AZAD QARADƏRƏLİ YENİ ƏDƏBİ NATURALİZM (Ədəbi düşüncələr)
YENİ ƏDƏBİ
NATURALİZM
Bu
məqalə neçə il əvvəl “Yazı” dərgisində və bəzi saytlarda, eləcə də bu seriyadan
kitablarımın 2-ci cildində müxtəsər şəkildə yayımlanıb. Lakin dünyada və ölkəmizdə
cərəyan edən dəhşətli korona virus günlərində yazının aktuallığını nəzərə alıb,
onu daha genişləndirilmiş formada yenidən yayımlamağa qərar verdim. Ona görə
ki, dünyamız naturallığın – təbiiliyin
çatışmazlığından əziyyət çəkdiyi düşüncəsindəyəm. Beləliklə, naturalizm
haqqında köhnə-yeni esseni sizə təqdim edirəm.
Müəllif
NATURALİZMİN MƏNŞƏYİNƏ DAİR BİR-İKİ SÖZ
Latınca naturalis kəlməsindən alınan
naturalizm öz mənşəyini antik filosofların əsərlərindən almışdır. Böyük
filosoflar Sokrat, Platon, elmin atası Miletli Talz, təbiət hadisələrini
heç bir fövqəladə səbəb olmadan izah edən ilk filosoflardan idilər. Aristotel
isə insanı və onun yaratdığı sənəti “təqlid” hesab edirdi, yəni insanın təbiəti
təqlidi kimi... İnsanı “ictimai heyvan” hesab edən alim “Poetika”da yazırdı: “Zənn etmək olar ki, poeziya
(poeziya dedikdə müəllif ümumən sənəti, ədəbiyyatı nəzərdə tutur – Müəllif.) sənətini,
ümumiyyətlə, iki, həm də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqlıqdan
bütün insanlara xasdır və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlidə
daha çox maildirlər və ilk bilikləri də məhz onun sayəsində əldə edirlər;
ikincisi, təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən hadisələr
də bunu sübut edir: həyatda bizə iyrənc görünən şeylərin təsvirinə baxarkən
xoşumuz gəlir, məsələn, iyrənc heyvanlanların və meyidin təsviri. Bunun səbəbi
isə ondadır ki, bilik qazanmaq nəinki filosoflar, eyni zamanda başqa adamlar
üçün də son dərəcə xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular bilikləri uzun
zaman üçün əldə etmirlər” (“Poetika”, 4-cü fəsil).” Daha sonra oxuyuruq:“Hər
bir sənətin vəzifəsi təbiətən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir”.
Düşünürəm
ki, böyük alim gələcəyin insanına önəmli mesaj verib: siz vəhşi təbiəti dəyişməyin,
onun təbiiliyinə xələl gətirməyin, əksinə təbiətin çatışmayanlarını
tamamlayın...
Beləcə, erkən filosoflar naturalizmin əsasını qoyan tədqiqatlara öz töhfələrini
verdilər.
Sonralar Avropada renessans dövrünün sənətçiləri də
əsərlərində naturalizm ünsürlərinə yer vermişlər. (Bu nöqtəni tədqiqatçıların
ixtiyarına buraxıb növbəti abzasa dönək.)
İncəsənətdə,
ədəbiyyatda və fəlsəfədə naturallığın pik nöqtəsi, təbii ki, XIX əsrlə
bağlıdır.
Ədəbiyyatda naturalizm XIX əsrin ikinci
yarısında Fransada yaranmışdır. Bu cərəyanın nəzəri əsasını fransız Hippolit Taini
yaratmışdır. Taininin düşüncələrindən təsirlənən Goncourt Qardaşları ilk
naturalist romanı “Germinie Lacerteux” (1864) yazdılar. Lakin ədəbiyyatdakı
naturalizm orijinal ifadəsini Emil Zolyanın “Le Roman experimental” ( "Eksperimental roman") adlı
essesində tapdı. Goncourt Qardaşlarından təsirlənən Zolya iddia edir ki,
yazıçı ancaq hadisə və faktları müəyyənləşdirmək və yazmaq üçün kifayət edən
bir müşahidəçi deyil, həm də roman personajlarının iç dünyasını, emosiyalarını
və düşüncələrini əks etdirən bir
eksperimentidir. Bu cərəyanı Zolya qədər yaxından izləyən ikinci bir yazar
olmamışdır. Lakin bir müddət sonra məşhur hekayəçi Gi De Mopassan, ədiblərdən
H.İbsen, K.Hamsun, H.Hauptman bu cərəyandan təsirlənərək naturalist əsərlər
yazdılar.
Naturalist yazıçılar göz önünə gələn obyektiv
həqiqətləri yazdılar və ideallaşdırmaya qarşı çıxdılar. Onlar əsərlərində həyatın
qəddar və kobud tərəflərini də əks etdirdilər. Naturalist yazarlar mühitin və
xüsusən təbiətin insana həddən artıq təsir etdiyinə inanırdılar. Buna görə də, əsərlərində
məzlum insanların həyatı, gecəqondu
daxmaları və yeraltı dünyanı sənədli bir dil ilə insanlara çatdırırdılar.
Sonralar Stiven Kran, Frank Norris və Cek London ABŞ-da
naturalizmin Avropa ədəbiyyatındakı təsiri zəifləməyə başladığı bir dövrdə naturalist əsərlər yazdılar. Teodor Drayzer isə ABŞ-da naturalizmi zirvəyə qaldırdı. Ceyms
T. Farrellin “Studs Lonigan” (1932-35) trilogiyası naturalizmə aid son əsər
sayılmalıdır.
Naturalizm Türkiyə ədəbiyyatına
35 yaşında intihar etmiş tərcüməçi və yazar Bəşir Fuadın təsiri ilə
daxil oldu. Türkiyə ədəbiyyatının ilk naturalist romanı isə 1891-ci ildə Əhməd Midhat Əfəndi tərəfindən
yazılmış “Müşahedat” ("Müşahidələr") idi. Daha sonar Hüseyn Rahmi
Gürpınarın mətnlərində naturalizm özünə yer aldı.
Azərbaycan
ədəbiyyatında naturalizm izləri “Kitabi-Dədə Qorqud” dastanlarında, daha çox M.P.Vaqifin
şeirlərində görünsə də, ədəbiyyat nəzəriyyəçilərinə görə, sistemli naturalizm cərəyanına
aid yazıçılar N.B.Vəzirov, Ə.Müznib və C.Bünyadzadə və başqalarını misal
göstərə bilərik. Bayatılarımızda, nağıl və dastanlarımızda kifayət qədər
naturalist nümunələr vardır ki, bular da bizim naturaya, doğallığa meyilli xalq
olmağımızı sübut edir. Təbii ki, naturalist dünyagörüşü, doğallığı həyasızca
çılpaqlıqla, arsızlıq və tərbiyəsizliklə qarışdırmaq lazım deyil. Mən şəxsən,
yalnız yeri gələndə naturalizmə getməyin tərəfdarıyam. Bədii əsərlərdə yeri gəldisə,
yerinə oturdusa, söyüşlərin, natural səhnələrin verilməsini təbii sayıram, əlbəttə,
aşırı ədəbsizliyin deyil. Məsələn, təbir caizsə, şəhər folkloru olan
meyxanalarımızda da naturalizm elementləri güclüdür. Amma bu nümunədəki kimi
yox daha:
Sən
mənə bir dərd verdün, qaytarıb on edərəm,
Əgnüvü dəyişdirib, şalvaruvu don edərəm,
Çəkərəm
pistonumu, sinəni al qan edərəm
Xəlbirə
döndərərəm, edərəm dəlik-deşik
Meyxanə əhliyik, içki-miçki görməmişik?!
İctimai
məzmundan uzaq, şit seksizmə hesablanmış bu tip nümunələr oxucuda müvəqqəti maraq doğura bilər, amma ciddi sənət
numunəsi kimi yaşaya bilməz.
Naturalizm qısa müddətli bir cərəyan olsa da, romantizmin və realizmin
inkişafına, yeni mövzuların kəşf edilməsinə və formaya üstünlük verməyən, həyata,
təbiətə yaxın olan bir hərəkatın
inkişafına təkan verdi. Təəssüf ki, ədəbiyyat və sənət naturallıqdan uzaq
düşdükcə insanlıq da naturadan – təbiətdən də uzaq düşdü. Daha doğrusu, təbiətin
düşməninə çevrilən insan, özünün və nəslinin də inkişafına zərbə vurdu.
EYNŞTEYN VƏ NATURALİZM
Böyük
alim A.Eynşteyn də zaman-zaman naturalist fikirlər səsləndirmişdir.
Arıları uzun müddət müşahidə edən alim sonda bu qənaətə gəlir: “Əgər arılar
kütləvi şəkildə Yer üzündən itərsə, ondan sonra insanlar cəmi 4 il yaşaya bilər.
Çünki arıların məhvi tozlanmanın, bitki və insan nəslinin artmasının sonu deməkdir”.
Nə
idi nisbilik nəzəriyyəsi kimi möhtəşəm nəzəriyyənin banisinin arılara belə
ciddi önəm verməsinin səbəbi?
Cavabı
bioloq alimlər belə verir: arılar 130 min növ bitkidə tozlanma prosesini
yaradaraq, Yer kürəsində bəsit desək, həyatın varlığını təmin etmiş olurlar.
Çünki həmin 130 min bitki bütün Yer kürəsinin oksigen tələbatını ödəməklə
yanaşı, ekoloji tarazlığın bərpasını da təmin edir. Tozlanma prosesinin ildən-ilə
yavaşlaması isə sosial terminologiyada ekoloji böhran adlanan ekoloji
natarazlığı əmələ gətirir, kütləvi istiləşmə və havada maqnit induksiyasının
artmasına yol açır.
“QURAN”DA NATURALİZM İZLƏRİ
Təsadüfi
deyil ki, “Quran”ın “Ən-Nəhl” surəsində arılar haqqında önəmli fikirlər var: “Rəbbin
bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə
özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla
rahat get! (O arıların) qarınlarında insanlar üçün şəfa olan müxtəlif rəngli
bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”.
Arının
balı həm qida kimi, həm də şəfa qaynağı kimi qiymətlidir. Arının özü də müasir
təbabətdə çarə kimi istifadə olunur. Tarixi qaynaqlar xəbər verir ki, hələ
eramızdan əvvəl Makedoniyalı İskəndər Hindistanda vəfat edərkən onun cənazəsini
təmiz balın içində vətənə gətirmişdilər...
Təəssüf
ki, dünyamız bu gün arılarçün arzuolunan səviyyədə deyil. Elə buna görə də
get-gedə bu qiymətli həşəratın sayı azalmağa doğru gedir.
Hesse
yazır ki, insan həyatı o vaxt cəhənnəm əzabına dönür ki, iki mədəniyyət, müxtəlif
dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşasa, min əzab
içində ölər, hər hansı vəhşini bizim sivilizasiyaya gətirsən də eləcə!
Nə
yazıqlar ki, bu gün dünyamız ibtidai icma quruluşu ilə indiki adı bəlli olmayan
quruluşun kəsişmə nöqtəsindədir. Bu isə bizi sonsuz faciələrə aparmaqdadır.
Sanki dünyamız Mörfi qanunlarının diktəsinə tabeymiş.
Bəs
çıxış yolu nədədir?
Mən
bu yazıda bir qələm adamı kimi, (hekayə və romanlarımda, əslində bunları etməyə
çalışmışam) həmin suala cavab verməyə cəhd etmişəm.
BİZİM
FİKRİMİZCƏ NATURALİZM VƏ YA
YENİ NATURALİZM
Ya göründüyün kimi ol, ya olduğun kimi görün.
Mövlana
Mən qırx ildən çoxdur yazıram. Elə vaxt olub ki, yazmağa imkanım
olmayıb – kənddə yaşayanda o ki var fiziki iş görürdüm (böyük təsərrüfatım
vardı) və yazmağa sadəcə taqətim olmurdu, onda düşünür, düşünürdüm. Elə ki, boş
vaxt tapdım, qələmə sarılır, hekayələrimi yazırdım. Hələlik, hekayələrimi.
Ondan ki, kənddə hekayədən o tərəfə getməyə güc qalmırdı. Mən axı həm də məktəb
rəhbəriydim və bir rayonun tanınmış maarif işçisi kimi həm məktəbimin problemləri
ilə ilgilənir, həm də rayon maarif şöbəsinin (o vaxt belə adlanırdı) tədbirlərinə
qatılırdım. Yəni yazıçılıqla mütəmadi məşğul ola bilmirdim... amma məşğul
olurdum...
Zorən
bakılı olandan sonra (ermənilər rayonumuzu işğal etdikdən sonra), ailə problemlərindən
qurtulan kimi qələmə sarılırdım. Radiodakı işim yazıçılığıma həm mane olurdu, həm
də kömək edirdi. Uşaq şöbəsində işləməyim mənə həyatın ilkini, təbiiliyini
yaxşı öyrənməyə vəsilə oldu. Anladım ki, insan doğallığı elə uşaqdadır. İnsan
uşaqlığından ayrılan kimi rəsmiyyətçi, əzazil, antihumanist olur...
Sonra
bir Komitəyə işə çağırdılar və oradakı qısqılara (bu qısqılar yazıçı üçün
intihara bərabərdir!) dözməyib istefa etdim. (Etdirildim daha düzgün olardı).
...Və
elə o vaxtdan mənim başımın üstündə domokl qılıncı yox. Sakitcə əyləşib əsərlərimi
yazıram. Hərdən sifarişlər gəlməsə, (
qonorar üçün redəktələr, köşə yazıları və kiçik tərcümələr səviyyəsində) demək mümkün ki, mənə heç kim mane olmur – yalnız bədii
yaradıcılıqla məşğulam... Yazdıqca və ətrafı müşahidə etdikcə bəzi qənaətlərə gəlmişəm.
Onları sizinlə bölüşürəm.
Son
illərdə, bəlkə də lap əvvəldən bədii yazılarımda - hekayə və romanlarımda bir xətt
olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də
onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizmin tərəfdarı olmuşam. Nədir
bu?
1.Təbiətin get-gedə
saxtalaşdırılması: nanotexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq
məhsullarının – GMO-ların (Geni Modifikasiya Olunmuş) yaranması və onların
insanlığa mənfi təsirləri;
2.Cəmiyyətin özəyi olan insanın
özünün özünü saxtalaşdırılması: klonlaşdırma,
süni insan və bunların sonucu kimi süni
düşüncə, süni dünyabaxış;
3.Ən nəhayət, bunların ədəbiyyatda
təcəssümü: süni və saxta ədəbiyyat!
4.Mən bütün bunlara qarşıyam və
19-cu əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar
sistemini özümə daha yaxın hesab edirəm.
Və
sonda.
Baxmayaraq ki, əsərlərimdə, xüsusən "Şəhərcik", “Kuma-Manıç
çökəkliyi”,“Əllidən bir kəm” və digər romanlarımda, eləcə də bir çox hekayələrimdə
naturalist baxışlarıma geniş yer
verilib, mən sözügedən konsepsiyanın elmi tərəfini də işləmək amacıyla bu
yazını yazdım. Ümid edirəm ki, yaxın gələcəkdə həm elmdə, həm incəsənətin bütün
sahələrində, eləcə də ədəbiyyatda bu cərəyan və ümumən naturalist düşüncə önə
çıxacaq və ədəbiyyatşünaslar, ədəbiyyat nəzəriyyəçiləri də bu barədə daha ətraflı
yazılar yazacaqlar. Əks təqdirdə, həm təbiətin və bəşəriyyətin, həm də bunların
hər ikisinə hesablanan elm və sənətin, o cümlədən də ədəbiyyatın ağır günləri
başlayacaq...
Lap
sonda.
Niyə
bu yazını indi aktual saydım?
Düşünürəm
ki, korona virus dalğası* təbiətin intiqamıdır. Doğallığı, əsiliyyəti,
ilkinliyi məhv edən insan təbiəti yox etməklə özünün də yox olacağını fəhm edə
bilmir. Dünyanı kapsamış kütləvi qırğın silahları, bioloji silahlar, okeanların
çirklənməsi, meşələrin qırılması, güclü insanın gücsüzü aşağılaması, öldürməsi,
kişilərin qadınlara aşırı şiddət göstərməsi, qız uşaqlarının ana bətnində məhv
edilməsi kimi vəhşiliklər anti-natural dünyanın naturalizmi üstələdiyinə açıq
mesajdır. Təbiət öz təbii seçmə üsulu ilə özünün hamıdan və hər şeydən güclü
olduğunu bir daha nümayiş etdirdi. İnsan məhv etdiyi təbiətin qarşısında nə qədər
aciz olduğunu bilməlidir... Qüdrət və qüvvət yalnız təbiətə, uca yaradana məxsusudur.
Onun parçası kimi onun tələblərinə uymaq məcburiyyətindəyik...
*Bu yazı saytlarda yayımlananda dünyada
və o cümlədən Azərbaycanda COVİD-19
(korona virus) virusu tüğyan edirdi. Ölkədə karantin rejimi elan edilmiş və
insanlar evlərinə qapanmışdı.



Yorumlar
Yorum Gönder