AZAD QARADƏRƏLİ BABAMIN, NƏNƏMİN ƏLİFBA İSLAHATI (əlifbamız və milli kimlik məsələləri)

 

                     AZAD QARADƏRƏLİ

                 BABAMIN, NƏNƏMİN ƏLİFBA İSLAHATI

                    (Əlifbamız və milli kimlik məsələləri) 



            ...Ana babam Məmmədqulu qol çəkəndə “məmi” yzardı və məni gülmək tutardı; deyərdim ki, ay dədə, “tət” yazmısan (kiril əlifbasında “m” kiçik “t” işarəsini bildirirdi, babamın 30-cu illərdə öyrəndiyi latın əlifbasında isə “em” səsini bildirir), sonra da bu nədi birin üstünə nöqtə qoymusan? Nənəm İzafə də “izafe” yazardı və onların bu qəribə hərflərinə uşaq ağlımla doyunca gülər, səhvlərini tutardım öz aləmimdə... (Demək, zaman 60-70-ci illər idi və biz indiki əlifba ilə deyil, rusların işlətdiyi kiril əlifbası ilə yazıb-oxuyardıq. Babamla nənəm də qol çəkəndə məhz ayrı hərflərlə yazardılar. Sonralar ali məktəbdə oxuyanda bildim bunun səbəbini.)

            Nə bilim ki, nənəmin, babamın vaxtilə “öz əlifbaları” olmuş, zalım Sovet höküməti bu əlifbaları dönə-dönə dəyişməklə yazıqların zehnini qarışdırmışdı.

            Ən dəhşətlisi isə o idi ki, əlifba dəyişəndə nənəmin rəhmətlik atası Səfərin adı Cəfər kimi yazılmışdı. Bu “S” – “C” dəyişimi Baharlı elinin böyük bir nəslinin övladı olan Səfər kişinin adının nənəmin pasportunda yad bir adla – Cəfərlə əvəzlənməsinə gətirib çıxartmışdı. Hər dəfə bu yadına düşəndə nənəmi od götürürdü:”Səni allah, gör bu da sözdü? Cəfər!.. Onu yazanın dədəsinin göruna...!”

            “SOBES” dedikləri bir təşkilat vardı ki, pensiya işinə baxardı və onlar babamın, nənəmin başına oyun açırdılar – gah babama, nənəmə pensiya kəsərdilər (yadımdadır, ilk aldıqları pensiya 12 manat idi), gah da pensiyanı dayandırardılar ki, bəs yaşınızı o vaxt çox yazdırmısınız...

            Həmin bu “SOBES”-dəki məsul işçinin də adı Cəfər idi və nənəm elə bilirdi ki, bu ad məsələlərinə də Cəfər  baxır. Nənəmə görə, onun atasının da adını dəyişən elə həmən bu “SOBES” Cəfər imiş. “Əlimin içi kimi bilirəm, onun işidi! Dədəmin gül kimi adını pozub, yerinə öz adın - Cəfər yazıb. Hıh! Aaallah... Gör sözdü?! Səfər hara, Cəfər hara?! Səfər səfər ayının adıdı, babam Fərəc Quran açıb, dədəmin adını ordan qoyub... Yoxsa, Cəfər?! Əlıız qurusun elə...”

            Hətta lap bu axır vaxtlarda son pasport dəyişimində katiblər gül vurmuşdular: bu dəfə nənəmin atasının adını Cəfərqulu yazmışdılar. Bu da nənəmi odsuz-ocaqsız yandırırdı. “Cəfər elədilər, dedim cəhənnəmə ki! Day bu Cəfəequlu nədi, ətiız tökülsün?! Mənim nəslimiynən, nəcabətimiynən sizin düşmənçiliyıızmı var?!. Ay sizi heç yarımıyasıız!..”

            S.A. (Söz Ardı.)

            1.Müstəqil dövlətimiz qurulanda ilk addımlardan biri əlifba islahatı oldu. Latın əlifbası əsasında milli əlifbaya keçid zamanı kəndimizdə məktəb direktoru işləyirdim. Bir həftə müəllimləri yığıb dərsdən sonra yeni əlifbanı öyrətmək üçün kurslar keçdim. Maraqlıdır ki, məktəbin ən yaşlı müəllimi olan atam Vəliyev Vəli Camal oğlu yeni əlifbanı ilk mənimsəyənlərdən oldu. Hamının təəccübünə səbəb olanda özü bunun sirrini açıqladı:”Mən məktəbdə oxuyanda bu əlifba ilə oxumuşam. Aşağı-yuxarı bir-iki hərf fərqi ilə o zamankının eynidi. Yadımda qalmışdı. On görə tez öyrəndim.”

            Allah millətimizə bir daha əlifba dəyişimi kimi fəlakəti göstərməsin!

            Amin.

            2.Bildiyim qədərilə yaxınlarda ölkədə milli kimlik – şəxsiyyət vəsiqəsi dəyişimi gözlənilir. Üzümü buradan ziyalılara – yazıçılara, dilçilərə, ədəbiyyatşünaslara, filosoflara, humanitar və qeyri-humanitar sahənin adamlarına, idarə müdirlərinə, xüsusən ASAN xidmət sektorunun işçilərinə tuturam: xahiş edirəm şəxsiyyət vəsiqəsini dəyişən zaman adamlardan soruşmadan milli soyadlardan istifadə edin! –ov, -yev soyadıyla şəxsiyyət vəsiqəsi yazan məmur bu xalqın düşmənidir! Əlimizə yaxşı fürsət düşüb. Gəlin bu fürsətdən yararlanaq. Mən şəxsən öz soyadımı VƏLİLİ yazdıracağam. Ağzız büzənlər rəhmətlik Məmməd Əlilinin oğlu Qorxmaz Əliliyə baxsınlar!.. Siz də -lı,-li, -lu,-lü şəkilçilərindən, yaxud məhdud halda işlənən –gil şəkilçisindən istifadə edə bilərsiniz. Lap şəkilçisiz yaz bilərsini. Nümunaə var axı: Rəsul Rza, Afaq Məsud, Səməd Vurğun, Məmməd Rahim və sair.

            Milli kimlik yolunda atılan addımlarımız büdrəməsin!  

        ("Məndən sonra" memuar romandan)        

 

                        

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)