ağa kimi səcdə etdi. O, sözdən nələr yaratmadı?! O, sözün min rəngini, min dadını, min tamını bilirdi və min də naxışını saldı getdi.

            Onun sözü şəhadət məqamınacan aparandı, amma sözün şəhidliyinə deyil, şahidliyinə önəm verərdi. Sözünün deyil, özünün şəhidliyinə qıyardı... Sözü balası kimi sevərdi və hətta o dərəcədə sözü qoruyardı ki, balasının şəhidliyinə qıydı, sözünün deyil...

            O, şəhid atasıydı...

            O, şəhidlərin atasıydı...

            O, şəhidin qardaşıydı...


            Üçüncüdən başlayaq. Çünki onun mənsub olduğu ailə şəhidliyin acısını hələ illər öncə dadmışdı. Qardaşı Cəmil Əhmədov alman faşizminə qarşı İkinci dünya savaşında qəhrəmanlıqla döyüşərək həlak olmuşdu və ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bu barədə hələ “Dünyanın arşını”nda bəhs etmişdi. Böyük Əli Kərim bu haqda “Heykəl və heykəlin qardaşı” adlı poema yazdı...

            İkinci şəhid gəldi ailəyə. Ədibin oğlu Məhəmməd uzun get-gəldən sonra, axır ki, cəbhəyə yollanır. Elə bil atanın ürəyinə dammışdı. Oğluna “getmə” demədi, amma istədi ki, onu birbaş döyüş bölgəsinə göndərməsinlər, heç olmasa arxada üç ay təlim keçsinlər... Amma belə olmur – gedən kimi özü qaynar nöqtəyə yollanır və... Ata oğlunun ardınca cəbhəyə gedir. Ondan xəbər tutmaq istəyir... Günlərlə yollarda qalır. Biləndə ki, Murova göndəriblər, əli hər yerdən üzülür... Və geri dönür...

            “-YOX! Yox! Yox... Ola bilməz. İnanmıram! Məhəmməd, balam mənim! İnanmıram! – cənazənin ayağında çöküb dizin-dizin onun üstünə can atdım.:

            -Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!..” (“Axirət sevdası” romanından.)

            O, şəhidlərin atasıydı...

            Yeganə yazıçıdır ki, 20 Yanvar şəhidlərinə ayrıca kitab bağladı...

            “Yanvar hekayələri” adlı o kitab ədibin ürəyindəki “şəhid atası”, “şəhid qardaşı” burcunun yarpaqlayıb “şəhidlərin atası”na çevrilməsi idi...

            O, “şəhid ağacları” əkilən məmləkətin yazıçısı idi...

           

 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Yazı ilk dəfə çap olunur

 

(Böyük-böyük, bölük-bölük yazıçıları olan və o böyük-böyük, bölük-bölük  yazıçıların cəm olduğu AYB-da bir adam nə 20 Yanvar şəhidlərinə, nə Qarabağ şəhidlərinə layiq kitab bağlamadı... Niyə? Səbəb çox sadədir: onların bir çoxu Moskvanın bir zamanlar verdiyi bol qonorarın, evin, bağın, maşının həsrətindədir və hətta o aldıqlarına dönük olub müstəqillik səngərində dayananlara ayrı gözlə baxırlar... Dünyanın ən hündür və ən böyük bayrağının altında daldalanaraq, yenə pul və mal sümürgəçiliyi sürdürənlərçün Vətən paradır, evdir, bağdır, maşındır... Azərbaycan müstəqilliyini elan edəndən az sonra milli hökümət qurulan kimi bəzi böyük-böyük yazıçılar ölkəni tərk etmədilərmi?! Bəziləri “indi nə olacaq, bəs mənim yazdıqlarımın taleyi nə təhər olacaq?” deyib dad təpənlərmi? O bölük-bölük yazıçılar  ali məktəbə uşaq düzəldib para qazanmaqdan əlləri çıxan institut müəllimlərinə qoşulub qiyamı altdan-altdan dəstəkləmədilərmi?.. Əcəba, onların ölkənin müstəqilliyinə sevinmməmələri başa düşülən deyilmi?.. Onlar əl-ələ verib ən ağır günlərdə “Ədəbiyyat qəzeti”ni ölməyə qoymayan Sabir Əhmədliyə hücum kampaniyası başlatmadılarmı?.. Belələrindən indi durub şəhidlər haqqında əsər yazmağımı tələb edəcəksən? Haşa! Onlar üçün sabah Moskvanın qapıları açılsa – açılmasın o qapılar! – yenə ləbbeyk deyəcəklər.)

            Tək-tük yazıçılardandır ki, balasını Vətənə qurban verib şəhid atası oldu. Və tək yazıçı idi ki, şəhidlərdən kitab bağlayıb şəhidlərin atası oldu...

            “Yaxınındaca iki-üç addımlıqdan keçməkdə idilər. Birdən Saleh kişinin gözü cənazə örtüyünə dikildi. Cənazənin bəri böyründən bir don sərilmişdi. Qəhvəyi donun yaxası, biləkləri ağ hörmə ilə tikilmişdi. Geyimindən bilinirdi: on-on iki yaşı olardı məktəbli. Göy çantası da ordan asılmışdı.

            Kişinin ocağı qalandı, qaynar damlalar paqqıldayıb, gözlərini yandırdı. Qızıl taxtda, şahzadə timsalında ucalıb gedən qızcığazı səslədi:”çantalı balam, mənim quzum! Sən haraya yol almısan?” (“Yanvar hekayələri”.)

            Sabir müəllim bu kitabı yazanda bir ata kimi, şəhidlərin atası kimi hamısını ayrı-ayrı oxşamış, hər kəsin öz nəğməsini oxumuş, hər kəsə yaraşan ağı qoşmuşdu. O, qara hekayələri bir qara fəhlə balalarının ağrı-acısında, yanıb kabab olan ürəyində, küçələrdə axıb sel olan qanlarında suvarmışdı. Onu yandıran o idi ki... “-Məni yandıran odur ki, - dedi ata - ...yaralananların, ölənlərin, orada – meyitxanalarda qalanların  hamısı fəhlə uşağı, yoxsul balasıdı. Bir dənə dublyonkalı, bir dənə laykalı, ger-geyimli yoxdur...” (“yanvar hekayələri”)

            Ustad yazıçı ürəyi xalqı ilə olan, xalqının tökülən qanını öz qanı bilən, tank altında qalanları özününkü sanan, o soyuq yanvar axşamı qanına susayan gəncləri balası bilir, qohum-əqrabasından ölənin olmamasına utanırdı elə bil. Yox, bu onun qəhrəmanıdır. Amma kim bilmir ki, Sabir Əhmədlinin qəhrəmanları bəzən onun öz düşüncələrini də əlindən alır, onun kimi düşünür, onun kimi danışırdılar. Ədibin bu sözləri dilinə gətirən qəhrəmanı yüz faiz onu yaradan müəllifinin düşüncələrinə şərikdir, bəlkə də elə o özüdür: ”İşdə salamatlıqdı, onların qohum-əqrabasından  yaralanan, ölən yox idi. Halbuki... kişi elə bil bunu istəyirdi. Bəlkə onda qətlə yetirilmiş minlərlə insanın taleyi aydınlaşacaqdı.” (“Yanvar hekayələri”)

            Kitabın sonunda qəribə mistik bir havaya salır oxucunu müəllif. İlhamsız dözə bilməyən Fərizənin zəhər içməyi ilə gülləsiz-topsuz şəhidliyin də ola biləcəyini göstərmiş... və bu yerdə şəhid bacısı iki aydan bəri açılmayan qapını açanda şəhid sevgililərin otağından iki quşun uçub getdiyini görürmüş...

            Son hekayə “İşığı söndürmə” adlanır...

            Şəhidlər sönməyən işığımızdır...

            Sabir Əhmədlinin ruhu o işıqlardan qidalanır...

                                                                                                                  05.05.2020                      

 

 

 

 

 

 

                          

 

 

 

                               MEMUAR

 

 

 

                       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                          

 

 

 

 

 

 

 

      

 

 

 

 

 

 

                            SABİR ƏHMƏDLİ HƏQİQƏTİ*

 

                             (“Məndən sonra” memuar romandan parça)

 

 

 

 

 

         “Böyük tarixi hadisələr, adətən, zamanında qiymətləndirilə bilmir. Məsələn, müharibələr haqda ən yaxşı əsərlər həmin hadisədən 20-25 il sonra yazılır. Böyük şəxsiyyətlər də belədir. Ustad yazıçı Sabir Əhmədlinin nəsri ən böyük qiymətini zaman keçdikcə alacaq. “XAN” nəşriyyatı onun “Yazılmayan yazı” memuar romanını müəyyən ixtisarlarla (layihənin tələbinə görə) artıq çap etməyə başlayıb. Bizim “Yazı” dərgisində isə həmin əsərin bütöv şəkildə (760 min işarə) çapı başlanıb. Yaxın gələcəkdə vəsait tapa bilsək, yazıçının bütün külliyyatının çapı barədə də düşünürük. Bir sözlə, Sabir Əhmədli Azərbaycan oxucusu üçün öz önəmini bu gün də saxlayır və əminəm ki, 100 il sonra da belə olacaq” – bu sözləri ustadın 85 illiyində çıxışım zamanı demişəm və yenə o fikirdəyəm ki, Sabir Əhmədli öz həqiqi qiymətini zamanında almayan düha sahiblərindəndir. Nə yazıq ki, bu gün belə yazıçının yaradıcılığı, kimliyi öz həqiqi dəyərini almayıb.

            Dəyər vermək əvəzinə böyük ədibə qarşı kampaniya başladır, danos yazır, əsərlərinin çapına mane olurdular.

            “Uşaqlıq dostum, qardaşlığım Famil Nəcəfov uzun illər KQB-də işləmişdi. Bir kərə mənə dedi: - “ Sənin orada qovluğun dolub, daha yer qalmayıb”. Amma orasını da söylədi.  Bir kərə daha böyük bir işçi orada Familə mənim barəmdə yaman danışıb. Famil də ona deyib : “ Mənə inanırsınızsa, ona da inanın. O siz deyən adam deyil”. (“Yazılmayan yazı”dan.)

            Sabir müəllim istər əsərlərində, istər kimliyində bir araşdırmaçı kimi çıxış edir, haqqın üzə çıxmasına çalışır, Xəzərdə batırılan, güllələnən, Sibirə sürgün edilən ədiblərimizin də davasını döyürdü:

“İttifaq sədrinin kabinetində, qənşər bir yerdə Yazıçılar İttifaqına başçılıq etmiş kommunist ədiblərin iri şəkli vurulmuşdur. Niyə burada o bədbaxtların , əslində indikilərin hamısından qabiliyyətli olan, Azərbaycan ədəbiyyatı üçün dəyərli işlər görmüş, qiymətli əsərlər yaratmış talesiz yazıçıların şəkilləri olmasın? Niyə ?! Ona görəmi ki, 37-ni yada salmaq əsla əlverişli deyil? Bir qapını açdılar, baxdılar içərisi bunun büsbütün qan-qadadır, tezcənək də örtdülər. Aləmə yayılmasın, kütlə, xalq bilməsin onda, 37-də kimin nə iş tutduğunu, baisi lənətləməsinlər.“ (“Yazılmayan yazı”dan)

 

            Hətta yazıçının sağlığında onun keçid dövrünün çətinliklərindən uğurla çıxartdığı “Ədəbiyyat qəzeti”nə başda Anar olmaqla AYB-çıların hücumları və buna ədibin soyuqqanlı münasibəti heç yadımdan çıxmır. 37-ci ilin mühakimələrini xatırladır o mühakimə.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Yazı ilk dəfə çap olunur

 

 

            “..əgər iclas lentə, maqnitafona yazılsa idi, həmin materialı – lenti çıxardardıq ortaya. Yox idi, nə stenoqram vardı, nə maqnitofon – lent. Üstəlik, eşidib Yazıçılar Birliyinə bir xeyli jurnalist gəlmişdi, yazacaqdılar. Onları yığıncağa buraxmadılar. Çıxıb getdilər.

            Mən həqiqəti açıb söylədim :

            - Mənə öz ərizəmlə işdən getməyi təklif etmişlər. Bunun üçün elçi də göndərmişdilər. Ancaq mən “ əz ərizəsi” ilə getmişdir”i özümə sığışdırmadım. Qoy, hər şey aydın olsun!

            Başladım, hal-qəziyyəni açıb danışdım...

            ... Nəhayət mən Anara üz tutdum :

            ….– Biz bu qəzeti zillətlə çıxarmışıq. İşçilərin maaşı, qəzetin çıxarılmasından ötrü Yazıçılar Birliyindən sədəqə təki vəsait dilənmişəm. Halbuki Yazıçılar İttifaqının qəzeti buraxmağa vəsaiti vardır, kömək edə bilərdi. Onlardan yardım alınca, can boğaza yığılırdı…

            Acıqla  otağı tərk etdim…” (“Yazılmayan yazı”dan)

            Ustadla, təəssüf ki, az-az görüşə bilirdik o vaxtlar. Mənim də ailə problemlərim, qayğılarım… Amma hərdən vaxt tapırdıq…

 

            ...Çayxanada üzbəüz əyləşmişik və gözünü qıyaraq harasa baxır, baxdıqca da sualıma cavab verir:”Mən onların hücumlarını dəf etdim. Nə istədiklərini bildiyim halda, izahat tələb etdim ki, fikrinizi açıq bildirin görüm, nə istəyirsiniz? Amma nə faydası? Hər şey ortada idi. Onlar mənə qarşı cəbhə açıldığının fərqində idilər və yəqin ki, bu imkandan yararlanmaq istəyirdilər. Mən də o imkanı onlara verdm ki, ürəkləri soyusun...”

            Sonra üzünü mənə tutur, köhnə Azərnəşrin tinində dayanıb gəlib-gedənə nə isə deyən, üzü uşaq üzünə bənzəyən yaşlı bir adamı göstərərək deyir: ”Onu görürsən? Dediyinə görə Cabbar Qaryağdıoğlunun nəvəsidir. Soruşub öyrənmişəm, deyəsən, doğrudur... Gör insan taleyi hardan haracan əriyib gedə bilir... Bir yazıçı üçün bundan gözəl material ola bilməz... Sənin bir xoşbəxtliyin var ki, tərcümeyi-halın zəngindir, bilirəm, böyük bir nəsil şəcərəsinə mənsubsan... Yazıçı üçün bu vacib şərtdir. Amma bir şeyi unutma: heç vaxt öz həqiqətindən qopma. Yazıçı həqiqəti deyilən bir şey var, gərək onun – həqiqət zəncirinin həlqələrini qopmağa qoymayasan...”

            Birdən dönüb düz gözümün içinə baxır və sərt şəkildə soruşur: “Sən Birlik məsələsini həll etdin? Axı mən sənə zəmanət yazışdım?”

            Artıq bildiyiniz əhvalatı danışıram. (AYB-da sənədlərimi it-bata salmalarını, Anarın qohumu olan Kamal adlı – illər keçib bəlkə adını səhv salıram – birisinin mənimlə sərt davranmasını və s.) Başını bulayıb “qəsdən belə edirlər, bilirsənmi?” deyib ah çəkir. Və məlum olur ki, mənə zəmanət verməklə kifayətlənməyib, hətta yolu düşəndə kimlərəsə məni tapşırıbmış da...

            Bəlkə də Sabir müəllimə olan “sevgi”dən mənə də pay düşüb...

            Amma lap sonralar tək bircə dəfə də olsun bu barədə soruşmadı. Mənim artıq qəti qərar qəbul etdiyimi anlamışdı – o təşkilat artıq mənimçün yox idi...

            Bunlarsa ustadın “Yazılmayan yazı” memuar romanındandır:

            “Mənim otağıma bir kərə bir yaxın şair gəldi. Yanında da bir sütül oğlan. Dedi, utana-utana, bəs, mənim oğlumdur. Xahiş edirəm onun hekayələrinə bax. Oradaca elə də böyük olmayan bir neçə varaq hekayəni oxudum. Sonra ikilikdə həmin şairə açıqca dedim : “ Mən öz uşaqlarıma tapşırmışam ədəbiyyatdan uzaq olsunlar. Başqa sənət seçsinlər. Bu, əzablı bir işdir. Sənə deyirəm: - Qoy sənin övladın başqa, bacardığı bir işin ardınca getsin”. O, bir söz demədən, bir qədər alınmış halda  qalxıb getdi. Üstdən bir xeyli keçmişdi. Qəzetdə Yazıçılar Birliyinə yeni qəbul olunmuşların siyahısı verilmişdi. Baxdım, onların sırasında həmin bu şairin də oğlunun adı var. YB ilə bir də bu işin üstdə sözləşmişdik. Demişdim, indi bir neçə cavan yazıçı var. Onlar ermənilərə qarşı döyüşlərdə iştirak ediblər, cavan olsalar da, həyat görüblər. Gördüklərini yazırlar. Onların yazıları çap olunur, hətta kitabları çıxıb. Onları Yazıçılar Birliyinə götürün. Qoy, görünsün ki, Yazıçılar Birliyi gənc yazarların həyat-taleyi ilə də yaxından maraqlanır. Onlara biganə deyil. Adlarını da söyləmişdim bu cavanların. Anar söyləmişdi, düz sözdür, onları qəbul edərik YB-yə. Həmin oğlanlara Birliyin sədrinin fikrini bildirmişdim. Onlar Birliyə getmişdilər. Orada onlara nə üz göstərmişdilərsə, demişdilər : “Biz bir də oranın qapısını açmarıq”.

 

            ...Ölsəm, yadımdan çıxmaz. 1993-cü ilin noyabrının sonlarıdır. Zəngilan işğal olunub. Başımız daşdan-daşa dəyə-dəyə ailəlikcən gəlib Bakıya çıxmışıq. Başımda o zamanın dəbi olan andatra dərisindən papaq, əynimdə sürtülmüş palto gəlib çıxmışam “Ədəbiyyat qəzeti”nə, baş redaktor Sabir Əhmədlinin kabinetinə. Oturub bir-birimizə baxırıq. Kişi mənim susduğumu görüb özü də danışmır. Belə bir müddət baxışırıq vı qəfildən ayağa qalxıb fotoqraf çağırır və içində boğulmuş səslə deyir:

            -Bunun şəklini elə belə çək... Soyunmasın, paltolu, papaqlı...

            Və indi bura niyə gəldiyimi xatırlayıb döş cibimdən əlyazmasında olan isti-isti yazdığım bir hekayəni çıxardıb ustadın qabağına qoyuram və katibənin gətirdiyi çaydan bir qurtum alıram. Sonra fotoqraf gəlir, şəklimi çəkir və Sabir müəllim hələ-həlbət tapşırır:

            -Bu hekayəni bu həftə verəcəyik, bu heç. Amma sən hər nömrəyə nəsə bir xəbərmi, məqaləmi, hekayəmi, nəsə yaz ki, azdan-çoxdan qonarar yaza bilək... Maddi durumumuz pisdir, amma bunun sənə dəxli yoxdur... Sən yaz...

            Mən bir müddət qəzetin az qala hər nömrəsinə yazılar göndərdim, Sabir müəllim də qonarar yazırdı qısıq imkanlarından...

            O şəkil hekayəmlə bərabər həmin həftə qəzetdə çıxmışdı. Burada o şəkli verirəm...

            Sonra ustadı qəzetdən ədalətsizcə uzaqlaşdırdılar və o vaxtdan mənim o qəzetlə bütün əlaqələrim kəsildi... Bu gün də bərpa olunmayıb, yəqin ki, hələ uzun zaman belə davam edəcək...

 

                                                                                              04.05.2020

 

                                   

                  

 

 

                                              

 

                         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                        MƏKTUB

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      

 

 

 

 

 

                       YAZIÇI SABIR ƏHMƏDLIYƏ*

 

 

       Salam ustad!

       Hər dəfə əlimə qələm alanda, bir yеni hекayə, yaхud başqa bir bədii yazı  yazanda ilк öncə Sizi düşünürəm. Düz оtuz bеş-оtuz altı il əvvəlкi кimi…

     …İlк hекayələrimdən birini Sizə  vеrmişdim, daha dоğrusu Sabir Məmmədоvdan alıb охumuşdunuz. Sоnra da yaşadığım yataqхanaya zəng vurmuşdunuz кi, о tələbə təcili «Ədəbiyyat

və incəsənət» (indiкi «Ədəbiyyat qəzеti») qəzеtinə gəlsin. Gəldim və Siz məni min illərin tanışı кimi qarşıladınız. Еlə о vaхtdan hекayələrimi bu qəzеtdə ardıcıl оlaraq çap еləməyə başladınız. Bu barədə dəfələrlə yazmışam.

         Bu məкtubu Sizə tamam ayrı məsələyə görə yazıram. Tariхən  ustalar- şagirdlər məsələsi оlub və həmişə də оlacaq. Mən dеyərdim кi, bəlкə də sоn əlli ildə yеganə yazıçısınız кi, sözün əsil mənasında məкtəb yaratmısınız. Bu bir tərəfdən sizin кimi böyüк bir yazıçının qələmə aldığı оrijinal nəsr əsərlərinin yaratdığı təsir dairəsi ilə bağlıdırsa, digər tərəfdən sizin gənc nəsillərə yоl açmanızla, оnları sərt qınaqlardan, avantüristlərin hücumlarından qоrumağınızla bağlıdır.

       Şəхsən mən özüm hər iкi mənada sizə bоrcluyam. «Yamacda nişanə» pоvеstinizdən aldığım ədəbi impulsu çох az yazıçının əsərindən almışam, bəlкə almamışam. Еləcə də «Dünyanın arşını», «Tоğana», «Yaşıl tеatr», «Qanкöçürmə stansiyası» кimi əsərləriniz bütöv bir yazıçı nəslinin fоrmalaşmasında əvəzsiz rоl оynayıb. (Охucularla, yəni sizin siravi охucularınızla işim yох burada)

       Mən sizi iddiasız bir yazıçı кimi sеvmişəm. Siz yazmısınız və hеç bir ad, şan-şöhrət gözləmədən, sоvеt sеnzura maşınının bütün ağırlıqları ilə vuruşa-vuruşa dünya nəsrinin ən möhtəşəm nümunələrini yaratmısınız. Siz milli azadlıq hərəкatımıza da öz töhfənizi vеrdiniz. Bu sahədə bir nеçə əsərləriniz  var. Amma mən «Qara yanvar hекayələri»ni хüsusi qеyd еtməк istəyirəm. Siz bir rоmançı оlaraq hекayə janrına çох da mеylli dеyilsiniz. Əslində mən hеç «Qara yanvar hекayələri»ni hекayə hеsab еləmirəm də! Bu hекayələr bir süjеtə tabе оlan və оlmayan, yеni tipli miniatür rоmandır…

       Yaхşı yadımdadır, bu кitabınız çap оlunanda «Azərbaycan müəllimi» qəzеtində bir məqaləm çıхmışdı. Bu yaхınlarda arхivimi töкüşdürəndə həmin məqalə  çıхan nömrəni tapdım. Məqaləni yеnidən охuyub кövrəldim. Bu кiçiк yazıda həm кitabınızdan, həm bеlinizi əyən оğul dağından yazmışdım.

       Hə, ustad! Siz Azərbaycan хalqının azadlıq mübarizəsinə daha bir töhfə vеrdiniz – оğlunuz Məhəmməd Qarabağ müharibəsində şəhid оldu. Siz bu yоlda оğul itirən 3-4 yazıçıdan birisiniz. Yazıçılara vеrilən bütün adlardan, ödüllərdən hətta Nоbеl ödülündən də uca bir adınız var, Sabir müəllim – ŞƏHID ATASI! Mən bu adın qarşısında baş əyirəm!

       Gələк Sabir Əhmədli məкtəbinin iкinci tərəfinə. Bu tərəfin хüsusi şərhə еhtiyacı var. Sizin tapıb, кəşf еdib, əsərlərini işlədiyniz qəzеtdə çap еtdiyiniz gənclər indi tanınmış yazıçılardır. Di gəl кi, оnlar еyzən sizin кimi başlarını aşağı salıb yazmaqla məşğuldular və yazmaqdan başqa оnları ayrı şеylər maraqlandırmır.

     

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Yazi müəllifin “Yaxın, uzaq dostlara məktublar” kitabından götürülmüşdür (Bakı, Nərgiz nəşriyyatı, 2010)

 

 

        Gərəк кi, 1978-ci il idi (ya da 79). Cəmi üç səhifəliк «Əstal» adlı hекayəmi çap üçün götürmüşdünüz. Aylar ötdü, hекayənin talеyindən bir səs çıхmadı. Baкıya gələndə məni görüb qəzəbləndiniz. О hündür bоy-buхuna yaraşmayan həlim təbiətli Sabir müəllim pələngə dönmüşdü. Əvvəl еlə bildim кi, mənə acığı tutub. Sоnra məlum оldu кi, mənim кimi bir nеçə gəncin hекayələrinin çapını təzə baş rеdaкtоr dayandırıb. Mənim hекayəmin çapının dayandırılmasını sadəcə bir cümlə ilə ifadə еdib: «Antisоvеt hекayədir».

        Ustad, mən bu yaхınlarda həmin mövzuda «Əstal» adlı yеni bir hекayə yazmışam, bu dеdiкlərimə оrada aydınlıq gətirmişəm. (Digər əlyazmalarımla bərabər, кöhnə «Əstal» da işğal оlunmuş кəndimizdəкi еvimizdə qalmışdı) Оna görə də burada о məsələni saхlayıb dеyirəm: Siz оnda özünüz də bilmədən bizlərə çох böyüк ruh vеrirdiniz.

       Sоnra siz həmin qəzеtin («Ədəbiyyat qəzеti»nin) baş rеdaкtоru оldunuz və 90-cı illər кimi ağır illərdə - о illər ədəbiyyatımızın, еləcə də nəsrimizin can üstə оlduğu illər idi - yеnə bizi başınıza yığdınız, yеnə «Sabir Əhmədli məкtəbi» qızğın fəaliyyət göstərməyə başladı.

        Fəqət… Nə yazıqlar кi, Sizi və еlə həm də bizi istəməyən antiSabir Əhmədlilər bu məкtəbin inкişafını bizdən yaхşı görürdülər. Və bu məкtəbin işinə pəl vurmaq üçün Sizi əvvəl baş rеdaкtоrluqdan, sоnra isə dоğma qəzеtdən tamamilə ayırdılar… Amma unutdular кi, Sizin yaratdığınız məкtəb təкcə qəzеtdən ibarət dеyildi. Şəхsən mənə görə «Nizami məкtəbi», «M.F.Aхundоv məкtəbi», «M.Ə.Sabir məкtəbi» ilə bərabər Azərbaycan ədəbiyyatında bir «Sabir Əhmədli məкtəbi» də var. Hələ bu məкtəb uzun illər ədəbiyyatımıza хidmət göstərəcəк.

          Bu məкtubu  sözügеdən ədəbi məкtəbin müdavimlərindən оlan tələbəniz

                                                                                         Azad Qaradərəli qələmə aldı.

                                                                                              Mart 2009

S.A.(Söz Ardı)

Məktub “Kredo” qəzetində çap olunandan az sonra Sabir müəllim dünyasını dəyişdi. Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                

 

                                 MÜSAHİBƏ

 

 

                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“BU KİTABIN ÇAPINA ON İL MANE OLUBLAR”

 

 

Azad Qaradərəli:Elə bil, insanlar arasında sevgi tükənib”

 

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı Azad Qaradərəlidir. Azad müəllimin sevdiyi əsər Sabir Əhmədlinin “Dünyanın arşını” romanıdır.

 

– Sabir Əhmədlinin “Dünyanın arşını” romanı hansı məziyyət və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?

– Bu əsər həqiqət yükünə, yazıçı manevrinə və ələlxüsus da zamanında yazılan və zamanın özünə qarşı çıxan əsər olduğu üçün mənimçün qiymətlidir. Yanlış anlaşılmasın: Sabir Əhmədli azadlıq carçısı-filan deyil, gərçi indi dəbdir Sovetin yağ-balını yeyib, özünü “dissident yazıçı” adlandırmaq. Yaxud, Sovet vaxtı partiyadan yazanlar, müstəqillikdən sonra Rəsulzadədən, peyğəmbərdən yazdılar və sair. Sabir bəy bir Sovet yazıçısı, əqidəli kommunist idi və inandığı kommunist ideologiyasını kəskin tənqid edirdi ki, irəli sürdüyü şüarlara, manifestlərə, proqramlara əməl etsin. Yəni, Sabir Əhmədli bir gerçəkçi yazıçı idi və bu romanında da həmin gerçəyə sadiq qalmışdı.Sadəcə bir məlum həqiqət var: əsrin, zamanın övladı olan yazıçı, bəzən özü də bilmədən yazdıqlarında daha irəli gedir, balası olduğu mövcud rejimin kökünü qazıyır, 20, 30, bəzən 50 il zamanı qabaqlayan ismarıclar verir. İ.S.Turgenevin “Ərəfə” əsərində olduğu kimi. Nə yazıqlar ki, “Ərəfə”ni qiymətləndirən N.A.Dobrolyubov var idi, “Dünyanın arşını” isə hələ də öz tədqiqatçısını tapmayıb.

– Əsərin lap başlanğıcında – Arifin evə qayıtmasının nəqlində pəncərədən görünən mənzərə ala-torandır, aydın deyil. Bu detal sizin üçün nə deyir? Arifin qayıtdığı mühitin hələ də gün üzü “görmədiyinimi”?

– Mənim Sabir müəllimlə bu əsər haqda bir neçə dəfə mükalimə etmək imkanım olub. Deyim ki, bu əsər haqda danışmağı heç sevmirdi. Amma elə ki, danışmağa başladı, onda da dayanmaq bilmədən, həvəslə danışırdı. Axı, bilməmiş deyilsən: bu əsər müəllifinə böyük şöhrət gətirsə də, onun yolunda böyük bir maneəyə də çevrilmişdi. Tam bu kitabın çapına on il mane olublar, hətta Moskvada, digər müttəfiq respublikalarda planda olan kitablarını çap maşınının ağzından alıb məhv ediblər. Yaxşı, nəyə görə bunu etdilər? Hətta Azərbaycan Mərkəzi Komitəsinin Plenumunun qərarına salındı. Qərarda deyilirdi: “Əsərdə ciddi ideoloji sapıntılara yol verilmişdir”. Bax, Fərid bəy, sənin dediyin o alatoran, aydın olmayan – toranlıq yazıçının baxışlarındakı sarsıntının ifadəsi idi. Onda inandığı Sovet quruluşuna qarşı bir şübhə yaranmışdı. Hətta o yeni düşüncəyə gəlib çıxmaqdaydı. Qorxulu düşüncəyə! O qədər qorxulu ki, bunu embrioloqların dili ilə deməyə məcbur idi: “Embrioloqlar maraqlı hal müşahidə etmişlər. Ayrı-ayrı üzvləri, hissələri yaradan hüceyrələr sonra birdən özləri ayrıca, müstəqil varlıqlara çevrilmək istəyirlər. Elə bil, dünyanın içində ayrıca dünyalar törənir. Əvvəlcə tamı yaratmaq, tamın hissəsi olmaq üçün könüllü birləşirlər, sonra özlərini itirdikdə elə bil ayılıb, ayrılmaq qəsdinə düşürlər. Qəribədir, hər birləşmədə ayrılmaq həsrəti, hər yüksəlişdə enmək ehtiyatı!” Təsəvvür edirsiniz? Bu sətirləri 1966-67-ci illərdə yazırsan və özün də Yazıçılar İttifaqının partiya təşkilat katibisən!

– Əsərdə maraqlı bir detal var: Susuzluqdan yanan Arifin səhvən marqanslı suyu içməsi. Sizcə, müəllif bununla nəyi izah etmək istəyirdi? Çaydanda olan marqanslı su formaca ailəyə bənzəyib, içi “zəhərlə” dolu obrazları əvvəldənmi nişanə verirdi?

– Maraqlı məsələyə toxundun. Qoy bir şeyi deyim, sonra buna qayıdaram. Yəqin bilməmiş olmazsan, mən bu əsər haqda bir neçə dəfə yazmışam. Sonuncu essem “Azərbaycan ədəbiyyatını silkələyən əsər” saytlarda və “Renessans həsrəti – 2” kitabımda da gedib. O essedə bir yer var. Deyirəm ki, müəllifdən soruşdum: “Sabir müəllim, romanda avtobioqrafik yerlər çoxdurmu?” O da cavab verir: “Bəlkə, deyəsən ki, avtobioqrafik olmayan yerlər var?” Sonra da əlavə edir: “Yazıçı yaxşı bilmədiyi şeydən yazmamalıdır”. Və son nöqtə: “Amma bu o demək deyil ki, yazıçı elə özündən, ailəsindən yazmalıdır. Bu onu bitirər”.

Bu yeri niyə xatırladım? Sabir müəllimin qardaşı Vaqif bəy, Cəbrayılın birinci katibi idi. Bir qardaşı isə alman faşizminə qarşı döyüşdə qəhrəmancasına həlak olaraq Sovet İttifaqı Qəhrəmanı olmuşdu. Əsərin qəhrəmanı Arif də eynən belə bir ailədəndir. Və bu ailənin ən özəl keyfiyyəti, bəlkə də, keyfiyyətsizliyi biçimsiz, ailəyə yaraşmayan, arvadına xəyanət edən ata obrazıdır. Əlbəttə, oxucu bu obrazı – Arifin atasını Sabir Əhmədlinin atası ilə qarışıq salmasın. Bu biçimsiz ata ailəyə uyuşmayan, yöndəmsiz, bəlkə də uyumsuz birisi olmaqla təkcə ananın deyil, oğlanlarının da qanını qaraldır. Bu Sovet ailəsi deyilən bir ailənin nə qədər dayanıqsız olmasına, Sovet cəmiyyətində başçının yerində olmamasına bir işarəydi. Belə yerdə su da marqans dadar...

– Romanın gedişatında hiss etmək mümkündür ki, hər kəs sevgi istəyir, lakin ailənin heç bir fərdi digərinə qayğı göstərmək fikrində deyil. Hətta, belə demək mümkündürsə, əsərdəki yeganə emosional detal sonda Bənövşənin qardaşını qucaqlayıb ağlama səhnəsidir. Bu ziddiyyətin səbəbi nədir?

– Əsərdə dediyim kimi, ailə bağlarının zəiflədiyi, hətta öləzidiyi, daha geniş olan kolxoz ailəsinin dağılmaq üzrə olduğu geniş boyalarla verilib. Atanın dərdi ayrıdır, qardaş rəhbərlik elədiyi rayonun problemlərini ailəyə yükləmədən keçə bilmir, bacı da öz dərdində. Ən böyük dərd isə ananındır. Cəbhəyə oğul göndərib, o heykəl kimi qayıdıb. İndi Arif gedib Polşada qardaşlıq məzarında qəhrəman qardaşının məzarın tapıb, bunları anaya deyə bilmir – amma elə buna görə gəlməmişdimi Bakıdan? Yad ölkədə rastlaşdığı rahibənin – onun gözləri qardaşının gözlərinə necə oxşayırmış – baxışları ilə deyir demək istədiyini: “...Qapınıza uzaqdan, çox uzaqdan qərib quşlar gəlsə, su verin, dən tökün, uşaqlara tapşırın daş atmasınlar. Onlar həlak olanların ruhudur, quş olub uçurlar”

Arif bacısı Bənövşənin ailə dərdi ilə yanaşı, qardaşının məktubları üçün əldən-ayaqdan getməsini, az qala şəhid qardaşının özü kimi o məktubları qorumasını düşündükcə kədərlənir. Atasının Arifə üz tutub “Qardaşına tapşır ağılla işləsin” deməsi də onu üzür. Daha böyük ailə olan kolxozçuların az qala üsyana qalxması, “mən, mənə rəhbərlik edəni niyə özüm seçməyim ki?!” deməsi də böyük birliklərin bağlarının qopmasından xəbər verir. Elə bil, insanlar arasında sevgi tükənib. Yadlaşıblar. Yazıçının son qənaəti budur: “hara getsək, kökümüz burdadır”.

– Əsərin adına nəzər salaq: “Dünyanın arşını”. Müəllifin ad seçimi barədə nə deyə bilərsiniz? Bu ad bəzən ölçüyə gəlməyən dünyanın 10-15 günlük məzuniyyətə və balaca bir kənddəki əhvalatlara sığdığınımı bizə izah edirdi?

 – Bu barədə bir dəfə yazmışam. Bir hekayəm vardı. “Dünyanın əhəd, yaxud əhləd daşı” adlanırdı. Sabir müəllim adı dəyişdi, əsərin qəhrəmanının adı ilə – “Müstəcəb kişi” – çap etdi. “Bu ad heyfdir, bu adla bir roman yazarsan gələcəkdə” dedi. O kişidə mətnin olumlu adına bir tutqu vardı.

Düzü, sözügedən əsərin adı o qədər ağırdır, bəlkə, romanın özündən də ağır. Burada hər kəsin öz arşını var. Hərə dünyanı öz arşını ilə ölçür. Romandakı əyni-başı tökülən muzeylik çoban da – təəssüf ki, əsərin çapı zamanı “Azərbaycan” dərgisinin baş redaktoru C.Məmmədovun təkidi ilə romanın üçdə biri ixtisar olunan zaman həmin çobanla bağlı mühüm yerlər də pozulub – müəllif bunu yana-yana etiraf edirdi, – qardaşının qəbrini tapdığını anasına demək üçün kəndə gələn, amma heç vəchlə bunu deyə bilməyən filosof Arif də, rayonda yaxşı işlər görsə də, içində xudpəsəndlik bəsləyən katib qardaş da, ailədə əvvəlki hökmünü itirən ata da, özünü qardaşlarının yanında sındırmasa da içində qırğın Bənövşə də, o üsyankar kolxozçu da özünü haqlı bilir – hərənin əlində bir arşın var, bildiyini dədəsinə də verməz!

– Əsərdə, sanki, bir az keçmişə aludəlik, nostalgiya hissi qüvvətlidir. Və biz yalnız keçmiş vasitəsilə bu ailənin nə zamansa bir-birinə sevgi ilə bağlı olduğuna şahid oluruq. Bu barədə nə düşünürsünüz?

– Romanda yadlaşma, pedantlaşma, sevgisiz yaşama kimi hisslər tünd boyalarla verilib. Qəribədir, yazıçı sanki bugünkü ağır insani mənzərələri həyəcan təbili çalaraq bizə qandırır: bu gün ər-arvad əllərində telefon bir-birindən nə qədər uzaqdırlar, qardaş-bacı da elə, qohum-qardaş da elə. Texnikanın inkişafı insanları manqurtlaşdırır sanki. Romanda bir detal var: katib qardaş bacısının evindəki qonaqlığa getmir. Bu təkcə qardaş-bacı yadlaşması deyil, həm də ailə bağlarının, yuxarıda dediyim kimi, qopmasına işarədir. Duyğuları, hissləri rəqəmlər və faktlar əvəz edəndə belə olur. Yazıçı yarım əsr sonrakı Azərbaycan ailəsini yarım əsr qabaqkı ilə qarşılaşdırır sanki. O ki qaldı keçmişə nostalgiya, bu da var. Sanki, yazıçı demək istəyir ki, insanlar kasıb olanda, yavan çörək şirin olanda daha yaxın, daha doğma idilər.

– Əsərdə Araz çayı detalının verilməsi də olduqca maraqlıdır. Sadəcə iki dəfə adı çəkilən, lakin arxa fonda səssiz-səssiz axan Araz çayı ailənin, ümumiyyətlə, rayonun iki hissəyə ayrıldığınamı işarədir?

– Bu bizim ümummilli faciəmizin kökündə dayanan nəsnədir: təkcə bölünən torpağımız deyil, millətimizdir, taleyimizdir. Araz bir çay kimi nə qədər faydalıdırsa, bir o qədər də ayrıc kimi, sərhəd kimi “ziyanlı”dır. “Bir qədər yuxarıda Sınıq körpü dayanırdı. Körpü, yatağından tərpənə bilməyən, illər xəstəsi təkin ağappaq ağarmış, solmuşdu, saçı-birçəyi elə bil tökülmüş, sümükləri çıxmışdı... Arazın suyu azalmış, ağlayıb-ağlayıb kirimişdi...”

Yazıçı Arifin dili ilə yenə tarixi iyirmi il qabaqlayır. Sökülən sərhədləri – millətimiz arasından götürülən məftilləri, sökülən sərhəd dirəklərini bizə göstərir. 20 il sonra milli azadlıq hərəkatının öncüllərindən olacaq Sabir Əhmədli uzaqgörənliyi burada da boy göstərir: “...bir vaxt gələcək və gəlməlidir ki, məzar sükutuna qərq olan, məzarıstan otlarına bürünmüş körpülərin üstündən o taydan bu taya, bu taydan o taya gedən nişan, toy karvanının şadlığı Arazın şaqqıltısına qarışacaq...”

Bu gün yazıçının arzuları tam olmasa da, qismən həyata keçib – xalqımız bir bikir kimi Bakıdan Təbrizə, Təbrizdən Bakıya gedib gələ bilir, könül, dil bağlarımız bərkiyir. Bunun daha yaxşı variantının da gələcəyinə inanırıq.

– Romanda sizinçün xüsusi məna kəsb edən detal, məqam və dialoq varmı?

– Bu əsər bir meyardır, bir çəki-tərəzidir, bir aynadır. Oxu, düşün, özündəki naqislikləri islah et, millətinin, ölkənin, dünyanın dərdlərini bil və çarəsini bul. Arif bir filosof kimi hər dərdin əlacını tapmaq, gücü çatana çarə qılmaq, çatmayanı da haray çəkərək düzəltməyə cəhd edən bir islahatçıdır, bir yenilikçidir. Əsərdə kolxoz və onun sədri haqqında bir detal var. Yeri gəlmişkən, bu əsərə görə bir çox yazıçılar müəllifdən danos yazmış, əsər haqqında o zamanki “KKB”-yə məlumat ötürmüş, çuğulluq etmişdilər. Hətta Əli Vəliyev açıqca demişdi: “Mən imkan verə bilmərəm ki, Sabir Əhmədli mənim qurduğum kolxozu dağıtsın”.

 Filosof Arif kolxozçuların məclisində danışır: “Camaatı dolandırmaq lazımdır... əvvəllər başqa cür idi. Amma indi xalq... Qətiyyən yol vermir ki, təsərrüfatın, kəndin taleyi onun başı üzərindən həll edilsin... Sədr yerində yoxdu. Onun eşiyə çıxdığını görən olmamışdı. Arif onun əyləşdiyi yerə bir də diqqətlə baxdı. Orada yalnız sədrin kölgəsi sayıla biləcək çox pozuq bir surət vardı...

– Romanı oxuduqca qarşımıza çoxsaylı fəlsəfi fikirlər çıxır. Sizcə, əsərin belə filosafanə “ruhu” birbaşa Ariflə əlaqəli nüansdırmı?

– Mən bu barədə çox düşünmüşəm. Əsasən realist üslubda yazan müəllifə burada bir az fəlsəfəyə bürünəcək məqamlar gərək olub. Yoxsa fikrin apaydın ifadəsi, onsuz da tez-tez tənqid olunan yazıçının işini daha da çətinləşdirərdi. Zatən belə də oldu.

 Folkner deyirdi ki, yazıçı olma, yazı ol. Məncə, bu əsərdə Sabir Əhmədli özü də mətnə, yazıya qarışıb, yazı olub. Yazıçı bu əsərdə özünün yazıçı manifestini də elan edir sanki: Azərbaycan romançılığında bir Sabir Əhmədli arşını boy verir və həm yazıçının gələcək əsərləri, həm ondan sonra gələn nəslin yazdıqları bu arşından keçməlidir.

“Bir səhər, bürkülü avqust günündə qəsəbəmizin ortasından qoşun keçdi” cümləsi romanı oxuyanların yadındadır. Bu nə qoşun idi, hara gedirdi, missiyası nə idi? Qoy müsahibəni oxuyan oxucular ən azı bu suala cavab tapmaq üçün gedib romanı oxusunlar. Xalqımızın, ölkəmizin taleyüklü məsələsinə çevrilən o cümlədə həm də bəşəriyyətin taleyi həll olunur – dünyada iki şər imperiyasının üz-üzə gəldiyi müharibədə qədim Azərbaycan xalqının və Azərbaycan torpaqlarının taleyi o qoşunun əməllərindən çox asılı olub...

                                                                                          Söhbətləşdi: Fərid Hüseyn

                                                                                               “Kaspi” qəzeti

 

 

 

 

 

        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SABİR ƏHMƏDLİ BƏDİİ OBRAZ KİMİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                             

 

 

 

                              

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                             ƏSTAL*

 

                                      hekayə

                                  

                                             

                                           

                                             “ Amin.

                                              Mən iki poema öldürmüşəm.     

                                              Doğurmadan dəfn etmişəm.

                                              Sən necə də oğlunun şıq gəzməyini,

                                              Düz yeriməyini istərdin!

                                              -Qalx, ana,

                                                     mən iki poema öldürmüşəm...

                                              Rəhmət diləməyə,

                                                         goruna and içməyə

                                              Əbədi xatirə olsun deyə...”

                                                                      A.Voznesenski

 

                    “ Sındırırlar qapını. Basırlar, mən bu üzdən

                    var gücümlə saxlamağa çalışıram, qapının bir

                    taxtası qopur, oradan, yarıqdan onları görürəm.

                    Sir-sifətlərindən qatillik yağır.”

                                        

                                                    Sabir Əhmədli, “Kef” romanından.

 

 

 

                                                   

                                                    

                                                                     

         “Birinci cümlə necə idi?”

Neçə müddət idi ki, bu suala cavab tapa bilmirdi. O, uzun illər ilk cümləni necə başlamağın əzabını çəkirdi. Yazı beynində hazır olsa da, o zəhrimar birinci cümlənin ucubatından əyləşib yaza bilmirdi. Yazmırdı, yazmırdı, bir də görürdü ki, həvəsi içində ölüb.         

          Ona belə gəlirdi ki, yazı prosesi, əsas da nəsr, itin, pişiyin kürsəyə gəlməsi kimi bir şeydi. Kürsək vaxtı o heyvanlar bu dünyayla deyil, tamam ayrı bir dünyayla bağlı olurlar. Yazı adamı da belədi. Gərək həmin o vaxtı əldən verməsin...

 

 

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Hekayə Azad Qaradərəlinin “Burda yer fırlanmırdı” kitabından (Qanun nəşriyyatı, 2011) götürülərək çap olunur.

 

      ...Yadına uşaqlıqda gördüyü bir əhvalat düşdü. Aprelin axırları idi. İydə çiçəklərinin, qızılgüllərin ətri bağı-bağatı başına götürmüşdü. Dostu Nadirlə Cuqqanın bağı deyilən yerdən adlayıb mərəvçə (onların kəndində qulançara belə deyirdilər) yığmaq üçün Qəlbi kövşənə gedirdilər. Yoncalığa çatmışdılar ki, bir dəstə it süpürləşə-süpürləşə təpildi bağa. Nadir it ölüsü idi deyə, it xılına tərəf cumdu. İtdən qorxsa da, istər-istəməz o da Nadirin dalınca bağa girdi.

Ona yaxın it haradansa gəlib çıxmış bir qancığın üstünə tökülüşmüşdü. Amma İsfəndiyar dayının Pələşi qancığı nə təhər qamarlamışdısa, o biri itlərə bir-birinə kərkinmək və qapışmaq qalırdı. Qəribəsi bu idi ki, artıq Pələş özü də qancıqdan aralanmaq istəyirdi, amma nə qədər çalışsa da, qancıqdan qopa bilmirdi, ya da qancıq onu buraxmırdı.

Nadir gülməkdən qəşş eləyərək əyilib Pələşlə qancığın cütləşməsinə baxır və deyirdi:

-Ə, bınnar kayfdadılar ki!

      

       “...Bəs birinci cümlə necə idi axı?...”

 

       ...Cəmi dörd makina səhifəsi həcmində olan həmin hekayə artıq çapa hazırlanırdı. Sabir Əhmədov “Əstal”ı (hekayə belə adlanırdı) o ki var tərifləmişdi. Sevinə-sevinə demişdi ki, bu sənin bizdə çap olunan üçüncü hekayəndir. Yavaş-yavaş keç povestə, romana. Genişliyə çıx...

Uça-uça qayıtmışdı rayona.

Hər həftə əlləri əsə-əsə “Ədəbiyyat və incəsənət” qəzetini açar, hekayəsini görməyib məyus olar, gələn həftəyə kökləyərdi özünü. Aylar ötdü, “Əstal” çıxmadı ki, çıxmadı. Axırı dözməyib durub gəldi Bakıya. Qatardan düşüb bir baş Avakyan küçəsinə (o vaxt belə adlanırdı) - qəzetin doqquzuncu mərtəbədəki redaksiyasına yollandı.

           Sabir müəllim onu həmişəki kimi gülərüzlə  qarşılamadı. Hekayənin indiyəcən görmədiyi, səhifənin bir üzündə çap olunmuş qəzetçilərin diliylə desək “ottisk”  variantını sərdi masanın üstünə. Qırmızı rəngli qələmlə xətt-xətt olmuş yazını iri əlləri ilə sığallaya-sığallaya dedi:

-Təzə baş redaktor qoymadı çap olunmağa...

Boğuq səslə soruşdu:

-Niyə?

-Deyir antisovet hekayədir...Tanıyırsan onu?

-Kimi?

Kişi hirslə:

-Nə kimi?! Şairi deyirəm də...

Sabir müəllim elə bil qocalmışdı. Romanlarında yerlə-göylə əlləşən bu kişi elə bil gücdən düşmüşdü. Siqaretini səliqə ilə sümürüb gülümsəməyə çalışdı, əlini saçına  çəkib dedi:

-Fikir eləmə, mən belə şeyləri çox görmüşəm...

Sonra Sabir müəllim daha nələrsə danışdı. O isə onun dediklərini eşitmirdi. Gözünü qıpqırmızı rəngə boyanmış birüzlü qəzet səhifəsindən ayıra bilmirdi. Qulağına bıçaq səsləri gəlirdi...

...Avakyan küçəsi*, Azərbaycan nəşriyyatı, təzə baş  redaktorun - şairin kabineti. Masanın üstündə ucu enli perolu “kitayski”, ”sovetski” qələmlər bircə anda dönüb  ovxarlanmış bıçaqlara, mişarlara, dəhrələrə, baltalara... çevrilirlər.

Şair ən iri “bıçaq”lardan birini götürüb “Əstal”a yaxınlaşdı. Masanın üstünə uzadıb başladı kəsməyə. Qan vərəqlərdən sıçrayıb onun üzünə, oradan da Sabir müəllimin ağ köynəyinə sıçradı. Sabir müəllim dözmədi:

 

  --------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Nə yazıqlar ki, indiki Mətbuat prospekti bir zamanlar bu erməninin adını daşıyırdı

  

 

 

      -Adını da şair qoymusan...O xırdaca hekayəni niyə o boyda qələm... eee... bıçaqla kəsirsən?

       Şair isə bağıra-bağıra hekayəni qol-bud eləyirdi:

      -Dayan görüm, ə! Mən bu məqamda şair-filan döyüləm... Mən indi Kamçatkadan Kalininqradadək böyük   Sovet elinin  məmuruyam! Qoymaram dana otaranın biri onun qanunlarına rişxənd eliyə! Bını elə doğram-doğram eliyim ki, yerində bir hərf nədi, heç vergül də qalmasın!

    Xırhaxır xırıldayan kəsik başın çıxardığı səs bıçaq-mişar səslərinə, ”kitayski”, ”sovetski” peroların dəftər üstə çıxardığı səslərə qarışıb onun beyninə dolurdu...

 

    ...Əlləri əsirdi. Yıxılmamaq üçün Sabir müəllimin pencəyinin ətəyindən tutdu. Qan onun üzünə, sinəsinə yayılırdı.

     -Ə, Sabir, ə bura gəlin... Bu uşağı qan apardı axı...

    (Burada onun özündən başqa üç Sabir işləyirdi.)

     ...Dodağı iki yerdən partlamışdı. Qan dayanmaq bilmirdi. Həkim buz qoydu, dərman içirdi. ”Stressdəndi”,- deyib bir iynə də vurdu. ”Qanın gec laxtalanandır, hansı məşğuliyyət səni bu günə  salıbsa, ondan gen qaç”,- deyib bir qırmızı onluğunu aldı və soruşdu:

      -Bəs indi mən bura nə yazım? Hadisəyə səbəb nə göstərim?

      -Yazın ki, it tutub.

      Ağlına gələn cavabdan çox məmnun olmuşdu.

    

      ...Hekayə ortadan yadında qalmışdı. Cəmi dörd makina səhifəsinin birinci, ikinci səhifələrini elə bil  yaddaşından siləcəklə silmişdilər. (Siləcəyi adətən məktəbdə qızlar düzəldərdilər. Bambazı parçanın içinə yun, yaxud pambıq yığar, qıraqlarını səliqə ilə tikərdilər. Bəzi qızlar hətta eləməyib tənbəllik, qırağına naxış da salardılar. Bu da riyaziyyatdan dərs deyən Telman müəllimi  hövsələdən  çıxarardı: ”Yazmağa can çəkirlər, pozmağa naxış salırlar”.) Diktofondakı lent yazısını bilərəkdən, yaxud bilməyərəkdən pozan kimi... Hə, axı o indi radio işçisidir. Lentin birini işlədir, o birini onun   üstünə yazır, yəni pozur. İnsafən, o heç pozmur, yenisini yazır, sadəcə olaraq avtomatik pozulma baş verir. Bir dəfə başına qəribə bir iş gəlmişdi...

       Məşhur bir cərrahdan müsahibə alırdı. Bu yerə-göyə sığmayan ağsifət, toppuş kişinin belə şeylərə sərf edəsi vaxtı olmasa da, saqqızını oğurlayıb birtəhər razı sala bilmişdi.

      Kabinetə ayaq basanda onu ilk qarşılayan iri gözlü, yekəbaş bir it oldu. ( Yenə it! ) Kəndlərindəki Pələş boyda idi. Fərqləri o idi ki, Pələşin qulaqları kəsilmişdi, bununki yerində idi. Hərdən başını qaldırıb mırıldanırdı. Diktofonu işə salanda yarıkönül “bəlkə iti...” deyə mızıldansa da, həkimin narazı baxışlarını görüb xırp kəsdi. Axırı da o  oldu ki, iki cümlədən bir it hürdü, özü də cərrahın  sözləri ilə üst - üstə...

      ...Çıxışı təmizləyən operator  qıza “itin səsini montaj eləyib atarsan” deyib girmişdi studiyaya. Qız gözünə döndüyüm də (təzə işçi idi) eləməyib tənbəllik, itin hürüşün saxlayıb, cərrahınkını pozmuşdu.

    

     ...Birinci cümləni tapa bilsə, qalanı yadına düşəcək. Tapa bilsə...

    

     ...Yenə atırdılar. Amma bu dəfə ayrı cürdü məsələ. Qrad susurdu, top başlayırdı, top susurdu, tank başlayırdı. Xəbər gəlirdi ki, mühasirə halqası yavaş-yavaş daralır. Rayonun diribaşları için-için evlərini çıxarmışdılar. Onun da üstünə adam salmışdılar ki, evdən yatacaq- filan çıxarsın. Razı olmamışdı. ”Mən bu rayonun yeganə yazıçısıyam”,- demışdi: - “Mən evimi çıxarmağa  çıxardaram, bəs torpaq necə olsun?”

     Minnətə gələnlər başlarını bulayıb getmişdilər. ”Bəlkə əlyazmalarımı..?” Beynində dolaşan bu qəfil sualı da qovmuşdu. ”Torpağın yanında heç nəyin dəyəri yoxdur...”

     Beləcə, rayon işğal olunanda quruca canlarını görürüb çıxmışdılar. Hər şeyi qoyub gəlmişdi - əlyazmalarını da, içi “Əstal” qarışıq...

    

    ...Yenə həmin bina, həmin redaksiya, fəqət indi baş redaktor Sabir Əhmədli özüdür.( İndi soyadını belə yazırdı. ) Camaat əmisigilə, dayısıgilə, qardaşıgilə gedər, o da durub Sabir müəllimin yanına gəlib... özü də əliboş.

     Sabir müəllim ondan çox şey soruşdu, o da həvəssiz-həvəssiz danışdı. Sabir müəllim qəfildən dedi:

     -“Əstal” yadındadı?

     -Əvvəli yadımda deyil. İllah da birinci cümləsi tamam silinib yaddaşımdan. Ortadan qalıb yadımda...

   

    “...Qış qəhər gəlmişdi. O qədər qarlamışdı ki, tövlələrin qapısını açmaq olmurdu.Yem tükəndiyindən kişilər növrəs böyürtkənin (böyürtkənin  yarpağı çox, tikanı az olan növünə belə deyirdilər) qarını təmizləyər , oraqla biçib heyvana tökərdilər. Onda mənim 12 yaşım vardı. Babama çöl işlərində əl tuta bilirdim. Həmin qəhərli qış günündə babam iki iri çuvalı eşşəyin üstünə atıb məni də özü ilə götürdü. Babam qabağa düşdü, qarı yara-yara Səvəcir meşəsinə tərəf yollandıq. Buna yollanmaq demək olmazdı. Nədən ki, yol-riz yoxa çıxmışdı. Elə bil hər tərəf ağ şalla örtülmüşdü. Yox, ağ yox, bu ağ rəng deyil ki! Bu qar rəngidir; kədərli, vahiməli. Qəribədir, kəndimizdə çox sevdiyim bu qar, meşədə əsl vahimə, qorxu yaradırdı. Adama elə gəlirdi ki, hər yeri basıb-bağlayan bu göy cismi  indi bizim də üstümüzü örtəcək. Əslində mən də, babam da, qara eşşəyimiz də ağappaq idik, amma hərəkət etməyimizdən bilinirdi ki, qarın hələ bizə gücü çatmayıb.

      Nəhayət, Səvəcirə çatdıq. Bu meşədə palıd, vələs, (bizdə ulas deyirlər ) vən, yemişan, saqqız, qarağac, bir sözlə, hər cür ağac vardı. Amma ən çox palıdlıq idi bura.

      Babam cibindən kağız, kibrit çıxarıb kolların arasından yığdığı quru ot-ələf və çör-çöplə ocaq qaladı. Sonra yanından asdığı dəsmaldakı pendir-çörəkdən hərəyə bir dürmək yedik. Babam iri palıd ağacını göstərib dedi:

        -Çıx bu ağaca, amma ehtiyatlı ol, sürüşüb yıxılmıyasan. Bərk-bərk budaqları silkələ ki, qarı tökülsün.

         Təpikləyib qarı tökdüm və gözlərimə inanmadım. Qarı tökülən budaqların üstündə yamyaşıl yarpaqlar görünürdü. Fevral ayında palıd necə yarpaqlaya bilərdi?

        -Bu nədi, ay baba? Mən heç belə palıd yarpağı görməmişəm.

        -Sən belə elə... Danışmağı sonraya saxla. O budaqları əlinlə qır, tök yerə. Qorxma, kövrəkdi, öz-özünə qırılasıdı.

       Bir palıdda nə qədər yaşıl budaq var idi? Amma elə əlimi atan kimi qopub düşürdülər yerə. Növbəti qanada çıxanda hiss elədim ki, iri palıd qanadı dibindən qopur. Qurumuşdu deyəsən. Babam qanadın şaqqıltısını eşidib qışqırdı:

      -Yavaş, a bala! Yadımdan çıxmışdı deyəm... Bu bitkinin adı əstaldı. Düşür palıdın budağının üstünə, sümürür, ağacın canını alır, qurudur. Palıd quruyur, əstal göyərir. İndi bax, o çıxdığın qanadı da qurudub, Gözlə, yıxılarsan.

       Bir az aralıda bir palıd böyrü üstə uzanmışdı. Amma bu quruyub yıxılmış ağacın üstü yamyaşıl əstalla dolu idi.

       Çuvalları doldurduq. İki bağ da ayıboğanla bağlayıb qoyduq çuvalların arasına.Yol boyu babam danışırdı:

       -Bu əstal ki var, çox yağlı olur. Palıdın şəhdini, şirəsini sümürür axı... Heyvanları yaman kökəldir...

       -Kolxoz sədrimiz kimi,- mən belə dedim, babam təəccüblə dönüb mənə baxdı:

       -Nə?!

       Yol boyu daha bir kəlmə də kəsmədik...”

       ... ( Anam rayon sovetinin deputatı idi. Hər  il  xırman komissiyonunun sədri olurdu. Beş-altı tayını da bizə verdikləri kolxozun o boyda taxılının yarıdan çoxunu anamın qolu ilə satdırırdı sədrimiz. Babamın bu yekəqarın kişidən xoşu gəlməsə də o beş-altı taya görə susurdu. İndi mənim sözümə təpkisi o səbəbdən idi. ) 

       

       ...-Sən “Əstal”ı gör təzədən yaza bilsən, yaz gətir, çap eliyək.

       İndi “Əstal” hayında deyildi. Amma neyləsin Sabir müəllim, bir söz deməli idi, ya yox...

         Bircə anda yenə gözlərinin qabağını qan tutdu, təzə baş redaktor, onun kabineti, bıçaqlar, ”Əstal”ın doğranması, qan fışqırtısı... Sonra top səsi, tank səsi, qrad səsi... Meşədə qar vahimə doğuran kimi qan vahiməylə basırdı hər tərəfi... Elə bil göydən qar əvəzinə qan yağırdı...

       ...Üzünü tutub otaqdan tülyan çıxdı. Deyəsən, hansısa damarı partlamışdı; qan şırhaşır içinə axırdı.

                                                     

                                                                                           Zəngilan-1978, Bakı-2008

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KUMA-MANIÇ ÇÖKƏKLİYİ”* ROMANINDA

            SABİR ƏHMƏDLİNİN OBRAZI

 

                  (Romandan parçalar)

 

 

... Dəftəri qapayıram. Bu vaxt onun arasından bir şəkil düşür. Bu kişini hardasa görmüşəm. Amma harda? Diqqətlə baxıram, çox tanış gəlir, amma anışdıra bilmirəm. İri ovcunun içinə alıb üzünü, kədərli gözləri ilə hara isə baxır.

            -Nədi, tanıyammırsan?

            Nənəmdi. Mədinə nənəm. Qısa, bizlərdə deyildiyi kimi, “podmalçişka” vurulmuş pəmbə saçları - əri təzə öldüyündən xına qoymurdu -  balacalaşsa da duruluğunu itirməyən gözləri, bir də həmişə gülən üzü adama həyat eşqi aşılayır. Babam deyərmiş ki, məni bu dünyayla bağlayan az bağlar vardı, amma ən möhkəmi Mədinə idi. O olmasaydı, bəlkə mən bu dünyanın, bu axmaq insanların tarbına (bu söz babamın tez-tez işlətdiyi sözlərdəndi, yəqin “dərbinə”, “dərbəsinə” demək istəyirmiş) davam gətirməzdım. Hə, axı babama çox təpiklər dəymişdi. İndi bu təpiklərdən birini və onu önləyən kişini sizə nənəm tanıdacaq.

            -Bu yazıçı

 

                                           SABİR ƏHMƏDOVUN

 

 

şəklidi. Sən onda hələ qundaqda olardın. Babanın başına bir gülməlimi deyim, ağlamalımı deyim iş gəlmişdi... Rusiyadan kəndimizə göndərilən pasılkanı yolda kimlərsə açmış, içərisindən nələrisə götürüb, təzədən taxtasını mismarlamışdılar. Baban bu pasılkada nə olduğunu bilməsə də, fəhmnən başa düşmüşdü ki, oğurlanan şey nəsə qiymətlidi. Rayonun rabitə qovşağının müdiri babanı dilə tutmuşdu ki, de, əlim gicidi, pasılkanı  özüm açdım. Baban qəti etiraz eləyəndə müdir şikayətçinin sözünə qüvvət verib, milis rəisinə təqdimat yazmışdı  ki, Haşım kişi bununla neçənci dəfədir, pasılkalardan oğurluq eləyir. Babanı tutub salmışdılar türməyə. Mən məsələnin böyüyəcəyinnən, kişinin heç nəyin üstündə tutulacağınnan qorxub, Sabir Əhmədova, işlədiyi “Ədəbiyyat və incəsənət” qəzetinə  teleqram vurdum. Heç iki gün keçmədi, Sabir müəllim kəndimizə gəldi. Mənnən məsələni tamam öyrənənnən sonra raykom katibi Nəzir müəllimin yanına getdi mənimlə. Biz içəri girəndə katib ayağa qalxdı, ikimizi də mehribanlıqla qarşıladı. Yanındakı kişi (o eyzən Sabir müəllim idi ki, durmuşdu, sonradan öyrəndim ki, qardaşı  Cəbrayılın kayibi Vaqif müəllimmiş, qardaşının xahişiylə gəlib Nəzir müəllimə ağız açmağa) də qalxıb mənə əl verdi və üzünü bizim katibə tutub dedi:

 

 

 

--------------------------------------------------------------------------------------------------------------

*Azad Qaradərəlinin „Kuma-Manıç çökəkliyi“ romanı 2016-cı ildə Bakıda (Xan nəşriyyatı), 2019-cu ildə isə İstanbulda „Petrol tarlaları“ adı ilə  (Boyalıkuş yayın evi) nəşr olunmuşdur

 

            -Bildiyimə görə, xanım Sarıcallardandır?

            -Xanımı bilmirəm, amma Haşım Cavanşirlərdəndir... Ağır tayfadılar, - Nəzir müəllim dilləndi.

            Sonra ikisi də mənə toxtaqlıq verdi ki, qorxmayım, Haşımın günahsız olduğunu bilirlər. Məni elə oradan babanın yanına göndərdilər. Gördüm ki, baban milisiyənin həyətində oturub demi çəkir. Mən onu görəndə ağladım. Kişi üzünü mənə bozardıb acıqlandı:

            -Dost-düşmən var. Qıraxdan çaqqal-çuqqallar baxır, özünü sındırma... Nəsə bərk dəyiblər bir-birilərinə. Elə bil komisya-zad gəlib.

            Mən yavaşca ona başa saldım Sabir müəllimin qardaşı ilə Nazir müəllimin yanında olduğunu. Kaş görəydin, baban mənə necə fərəhlə baxdı...

            Heç iki saat keçmədi, babanı buraxdılar. Milislər buraxdılar, amma Sabir müəllimlə katib qardaşı buraxmadı. Maşına basıb Cəbrayıla apardılar yeyib-içməyə...

            -Bəs o pasılka məsələsi nəymiş?

            -Dedim axı, gülməli-ağlamalı məsələydi... Rabitə şöbəsinin müdiri işçiləriylə əlbir olub pasılkaları talayırmış. Sonra da üstü açılanda kəndlərdəki poçt müdirlərinin üstünə atırmış. Amma bu dəfə fırıldağı keçmədi. Onun özünü qandalladılar.

            Nənəm əlində tutduğu kiçik şəkli mənə uzatdı:

            -Bu kişi babanın ən yaxın dostu idi. Baban Cəbrayılda poçt müdiri olanda tanış olmuşdular. Onda Sabir müəllim Cəbrayılda məktəb direktoru idi. Biz onun toyuna getmişik, o da bizim toyumuzda iştirak edib. Cəbrayılın mərkəzindəki Çinarlı restoranda tez-tez babanla yeyib-içməyə gedərdilər. Allah qoysa, şəhərə qayıdanda get tap onu, görüş. Çox qiymətli adamdır... Həm də yaxşı yazıçıdır.

            Birdən nənəm ağlayır. Bu elə qəfil olur ki, mən çaşıb qalıram. Nəhayət özümü toplayıb onu qucaqlayır və özümdən asılı olmayaraq hıçqırıram…         

                                              

                                             ***

 

                          “O, BÖYÜK ADAM  İDİ”

 

 

           Bir gün dərsdən sonra işə getmədim, onsuz da tətildir, iş nə gəzir? İki gün qabaqdan qəzetdəki telefon nömrəsini tapıb yazıçı Sabir Əhmədli ilə zəngləşmiş, bu günə görüş təyin etmişdik. Getdim Avakyan küçəsindəki nəşriyyata. (Bax də! Ermənilər hər gün sərhədlərimizdə qan tökür, amma bu küçənin adı hələ də  Avakyandır)  “Ədəbiyyat və incəsənət” qəzetinin yerini soruşdum, dedilər 9-cu mərtəbədədir. Sabir müəllimin adını verən kimi milis məni buraxdı. Liftə minib qalxdım 9-a. Bu hündür boylu, ipək kimi yumşaq səsli, amma baxışları adamı kəsib keçən kişi məni lap köhnə tanışı kimi qarşıladı.

            -Xoş gördük, cavan oğlan. Gəl əyləş görək... Sən indi Cavanşirsən, ya Baharlısan?

            -Elə ikisinin qarışığıyam, - deyirəm, Sabir müəllimi də güldürürəm, özümü də gülmək tutur. Qəribədir ki, bu kişinin yanında çox sərbəstəm. Elə bil babamın yanındayam. (Yox, babam bir az birtəhər adamıydı, belə saymaz, adama üstdən aşağı baxmağı vardı. Bu kişi isə ayrı aləmdir. Qəti sıxılmırsan bunun yanında)

            -Sənin “Odlar yurdu”ndakı məqaləni oxudum, xoşuma gəldi. Babana zəng vurmuşdum, fərəhlə dedi ki, nəvəmdir... Sən bəlkə bizim qəzetə də yazasan... Məsələn, baban haqqında, yaxud Baharlılar barədə... Dayan görüm, babanın bir qohumu olub, 37-də güllələyiblər...

            -Yapon Səməd, - mən onun fikrini tamamlayıram.

            -Ay sağ ol səni! Yapon Səməd... Bax, o kişi haqqında bir şey yaz... Babanı danışdır, dediklərini yaz... Məsələn, ona niyə Yapon Səməd deyiblər-filan...

            -Sabir müəllim, babam... rəhmətə getdi...

            -Nə danışırsan? – deyib gülümsər gözlərini qıydı, hara isə bir xeyli baxdı, deyəsən məni unutdu lap. Sövq-təbii sol əlini uzadıb qabağındakı “Kosmos” siqaret qutusundan bir ədəd siqaret götürdü, yandırdı və tüstünü sinəsinə çəkib “ufff” kimi səs çıxardı və birdən mənə sarı döndü, sərt bir tonda dedi:

            -Bura bax, babanın gərək zəngin arxivi olaydı, sənin bunnan xəbərin var?

            -Hə, babama biz tərəfdə Sandıq Haşım da deyirdilər. Onun bir sandıq tarixi sənədləri, zadları... adı yadımdan çıxdı... yaxşısın nənəm bilir...

            -Hə, adı nəydi nənənin?

            -Mədinə.

            -Hə, hə, Mədinə. O xanım özü də savadlı qadındır. Moskvada oxuyublar e babanla. Nəysə, bir azdan  Nazim Axundov gələcək. O bu işləri hamıdan yaxşı bilir. Professordur, ədəbiyyatşünasdır. Özü də sizinlə qohumdur, şuşalıdır. Sən gərək yaxın zamanlarda o sənədləri gətirib Nazim müəllimə verəsən...

            Mən babamın sandığından götürdüyüm qara cildli kitabı (əlyazmasını babam özü cildləmişdi) Sabir müəllimin stolunun üstünə qoyuram:

            -Bu “Qarabağnamə”dir. Bizim ulu babamız Baharlı adlı müəllif yazıb. Mən əslini yox, babamın kiril əlifbasıyla köçürdüyünü gətirmişəm... Əsli ərəb əlifbasıyladır.

            Kişi kitabçanı bir ləl-cavahirat kimi əlinə alır, vərəqlədikcə üzü işıqlanır. “Sən bir xəttə bax, sən bir yazıya bax, elə bil yazı deyil, sehrdi... Allah ikisinə də rəhmət eləsin... “

            Bu vaxt telefon zəng vurur və Sabir müəllim kiminləsə danışır. Arada “ay Nazim” deməyindən başa düşürəm ki, dediyi adamdır və deyəsən, gələ bilmir. Kişi telefonun  dəstəyini yerinə qoyub təəssüflə başını bulayır. Sonra üzünü mənə tutur:

            -Nənənə sifariş elə, maşın-filan düşsə, o sandığı qoy təcili göndərsin Bakıya... Sən də dediyim mövzularda düşün, bəlkə bir şey yaza bildin... Bunu mən qəzetdə hissə-hissə verəcəm, sonra da Nazim Axundova verərik, salar kitaba... Axı o bütün “Qarabağnamə”ləri toplayıb çapa hazırlayıb... Dayan görüm, hardasa oxuyursan?

            -Hə, Sabir adına pedoqoji texnikumda...

            -Yaxşı oxu, kitabxanalara get, dünya ədəbiyyatını, tarixi, fəlsəfəni öyrən. Babana layiq kişi ol... Babanın bir qeyri-adi keyfiyyəti də vardı... Adamın taleyini oxuya, gələcəyi görə bilirdi. Bir də onda ilahi loğmanlıq vardı. Birinin ağrısını götürə bilirdi. Amma bunları heç vaxt gözə soxmurdu. Ayrı ölkədə olsaydı, dahi olardı, bizdə sadəcə Haşım bəy oldu. Amma bu da balaca məsələ deyil... O, böyük adam idi.

            Pillələri düşürəm. Heç liftə minməyim gəlmir. Ürəyim böyüyüb. Başımda ideyalar qaynaşır. “O, böyük adam idi” deyənin özü bəs necə adamdır? Mən bir-iki dəfə də bura gəlsəm, tamam ayrı adam olacam.

            Bir baş kitabxanaya gedirəm. İndi mənim yerim yalnız oradır.

 

 

 

 

 

 

 

 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

 

ESSELƏR

 

Yasaq ədəbiyyatın yaradıcısı

Sabir Əhmədli düyünü

Qürub dövrünün cəngavər ədibi

Azərbaycan ədəbiyyatını silkələyən əsər

Şəhid atası, şəhidlərin atası

 

MEMUAR

Sabir Əhmədli həqiqəti (“Məndən sonra” memuar romanından parça)

MƏKTUB

Yazıçı Sabir Əhmədliyə

MÜSAHİBƏ

Bu kitabın çapına on il mane olublar

SABİR ƏHMƏDLİ BƏDİİ OBRAZ KİMİ

Əstal (hekayə)

Kuma-Manıç çökəkliyi”  romanında Sabir Əhmədlinin obrazı (romandan parçalar)          

 

 

 

 

 

 

               KİTABIN ARXASI ÜÇÜN

 

         Azad Qaradərəli 1954-cü ildə doğulub. İlk ciddi qələm təcrübələrinə universitetdə tələbə ikən başlayıb. Gənc yaşlarından hekayələri radioda səslənib, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Sonralar “Azərbaycan”, “Ulduz” jurnallarında, müstəqillik dövründə isə  baş redaktoru olduğu “Yazı” dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri  yayımlanıb.

       İlk kitabı “Dumduru su” (hekayələr) 1987-ci ildə “Yazıçı”  nəşriyyatında işıq üzü görüb.

       Daha sonra yazıçının hekayə və romanlarından ibarət kitabları Bakıda, İstanbulda, Varşavada çap olunub. Hekayələri rus, türk, polyak və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa və ABŞ-da saytlarda, jurnallarda və antologiyalarda  yayımlanıb. “Süd gölü” hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilib.

      “Yasaq ədəbiyyatın yaradıcısı” toplusu  müəllifin 30-cu kitabıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...