AZAD QARADƏRƏLİ SÜSƏNLƏ YAZININ DASTANI (hekayə)

 

                            AZAD QARADƏRƏLİ

 

                       SÜSƏNLƏ YAZININ DASTANI

 

                               (hekayə)

 

                                  

                                                            Bir zamanlar Zəngilanda çıxan “Kənd həyatı” qəzetinin

                                                          redaktor müavini olmuş dostum Şükür müəllimin əziz xatirəsinə

 

 


 

             Qovun tağı kimi kəndi bürümüş meşənin başı üzərində diz qatlayıb oturan qosqoca dağın ətəyindəki kəndin adı, eləcənə Tağlı* idi. Min illərin şahidi olan buraların adamlarının bu dağ-dərədə yaylayıb, aşağıda – çay boyundakı düzəngahda əkin-biçin eləyərək qışlaması bir adət halı almışdı. Düzəngahda əkən-biçən, dağ-dərədə quş quşlayıb ov ovlayan bu elat adamının bir dərdi də vardı: uşaq-böyüyün yazı-pozu bilməsi, kitab-dəftərdən anlaması. Ona görə də, ortalığa pul qoyub bir dam tikmiş, Şəhri-Şərifanda* elmdar bir kişini yalvar-yaxarla Tağlıya gətirmiş, tikdikləri damda colma-cocuğa dərs verdirmişdilər...

            Kəndin möhtərəm kişilərindən biri hətta irəli gedərək oğlunun adını Yazan qoymuşdu. Camaat bu ada güləndə demişdi:

            -Gülmüyün. Niyətin hara, mənzilin ora. Mənim böyük qardaşımı dədəm göndərdi Təbrizdə elm oxusun, o da gedib elm öyrənmək əvəzinə, sinəzən oldu, aşura günlərində cavan-çoluğu başına yığıb sinəzənlik eliyərdi... Axırı da ortalıqda qalıb havalandı... Ağzım yanıb, uşağa heylə ad qoydum ki, elm yiyəsi olsun.

            Kənd əhli adamın ciddi-ciddi danışmağını görüb “olar, inşallah” dedi və o gündən ayağı yer tutan kimi Yazan kənd əhlinin Yazı damı dedikləri yerə dadandı.  On yaşının tamamında yazı-pozunu, yəni əlif-beyi, dörd əməli, bir də Quranı başa çıxdı. Və bir gün Yazan ağzı köpüklənə-köpüklənə Yazı damından qayıtdı, dörd əməl, imla yazdığı dəftərinə qanlı-qanlı misralar düzdü:

 

            Əzizinəm, Süzəndi,

            Tıppır-tıppır gəzəndi.

            O eləcə qız deyil,

            Canım təndən üzəndi.

 

            Hələ beləsi də varmış:

 

            Əzizinəm, Süzənə,

            Qəlbim qanla bəzənə.

            Onu mənə verməsəz,

            Qada gələr Yazana...

 

            Deyir, ağzına belə-belə qan alırmış. Nənəsi (bu elatda anaya nənə, ataya dədə deyərmişlər) duyuq düşüncən oğlanın ağzını aramış, öyrənmiş ki, Yazı damında Süzən adda qız varmış, oğlunun ağlını başından o alıbmış. Demiş ki, dərd eləmə, dərdin manqa* gəlsin, dədən cüt-hodaxdan gəlsin, çıtızaram əhvalatı, düz-qoş eliyərik...

            Tağlı elə də böyük kənd deyilmiş, amma ağıllı adamları çoxmuş. İllik qazanclarından bir xeyli ayırıb o Yazı damındakı yazı-pozu öyrədən kişiyə verər, uşaqlarını oxudarmışlar. Özü də təkcə oğlanları deyil, bəziləri qızlarını da oxudarmış. Biri elə Süzən. Süzən dədəsinə yalvarıb-yaxarmış, onu da Yazı damındakı dərsə yazdırmağı istəmişdi. Kişi bir aşağı baxmış, bir yuxarı baxmış, demişdi ki, neynək, qoy Süzən də gedib oxusun, allah manqa oğul vermədi, vermədi, kərəminə şükür, qoy qızım gedib oxusun...

            Beləcə, Süzən də Tağlının ilk qız oxuyanı olmuşdu ki, axırı da belə oldu... On beş yaşlarını bitirər-bitirməz bir-birlərinə aşiq oldular...

            Atalar bu əhvalatdan xəbər tutmamış, Şəhri-Şərifanın əmirinin qulağı çaldı ki, bəs Tağlıda bir qız varmış, məktəbə getdiyi bəs deyilmiş, üzü açıq gəzdiyi heç bəs deyilmiş, hələ bir aşiq-məşuq oyunu da oynayır bir gədəylə. Özü də, deyilənə görə, gözəllikdə tayı yoxmuş. Elə Süzəndi ki, Süzəndi!

            Gecəynən əmirin adamları Tağlıya gəldilər. Süzənin atasını bir kənara çəkib dedilər ki, qızın əl-ayağını hazırla, başına çarşab-zad at, səhər gəlib kəcavə ilə əmirin sarayına gəlin aparacayıq...

            Əlbəttə, Süzənin atası çox sevindi. Axı bu vilayətin ən böyük adamı onun qızına elçi düşmüşdü!

            Arvadına vəziyyəti danışdı. Qıza da dedilər ki, sabahdan Yazı damını unut, çarşab ört (bu elatın qız-gəlini  örtünməzdi), səni gəlib əmirin sarayına gəlin aparacaqlar.

            İşığa-işıq Yazana iş əyan oldu. Yenə ağzı köpükləndi, əlif-bey dəftərini qapıb yazdı, nə yazdı!

           

            Əzizinəm, əmirdi,

            Bu zindandı, dəmirdi!

            Süzəni aparırlar,

            Haramın - bu ömürdü!

 

            Qızla oğlan bir-birinə qoşulub, alatorandan kəndin başı üstündəki dağa qaçdılar. Bir-birinə sarılıb allaha yalvardılar ki, onları quş eləsin və elə bu vəziyyətdə özlərini dağdan atdılar...

 

                                                           ***

 

            Görənlər danışırmış ki, o gündən qanadları yazılı, eyzən kitaba oxşayan bir quş dağdan uça-uça düzəngahlar gəlir, Qarayazı (Yazı düzü) adlanan əkin sahəsində lələklərini – yazılı vərəqlərini salır, ordan uçaraq o biri düzəngaha - Ağyazıya (Ağ Oyuq) gəlir, vərəq salır, yuxarılara, Süzənlə Yazanın dağına – Süsən dağına qanad çalırlar...

 

            ...Süzəni Süsənə*, Yazanı Qarayazıya*, onu da  Ağyazıya* (Ağ oyuğa) çevirən Tanrıya şükürlər olsun!

           

                                                                                                                      08.08.2025.

 

 


 

 

---------------------------------------------------------------------------------------

*Şəhri-Şərifan – indiki Zəngilan rayonu ərazisində qədim şəhər. Şərifan kəndi yaxınlığında xarabalıqları qalmışdı.

*Tağlı – Süsən dağının ətəyində xarabalığı qalan kənd.

*Manqa – bu yerlərin əhalisi sağır nun (ng) samit səsini indi də geninə-boluna işlədir. Ona görə xarabalığı qalan bu səsi də yad etdim ki, bəlkə bu işin uzmanlarının yadına düşə.

*Süsən – Zəngilanda dağ adı.

* Yazı düzü və Ağ oyuq – Zəngilanda geniş əkin sahələrinə verilən ad.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)