AZAD QARADƏRƏLİ ANAMIN AĞ ŞALI Hekayə Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya
AZAD QARADƏRƏLİ
ANAMIN AĞ ŞALI
Hekayə
Qardaşım Canpolada, o biri qardaşlarıma və
bacım Arzuya
Çoxuşaqlı
ailə ili mübah gələn zəmi kimidi – başı yığnaqlı, ruzisi az-az olar, amma kəsilməz.
O
ili iş elə gətirdi ki, kəndimizin qos-qoca dükançısı bir qış günü yıxılıb öldü
və atam adına “Raypo” dedikləri idarəyə gedib, ortalıqda qalan dükanı keçirdi anamın
adına. O dükan bizim ailə üçün atamızın müəllim maaşından sonra ikinci ruzi
yeri olmaqla yanaşı, mənim yaddaşımda çoxlu xatirələri ilə qalıb. Hər dəfə
anamın yanına gələndə o xatirələrdən biri dirilir, boy verib dolur içimə, məni
balon kimi şişirdib qaldırır göyün üzünə və erməni işğalında qaldığı üçün illərdir
həsrətində olduğumuz kəndimizə, evimizə, məktəbimizə və o dükana gedib çıxır,
dindarların Məkkə ziyarətindən ötə bir duyğu yaşamış oluram. Bude, anam yenə
başlayıb, nəyisə qurdalayır, yaddaşıma işıq salır, tərpədir içimi...
-Ədə,
bala, o kirbişin şalım vardı ye, bahalı, ağavış, özünnən gülləri olan,
yadındadı?
İstəyirəm
öz sözüynən sataşam ki, yenə nə köhnə palan içi tökürsən?
Qıymıram.
Qoy danışsın. Ürəyini boşaltsın.
Düzdü
e, mənimçün bunlardan maraqlı şey ola bilməz. Amma mən axı bu söhbətləri azı
yüz kərə eşitmişəm. İşdən yorğun-arğın gəlmişəm. İstəyirəm ki, uzanım, bir
balaca gözümün acısın alım... Hanı, indi də kripdeşin şalın dəfələrlə eşitdiyim əhvalatını təptəzə variantda danışmağa
hazırlaşır...
(Atam
vəfat edib. Biz hamımız məcburi köçkün kimi gələndə bir müddət bu yarımçıq binalara əl gəzdirib yaşasaq da,
sonradan özümüzü tutduq, hərəmiz ailəmizlə şəhərin bir tərəfində ev-eşik sahibi
olduq. Anam burda tək qalır. İndi çox yaşlaşıb, ayaqları sözünə baxmır, ona görə
bacımız xaric, biz qardaşlar növbəyə salmışıq: hər kəs bir gün axşam saat 7-dən
səhər saat 7-cən arvadı ilə anamızın yanında qalır. Bu gün növbə bizm arvadla mənimdir.)
Televizoru
açsam da, Türkiyə kanallarına çevirmişəm ki, bizimkilərin son xəbərlərinə
baxmasın. Nə edim? Olar bir həftədir müharibə başlayıb. İstəmirəm ki, anam
bilsin. Hərəmizin bir oğlu var. Mənimki də polisdir. Bu gün, sabah yəqin ki,
döyüşə gedəcəklər. Anam bilsə... Onsuz da halı yaxşı deyil. Bir yandan da bu
müharibə xəbəri...
Gözümü
anamın gözündən yayındırıram ki, sualı bəlkə yadından çıxa. Bir də qorxuram ,
deyə, televizoru çevir Bakıya...
O şalın isə məndə qəmli bir tarixçəsi vardı...
***
Bizim
kənddə günəş tez çıxar, gec batardı. Qaladaşının haçasından qurcuvalı telləri
göründümü, evdə adam qalmazdı. Hər kəsin işi bəlli idi. Müəllim atamız məktəbə
tələsərdi. Anam evimizin alt mərtəbəsindəki kənd dükanımıza gələn olmasa, ya
nehrəsini yırğalaya-yırğalaya toyuq-cücəyə də dən atar, bizə tapşırığını verərdi.
Böyük qardaşlarım evlənib rayon mərkəzinə köçdüyündən evin ağır işi mənə və məndən
sonrakı qardaşların üstünə düşmüşdü. Eşşəyi palanlayıb dəhrəni götürər, odun
yığmaq üçün meşəyə yollanardım. Qış üçün odun tədarükü evin ən vacib işlərindən
idi. Məndən sonrakılar həyətimizdəki torpaq sahəsini belləyib lobya, xiyar,
pomidor əkmək üçün hazırlayardılar.
Yol
boyu meşəyə gedə-gedə düşünürdüm ki, bir-iki il keçsəydi, mən də əsgərliyə gedər,
qayıdandan sonra rayon mərkəzində işə girər, evlənib aradan çıxardım. Əvvəlcə, orada bir otaqlı ev kiralayar,
bir-iki il yaşayandan sonra torpaq alar,
ev tikərdim...
Bu
cür xəyallar qura-qura bir də görərdim ki, odunluğa çatmışam. Daha xəyalları
başımdan qovub dəhrəyə güc verərdim. Gərək gün qızmamış, bir yük odun doğrayım,
gün əyiləndə gedim çıxım evə...
Belə-belə
iş-güclə xırraş-boğuşdaykən baxardıq ki, gün Yarımyaylağa tərəf aşmaqdadır...
Nə
yarımçıq işimiz varsa, başlayardıq görməyə.
Qardaş,
işə bax ki, bu yaz günü buracan necə gəldi, bilməzdik, amma bax, batmağa gedəndə
elə ordaca aslıb qalardı. Əvvala, bərk acardıq. Di gəl, işlər qurtarmayıncan,
gün gedib dağın dalında gizlənməyincən, səsi kəndi başına götürən naxırdan mal-heyvanımızı ayırıb yerbəyer eləməyənəcən
bizə rahatlıq yoxuydu. Bax, bu bir-iki saat o uzun yaz günündən uzun görünərdi...
Gün batmırdı ki, batmırdı...
Bir
gün günəşin dağın dalında can çəkişməsində olan vaxtında dükana müştəri gəlmişdi.
Atam da məktəbdə işlərini bitirib çoxdan evə qayıtmışdı. Anamın sacda çörək
bişirirdi və hələ bir-iki kündəsi qalmışdı. Tək bacımız balaca olduğundan ona
isbatlı kömək edə bilmirdi. Ona görə də biz qardaşlar bu işdə də anamıza əl
yetirirdik. Birimiz sacın altına mənim meşədən doğrayıb gətirdiyim qırmalardan itələyir,
birimiz kündəni taxtanın üstünə qoyub yastılayır, birimiz də bişmiş lavaşları
üst-üstə yığardıq.
Anam
əlini saxlayıb atamı səslədi ki, ə, gəl dükana, mənim əlim urfalıdı. (Kişini
heç vaxt öz adıyla çağırmazdı.)
Atam
açarı gətirib ikimərtəbəli evimizin altında yerləşən dükanın qapısını açdı,
qonşu kənddən olan ər-arvadı içəri ötürdü. Anam urfanı kündənin üstünə səpib təəccüblə
çiyinlərini çəkdi:
-Məhlim
orda tükan yoxdu? Bınnar nə avız bizim tükana gəliplər?
Atam
müştərilərlə içəridə bir xeyli qalandan sonra onun boğuq səsi eşidildi:
-Ay
qardaş, bını mən aşağı qiymətə verə bilmərəm e! Bı qiyməti mən qoymamışam ki...
İndi üstündə ləkə var, var də, saa yalvarmıram ki, gəl bını al?! Bının qiyməti
bıdı, özü də qalıb bizim əyağımızda... Alırsan, al, almırsan, yaxşı yol...
Boye...
Ər-arvad
çölə çıxanda qadın anama yaxınlaşıb gülə-gülə dedi:
-A
bacı, sən bı işə nə deyirsən? O kirbişin şalı mən almax istiyirəm, amma üstünə
ləkə düşüb... Deyirəm, bəlkə aşağı qıymata verəsıız, onu biz alax?
Anam
atama baxdı. Elə baxdı ki, sanki ondan danışmaq üçün icazə istəyirdi. (Hə,
orasın deyim ki, dükan anamın adına olsa da, məktəbdən qurtarandan sonra ora da
atam baxardı. Anamın nə düz-əməlli dükandan baş çıxarmağı vardı, nə də vaxtı.
Ona görə belə məsələlərə yazıq arvad qarışmazdı. İndi birdən-birə anamın elə
bil söz demək istəyi yaranmışdı və atamın hirsinin yatmasını gözləyirmiş kimi
ifallı-ifallı onun üzünə baxırdı.)
Atam
bunu hiss edib gülümsündü və başı ilə arvadına işarə etdi ki, nə deyirsən, de.
Anam
üzünü qadına tutub dedi:
-Ay
bacı, vallah mənim saa andım yoxdu, bax, bu süfrə-təhnə haqqı, mən hələ o şalı
heç açıb baxmamışam ki, nə şaldı, nə dəyil... Yazıx kişi, allahirzasına bir-iki
dəfə dilucu da olsa, təylif eliyib ki, istiyirsən, o şalı götürəy, o ləkə düşən
tərəfi qatda içəri, ört başıa, pulun yavaş-yavaş qoyarıx yerinə. Mən irazı
olmamışam, onnan ki, külfətimin boğazınnan kəsib heylə bahalı şal ala bilmərəm
axı... Maa heş lazım da dəyil... Amma iş ki bı çilliyə çıxdı, yeriyin gedin, o
şalı özüm örtəciyəm, mayışımı hər alanda bir azın yerinə qoyacıyam getsin...
Qadınla
kişi dinməz-söyləməz yola düzəlib getdilər. O gündən qar-qur kəsildi və anam
o krepdeşin şalı götürüb, ləkəli tərəfini içəri qatladı, xeyirə-şərə
örtməyə başladı...
(Bu
şal məsələsi bizim ailəni lap girinc eləmişdi. Baha olduğu üçün, üstəlik, ləkəsi
də vardı deyə, satılmamışdı. Əşşi, bizim kənddə yüz neçə manatı kimdi ona verən.
Rəhmətlik qabaqkı dükançının dövründən qalmaydı. Bu ailədən savayı, neçə-neçə
adam gəlmişdi ki, yarı qiymətinə verin, alaq onu. Təbii, atam vermiri. Hökümətin
malını necə yarı qiymətə versin axı?!.
Bir
yandan da hər gələn rivizor deyirdi ki, belə getsə, bu şal qalacaq sizin
ayağınızda...
Ona
görə də, bu dəfə anam son nöqtəni qoydu və məsələ belə həll olundu.
Bax,
anamın söz açmaq istədiyi şalın belə tarixi vardı.)
***
-Niyə
dinmirsən?
-Hə...
Yadımdadı... Şalı deyirsən də... O bahalı...
-Yuxuda
o şalı görmüşəm öyünkü gecə... İnanmazsan... Gördüm kənddiyiy...
Səsi
titrəyir. Başlayır ağlamağa. Gözünün yaşını başındakı çalmanın ucu ilə silir,
ayağa qalxır, lap cavanlıqdakı kimi əlini yuxarı – 27 il qabaq yaşıl rəng çəkdiyimiz
tavana tuşlayıb şövqlə deyir:
-Gördüm
ki, şalımı külək başımnan aldı, apardı ode haaa, göyün üzünə... Şal, maa gülmə,
özü də tərtəmizdi, ləkəsi-zadı da yoxdu, arsız canım... Həəə, gördüm, şal
böyüdü, böyüdü, eeee, kəndimizin üstündəki göy boyda oldu. Az qalıram ki, əl
atam şalın bir ucunnan tutam, mən də qalxam göyün üzünə... Əlim çatmır. Sohra
görürəm ki, kəndin uşaxları da yığışıb başıma, atılıb-düşüllər,
fıştırıxlıyıllar, əl çalıb oynuyullar... Bir də nə görsəm yaxşıdı? Gördüm
Qaladaşının o üzünnən gün çıxdı, qalxdı, qalxdı, qan qırmızı rəng aldı, sohra
irəybərəy oldu, ode, işvənerin üstündəki o bayrax irəngində oldu...
Köhnə
şifonerimizin üstündəki rəngi solmaqda olan bayrağımıza baxıram. Qalatasarayın
UEFA çempionu olduğu gün gedib almışdım onu, balaca oğlum çiyninə salıb həyətdə
o yan-bu yana qaçır, “Cim-Bom çempion!” deyərək qışqırırdı. Burdan indi
yaşadığımız yerə köçəndə istədim götürəm, əlim gəlmədi...
Anamın
telefonuna zəng gəlir. O danışdığı yuxunun təsirindən hələ çıxa bilməyib deyə,
bir müddət mat-mat telefona baxır, handan-hana telefonu açır və dinləyib
qışqırır:
-Nə?!
Nə müharibəsi?! Kim müharibə eliyib?! Nə vaxt olub?!.
Sonra
hirslə mənə sarı dönür:
-Sən
bını niyə mənnən gizdətmisən?! Nəvəmdi, sənin polis oğıun! Deyir ki, müharibədi,
biz erməniləri qavalayırıq, torpaqlarımızı azad eliyirik... Deyir, tezliklə
Qarabağı azad eliyəciyik...
Birdən
lap cavanlıqdakı kimi cəld yerində fırlanır, taxçadakı köhnə çamadanı açır,
içindən ağ krepdeşin şalı çıxardıb başına atır və irəli yeriyib fırlanmaq istəyir,
amma yıxılmamaqçün əl atıb stuldan yapışır, içindən gələn səslə deyir:
-Mən
yuxumu görmüşdüm... Bu şal... Bu şallla...
Anam
qəfil yıxılır. Yoldaşım əl atıb onu tutur və həmişə açıq olan yatağına sarı
aparır.
Mən
isə ayağa qalxıb televizoru Bakı kanallarına çevirirəm...
Müdafiə
Nazirliyinin əməkdaşları brifinq keçirir və ordumuzun ələ keçirdiyi kəndləri
sadalayır...
Şifonerin
üstündən rəngi solmuş bayrağımızı götürüb eynən Qalatasarayın qələbəsinə sevinən
balaca oğlum kimi atılıb-düşürəm.
Yatağında
uzanan anamın şalı isə başından sürüşüb düşür. Yoldaşım şalı qaldırıb lap qəlbi
yerə qoyur. Gözüm şalın ağ rəhginə düşür sanki. Qırpav adamlar kimi kirpiklərimi
çırpır, şırpıram. Səyriyən gözümlə bir də
baxıram ki, şal evimizin içində o yan-bu yana süzür, süzür...
...Alçacıq
evimizn, vaxtilə yaşıl rəng sürtdüyümüz tavanı aralanır, göy üzü görünür. Bir
anlıq evimizin içi kəndimizə çevrilir. Anamın şalı Yarımyaylağın üstü ilə
süzür, süzür, lap yuxarılara qalxır... Bütün kənd əhli – ölülər də, dirilər də
başını qaldırıb anamın şalına baxır və əl çalırlar...
***
Ordumuz
qalib gəlib. Qarabağı, bizim də rayonu, kəndimizi azad edib. Bir görəydiniz
anam necə sağalıb. Qardaşlarım və arvadları yenə növbə ilə gecələr yanında
qalmağa gedəndə təpinir də bizə:
-Düzəlmişəm
day. Elə bil cavanlaşmışam... Niyə gülürsüuz? Vallah yaxşıyam... Kəndimizə
havaxt gediriy, onu maa deyin, deyim hə. Yoxsa arvadların da vurub qoltuğuna gəlillər
yanımda qalmağa... Hanı o şalım? Ver, örtüb başıma, gedəcəm kəndimizə!..
...Gedə
bilmədi anam. Altdakı ili vəfat elədi.
O evə hərdən tək gedirəm. Anamın çamadandakı şalını çıxardıb qoxulayır, bir də rəngi getmiş bayrağımızı sığallayıram... İlk fürsətdə kəndimizə gedəndə bu iki əşyanı da özümlə aparmalıyam...
***
Hərəmiz
bir sənətin sahibiyik. Birimiz dükançı, birimiz fotoqraf, birimiz operator, birimiz
məşhur kulinar, birimiz müğənni... Lap böyük qardaşımız yazı-pozu adamıdı. Çoxdandı
görüşmürük. Deyirəm, gərək bu şal məsələsini yadına salam, bəlkə, bir şey
qaraladı...
Bir
də kəndimizin qaçqınlıq zamanı ölüb yad yerlərdə qalan adamlarının dərdi də
alıb məni. Onu da ona deyəcəm. Bəlkə bir şey fikirləşdik...
***
MÜƏLLİF
Şal əhvalatını təkrar dinlədim, çox duyğulandım. Oturub bu yazını yazdım.
Bir
də kəndimizin qaçqınlıq-köçkünlük dövründə vəfat edən adamlarının siyahısını çıxartmışıq.
Düşünürük ki, ailəbaşına pul yığacağıq, qəbiristanımızda bir abidə düzəltdirəcəyik,
vəfat edənlərin adlarını və şəkillərini ora yazacağıq. Budur o siyahı:
S.A.
(Söz Ardı)
Siyahıya
kimin adı düşməyibsə, xahiş edirəm, xəbər etsin, əlavə edək, ruhumuz bütövləşsin.
Bu
siyahının bir özəlliyi də odur ki, 44 günlük müharibənin şəhidinin də adı
onların içərisindədir.
Ruhları şad olsun.
Amin.
09.09.2025
Yorumlar
Yorum Gönder