AZAD QARADƏRƏLİ CÜMHURİYYƏT SEVDALISI (Qələm dostum Nəsiman Yaqublunun portret cizgiləri)
AZAD QARADƏRƏLİ
CÜMHURİYYƏT SEVDALISI
(Qələm dostum Nəsiman Yaqublunun portret cizgiləri)
90-cı
illərin təlatümlü çağlarında ölkənin 3-5 qəzetindən ən oxunaqlısı “Azərbaycan gəncləri”ndə
“Nəsiman Yaqubov” imzasıyla yazılar görünməyə başladı. Fərqli yazıları olan bu
gənc həm də o zamanın yeganə televiziyası olan Az.Tv-də “Çay dəsgahı”
verilişində iştirak edir, çıxışları ilə diqqəti özünə çəkə bilirdi. Elə belə
qaynar çağlarda onun “Ağrılı ömürlər” kitabı işıq üzü gördü və deyim ki,
çıxması ilə də səs-küy yarada bildi. Alıb oxuyan kimi isti-isti bir yazı yazıb
hərdən çıxış etdiyim yuxarıda adını çıkdiyim gənclər qəzetinə göndərdim. Yazı qəzetdə
çıxar-çıxmaz işlədiyim rayon qəzetindəki iş yerimə telefon zəngləri, məktublar
gəlməyə başladı. Sonra biləcəm ki, elə həmin qəzetin özünə də, habelə Nəsiman bəyə
də məktublar gəlirmiş.
Az
sonra Nəsiman Yaqublu (artıq o, milli soyadla yazırdı) Zəngilana gəldi və biz
onunla görüşəndə məlum oldu ki, ana tərəfdən zəngilanlı imiş! Və beləcə
tanışlığımız dostluğa çevrildi. Bizim Qaradərədəki evdə, Sobu kəndindəki Vənli
bulaqda Nəsiman, ortaq dostumuz Lətif Şüküroğlu və mən süfrə açdıq, çörək kəsdik...
...Sonra
işğal dalğası sonuncu rayon kimi Zəngilanı da vurdu və biz Bakıya məcburi
köçkün kimi ayaq basanda ilk mənə iş təklifi Nəsimandan gəldi – baş redaktoru
olduğu dərgiyə redaktor kimi işə dəvət etdi məni. Bir neçə il onunla Müsavat
irsini öyrənən “Müsavat” dərgisində əməkdaşlıq etdik. Burada işləmək bizi
bir-birimizlə nə qədər yaxınlaşdırdısa, bir o qədər də uzaqlaşdırdı. İki sərt təbiətli,
“bildiyini dədəsinə də verməyən” (ifadə daha çox Zəngəzur-Zəngilan zonasında
işlənir) qələm adamının birliyi bu dərginin bir neçə sanballı nömrəsinin ərsəyə
gəlməsinə səbəb oldu, ancaq burada o da aydın oldu ki, bizi birləşdirən cəhətlərlə
bərabər ayıran tərəflər də varmış. (Nəsiman sırf jurnalist və tarixçi kimi
yanaşırdı məsələlərə, mən isə bədii və elmi-tənqidi yönümdən.) Bunun sırf
yaradıcılıq müstəvisindən baş verməsi dostluğumuza xələl gətirmədən
ayrılmağımıza səbəb oldu – mən aldığım yeni iş təklifini dəyərləndirərək Azərbaycan
radiosunda çalışmağa başladım.
Ayrılandan
sonda da münasibətlərimiz davam etdi. O mənim dalbadal keçirilən kitab təqdimatlarıma
gəlir, kitablarım və yaradıcılığım haqqında fikir söyləməyə xəsislik etmirdi. Hətta
bəzən dostlarla birgə indiki Xudafərin şadlıq sarayının yerində yerləşən kafedə
əyləşib məclis qurardıq.
...Radioda
çalışdığım vaxt Nəsiman zəng etdi ki, mən Zəngilan-Qubadlı dairəsindən
deputatlığa namizədliyimi vermişəm. Mənim vəkilim olarsanmı?
Təbii,
razılaşdım. Bir neçə müddət birlikdə rayonları, Sumqayıtı və Bakının
yataqxanalarını gəzərək məcbiri köçkünlərlə görüşdük, Nəsimanın namizədliyini
müdafiə etməyə çalışdıq. Təəssüf ki, ölkənin mövcud vəziyyəti həqiqi namizədin
seçilməsinə imkan vermədi...
Nəsimanın
ən böyük xidməti Cümhuriyyətin və onun lideri Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini
araşdırıb üzə çıxartması oldu. Onun dalbadal işıq üzü görən kitabları bu sahədəki
boşluğun doldurulmasına güclü təkan verdi.
Dərgidə
birgə işləməyimizin nəticəsi olaraq “Özündən Əmin bəy və Avropa gözəli Vanda
xanım” uzun hekayəm qələmə alındı ki, son illərdə yazdığım əsərlər arasında onu
ən çox qiymətləndirirəm.
Nəsiman
bəylə axır vaxtlar əlaqə saxlaya bilməsəm də, eşitdiyim cazibədar bir xəbər
marağıma səbəb olmuşdu. Belə ki, adını çəkdiyim
uzun hekayə rus və polyak dillərində kitab kimi çıxanda Nəsiman bəy Polşada
imiş və bu xəbəri də orada alır. Əsər haqqında orada yaşayan və işləyən Azaərbaycan
türkləri ilə görüşərkən mənim uzun hekayəm barədə xoş sözlər söyləyir. (Mən bu
məsələni eşidəndə çox sevinmişdim! Başa düşdüm ki, biz görüşməsək də,
bir-birimizin uğuruna sevinməyi unutmamışıq.)
...Türkiyədə
çıxan kitabımın təqdimatı üçün İstanbula yollananda və o təqdimatda iştirak edəndə
dostum Orxan Qaravəli məndən Nəsimanı soruşdu və onun Məhəmməd Əmin Rəsulzadə
haqqında tədqiqatlarından bəhs etdi. İstanbullu dostumun (mən sonralar onun
“Tanıdığım Nazim Hikmət” kitabını dilimizə uyğunlaşdırdım və Bakıda çap olundu)
Nəsimanı, Məhəmməd Əmini tanımasına sevindim. Bu barədə xeyli söhbətimiz
oldu...
...Nəsiman
bəy əqidə adamı idi. Cümhuriyyət və onun qurucuları haqqındakı araşdırmalarına
bütün ömrünü həsr etdi. Təəssüf ki, onun da həyatı bir çox cümhuriyyətçilər
kimi faciəli oldu...
...Nəsiman
bəyin dəfnində dediyim sözlər onun gələcək alim ömrünü, məncə yaxşı ehtiva
edir:”Bu gün hələ ki, Nəsiman Yaqublunu burada, bu əldən-ayaqdan uzaq məzarlıqda
dəfn edirik. Lakin gün gələcək, Nəsiman bəy Cümhuriyyət fədailərinin əsərlərini,
ömürlüyünü və xarici ölkələrdə itib-batmış məzarlıqlarını arayıb-axtardığı
kimi, yeni Nəsimanlar meydana çıxacaq, yeni-yeni əsərlər yazacaq və bəlkə də bu
məzarın üstündə əzəmətli günbəzlər tikəcəklər...”
Cümhuriyyət
sevdalı alimin açdığı yolun mahiyyəti o bizdən uzaqlaşdıqca daha aydın görünəcək.
Ruhu
şad olsun.
24.08.2025
Yorumlar
Yorum Gönder