AZAD QARADƏRƏLİ QURDLAMA hekayə

 

 

                            AZAD QARADƏRƏLİ

 

                                   QURDLAMA

 

                                        hekayə

 

 

                                                                                                Ağacı qurd içindən yeyər

                                                                                                                               El sözü

 


 

            “Bağı qurt basıb.”

            Bu xəbəri gətirən uzun boyuna heç uyuşmayan cücə gözlərini ovuşdura-ovuşdura kəndin ortasındakı peyinnikdə siqaret tüstülədən Kərə Qasım idi. (Onun bu Kərə ləqəbinin də qəribə tarixi var ki, yeri gələndə deyəcəm sizə.)

            Qasım Mığlar kəndinin aqronumudur. Amma bu təhər-tühərsiz adama heç kim aqronom kimi baxmırdı. Ondan ki, pulun darayit oxuduğu vaxtlarda (Qasımgilin kəndlərinin heç bir kitaba düşməyən, qatı açılmayan sözləri var ki, onları da yeri gəldikcə xırıd edəciyəm burda) əmisi onu Ağdamda Kənd Təsərrüfatı texnikumunun qiyabi şöbəsinə beşcə yüz rubla düzəlmişdi, ildə iki dəfə gedib pulunu verir, qiymətini alır, gəlirdi. Belə-belə Qasım bir gün oldu Mığların aqronomu.

            Kəndin arvadları da, kişiləri də Qasımın dediyinin tərsini eləyirdilər. Gəlib kümdə ipək qurduna baxanda “ay uşax, küm çox istidi, qapı-bacanı açın” deməyi ilə qapı-bacanı basırdılar. Yaxud üzümün dibini belləyəndə “a bala, bu nə təhər ketmən vırmaxdı, bını bir az dərin eliyin” deyəndə, ketməni lap üzdən vururdular.

            Deyim ki, bunun bəhrəsini də görmüşdülər. Elə Qasımın özcə xalası əlini ağzına tutub xısın-xısın gülüb, qız-gəlinə demişdi:”Ağız, bizim Qasım oxumeyib ha, pulnan-pareynən verib imtahanı. Ona görə, Qasım desə şeşdi, siz eşidin, amma beş eliyin. Onun Ağdamda texnikomda ucunnan-qulağınnan eşitdiyləri də yalan-yançaxdı...”

            İndi təzə xəbərə də camaat ağzını büzdü:

            -Pəh! İrəhməttiyin oğlu, biz qurdumuza hazır yarpağı yedizdirə bilmiriy, bı deyir, bağı qurd basıb... Yox bir, qurddar ağaca çıxıb yarpağı orda yeyəjəy, baramanı orda sarıyajay! Haha! Gör sözdü, sən allah!

            İki gün Qasım özünü sürtdü yerə ki, ay kişilər, qurd bağ-bağatı basıb, inanan olmadı. Üç ötüb dörd deyən günü Qasımın dediyi o qurdlar gəlib camaatın həyət-bacasındakı ağac-uğacın yarpaqlarına daraşdı: ye ki, yeyəssən! Özü də təkcə tut ağacının yarpağına daraşmamışdlar ki! Alma, armud, xırnik, üzüm, gilas, gilənar, a kişi zoğal kimi adamı dalayan yarpağı belə yeyib bitirdilər... Küncdə-bucaqda kölgəlik akasiyaların da yarpağına daraşdılar. Yaşıl nə gördülər, öküz qırmızıya cuman kimi cumdular.

            Onda adamlar əl-ayağa düşdülər, Kərə Qasıma nəinki inandılar, hətta kəsdilər üstünü ki, dərdin xəbərini gətirmisən, dərmanını da de. Qasım bir yerə baxdı, bir göyə baxdı, dedi, gedin köhnə kolxoz vaxtı ağranom işdəyən Meharlı kişinin qapısına, əlac eləsə, o eləyəjək.

            Mehralı qocalmışdı qocalmağına, amma dizidirəkli idi, səsi hələ bərk çıxırdı. Əlini gözünə günlük eləyib bir Qasıma baxdı, bir ağacda yarpaqları kəmali-səliqə ilə yeyib bitirən qurdlara baxdı, dedi:

            -Bı kəndin adı Mığlardı, yəni mığmığadan əmələ gələnnər... Mığmığa da nədi, qutdu, quşdu, ditdili-mitdilidi... Bınnarın kökün kəssə, B-52 kəsəjək. Savetin qan-qan deyən vaxtlarında üzümə vırerdılar ha, bax həmən B-52! Gedin, irayon mərkəzinə, on kisə alın, gətirin fısqırdın bınnarın üstünə. İki günəcən it kimi qırılmasalar, it olub hürərəm...

 

                                                           ***

 

            Kərə Qasım kənddə köhnə kolxozun yerində qurulan Mexanikləşdirilmiş QN (camaat buna eləcənə QAN şirkəti deyirdi) şirkətinin işçisi kimi rayon mərkəzindən bir maşın dərman alıb gətirdi, xüsusi geyim geydi əyninə, başladı kəndin bağ-bağatını dərmanlamağa...

            Qasımın xalası Güləsər arvad demişkən, çi fayidə, ağacları yeyib evlərə soxulan bu qurd-quşun heç burnu da qanamadı. Hirsindən əl-ayağı əsən Qasım gedib kəsdi Mehralı kişinin qapısın, dedi, a kişi, heş saqqalınnan utanmersanmı?! Bı nə işdi başımıza açersən? Qurt azalmadı ki, artdı. İndi yarpax-yurpağı yeyif, evlərə yol alıf! İndi nəğayrax?! (Sonra üzünü yana tutub “hələ demişdin it kimi hüreyissən, onu demirəm heş...)

            Mehralı bir yerə baxdı, bir göyə baxdı, dedi, ayə, yaqin o B-52 Sovetin vaxtınnan qalandı, vaxtı keçib, Sovet kimi o da ölübmüş, təsiri olmeyib. Gedin qonşu irayona, bəlkə onnarın bazasında təzəsi var?

            Qonşu rayona gedən gələnəcən kəndin bağ-bağatını yeyib bitirən qurdlar indi həyət-bacadakı kol-kosun yarpaqlarına, ot-əncərə darışmışdı.

            Qasım peyinlikdə iri bir daşın üstündə oturaraq dünən köşkdən aldığı qəzetin axır səhifəsindəki iri yazını ucadan oxuyanda başına xeyli adam cəm oldu.

            -...”bu qurtlar Amerika kəpənəyinin bizə havaynan gələn formasıdır... dır... Bı kəpənəklər hara yumurta qoysalar balaca isti havada o yumurtadan qurtdar, yox e, qurtlar çıxıb daraşır ağaclara... lara... a... Əgər təcili tədbirlər görrrülməzzzsə, ekos... eoksistemə ciddi ziyan dəyə bil... bilər...”

            -Ə, Kərə Qasım, deyirsən, yanı bı kəpənək Amerikadan gəlib? – Dızıx Qəzənfər əlini əlinə vurub uğunub getdi.

            Qasım yerindən qalxıb qəzeti bükdü, soxdu qoltuq cibinə, yeridi Qəzənfərin üstünə:

            -Ə, mənim haram kərədi, ə, ay Dızıx Qəzənfər?! Sənin qardaşın oturub icrada, camaatın var-yoxunu eyzən bu qurtdar kimi basıb yeyir! O kərə olmadı, mən oldum, hay!

            Qəzənfər (qarnı yekə olduğuna görə Dızıx ayaması qoşmuşdular adına) gülməyini saxlayıb qışqıra-qışqıra dedi:

            -Ə, ə, sənin qabağıı Qannı yoxuşda kəsib müçüyüu kəsib kərə qoymamışdılar?! Ona görə adın Kərə Qasımdı dayna! Yoxsa saa ağronom Qasım deyəjiyik, hay! O ki qaldı icrada oturana, onun qadası sənin ürəyiıa! Ə, sən hələ bilmersən ki, neçə ildi kimin çörəyin yeyirsən, ay yazıx!? O QAN dedikləri elə mənim qardaşımın Bakıda vəzifədə olan qaynatasının şirkətidi, inşallah böyünnən ağronomlux görəndə zırt görərsən!

            (Bilmirəm, doğrudumu, yalandımı, bu kənd-kəsəkdə bir adət varmış. İlin bir günü kəndin cavanları yığışar, gecəynən qonşu kəndin mal-davarına, at ilxısına hücum edərlər. Kim nə qənimət aparsa, halalıdır. Yəni ataları, vaxtilə yaylaqlarda at oğrusu olduğu üçün bunlar da gendən gələn vüsətlə ilin o məşhur günündə qaranlıq gecədə qonşu malına tamah salardılar. Orası da qəribə idi ki, bu barədə nə polisə, nə hər hansı bir idarəyə şikayət olunmazdı. Ondan ki, həmin kəndin cavanları da ayrı bir gecədə eyni üsulla Mığların naxırına, qoyun sürüsünə, at ilxısına saldırardılar.

            Bax, belə hücumların birində aqronom Qasım qonşu kənddə gözaltı elədiyi qızgilin qapısına getmiş, güdmüş, qız çölə çıxanda əl atıb ağzını tutmuş, çəkmişdi atın tərkinə. Gülməli də olsa, danışırdılar ki, qız elə Qasımın tərkindəcə əl atıb onun atının yəhərinin yançağına taxılı qəməsini çəkmiş, Qasımın daldan müçüyünə sancmışdı. Qasım “vay dədə vay” qışqıranda qız qulağına pıçıldamışdı: “Kiri ə, üzdən kəsmişəm! Bını eləməseydim, dədəm səhər sizin qapıya hüjuma gələjəhdi. İndi sür atı, get, kənddə yay ki, qızın adamlarıyla savaşdın, yaralandın, amma qızı qaçıra bildin... Onsuz da bu gejə kim nə apardıysa, anasının südü kimi halalıdı...

            Elə o, bu: Qasımın adı qalıb Kərə Qasım.)

            Peyinniyə bir gülüşmə düşdü, bir gülüşmə düşdü, dedim, bu saat kənd bura töküləcək.

            -Ə, sənin ... qız yerinə....

            Qasım ağzını açıb elə bir pis söyüş söydü ki, mən mənniyimimlə onu bura yazsam, qələmim qara geyər. O söyüş, Güləsər arvad demişkən, çox biədəb söyüşdü, hələ lap beyrağbət idi ki vardı! Mən də axı müəlliməm, bu kəndə iki ildir müəllim işləməyə gəlmişəm. Əvvəl-əvvəl istədim bir il sonra qaçam gedəm, amma buranın bəlağətli sözləri kəsdi qabağımı, saxladı məni. “Yığ, topla bizi” dedi. Mən də tətil zamanı Bakıya gedəndə yuxarıda eşitdiyiniz qatı açılmamış sözlərdən bir düjün yazdım şagird dəftərinə, apardım Akademiyaya, Dilçilik İnstitutundakı alimlərə göstərdim. Baxdılar, ağızları açıla qaldı. Dedilər, bunları yığ, topla, gəl, təhər-röhrünü başa salaq, elmi iş yaz, müdafiə elə. Mən də həvəsə gəldim, daha qaçmadım kənddən. Hətta bunların o gecə həmlələrini də qələmə almışam. Yaman bəyəniblər orda. Dedilər, bu bizim milli kimliyimizdir, mənəvi pasportumuzdur...

            Fikir məni aparıb, bir də baxdım ki, Dızıx Qəzənfər əlini qoydu biədəb yerinə, bir ağır söyüş də bu əndərdi. (Bir şair var, Rasim Qaraca adında, belə-belə söyüşləri yığıb-yığışdırıb kitab bağlayıb. Hardansa məni də axtarıb tapmışdı, xahiş elədi ki, o yağlı söyüşlərdən yazım, ona göndərim. Bir xeylisin göndərmişəm feysbuk üzərindən. Qasımla Qəzənfərin bu günkü söyüşləri, lap o şair demişkən, arqo deyimdir. Gərək bunları da yazam. Mütləq!)

            -Ə, a Kərə, a sənin ... ! Ə, mənim qohumumun var-dövlətinə göz qoymaq saamı qalıb?! Bacarana baş qurban! Bax, allahın o qurdları da basıb bağ-bağatın yarpağın yeyir! Ə, a mığmığadan əmələ gələn, a qurddanquş oğraş, mən kolxoz sədri olanda əminə beş yüz manıt borc verməseydim, sən texnikomamı girəjeydin?! Texnikom görüncən, bax, mını görərdin! (Yenə əlini apardı, ayıb olmasın, biədəb yerinin üstünə qoydu – kənd müəlliminin qeydi.) Ə, sən mənim o pulumun hesabına ağronomsan e!

            -O pul sənin dəyildi, ay Dızıx! O pul elindi, xalqındı, millətindi! Qurd kimi daraşmısıız millətin canına! Allah köküuzu kəssin!

            Daha dözəmmədim. İrəli yeriyib dedim:

            -Ay camaat! Ay kişilər! Bir əl saxlıyın, ağzııza gələni danışmışyın, uşax-böyüy var! O ki qaldı, kəndinizin adı Mığlara, bu sizin başa düşdüyünüz kimi mığmığa-zad deyil, Mığlar, yaxud Muğlar qədim türk tayfalarının adı olub vaxtilə. Muğan da ordandı, Mığrı da, kəndin ayağındakı Muğadəm düzü də...

            Bu vaxt Güləsər arvad şığıdı peyinniyə, bağıra-bağıra dedi:

            -A dədəız bıramı yesin (ayıb olmasın, arvad əlini paçasının arasına soxdu – kənd müəlliminin qeydi), bırda ağzıızı boş qoyub danışersıız, qurddar ağaşdarı lütdüyənnən sohra basdı kümlərə, ipəy qurduynan köpəy qurdu qarışdı bir-birinə!..

            Bircə anda peyinnik boşaldı.

 

                        ***

 

            O ili Mığlarda barama olmadı. Heç meyvə də. Kəndin bağ-bağatının nəinki meyvə ağacları, kölgəliklər belə qurudu. O ili kəhrizlərin, bulaqların suyu azaldı, kəndin qabağından axan çay da sızqa arxa dönüşdü... Kərə Qasımın məqalədən oxuduğu kimi ekosistem ciddi ziyan gördü...

            Yalan-gerçək, danışırdılar ki, pendir motalları, yağ cürdəkləri, hətta un tayları da qurtlamışdı o ili.

            Çobanlar xəbər gətirmişdilər ki, dağda qara da qurd düşübmüş...

 

                                                                                                                        04.10.2025.

           

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)