AZAD QARADƏRƏLİ MANASIN DASTANI, TÜRKÜN BOSTANI (Qırğız xalqının əzəmətli dastanı “Manas” haqqında qeydlər)
AZAD QARADƏRƏLİ
MANASIN
DASTANI, TÜRKÜN BOSTANI
(Qırğız xalqının əzəmətli dastanı “Manas”
haqqında qeydlər)
"Lap qədim əyyamlarda - karvan dövründə,
kəmərini çıxarmadan at üstündə quş yuxusu yatan ərlər zamanında ac aslanlara bənzəyən
sifətilə düşmənə dov gələn, bayrağı göy üzündə dalğalanan, şöhrəti aləmə
yayılan, başından ağ qalpağı çıxmayan, atı kişnəyən, coşquyla yaşayan qırğız
deyilən çox əski bir millət vardı." "Manas" belə başlayır.
Min
illik yaşı olan bu nəhəng abidə, əsasən qırğız eposu sayılsa da, əslində
ümumtürk dastanıdır. YUNESKO-nun qərarı
ilə 1995-ci ildə dastanın 1000 illiyi qeyd olunub. 9-10-cu əsrlərdə meydana gələn
eposun qəhrəmanı Manasın qırğız igidi Ajo ilə səsləşməsi maraq doğurur. (Zənnimcə,
bu ilk qaynaqlarda Azo olmuşdur.) Əksər Manasçıların söyləməsində adı keçdiyindən
Ajonu dastanın baş qəhrəmanının prototipi, tarixi şəxsiyyət hesab etmək olar.
Başqa “Manas”şünaslarla yanaşı Azərbaycan şairi və “Manas” tədqiqatçısı Adil Cəmil
də bu fikri dəstəkləyir.
Eposu
ilk dəfə yazıya alan və parçalar nəşr etdirən görkəmli qazax ziyalısı Çokan Vəlixanov
(1835-1865) olmuşdur. Daha sonra böyük rus şərqşünası V.V.Radlov eposu yazıya
almış, rus dilinə çevirərək nəşr etdirmişdir. Bu yazıda Adil Cəmilin (nəsrlə) və
V.V.Radlovun (nəzmlə) tərcümə etdiyi mətnlərə istinad olunmuşdur.
Dastançı
söyləyir ki, Çakır və Çiyirçiyin övladı yoxdur. Ata Çakır Tanrıya yalvarır ki,
ona bir övlad payı versin. Yeni doğulan oğlan uşağına Manas adı verirlər.
Atasının təyin etdiyi baxıcılar və təlimçilər Manası bir igid kimi böyüdürlər.
Manas dəliqanlı bir igid olur və Kaşqarda özünü pis aparan çinliləri oradan qovur:
Kaşgardaki
çinliyi çıkardı sürdü Turfana,
Turfandaki
çinliyi Aksuya dogru püskürttü.
Bizim
dastanlardakı kimi “Manas”da da ətrafdakı igidlər Manasın başına yığışır.
Onlardan biri də böhtana tuş gələn Almabertdir. O, Manasın yanına gələrkən ilk
anda döyüşmək istəyir. Amma qum üzərindəki ayaq izlərindən bilir ki, Manasın
izi onunkindən böyükdür və beləcə Mabasın tərəfinə keçir. Və bu zaman daha bir
möcüzə üzə çıxır: demiyəsən, Manasla Almabert süd qardaşı imişlər! Almabertin
yaşlı anası Manasa süd verərkən qurumuş döşlərinə süd gəlibmiş və Manası əmizdirmişdir!
Bizim
dastan və nağıllarımızdakı kimi Manasın da ətrafında qırx igid vardır ki, bu da
öz kökünü şamanizmdən alır.
Manasın
Kadegeylə evlənməsi də manasçılar tərəfindən cürbəcür şəkildə söylənir. Ay
Kadıgey bir tacik qızıymış, ay onun nəsli bilməm hardanmış... Halbuki dastanda
Manasın döyüşdüyü qüvvələrdən biri də taciklərdir...
Kozkaman
ve Kokçokoz birləşib Manası zəhərləyirlər. Burada orta əsrlərdə Guzlarla
Komanların qırğızlarla torpaq davasına da işarə olmamış deyil.
Manas
dastanda üç dəfə ölür. Amma ikisində onu dirildə bilirlər. Bu da şamanizmdən gələn
ölümə qarşı çarənin aranmasına işarədir. Fəqət üçüncüdə onun ölümünün geri
dönüşü yoxdur. Bundan sonra onun oğlanlarının dastanı başlayır...
Eposda
xalqın milli azadlıq mübarizəsi dastançı dili ilə verilir:
Oo, balam, uruqun kırqız-türk-dep, -
Ökmöt kılqan bababız,
Kıtaydın jurtun sürüp-dep, -
Ayrılqanbız el-jurttan...
(Oy balam, - dedi – uruğun qırğız-türk
Dövlət quran babamız
Kitayın yurdun dağıtdı.
Ayrıldıq biz el-yurddan...)
Dastançı
ayrı-ayrı türk uruqlarını – qazax, qırğız, özbək və s. göstərsə də, xalq kimi
türk birliyini heç unutmur.
Qazax, qırğız, kataqan
Gəlirik bir atadan.
Atamızın sözü var,
Özübək də burda var...
(Qazax, qırğız, kataqan
Gəlirik bir atadan.
Atamızın sözü var,
Özübək də burda var).
Dastanda
qəribə bir deyimə rast gəldim: “Bir belini sıka bilsəm”. Yaxşısı budur, həmin
yeri Türkiyə türkcəsində təqdim edim:
Ey Hüda Taala bana yar olsun!
Çıyırçiyin karnında
bir oglan vücut bulsun!
Bir belini slkabilsem!
Çıyırçıya
bir erkek
çocuk dogurtabilsem!
Yaxşı
yadımdadır, kəndimizdə oğlu olmayan qadınların bellərini çəkərdilər ki, oğlan
doğsunlar. Bu qədim türk gələnəyinin izlərini “Manas”da görəndə heç təəccüblənmədim.
Axı qədim türk dədələrimizin bu ümumi abidəsi yarananda hələ dillərimiz də bu qədər
fərqli inkişaf mərhələsi keçməmişdi!
Dastanda
qırmızı xətlə keçən bu misralar Manasın və onun igidlərinin azadlıq mübarizəsindən
xəbər verir:
Qırmızı
saplı baltanı
Qırılsa kim birləşdirər?
Darmadağın
olan xalqı
Dağılsa
kim birləşdirər?
Bu
gün qırılmış təsbeh kimi dünyaya səpələnmiş türk xalqlarının bir amal və bir
ideya ətrafında birləşməsi real görünməsə də (tarixən Turan birliyi arzusu hələ
də bəzi fanatiklərin ürəyində qövr etmədədir, nə yazıq ki, gün-gündən hara
getdiyi bəlli olmayan dünyamızda bu, real görünmür), türk xalqlarının, müstəqil
türk dövlətlərinin yaxınlaşması, hətta macarlar kimi türklüyü yalnız bəzi sözlərdə
qalan xalqların belə türk birliyinə can atması özlüyündə yaxşı haldır. Bu yerdə
“Manas”ın qəhrəmanı və onun igidlərinin mübarizəsi yada düşür. Bəzən miflər
reallığa çevrilə bilir. Kim deyərdi ki, SSRİ kimi bir faşist diktaturasının
caynağından qopan qırğızlar və Qırğızıstan müstəqil dövlət olacaq?!
Amma
qırğızlar Manasıyla, Azərbaycan türkləri Dədəm Qorqudu ilə qol-qola müstəqil,
bağımsız dövlət qurdular.
“Manas”
qırğızların ən böyük sənət abidəsidir. Onu manasçılar bu gün də söyləyirlər.
Bir
vacib məsələ də var: “Manas” həcm etibarı ilə dünyanın ən uzun dastanıdır.
Qırğızıstanda
Manas Universiteti var.
1995-ci
ildə YUNESKO-nun xətti ilə “Manas”ın 1000 illiyi qeyd edilib.
Böyük
Çingiz Aymatov təsadüfən demirdi ki, “Manas” qırğız xalqının sinonimidir.
19.11.2025

Yorumlar
Yorum Gönder