AZAD QARADƏRƏLİ AĞDAMA SƏFƏR
AZAD QARADƏRƏLİ
AĞDAMA SƏFƏR
1976-cı ilin payızı idi. Zəngilanın
Sobu adlı kəndinə müəllim işləməyə göndərilmişdim. Dağlar qoynunda yerləşən bu
kəndə bizim Qaradərədən azı 8-9 kilometr məsafə vardı. At almaqdan başqa yol
yox idi. At aldım, amma yəhəri yox idi. Bütün rayonu gəzsəm də, tapılmadı. Hamı
məsləhət gördü ki, Ağdama gedim. Orada "ilan başı" da taparsan dedilər.
Necə getmək
barədə düşünürdüm ki, qonşumuz dəyirmançı Hüseynqulu dayının yeni dəyirman daşı
üçün Ağdama getməyə hazırlaşdığı xəbəri gəldi. Kolxozun yük maşınına məni də
götürdülər. Yolda Hüseynqulu dayı dedi ki, bazarda ehtiyatlı ol, pulunu cibindən
çəkərlər...
Bir dəllalın
köməyi ilə bazarın aşağı başında yəhər-yüyən ustasını tapdım. Yaşlı adam olsa
da, gözləri alışıb yanan kişi bığlarını sığallayıb hardan gəldiyimi soruşdu.
"Zəngilan" sözünü eşidən kimi "əmioğluyuq ki" deyib yəhərləri
bir-bir göstərdi. Birinin üstündə dayanıb "bax, bu ingilis yəhəridi, sən də
müəllimsən, gərək heyvərə yəhərdə oturmayasan... onca manat bu birilərdən
artıqdı".
Gərək
ki, qırx manata yəhəri aldım. Sonra kişiyə" "əmioğluluğumuzun" sirri
barədə sual verdim. Gülüb dedi ki, sizdə Alıbəyli kəndi var, bax onlar burdan
getmədilər... Bizim kəndin də adı Alıbəylidi...
Bu vaxt bir nəfər kişiyə yanaşıb "dayı, müştərimizə
cücəli toyux lazım olmaz ki" deyəndə, ağsaqqal acıqlandı ona: "Müəllim
babadı, nə toyuq istəyir, nə də cücəsini".
"Həyətimiz
doludu toyux-cücəynən" deyəndə kişinin başına yığışanlar gülüşdülər...
Niyə
güldülər axı?.. Anlamadım.
Maşınla
axşam üstü evə qayıdanda əhvalatı Hüseynqulu dayıya danışdım. Sürücü də,
Hüseynqulu dayı da əllərini əllərinə vurub qəhqəhə ilə güldülər - eynən Ağdam
bazarındakı sərracın ətrafındakılar kimi...
Pərt
halda onlara baxanda Hüseynqulu kişi:"Saa tapança, patron satmaq istəyirmişlər..."
deyib yenə güldü...
Bu barədə
hansısa yazımda yazmışam. O biri rayonların işğalı ilə yenə pis-yaxşı barışmaq
olurdu, amma Sovetin gur-gur guruldayan vaxtında "cücəli toyuq" satan
Ağdam camaatının erməniyə boyun əyməsini heç cür özümə sığışdıra bilmirdim...
(Əslində onlara!)
Bir
ağdamlı kimi... eeeee... bir də hə də, Ağdam bazarındakı sərrac demişdi axı biz
əmioğluyuq, demək götürəndə elə mən də ağdamlıyam... hə, bir ağdamlı kimi bu
gün çox sevinirəm, lap çox! Zəngilana, Qaradərəyə gedən kimi bir at alacam! Yəhər
üçün isə yəqin ki, Ağdam bazarına getməli olacam...
“Əmioğlu,
sizdə bir qoca yazıçıya satmağa yəhər tapılar? Amma sən canın, cücəli
toyuğu-zadı oyna elə, day dava bitib, allah qoysa...”
("Məndən sonra" memuarından)

Yorumlar
Yorum Gönder