AZAD QARADƏRƏLİ MƏMMƏD İSMAYIL ƏFSANƏSİ (Təklif edirəm ki, hər il 1 noyabr Məmməd İsmayıl Poeziya günü kimi qeyd olunsun.)

 

                              

                        AZAD QARADƏRƏLİ

 

                       MƏMMƏD İSMAYIL ƏFSANƏSİ

 

            (Təklif edirəm ki, hər il 1 noyabr Məmməd İsmayıl Poeziya günü kimi qeyd olunsun.)

 

 


            Həmişə düşünmüşəm ki, əsl şairlər zamanında əfsanəyə bürünənlərdir. Ya özlərinin təsirilə, ya davamçılarının düzüb qoşması ilə onların ətrafında bir tilsim, bir sehr formalaşır ki, həm şəxsiyyətləri, həm poeziyaları o sehrdən, o tilsimdən boylanıban dürlü-dürlü laflar, söyləntilər yaranmasına səbəb olarlar. Təbii ki, ilk növbədə onların yazdıqları zamanın sınağına sinə gərər, o tilsimi bir az da sehrləyib oxucusuna elə tilsimqarışıq vermiş olar. Məncə, poeziyanın bir gücü də elə o sehrdədir. Gözünü yum, ağlını işlətməyə çalış və lap sonda biləcəksən ki, o şairdən sənə qalan elə o xoş sehrdir. Yoxsa min il qabağın deyimini ha yoz ki, bir yana çıxasan...

            Homerin kor olması da, Nizaminin padşah sarayına getmədən öz kəndində söz padşahı olması da, Nəsiminin dərisinin soyulması da, Füzulinin bu gün də almalı olduğu doqquz axçası da, Musa Cəlilin faşizmə meydan oxuyan itkin misraları da, Nazimin can üstə olan kommunizmi bir ceviz ağacının Gülhanə parkındakı yapraklarına bükməsi də... Və günümüzü əfsanəsi Məmməd İsmayılın ölmədən öncə Çanaqqalanı fəth edibən türkün qəlbində ölməzlik qazanması da...

            ...Mən Məmməd İsmayılı yazıçıların Sovetin pul-parasının içində üzdüyü illərdə tanımamışam – mühacirətə gedəndən sonra yeni zamanın poçt göyərçini olan internet üzərindən tanımışam və bir-birimizə feysbuk adlı sehrli-sirli aləmdə isinişmişik. (Əslində, mən şairi çoxdan, 80-90-lardan tanıyırdım, fəqət qarşılıqlı tanışlıq o sehrli aləmə düşür.)

            Elçibəy və Rəsulzadə haqqında hekayələr kitabımı oxuyuban möhtəşəm bir ön söz yazması tanışlığımızı dostluğa çevirdi. Sonralar “Siz olmayan zamanın Məmməd İsmayılı” adlı yazım saytlarda yayımlananda çox sevinmiş və “ürəyimdən keçəni yazmısan” demişdi.

            Bu sətirlər o yazıdandır:

            “Mən Məmməd İsmayılı o qədər də dərindən tanımıram.

                Bilməyənlərə: bu yazıda iki cür anlam var: fiziki-bioloji və ruhi. İlk cümlə fiziki-bioloji mənadadır: kişi ilə bir stəkan çay içmədim, bir qısmat çörək kəsmədim, qədəh şairləri kimi stəkan toqquşdurmadım...

            Amma o sizin Məmməd İsmayıldır ki, onu siz özünüz də sonacan tanımırsınız. Sizin gördüyünüz üzdədir, sifətdədir, fizikidir, biolojidir.

            Mənim tanıdığım Məmməd İsmayılsa daha qədimdir, daha yaşlıdır, daha müdrikdir. Siz, nə yazıqlar ki, onun varlığını belə bilmirsiniz. Bilsəydiniz, vurub Uruma-Şama getməzdi ki...

            Yazıçının həyatında yerdəyişmə mühüm əlamətdir.

            Əslində, bu, zorən mühacirət idi...”

            Hə, Məmməd İsmayıl öz ətrafında hördüyü tilsimi, sehri mühacirəti ilə bir az da qalınlaşdırdı...

            Xalqın şairi ola-ola xalqından uzaq düşdü. Təbii, yalan-palan xalq şairlərindən onun bir fərqi də bu idi...

            Ərəblərdə bir məhcər ədəbiyyatı deyilən termin var. Yəni mühacirət ədəbiyyatı. Bizdə uzun müddət bu kəlməni ağıza almaq yasaq idi. Elə buna görədir ki, az qala bütün Avropanı yad dildə fəth edən romanımız “Əli və Nino”nun özü var, müəllifi yoxdur. A kişi, qorxu, xof hələ də canımızdan çıxmadığı üçün o boyda əsərə yiyə duran yoxdur. Hansısa yevreyə aid etmək istəyi də bir tilsimdir...

            O boyda Azərbaycan Himni də onun kimi. Əhməd Cavadın qanı halaldı deyib güllələyəndən az qala yüz il sonra müəlliflər artmağa başlayıb. Xalq isə elə Əhməd Cavad deyib durur...

            Məmməd İsmayıl ömrü də bir Əhməd Cavad ömrü kimidir. Nə olsun qurşunlanmayıb...

            ...Mən bir internet ststusumda yazmışdım ki, hər ilin bir gününü – şairin doğum gününü düşünmək olar – Məmməd İsmayıl Poeziya günləri kimi qeyd etmək lazımdır. Hələlik, oxucuları səviyyəsində Tovuzda, şairin kəndində, məzarı başında edək, sonrasını zaman yoluna qoyacaq...

            Bu da bir tilsimin qırılması, sehrin dağılması olar...

            Məmməd İsmayıl əfsanəsi yaranar, yanar korun-korun...

            İlk çınqısı, çırpısı bizdən, qalanını zaman yoluna qoyacaq...

 

                                                                                              30.10.2025.    

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)