AZAD QARADƏRƏLİ BİR QƏLƏM BOYU

          

 

                          AZAD QARADƏRƏLİ

 

                              BİR QƏLƏM BOYU

 

 

                                                           “Vicdanla qorxu, sözlə sükut arasında...”

                                                                                                               R.Qaraca

 

 


 

            Qələm bizlərdə təkcə yazı aləti deyil. (O başqa ki, həm də silah olur bəzən – kimi düşmənə, kimi də dosta çevirər ağzını.) Qələm bizlərdə köksüz bitə bilən ağac qələmidi həm də. Nar, söyüd, qələmə (qabaq) belə bitəndi. Hə, hə. Qələmin bitmək şansı da var – suyunu kəm eləməsən, boyunu sevsən...

            Bitmədisə, qələm sayılmaz...

            Qələm bizlərdə qorxu rəmzidi həm də - gecə döyülən qapılar, gedər-gəlməzlər, yandırılan əlyazmaları... “Ağ vərəq”i* oxumuş olarsan, yəqin. O hekayəni yazıncan zeh yerə qoydum... Onu yazıncan nənəm bəlkə on kərə otağıma girdi, çıxdı... Yazma dedi... (Neynəsin, bir gecədə kəndimizin ən sayseçmə oğullarını gedər-gəlməzə göndərmişdilər, bir qələm yazısına barmaq basdırmaqla, Cavid kimi, Cavad kimi, Müşfiq kimi – özünə od vuran bacının yanıq adam əti qoxusu hələ ölkənin üzərindən çəkilməyib ki...)

            Qələm, bizlərdə ölçü vahididir həm də. “Bir qələm boyu...”

            Yox, o ölçüdən, biçidən deyil!

            “Bir qələm boyu canı var, ağzına yiyəlik eləmir!..”

            Bu da belə bir ölçüdü – hədə ölçüsü!

            Yəni... “Ağzıı boş qoyma, bir qələm vurram, gedərsən gedər-gəlməzə!”

            ...O səbəbdəndir ki, qələm adamları əlinə qələm alanda birinci boylarının dərdini çəkərlər. Boylarından uzun qələmə, başlarından yekə sözə yiyə durmazlar. Ya da, işdi şayət, səhvən boylarından yekə qələm götürsələr, öz boylarının qələm olmaması üçün qələmlərinin boyunu vurar, gödəldərlər...

            Ona görədir ki, bizlərdə qələm adamlarının boyu əvvəl Mincivandan (bizlərdə qəsəbə), sonra da Biləcəridən o yanda görünməz...

            ...O rəhmətlik kişi demişkən, “qadam, indi istidir, yaza bilmirəm...”

            Yazmağına yazmışam e, bax, bu mövzuda bir romanım da var – “Morqda karantin” adında, “Morq çiçəkləri”nin ikinci hissəsi...

            Hələ kitablaşmayıb, “Yazı”da hissə-hissə çıxmışdı. Cildlərimin birinə düşər, xəbər eləyərəm, ya da elə PDF-ini göndərərəm, oxuyarsan...

            ...Boy amanatı!

 

                                                                                              04.08.2025


---------------------------------------------------------------

*Müəllifin "Bir vərəq ağ kağız" hekayəsi nəzərdə tutulur.

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)