AZAD QARADƏRƏLİ
PİRÇİVAN SÖZÜNÜN ETİMOLOGİYASINA DAİR BİR NEÇƏ KƏLMƏ
Hansısa
saytdan Zəngilan sözünün mənasını istəmişdilər, cavab yazmışdım. Pirçivan
sözünün mənası da maraq doğurur. Hər iki toponimin sonundakı –lan və -van şəkilçiləri
göstərir ki, sözlərin ən azı iki min il yaşı var. Çünki müəllimim prof. Dəmirçizadəyə
görə, bu şəkilçilər elam dilindən türk dillərinə keçmişdir. Elam dilinin tarixi
isə...
Pirçivan
sözünün etimologiyasına baxmaqdan öncə Pirçivanın qismən yaxınlığında yerləşən
Pirdavdan toponiminə nəzər salmaq lazımdır. Çünki hər iki sözdəki kod, açar elə
Pirdavdan kəlməsində gizlənib.
Mən
yazılarımda Pirdavdan toponiminin yaranmasını izah etməyə çalışmışam. Həm bədii,
həm elmi-publissistik mətnlərimdə bu kəlmənin izahı var. “Tarixdəki qəhrəmanlarımız,
qurucu babalarımız və onların obrazları ədəbiyyatda” adlı yazımdan (Xəzər universitetində
təşkil olunmuş 4-cü Türkçülük çalışmalarında oxuduğum məruzənin mətni) bir
parçaya diqqət edək:
“...Babəkin
qoşunları Bəzzdə qeyri-bərabər döyüşdə tam məğlub olandan sonra mürşidləri
Cavidanın (əslində, onun adının Cavidan olmadığını, onu ərəblərin belə
adlandırdığını da bu qeydlərdən öyrənəcəyik) da qəbirini açıb, onun sümüklərini
çıxardır, Arazın bu tayına keçirlər. İndiki Zəngilan rayonunun ərazisindən
keçib Qafan şəhəri ilə Qacaran arasında bir kənd salırlar, adını da burada dəfn
etdikləri ustadlarının adı ilə PİRDAVDAN qoyurlar. Yəni Davidin piri, yaxud
Davidanın piri. Axı o zaman Babək də, Cavidan da müsəlman deyildilər. Onlara bu
adı gəlmə ərəblər vermişdilər. Cavidanın əsil adı Davud, yaxıd David, Babəkin əsil
adı isə Babakan, yaxud Babakar idi.”*
(Təəssüf
ki, bu ərazidə mis-molibden yataqlarının kəşfi və orada məlum zavodun inşası
Pirdavdan kəndinin, o kəndin məzarlığındakı Cavidanın qəbiri üzərində ucaldılan
Pirdavdan məqbərəsinin yer üzündən silinməsi ilə nəticələnmişdir. Bizim
torpaqlara gəlmə olan haylar gəldikləri gündən bizimlə düşmənçilik edərək
torpaqlarımızı ələ keçirmək, tarixi abidələrimizi dağıtmaq, insanlarımıza qarşı
soqırım siyasəti yürütmək yolu tutmuşlar. Yaxşı ki, İkinci Qarabağ savaşında
onların cavabı ordumuz tərəfindən layiqincə verildi və burunları ovuldu.)
Cavidanın sözügedən məqbərəsinin yeganə sağ qalan şəkli.
Göründüyü
kimi Pirdavdan kəlməsi Pircavidan kəlməsinin illər ərzində dəyişikliyə məruz
qalması nəticəsində yaranmışdır. Qətiyyətlə bildirirəm ki, buradakı PİR kəlməsi
bizim indiki mənada başa düşdüyümüz PİR anlamından çox-çox uzaqdır. Pir, burada
müdrik, mürşid, rəhbər anlamındadır. Yəni Mürşidimiz Cavidanın məzarı –
PİRCAVİDAN.
Yuxarıda
bəhs etdiyim yazıda daha sonra deyilir:
“O
da maraqlıdır ki, Zəngilan rayonunun mərkəzi olan PİRÇİVAN şəhərinin də adı həmin
adla səsləşir: PİRDAVDAN – PİRÇİVAN... (Hələ Meğridəki QƏRÇİVAN – bu toponim
yəqin ki, qədim qorçu türk tayfalarının adı ilə bağlıdır, Zəngilandakı MİNCİVAN
– bu da qədim mingə türk tayfalarının adı ilə əlaqəli yaranıb, ZƏNGİLAN, MÜŞLAN toponimləri və sair.)
Pirçivan
sözünə də, elə bilirəm ki, bu ampluadan yanaşmaq gərəkdir. Görünür ki, bu ərazidə
haçansa böyük bir müdrik yaşamışdır və tarix, nə yazıq ki, onun adını saxlamamışdır,
fəqət, PİR – böyük, müdrik, mürşid mənalarını verən söz olaraq sonda toponim
kimi PİRÇİVAN kəlməsini formalaşdırmışdır. Anlamı isə pirlərin, müdriklərin,
müqəddəslərin yatdığı torpaq anlamına gəlir.
05.08.2025.
-------------------------------------------------------------------------------------------
*Məlumdur ki, indiki Zəngilan şəhərinin adı vaxtilə Pirçivan olmuşdur. Yadımdadır ki, işğaldan qabaqkı illərdə Zəngilanın 1-ci katibi olmuş Tofiq Mehdiyev Pirçivan adının bərpasına aid bir layihə hazırladıb Milli Məclisə təqdim etmişdi. Lakin sonrakı kataklizmlər, işğal, qaçqınlıq və sair o layihənin həyata keçməsinə mane oldu. Elə bilirəm ki, indiki Zəngilan rəhbərliyi bu məsələni qaldıra bilər.
*Bu fikirlər görkəmli tarixçi-alim Qiyasəddin
Qeybullayevin “Azərbaycan türklərinin təşəkkül tarixindən” adlı sanballı əsərinə
istinadən qələmə alınmışdır.
Yorumlar
Yorum Gönder