AZAD QARADƏRƏLİ GENERALIN ATI hekayə General Məhəmməd Əsədovun xatirəsinə
AZAD QARADƏRƏLİ
GENERALIN
ATI
hekayə
General Məhəmməd Əsədovun
xatirəsinə
- Duuu! Çər səni öldürsün!
Ana tərs-tərs oğlunu süzdü
və sonra da acıladı:
- Sənə neçə dəfə deyiblər
ki, o ata yük yükləmə!
Yaşı əllini keçsə də
anasının bir sözünü iki eləməyən oğlu deyindi:
- İki səbət üzüm nə vaxtdan
yük olub axı?!
Sonra da özü-özü ilə
danışırmış kimi səbətləri çox çətinliklə atın belindən ala-ala dedi:
- Ay üzüm var ha!
Ananın içindən soyuq bir
gizilti keçdi. Dizləri əsdi, üşütmə tutdu onu:
- Allah sən saxla! Mən də
yuxumda üzüm görmüşəm. Üzüm göz yaşıdı… Bu millətə day göz yaşı qismət eləmə,
mənim o yaranal balamı da öz şahpərinlə qoru, ey göylər şahı, yerin ləngəri,
ərşin sütünü!
Yaşı yüzü haxlasa da hələ
həkim-dərman görməyən ana birdəncə üşütməyə ürcah oldu və özünü sürüyüb
birtəhər saldı içəri.
Gecə ağbilək iki dəfə
zəngildədi. Qonşu Abbasın evi tərəfdən elə çöldəcə axurda ot gəvələyən Kəhər də
bir-iki dəfə kişnədi. Ana axşamdan tutulduğu uçunma-üşütmə azarından canını
qurtara bilməsə də huşu başındaydı. Oğlunu səslədi:
- Ədə, ay oğul! O Ağbilək
bərk zəngildəyir… Nənəsi ölmüşün atı da yeri-göyü havxırır… Çıx çölə bir…
Həyət-bacada qurd-quş olar…
Bərk yorğun idi. Ot
biçmişdi, odun yığmışdı, bağı suvarmışdı, iki səbət keçiəmcəyi üzüm yığıb
çətinliklə olsa da Kəhərə yükləyib evə gətirmişdi. Sonra da mal-davarı
yerinə-yurduna yığmaqda arvad-uşağa kömək eləmişdi. Kəhəri qaşovlamışdı…
Kəhər dedim… Hə, bu at
gələli onun işi birə-beş artmışdı. Atı böyük qulluqda olan general qardaşı
gətirmişdi. «Qarabağ cinsidi bu. Çaykəndi erməni quldurlarından təmizləyəndən
sonra at minmək keçdi könlümdən… Ağdamdan almışam bunu… Mən hər dəfə gələndə Şıxılcan düzündə
minib çapacam bunu… Nəbadə üstünə yük-zad yükləyəsiniz ha! Bu yük atı deyil,
minik atıdı! Allah qoysa, Şuşada qələbə
paradını bu atın üstündə qəbul edəcəm!» Belə deyib getmişdi…
Əvvəl-əvvəl at onu yanına
buraxmadı. Elə yedəyində aparıb hörüyünü dəyişdirər, suvarar, sonra da axşamlar
gətirib bağlardı axuruna…
Amma sonra özünü saxlaya
bilmədi: «Əşşi, neynim e, general atıdı! Mən də öz evimin generalıyam də!
Minəcəm, vallah! Baharlı olasan, at
minməyəsən?! Minəcəm!»
Mindi, amma çox çətinliklə.
İş ondaydı ki, atı minmək bir zülm idisə, düşmək də bir zülm idi. Adamın
ayaqlarını qapırdı, gəmirirdi…
Belə-belə at ona, o da ata
öyrəşdi. Axırda belinə az-az yük də yüklədi.
At yenə bir ağız kişnədi.
Ana bu dəfə ləp şivən qopardı:
- Ay namərd uşağı, bir eşiyə
çıxın, dayna! Döşümün giləsi yanır, bu partlamış ürəyim də çıxır ağzımdan! O at
qapı-bacanı dağıdar axı!
Durub paltarını geyindi,
eşiyə çıxdı. At qabağındakı ota dilini də vurmamışdı. Özü də o qədər
dartınmışdı ki, axuru söküb dağıtmışdı.
Ağbilək onu görən kimi üzünü
Qənimətin evinə tərəf tutub üç dəfə
uladı. Bu dəfə axır ki, kişiyə də isti keçdi. Başında papağının
qalxdığını da hiss etdi. Tükləri elə qalxmışdı ki, papağı da özüylə
qaldırmışdı.
Əlini göyə uzadıb salavat
çevirdi, sonra dua oxudu:
- La ilahə illəllah! Əş ədü
ənnə əliyyən vəliyyullah! Əş ədu ənnə Məhəmmədin rəsulallah!
General qardaşının Kəhəri
gətirdiyi gün yadına düşdü. Atın axurunu düzəldə-düzəldə həmin anları bir də
yaşadı.
Onda prokuror dostuyla
gəlmişdi. Atı özü qaşovladı, sonra yəhərləyib mindi və üzünü dostuna tutdu:
- İsmət, qoy bir az bunu
gəzdirim, sonra sənə bir maraqlı əhvalat danışacam!
Atı yastanda bir qədər
sürdü, sonra qayıdıb gəldi. Ayağını üzəngiyə qoymadan atılıb yerə düşdü və
sonra dedi:
- Bir gün Qaçaq Nəbiyə xəbər
verirlər ki, Bartaz kəndində bir at var, bir at var, daha nə deyim! Nəbi ola,
at ola, qoyardımı onu orada qala?! Gecəynən özünün ən yaxşı atlarından birini
minir, gəlib bax bizim Baharlının yanından keçir, Bəsit çayını adlayıb gedir
Bartaza. Atını düz sürür at sahibinin
qapısına və deyir: «Allah qonağı istəməzsənmi?!» O zaman da qonaqdan soruşmazdılar ki, kimsən,
nəçisən, hardan gəlib-hara gedirsən?.. Ay, İsmət, baxma e, mənim bu qardaşıma,
hər dəfə sən bizə gələndə soruşur ki, nə vaxt gedəcəksiniz! Ha-haha!
Elə şaqqanaq çəkib güldü ki,
qonağı da, bir az pərttəhər olmuş qardaşı da qoşuldular ona!.. Bərk zarafatçıl
idi, amma hərdən sözünü zarafatla deməyi də vardı…
«Hə, Nəbi əyləşir yuxarı
başda. Ev sahibi də başlayır tədarük görməyə. Kəsdiyi öyəcin ətini şişlərə
taxa-taxa arvadına qayıdır ki, süfrəni urvatlı elə, qonaqdan gözüm su içmir, bı
ya Nəbidi, ya da allahın bəlasıdı… Hər nədisə, allahına bəndəlik eləyən adam deyil… Xüləsey kəlam, süfrəni
kasıb eləmə!»
Süfrədə can dərmanı desən
varmış! Həə, Nəbi bir sağa baxır, bir sola, nə ətə, nə çörəyə əl vurmur,
dalbadal beş-altı yumurtanı duza batırmadan soyub qoyur ağzına. Sonra da
gülə-gülə qayıdır ki, biri birin göndərib bazara, deyir get can al gətir, can
olmasa, yarımcan al gətir, yarımcan olmasa, zağnabıd al gətir, zağnabıd da
olsama, zəhrimar al gətir! Can - ətdi, yarımcan - yumurtadı, zağnabıt - qatıqdı,
zəhrimar da ki ayrandı! Qardaş, mənimki
yarımcandı!
Ev sahibinin gözündən
Nəbinin yumurtanı düzsüz yeməyi qaçmamışdı! Ona görə öz-özünə deyir: «Bu
kişinin məqsədi nədisə, duzumu dadmadı, çörəyimi də kəsmədi… Allah saxlasın
bundan sonrasını…»
General gur saçlarını
tumarlayıb əlini prokuror dostunun çiyninə qoydu:
- İsmət! Sən bir
adət-ənənəyə bax e! Yumurtanı duzsuz yedi ki, atını aparacağı kişinin
duz-çörəyini sındırmasın! Ə, bəs bu çörək itirən ermənilər bizim duz-çörəyi
niyə tapdalayırlar ə? Vallah, o duz-çörək kəsəcək onları!
Sonra dərindən ah çəkib
söhbətinə davam etdi:
- Həəə, Nəbi gecəynən atını
bağlayıb kişinin atının yerinə, Boz atı minib
«asta qaçana tanrı qənim olsun!» deyib, çıxıb gedir… Həə, mənim
rəhmətlik atamın da adı Nəbiydi, özü də bərk at azarkeşiydi… At həvəskarı olmaq
mənə ondan keçib!
Yuxarı balkondakı açıq
pəncərədən «Boz at, səni sər tövlədə bəsələrəm» mahnısının sədaları ətrafa
yayıldı. General, qardaşı oğlunun həmin kaseti əmisinin sevdiyini bildiyi üçün
oxutduğunu anladı və gülümsündü…
… Qayıdıb içəri girəndə
oğul-uşağın televizor başına yığışdığını gördü. Əvvəl istədi keçib yerinə
uzana, amma eşitdiyi son cümlələr onu
yerə mıxladı:
-… vurulmuş vertolyotun
içində…
General qardaşının və
onun dostunun adını da oxudular…
… Bütün rayon camaatı, hətta
qonşu rayonların da baştərpəndənləri onların kəndinə yığılmışdılar. Əslində
yasa gələnlər onların həyətinə gəlməliydilər, amma həyətləri bu boyda adamı
tutmazdı axı! Ona görə də bütün Baharlı kəndi yas yeri olmuşdu.
Anasının qara kəlağayısını
kəndin girəcəyindəki tut ağacına bayraq əvəzi bənd eləmişdilər. Bütün kənd,
bütün izdiham yas içindəydi…
… Kəhər axşamdan bağlandığı yerdə idi. Gözlərinin
bulağından axan yaş bütün sifətini basmışdı. Üzünü göylərə tutub kişnəmək,
kişnəmək istəyirdi, amma səsi çıxmırdı…
Diqqətlə baxan olsaydı, atın
gözlərinin qan çanağına döndüyünü görmüş olardı… bütün ölkə kimi… qan çanağına…
1999-cu
il.

Yorumlar
Yorum Gönder