AZAD QARADƏRƏLİ ÇAYIN ALTINDAKI LABİRİNT (uzun hekayə)
AZAD QARADƏRƏLİ
ÇAYIN
ALTINDAKI LABİRİNT
(uzun hekayə)
“ İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun
törədicisidir; deməli, o parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb.”
Ə.Elçibəy
MÜƏLLİF
Onunla Ankarada, Sincan istasyonundakı[1]
kafelərin birində təsadüfən rastlaşdım. Üzü divara tərəf oturmuşdu və
siqaretini tüstülədə-tüstülədə qarşısındakı parçdan pivəsini qurtumlayırdı. Mən
də pivə içirdim və onu görməsəydim, axırıncı qurtumumu içəndən sonra çıxıb gedəcəkdim. (Ankaralı dostumun
işı çıxmışdı və mən yeni gəldiyim bu şəhərdə bir saata yaxın vaxtı belə öldürməyi
düşünürdüm.) Amma o bəs niyə üzü divara əyləşib?
Aramızda iki masalıq məsafə
olduğundan hərdən dönüb ona baxırdım. Qəfil məni hiss etdi və bir an
nəzərlərini üstümdə saxladı, cəld ayağa qalxıb masama yaxınlaşdı.
-Azərbaycandansan? – Həyacanla
soruşdu.
Çaşdığımdan özümü itirdim.
Çünki onun mənə tərəf gəldiyini yaxşı analiz edə bilməmişdim. Elə düşünmüşdüm
ki, ona tez-tez baxdığıma görə əsəbləşib, buna görə də cavabım bir qədər
gecikdi:
-Hə-ə...
-Vay səni! Bu saat ürəyimnən
keçirdi ki, bir bakılı ola burda, bir az dərdləşəm. Qurdumu tökəm... Gəl səni
qucaqlayım bir!..
İri qollarını açıb məni
qucaqlayır. Birtəhər ayağa qalxıb mən də qarşılıq verirəm...
Sonra ordan-burdan danışırıq.
Heç nə danışdığımızı da doğru-dürüst bilmirik. Eləcənə bu adam mənim səsimi
eşitmək istəyir. Arada üzü divara oturmağının da sirrini açır – o tərəf
Azərbaycanmış! O yatanda da üzü Azərbaycana yatırmış...
Öyrənirəm ki, adı Nazimdir,
bizimlə qonşu rayondandır. Burada bir şirkətlə ortaq alver işi qurub. Bakıda,
İstanbulda, Ankarada, Dubayda mağazaları, obyektləri var. Məndən on yaş cavan
olsa da, saç-saqqalı ağappaqdır. Hər ikimizin rayonu, kəndi erməni
işğalındadır...
Sonra rakı sifariş veririk –
pivə yanğımıza kömək etmir. Və bir də gördüm ki, həmyerlim ağlayır... Göz
yaşlarını boğub başlayır 25 il qabaq olanları danışmağa. Rayonlarının necə
işğal edildiyini, rayonu necə tərk etmələrini danışır... Rakı içə-içə
danışır...
NAZİM
Hamı
qaşqabaqlıydı. Adamlar gülmürdülər. Çoxdandı toy da olmurdu kəndimizdə. Heç
ölən də yox idi. İki əsgər şəhid olmuşdu, onları da aparıb rayon mərkəzində
salınan Şəhidlər Xiyabanında dəfn etmişdilər. Nigarançılıq çarəsiz dərd kimi
qəfil almışdı üstümüzü.
Qonşu
rayonlar bir-bir işğal olunsa da, biz rayonumuzdan çıxmamışdıq. Atam deyirdi
ki, yerli batalyonun komandiriylə danışmışıq: bədəbəddə bir gecəyə Meğrini
aradan götürüb Naxçıvanla birləşəciyik. Nənəm də qəmli-qəmli əlini yelləyirdi
atamın sözlərinə. Bu nə əl yelləməsiydi, anlamırdım.
Biz uşaqlar atalarımızın bu qorxmazlığını
qazlı-qazlı müzakirə edən vaxtlarda kəndin dəlisi Dınış turş almasını duzla
yeyə-yeyə ağzını marçıldadıb dedi ki, dədənizin başı haqqı İraşul Quluyev
telefonnan deyib ki, maa belə gəlir ki, Mığrı Dağlıq Qarabağın ərajisi dəyil,
orya girməy olmaz... ATƏT biji tutub şi...əcəy...
(Dəli
Dınış “s” yerinə “ş”, “z” yerinə “j” deyirdi.)
Sonra da ləzzətlə bir “març” eləyib davam
elədi ki, bəş bijimkilər də götürüb təjə prejident şeçilən Heydər Əliyevə jəng
eləmək iştiyiblər ki, necə yanı Mığrı Dağlıq Qarabağ ərajisi deyil? Bəş
Cəbrayıl, Qubadlı Dağlıq Qarabağın ərajisidimi? Yo-ox! Onda niyə onnar oranı tutdular?
Bəş ATƏT onnarı niyə tutub şi..mir?
Dəli Dınış növbəti “març”dan sonra ağzının suyunu
qoluyla silib çiynini çəkdi: “Dəən, ATƏT də erməniyə işdiyir, İraşul Quliyev
də, hələ... Dədənijin başı haqqı...”
***
Neçə gün idi ki, kimlərsə Bakıdan
rayonumuza yük maşınlarından ibarət karvan göndərirdi. (Üstündən iyirmi iki il keçib, hələ də
bilmirik o maşınları kim göndərirdi? Özləri gələ bilməzdi, ona görə ki, hamısı
bir rəngdə, bir markada olan bu maşınların sürücüləri də bir-birinə
oxşayırdılar.) İlk vaxtlar adamlar bu maşın karvanlarını daşa basır,
sürücüləri döyür, qovurdular. Amma elə ki, qonşu rayonlar bir-bir işğal olundu,
bizim rayonun da “köçməyəcəyik!” deyib möhkəm dayanan adamlarının cərgəsinə xal
düşdü. Əvvəllər gecələr gizlincə köçməyə başlayanlar, indi günün günorta çağı
evlərinin ağır-yüngülünü yük maşınlarına doldurur, arvad-uşağı da üstünə qoyub
rayondan çıxarırdılar. Kimi Bakıya (təbii
orada qohum-qardaşı olanlar), kimi də təhlükəsiz rayonlara aparırdı köçünü.
Rayon mərkəzi və rayonun ikinci böyük yaşayış məntəqəsi olan dəmiryolçular
qəsəbəsi tamam boşalandan sonra kəndlərə də ayaq açdı bu yük maşınları. Əvvəllər
köçü pulsuz daşısalar da, indi neçə
manatsa pula, bir balon (3 litr) tut
arağına, yaxud bir quzuya aparırdılar köçləri.
Bir dəfə anam bu köçlər barədə
atamla danışanda kişi elə bozardı
yazığın üstünə, xırp səsini kəsdi. Amma xəbər çıxanda ki, Qaradiz yolu
bağlana bilər, kişi havalanan kimi oldu. Özünü-sözünü bilmir, ora-bura
çovuyur, siqareti siqaretə calayırdı. Nəhayət,
bir gün atamın bu halına dözməyən nənəm onun yaxasından tutub silkələdi:
-Nədi, ə?! Niyə özüu gözgörəti hələk
eliyirsən?! Tata nə gəlib, türkə də onnan gələcək, nolub?
Kişi udqundu, udqundu, handan-hana dedi:
-Qızdardan, sənnən, Gülannan qorxuram...
Ələ düşərsiniz... Onda gərək elə ermənidən qabax özüm sizi gülləliyəm...
Kişi ağlamaq istəsə də, ağlaya bilmədi. Elə
ayaq üstəcə içi keçmiş, gözlərinin işığı sönmüşdü. Nənəm bu dəfə lap hökmlə
çığırdı:
-Bə niyə durmusan?! Bir maşın tab,
arvad-uşağını çıxart bu xaraba qalmışdan... onsuz da yiyəsizdi...
-Qabaxcan quru fors dolmuşdu içimə, çıxarda
bilmirdim... indi də maşın tapayilmirəm... O gələn maşınnar da indi qəfil yoxa
çıxıblar...
-Get Cümşüdgilə! Nə təhər olmasa da
qahımıx... nolsun aramızda soyuxlux var... biz onnarnan qan qahımıyıx... get...
Cümşüd atamın dayısı oğluydu, bir az sonra
sizə tanıdacağım Məti kişinin atabir, ana ayrı ögey qardaşıydı. Qapısında iki maşını vardı. Biri oğlunun
sürdüyü yük maşını, bir də QAZ – 69 villis. Amma bu ailəylə bizim əskidən
ədavatımız vardı. Cümşüdün böyük
qardaşı Xanlar mənim bibim Narışı (əslində atamın bibisiydi, amma biz də ona bibi deyirdik) alıb iki uşaqla boşamışdı. Bizdə bu ən ağır
təhqir sayılırdı. Atam and içmişdi ki, ölüncən onlarla barışmayacaq. İndi nənəm
ona işarə vururdu.
-Kəs ay arvad, kəs!.. Batalyona gedirəm, komandirdən maşın istiyəcəm...
***
Yola hazırlaşanda atam məni çağırıb evin
arxasına apardı. Özünə tərəf çəkib qucaqladı, üzünü üzümə söykəsə də, öpmədi.
Bunları qulağıma fısıldadı:”Nazim! Səni
arvad-uşağın üstündə kişi qırığı
kimi qoyuram. Yolda-kolda özünü kişi kimi apar. Sən Babalı tayfasından Fərhadın
oğlusan. Hələ bir adam mənim – atanın yayını əlləyə bilməyib. Bir adama bir
manat borcum yoxdu. Sən də kişi ol!”
(Hə,
az qala unutmuşdum: Nazim mənəm. Fərhad atamın, Babalı da tayfamızın adıdır.)
Gecə saat birə işləyəndə yola
çıxdıq. Kabinədə nənəm və balaca qardaş-bacım oturmuşdu. Biz anamla maşının
banında yorğan-döşəyin arasında özümüzə yer eləmişdik. Sağımızda bibim və qız
nəvələridir. Maşın darvazadan çıxanda anam ağı deyirmiş kimi gumuldanmağa
başladı. Mənasını başa düşmədiyim bu sözlər içimi-içalatımı sızıldatdı.
Aşağıdan nənəm də onun səsinə səs verdi. Elə bil patefonun iynəsi valın sonunda
fırlanır və çox mənasız, amma qəlbə toxunan səs çıxardırdı...
***
Maşın təzəcə kənddən çıxmışdı ki, dayandı.
Nənəm kabinədən başını çıxardıb anamı
səslədi:
-Eynihayat, ay Eynihayat...
Anam cavab vermədən səssizcə maşından
düşdü. Onlar ağız-ağıza bir xeyli danışandan sonra maşını kəndin lap çıxacağındakı evə tərəf
sürdülər. Pəncərədən zəif lampa işığı görünürdü. Anam elə maşındanca cağırdı:
-Ay Məti dayı!
Quyunun dibindən gələn səsə oxşar, o lampa işığı təki zəif bir səs eşidildi:
-Heyyyy...
-Bir çölə çıx...
Nənəm də
maşından düşdü. Kişiylə bir xeyli danışdı, öcəşdi, hələ bir onu acıladı
da. Axırda kişi hıqqıldaya-hıqqıldaya içəri girdi, kiçik bir bağlama əlində geri qayıtdı və sürücünün köməyi ilə bizim
yanımıza çıxdı. Maşın tərpəndi. Kişi birdən vaysına-vaysına dedi:
-Pəh! Ləmpəni söndürmədim...
Mən onun solğun işıq saçan lampasının
işığına ötəri də olsa baxıb qəhərləndim. Zəif mehin əsməsinə dözməyəcək
dərəcədə öləzimiş o lampa işığı zülmətdə əriyən kəndimizin son nişanəsi kimi
yadımda qaldı. İllər sonra belə o zəif lampa işığı qədər də olsa ümid yaşayır
içimdə: o işıq hələ də sönməyib. Biz qayıdıb o lampanın işığını artıracayıq...
***
Həəə, bu Məti kişi ki var, bizim babamızdır.
Amma nə biz ona baba demişik indiyəcən, nə o bizə yaxın düşüb. Eləcə, yad adam
kimi olub bizə. Təkcə nənəmiz Xasa arvadın həftədə bir dəfə məni onun evinə göndərməsini nəzərə almasaq.
Göndərəndə də qoltuğuma iki-üç büküm (dörd
sulanmış lavaşı tək-tək qatlayıb üst-üstə yığanda buna bir büküm deyərdilər)
cunanın arasına qoyulmuş çörək verər, deyərdi: “Ağrın maa gəlsin, get o Məti
kişinin evinə, bı çörəyi də ver ona, bir də gör halı nə təhərdi, ölər-elər,
biyabır olarıx el içində...”
Kişi çörəyi məndən alar, heç sağ ol da
deməz, amma geri qayıdanda gizlicə arxamca baxıb fərəhəoxşar bir hiss
keçirərdi. (Bilmirəm, ya bəlkə bu mənə
belə gələrdi.) Nədənsə bu qoca haqda məndə də qəribə duyğu baş qaldırardı
bir anlıq. Onun yanına qaçmaq, oturub söhbət etmək, buyruğuna baxmaq keçərdi
könlümdən. Amma bir anlıq olardı bu hiss. Və o bir an ötəndən sonra çıxıb
gedərdim.
Axır ki, bir gün nənəmin saqqızını oğurlaya
bildim. Yalvardım, yaxardım, soruşdum ki, Məti kişi bizim nəyimizdir, niyə tək
yaşayır, niyə mən ona hər həftə iki-üç büküm lavaş aparıram? Niyə hamı deyir
ki, o bizim babamızdır? Babamızdırsa, niyə tək qalır?
O da üzünü anama tutub acı-acı gülümsündü,
üz ifadəsiylə sanki “nə eləyim?” demək
istəyirdi. Anam qaş-qabağını töküb bozardı nənəmə:
-Ayrısı beşin də qoyub üstünə danışacax
havaxtsa, onda yaxşı olacax? Yaxşısı budu, qoy düzünü sənin ağzınnan eşitsin...
On dörd yaşı var e. Day uşax dəyil...
...Məti kişi ilə mənim nənəm Xasa dayıoğlu-bibiqızı
imişlər. Bir-birilərindən ötrü dəli-divanə olsalar da, adlı-sanlı adam olan
babam qızını bacısı oğlu Mətiyə vermək istəməyib. “Kökü yoxdu bunların deyib.
Bacımı verdim o nəsilə, qızı bədbaxt
elədi. Getdi Mığrıda gündə bir erməni həçiyinə atıldı, o da iyrəndi, tüpürdü
üstünə. İndi gözüm görə-görə uşağımı bu biqiryətin balasına necə verim?! İt
qursağı yal götürməz! Mən ölərəm, bu işə qol qoymanam!”
Nənəm demişkən, sən saydığını say, gör
fələk nə sayır. Daha doğrusu, Mətiynən Xasa nə sayır! Bir axşam üstü Xasa nənəm
atasının atını hörükdən açır, Mətini də çağırır, tərkləşib çapırlar Baharlı
çayına. Ordan da Meğriyə gedən qatara minib qaçırlar Mətinin qardaşı Xanların yaşadığı Lehvaz kəndinə.
İki
ilin tamamında nənəm Xasa qucağında da mənim atam qayıdır kəndimizə.
Bunu görən atası elə durduğu yerdə, ayaq üstəcə ölür. Xasa nənəm and içirdi ki,
kişi yıxılmadı, elə divara söykəli ayaq üstəcə öldü...
Bir il sonra Məti də qayıdır kəndə. Amma
nənəm onu qəbul eləmir. Bu da ailə-zad qurmur, nənəmin bir gün onu
bağışlayacağını gözləyir. Kəndin ayağında özünə bir otaqlı ev tikir, elə o
vaxtdan tək yaşayır...
Bəs babamla nənəmin arasında nə olub ki,
ayrılıblar? Bax bunu hələ də bilmirəm.
***
Zil
qaranlıqda əli silahlılar yolu kəsdilər. Sürücü düşüb nə isə danışır,
hirsli-hirsli geri qayıdıb deyinir:
“Surətin adamlarıdı, yalan-gerçək deyirlər ermənilər Qaradiz yolunu
bağlayıblar, getsəniz əsir düşərsiniz”. Sonra maşını geri sürmək istəyir. Məti
kişi əli ilə maşının kabinəsinin üstünə döyəcləyir və sürücüdən nəsə soruşur. O
da içəridən “Xudafərin səmtdəyik” deyir. Onlar
nə barədəsə danışırlar. “Tiriynən Qumlağın arasından bir yol var, ora
sür” deyir Məti kişi. Sürücü maşını fırlayıb geri sürür. Hərdən başımı
qaldırıb zil qaranlıqda ətrafa baxıram. Maşının zəif işığı olmasa adamı vahimə
basar. Tərslikdən sürücü də biz tərəf adamı deyil – yol-yolağanı düz-əməlli
tanımır. Arada saxlayıb Məti kişidən yolu soruşur. Maşın isə ağlayırmış kimi
səs çıxardaraq çınqıllı-daşlı yolla harasa irəliləyir. Anamın ağlamsınan səsi
məni lap hövülləndirir:
-Ay Məti dayı, sən yola fikir ver, elə bil
gəldiyimiz yol dəyil axı... Aparıb bizi erməni postuna-zadına çıxardar, ələ
düşərik... Həm qırılarıq, həm də...
Dalısını demir. Deyə bilmir. “Həm də” özü
boyda bir daşa dönüb üstümə çökür. Atam axı bu külfəti mənə tapşırıb. Mənim isə
bu heyndə kipriklərimdən daş asılıb. Yuxulamamaq üçün barmağımı dişləyirəm,
üzümə şapalaq vururam, xeyri olmur. Göz qapaqlarım yumulur...
...-Ə, ə, ay uşax! Bir saxla görüm!...
Məti kişi kabinəni döyəcləyir və mən səsə
oyanıram. Hiss edirəm ki, nəsə olub. Sürücü maşından düşür. Məti kişi əli ilə
zil qaranlıqda gümüş kimi bərq vuran çaya işarə edir:
-Bu, Arazdır. Demək, gəlib Dəlləkli səmtə
çıxmışıq. Yuxu ölümdü deyiblər. Özgə vaxt yuxum gəlməzdi. Bir quş yuxusu
kimi azar endi kipriyimə. Havaxt mürgüləmişəm,
bilmirəm. Sən də elə qazı basmısan, əvi tikilmişin oğlu!..
Kişinin səsi dəyişir. Az qalır ağlasın.
Maşının işığında hiss edirəm ki, qəhər dolub boğazına. Siqaret yandırıb əlini
hara isə qaranlığın içinə uzadır:
-Bax, ora bizim kənddi... O zayıf işıq da
mən xanəxarabınkidi... Gör taleyə bax: neçə sahatdı yol ölçürük, kəndimizin
başına dolanmışıx... Bırdan, bı yiyəsiz torpaxdan uzaxlaşa bilmirik... Əyə,
əyə, mən niyə vaxtında ölmədim?! Ay Eynihayat, nağayrım?! Hayana gedəy?!
Başımıza haranın daşın tökəy?!.
Nənəmin hıqqıltısını eşitsəm də, nə
dediyini anlaya bilmirəm. Amma başını kabinədən çıxardıb astadan nələrsə
pıçıldadığını hiss edirəm.
Kişi bir qədər sonra toxdadı. Papirosunu
sümürüb tamam ciddi səslə dedi:
-Sür geriyə. Bayaxkı yerı – Surətin gədələrinin durduğu posta sür. Qalanıynan işin
olmasın...
Bir xeyli – təxminən bir saata yaxın
- yol gedəndən sonra hansısa kəndin girəcəyində dayanırıq. Kənddə tək-tük
evlərdən zəif lampa işığı gəlir. Orda-burda it hürür, eşşək anqırır. Anam
azaylanır: ”İttərə, eşşəklərə qalan ellərimiz vayyyy,”
Bir azdan Məti kişi (heç bilmirəm buna baba deyim, Məti kişi deyim, eh...) sürücünün
köməyi ilə maşının banından enir. Sürücüyə qoşulub Araza tərəf düşürlər. Sürücü
əlindəki fənərlə haranısa işıqlandırır. Təxminən yarım saatdan sonra sürücü tək
geri qayıdıb bir daşın üstündə oturaraq siqaret çəkir. Nənəm həyəcanla soruşur:
-Ədə, bala, bu kişini hara azdıdın? Bizim
axırımız noolacax? Bəlkə geri qayıdaq xarabamıza?
Sürücü əli ilə qeyri müəyyən səmti
göstərir:
-Bu kişiyə agent deyirdilər, yadımdadır...
İndi maa dedi ki, fanarı ver, buralardan Arazın o tayına yeraltı yol var... Mən
oranı tapım, sonra gəlib sizi də apararam... Vəziyyət pisdir, dünən ermənilər
rus tanklarıynan bizim pazisiyalara yaxınlaşıblar. Qaradiz yolu da bağlansa,
bizi Araza tökəcəylər... Geri hara qayıdax, ay xala? Gerimi var?
Təxminən iki saat yarım vaxt ötüb.
Uşaq-muşaq yatıb. Təkcə sürücü, anam, nənəm, bibim və mən oyaqıq. Handan-hana
Məti kişi qayıdır. Fanarın işığında görürəm ki, paltarları yaşdır. Fanarı
söndürüb, üzünü nənəmə tutub deyir:
-O
termosda varsa, maa bir istəkan isti çay verin, canım qızsın, düşək yola...
Neçə illərdi bu yol işdək dəyil. İçini ilan-çayan basıb. Amma mən yarıyacan
gedib qayıtdım... Bəzi yerlərə su sızıb. Gərək elə eliyək ki, uşaq-muşaq suya
düşməsin... Ağırdan-youldan
götürün, düşək yola...
***
Üstünü böyütrkən kolu basmış lay
dəmiri kənara çəkirlər. İki adam keçə
bilən dəlik açılıb, amma yük-zad keçməz
axı. Nənəm, anam, bibim hərəsi bir dəst yorğan-döşək şəllənib. Ona görə mən də
kömək edirəm, dəmiri lap sonacan basıb dəliyin ağzını böyüdürük. Əvvəl Məti kişi, ardınca da biz aşağı
düşürük. Beton divarlarla (sonra bildim ki, beton deyilmiş, qədimi ağ daşdan
tikilib) əhatələnmiş adamboyu yeraltı
yolla təxminən iki yüz metr rahat
getdik. Sonra alayı-dolayı pillələr gəlir. Bakıda eskalatorla metronun içinə
necə düşürsən, elə. Fərq ondadır ki, burada yol o qədər fırlamadır ki, adamın
başı gicəllənir. Bir də ki, ayağımızın altını Məti kişidəki fanar çox zəif
işıqlandırır. Qaranlıqda yerimək olmur. Bir onu bilirəm ki, həm fırlanırıq, həm
də aşağı enirik.
Bəzi yerlərdə dik ayaq üstə gedə bilsək də,
bəzisində əyilə-əyilə irəliləyirik. Bəzən çaşıb başını qaldırırsan, “tarap”
başın dəyir yuxarıdakı tağbənd divarlara. (Bir
usta əl daşlardan elə oval şəkilli hörgü hörüb ki, ağzım açıla qalır.) Bu
hörmə divarlardakı daşın rəngindən bilinir ki, çox qədimi hörgüdür. Xudafərin
körpüsünün daşlarını görən gözünüz bu daşları görsün. Eynən elədilər: paxır basmış
mis rəngində.
Bir az gedəndən sonra Məti kişi divardakı
palıdrəngi bir tuf daşın üstünü
işıqlandırır və əski əlifbayla yazılmış mətni höccələyə-höccələyə oxuyur:
Ussun varsa, ey akıl,
Aldanıb kıl zinhar
mala.
Şol nəsnə ya ki, sən
koyub,
Gidəsin ol bunda
kala...[2]
Mənasını
yaxşı başa düşmədiyimiz bu kəlmələri cibimdəki dəftərimə yazıram. Sonra yenə
irəli gedirik
Gəlib
bir yerə çıxmışıq - iri otaq kimidir.
Divarlarından hörümçək toru sallanır.
Və iş ondadır ki, burdan belə iki yol var. Məti kişi isə hansıyla gedəcəyimizi
unudub. Daha doğrusu, onun dediyinə görə qabaqlar cəmi bir yol varmış, bu
ikincini yəqin sonradan qazıblar. Bəs niyə qazıblar?
(Nənəm kişinin bu halını görüb mızıldanır:
“Hhhhhıııı... Hap-haplamısan day, qabaxki yernən-göynən əlləşən Məti
dəyisən... Belə olarsan e...”
Kişinin qulağı nənəmin mızıldanaraq
dediklərini alır və elə bu zıppıltının içində gülümsünür. Anamla bibim
bir-birinin yanlarını basırlar. Yəni işin içində iş var. Əcəba, nə iş? Heyf ki,
yaşım-başım, bir də canımı çuğlamış qorxu hissi bundan ötəsini anlamağa imkan
vermir.)
-Belə ola bilər ki, köhnə yol ya batıbmış, ya da İran sərbazları o yolun
yerini bilibmişlər. Ona görə bu ikinci lağımı atıblar... Siz oturub dincinizi
alın, mən bir qabağı yoxlayım, gəlim...
Nənəm içini çəkir:
-Ay Məti, amanın günüdü, muğayat ol...
Zəif işıqda qocanın dodağının qaçdığını
gördüm. Nənəm kişini gözdən qoymaq istəmirdi. Ay səni, nənə, nənə... Deyəsən,
mən də nələrsə qanmağa başlayıram axı?
Biz qaranlıqda otururuq, Məti kişi
yollardan birinə girib yox olur. Qoca təxminən iki saatdan sonra bu biri yoldan gəlib yanımıza çıxır.
Fanarı yandırıb-söndürür və üzünün ifadəsindən görünür ki, pərtdir. Həm də
yorğun. Kibrit çəkib siqaretini yandırır. İşıqda bığları titrəyir, əli əsir.
Sanki pərtliyini gizlətmək üçün yanan çöpü tez üfürür.
-Bu yolların ikisi də hərlənib-fırlanıb
bura gəlib çıxır... Heç nə başa
düşmürəm? Bu nə işdir? Mən səhv eliyə bilmərəm axı?! Bu yolla azı iyirmi dəfə
gedib-gəlmişəm e mən...
Anam dizinə döyür:
-Vaşşş, vaşşş, bu nə iş idi düşdük?!
Nənəm də azaylanır:
-Ə, nağayraq? Gerimi qayıdaq?
Kişi hirslə lağıma dönür və gedə-gedə:
-Yox, qocalıq fəhmimi bir heylə apardı?
Tapacam o yolu! – deyib bu dəfə o biri yolla gedir.
Uşaqlar qaranlıqda nənəmlə anama
qısılıblar. Təkcə mən ayaq üstəyəm. Məti kişinin kibrit çöpünü yandırması
yadıma düşür. Elə ayaq üstdəcə yadıma
kimya dərsində apardığımız bir təcrübə düşür: indi kibrit çəkəcəm,
əgər axıracan yansa, demək yaxında
haradasa bayıra yol var və oradan hava gəlir. (Tək bir giriş bu boyda yeraltı
tuneli oksigenlə təmin edə bilməz axı. Elə bayaqdan rahat nəfəs
almağımızdan da şübhəliyəm.) Tez sönsə?...
Kibrit çəkirəm və bircə anda bu otaq kimi
yer işıqlanır. Gözləyirəm, sönmür! Sevincək qışqırıram:
-Buradan bayıra yol var hardasa! Kibrit
axıracan yandısa, demək yaxında hava çəkir...
Nənəm də haranısa qurdalayıb şam çıxardır
və ikinci cəhddə şamı alışdırıram. Bu işıq burada bir möcüzə kimi olur. Hamının
eyni açılır. Hətta nənəm düyünçələrindən çörək, pendir, yumurta çıxardıb
uşaqlara verir. Mən də bir dürmək alıb dişimə çəkirəm.
***
Burada nə qədər qaldığımızı anlamağa
çalışıram. Zaman durub elə bil. Fəhmnən duyuram ki, gecə keçib, bir gün gedib,
yeni gecə gəlib. Və bu daş divarlar arasında taleyimizin necə olacağını heç cür
anlaya bilmirəm. Bir onu bilirəm ki, özünü ora-bura çovuyan bu qocadan mənə
güclü bir enerji axır. Nədənsə onun adi adam olmadığı qənaətindəyəm. Sanki mən
də labirintə oxşayan, üstündən nəhəng
bir çay keçən bu yeraltı yolla bir dəfə gedib-gəlmişəm. Mənə yad gəlmir
buralar. Uşaq ağlımla xəyalımdan keçən düşüncələrimə özümün də gülməyim gəlir.
Əllərimlə divarları yoxlaya-yoxlaya kibrit
işığında qabağa gedirəm. Təxminən iyirmi
addım gedəndən sonra fanar işığı düşür və Məti kişinin ayaq
səsləri eşidilir. Qoca yorğun halda lağımın divarına söykənir. Mən ona baxıram
və bayaqkı fikrimi ona da deyirəm. “Doğrudan?” deyib sevincək o da mənimlə
bərabər divarları barmaqlarıyla yoxlayır və bir azdan məndən bir xeyli aralıda
qışqırır:
-Nazim! Bura gəl, deyəsən tapmışam!
Bu, bir kanalizasiya qapağına oxşayan, amma
ondan bir az iri olan dəmirdir. Üstündə qəribə oymalar var – paslansa da fanar
işığında aydınca oymalar görünür. Kişi barmaqlarıyla dəmirin üstünü təmizləyir
və fanarı ora tutur:
-Bu qapaq tuncdan tökülüb. Təzə şeyə
oxşamır... Bax bir, bu yazıdı elə bil?
Mən də baxıram və heyrətlə qışqırıram:
-Hə, təzə əlifbayladır... Bu qapağın köhnəliyin, təzəliyin bilmirəm, amma yazılar
təzədi!
Kişi pencəyinin qoluyla dəmirin üstünü
təmizləyir və mən səkkizguşəli ulduzun içərisindəki yazını soldan sağa
hərfləyə-hərfləyə oxuyuram:
-Az-ər-bay-can...
Sonrası da var, amma ərəb əlifbasıyladır.
Bunu da ki mən bilmirəm axı. Amma Məti kişi bilir! O döş cibindən eynək çıxardıb gözünə taxır və eynən
mənim kimi, amma sağdan sola barmağını qoyub
höccələyə-höccələyə oxuyur:
-Təb-riz... Ba-kı... Bir olsun...
Kişi sevincək deyir:
-Dayan... Bizə çekistlər belə şeyləri
öyrədirdilər o zaman... bu elə-belə yazı deyil... Bu həm də açardır... Sağdan
sola oxunursa... “bir olsun”... Bəlkə bu bir dəfə bur deməkdir, hə? Gəl
köməkləşək, bu qapağı bir dəfə sağdan sola buraq... Dayan, burda tutacağı da
varmış ki! Hə, fırla!
Pas elə tutub ki, qapaq tərpənmir. Artıq
anam da bizə köməyə gəlib. Kişi disrəyi ilə qapağın üstündən döyəcləyir, bir
dəfə buran kimi qapaq açılır və açılmağıynan da təmiz hava ağzımıza dolur!
Gözümüz təzə şəraitə alışır. Alaqaranlıqdan başa düşürük ki, hələ səhər tam
açılmayıb.
Qocanın köməyi ilə mən qapağın içindən çölə
çıxıb ayağımı torpağa vururam. Təxminən əlli metr aralıda şəfəqdən gümüş kimi
parıldayan Araz axır. O tayda isə bizi gətirən maşının silueti güclə seçilir.
Mən tez geri dönüb gördüklərimi Məti kişiyə danışıram. Kişi “ssss” eləyib məni
başa salır ki, İran sərbazlarının diqqətini özümüzə çəkməyək. Və biz sevincək
anamgilin yanına qayıdırıq.
***
Məti kişi (ha istəsəm baba deməyə hələ də dilim dönmür) nənəmlə diz-dizə
oturub. Hərdən başını qaldırıb arvada baxsa da, nənəm gözünü yerə zilləyib.
Nəhayət, onların pıçıldaşmalarını eşidirəm:
-A Xasa, yadındadı sən maa sual
verərdin ki, gejələr hara yoxa çıxırsan? Bax, məni gah pala ilə Arazın üstünnən, gah da bu
yeraltı yolla Arazın altınnan İrana keçirirdi bizim kekebeynən urus
saldatdarı... Orda Sovet hökümətinin propaqandasını aparardım, adamlara
partbilet paylayardım... Amma onda saa bunnarı deyə bilməzdim... Desəydim, məni
öldürərdilər... Sən də ayrı şey fikirləşdin, həyatımızı korladın, o boyda
kişini də infakt eləyib öldüdün... Oğlumuzu
da atasız qoydun... Amma sağ ol ki, ərə getmədin... Könlümü qırsan da,
ordan o tərəfini eləmədin...
-Eliyə bilməzdim axı... Mən sənnən ayrı
kişiylə baş yastığa qoyamməzdim... Sənin də zalımın çıxsın... Heç olmasa,
ucunnan-qulağınnan çıtızsaydın, bəlkə səni annıyardım... nəvlim axı...
Savadsızdıx belə şeydi... Oxumuş olsaydım, səni annayardım...
...-Haydı, qalxın! Sizinkilər bir az
yuxarıdadılar!
İran sərbazlarıdır. Gəlib bizi tapıblar.
Elə bilirlər, Araza toxuyub keçmişik. Xəbər verirlər ki, rayonumuz artıq
ermənilər tərəfindən bu iki gündə işğal olunub. Bizim camaat da Arazdan adlayıb
20-25 kilometr aralıda – Buyduz kəndinin
yan-yörəsindədilər.
Bizi maşına yığıb atamgil düşən yerə
apardılar.
Yolda Məti babam əlini əlinə vurub bir
“pəh!” dedi. Nənəm ona sarı döndü:
-Noldu, ə genə?
Kişi siqaretini odlaya-odlaya o taya
boylandı:
-Bu üzdəki lağımın ağzını bağladım, o
üzdəki açıq qaldı... Ədə bala saxla maşını...
Kişi qıvraq addımlarla lağıma tərəf
yönəlir, sərbazlara baxıb şalvarının qabağını açır. (Guya ki, subaşı eliyəcək.) Az aonra o qayıdır.
Anam hirslənir:
-Onsuz da qaldı erməniyə!
Qoca siqaretini odlayıb ona tərəf baxmadan qaralandı:
-O lağımın neçə yüz yaşı var. 1924-də balşeviklərnən vuruşanda
Bəhlul Əfəndi ordan addamışdı İrana. Sohra Sovet hökuməti məni yolladı
oruynan... Sohra urusdan ayrıldıx, ayrıca hökümət oldux... Elçibəy prezident olanda adam göndərmişdilər
yanıma... Yolun yerini soruşurdular... Su gəlmiş arxdı...
***
(Bayaqdan
təsvir etdiyimiz o alayı-dolayı yeraltı lağım kimi bizim də yazının səmti
dəyişdi burda. Mənə bunları babam Məti kişi danışmışdı. O da Bəhlul Əfəndinin əsgəri olmuş, sonradan
qaçaqlara qoşulan Keçəldən eşitdiyini deyirdi. Yazıya aldım ki, itib-batmasın.)
Ağır döyüşdən
sonra atlı dəstənin üzvlərinə Araz qırağına çəkilmək əmri verilir.
Niyə dağlara deyil, məhz Araz
qırağına? Axı Zəngəzurun uca zirvəli dağlarında, qalın ormanlarında daha rahat
gizlənmək olardı? Əlbəttə, belə ağır vaxtda sorğu-sualın yeri deyildi. Onlar
haqqında əfsanələr dolaşan rəhbərlərinin nəyə qadir olduğunu bilirdilər. Cəmi
bir-iki il əvvəl onun dini islahatlarına qarşı çıxan çolaq bir seyidi əlinin və
nəfəsinin gücü ilə bir saatın içində sağaltmamışdımı? Sapasağlam olan seyid
çəliyini tullamış, onun ayaqlarına düşüb biət etməmişdimi? (Həbsxana yoldaşları danışırmışlar ki, həbs olunaraq Bayıla
gətiriləndən iki gün sonra Əfəndinin qaldığı kamera əsl şəfa evinə bənzəyirdi.
Buradakı xəstə dustaqlara yardım edir, bayırdan gətirtdiyi ot-ələfdən
hazırladığı məlhəmlə döyülməkdən taqətdən düşən dustaqları həyata qaytarır,
onlara şəfadan başqa, həm də mənəvi ruh aşılayır, sınmalarının qarşısını
alırdı. Mir Cəfər Bağırovun özünün şəxsən baş çəkdiyi bu kamera həbsxana
kamerasından çox, həyat mənbəyi imiş.) Camaatın hörmət əlaməti olaraq
Əfəndi dediyi bu adam dövrünün görkəmli alimi, din xadimi, indi isə düşmənə
qarşı vuruşan silahlı dəstənin başçısı Bəhlul Əfəndi Behcət[3]
idi. Əmr ondan gəlmişdi.
Dəstə Araz qırağına çatanda
bir göz qırpımında Bəhlul Əfəndi də ağ atın üstündə yerdən çıxıbmış kimi peyda
oldu. Yaralıların yaralarını sarıtdırdı. Sonra bir-bir hamısının yarasını əli
ilə sığadı, güclərinə güc qatdı.
Əfəndi hündür bir daşın üstünə çıxıb dedi:
-Qardaşlar! Siz dinimiz və vətənimiz
uğrunda gavurlara qarşı igid kimi vuruşdunuz. Buna görə həpinizə cani-gönüldən
təşəkkürümü bildirirəm! Vətən və tarix bu şücaətinizi unutmayacaq, bunu
bilməyiniz gərəkir. İndi isə məni dinləyin: Qaçaq Fərzalı mənə xəbər
göndərmişdi ki, üstümüzə rus alayı gəlir. Onsuz da biz iki cəbhədə vuruşurduq:
həm özümüzün satqın bolşevik dəstələrimizlə, həm də erməni daşnak-bolşevik
bölükləri ilə. Üçüncü cəbhəyə təhəmmülümüz qalmazdı. Ona görə Araz qırağına
çəkilmək əmri verdim. Biz atlardan enib İran Azərbaycanına – oradakı dil və
din qardaşlarımızın yanına gedirik. Amma bu gediş könüllüdür. Kim istəsə
buradakı üç yüzdən artıq atın gücü çatan hissəsini götürüb kəndlərimizə qayıda
bilər. Amma bilin: orada sizi həbs, edam gözləyir... Ən yaxşısı dostumuz Qaçaq Fərzalının dəstəsinə birləşməkdir.
Qərar sizindir...
Hadisənin şahidi olmuş və Arazın o
tayına getməmiş Keçəl ayamalı bir nəfər danışırmış ki, üç yüzəcən döyüşçü
atdan endi. Bəhlul Əfəndi əllərini göyə açıb ərəbcə bir dua oxudu. Sonra Əfəndi
ayağını yerə vurdu, yer yarıldı və əvvəl özü, sonra döyüşçülər qeyb oldular...
Bu əhvalat kəndlərda adamlara necə təsir
etmişdisə, onlar ümidlə yerə batmış Bəhlul Əfəndinin öz dəstəsi ilə bir gün
zühur edəcəyinə inanırmışlar. Hətta onu da danışırmışlar ki, bolşeviklərin
nökəri olmuş bir Xanlıq sakini güdükçü kimi Əfəndinin dəstəsinin ətrafında bir
xeyli aralıdan fırlanır, NKVD-yə məlumat ötürürmüş. Deyilənə görə, o mürtəd də
döyüşçülərin bircə anda yox olmasını görmüş, o hadisədən sonra havalanaraq
küçələrə düşüb dəli olmuşdu. Adı unudulsa da, kənd-kəsəyi ayaqdan salaraq
ayağını yerə vurub, “Əfəndi ha, Əfəndi!” deyə qışqıran bu adamın adı da elə
Əfəndi qalıbmış – Dəli Əfəndi...
***
Bir gün sonra İran höküməti biz
qaçqınlara maşın verdi, İmişlinin Çaxırlı kəndindəki keçiddən adlayıb öz
tərəfimizə gəldik. Bir-iki nəfər Arazda boğulmuşdu, bir-iki nəfərin ürəyi
partlamışdı, bir-iki nəfər girov düşmüşdü.
Rayonumuzun yerdə qalan bütün əhalisi sağ-salamat İrandan keçib
gəlmişdi. Təkcə Dınış gəlməmişdi. Elə kəndin arasıyla o baş-bu başa qaçır,
“dədənizin başı haqqı erməni-zad yoxdu” deyirmiş. Amma Dınışın sözü olmasın,
kimi dindirdimsə, “erməni gördüm” deyən olmadı. Deyirəm, bəlkə onlar
gözəgörünməz imişlər? Gərək bunu daha baba dediyim Məti kişidən soruşam bir.
Hə, bir zabit də danışırmış ki,
axırıncı dəfə Dınışın yanına gedib onu dilə tutdum ki, gəl gedək, əhalinin
Arazdan addamasını gözləyirik, bir azdan
bizim əsgərlər də Arazı keçəcəklər, onda ermənilər gəlib səni tutacaqlar. Üzümə
baxıb ağladı. Gözünün yaşını qoluyla silib dedi:
-Rəiş, bəş təhvil-təşlimi kim eliyəjək?
Bijdən bir nəfər qalıb buraları düşmana təhvil verməlidi axı? Deyirsən yanı,
bir kopolu da olmaşın o zaman? O anqıran eşşəklər, o uluyan itdər, o yiyəşiz
torpax... Yox, rəiş, yox... Mən qalıram...
MÜƏLLİF
Bu yazı adi hekayə kimi (yəni uzun hekayə deyil) dərc olunandan
sonra facebook ünvanıma bir mesaj daxil oldu: ”Salam. Mən sizin hekayənizi oxudum. Sağ olun, yaxşı yazmısınız. Amma
adam birindən yazanda, deməz ki, ay adam, ay köpəy oğlu, sənnən yazı yazmışam,
bir qulaq as, gör qələti-zadı yoxdu ki? Ya bəlkə sən də bu gədə-güdələr kimi
üstümüzü unnu görüb adımızı dəyirmançı çağıracaxsan?!”
Yazan dostluğumdakı biri deyildi. Sadəcə,
messengerdən girib yazmışdı. Adı da beləydi: ƏLİ ƏLDƏN ÜZÜLƏN.
Əvvəl fikir vermək istəmədim. Çünki hətta
dostluğumda olan bəzi kəmsavadlar da vardı ki, hekayə ilə məqalənin fərqini
bilmirdilər. Hər hansı bir hekayəmdəki ad oxşarlığına görə axmaq-axmaq sözlər
yazırdılar. Hətta biri yazmışdı ki, Eteri mənəm (“Eteri” adlı hekayəm var –
müəllif), amma siz orda düz yazmamısınız. Mən sizinlə heç vaxt eşq-filan
yaşamamışam və həkaza...
Amma burda açıq ittiham vardı: “adam
birindən yazanda...”, yaxud “bir qulaq as, gör qələti-zadı yoxdu ki...”, yaxud
“gədə-güdələr kimi...” və bunun imzası”: “Əli əldən üzülən...”
Götürüb cavab yazdım: “Sizi tanımıram. Bu
hekayədəki hadisələrə bir iradınız varsa, mənə yazın, görüşək. Onu da deyim ki,
hekayədə təxəyyül məhsulu olan yerlər də
var. Amma özək tamamən olmuş hadisədir. Sayqıyla: Müəllif.” Sonra telefon
nömrəmi yazdım.
Üstündən bir neçə saat keçmiş mobil
telefonuma zəng gəldi. Salam-kəlamdan, qısa tanışlıqdan sonra bunları dedi:
”Hekayədəki Məti kişi mənəm. Adımı bir az dəyişmisən, canın sağ olsun. Adım
Məhidir. Çox şeyi olduğu kimi yazmısan. O labirint dediyin yeri isə düzgün
təsvir eliyə bilməmisən. Neyniyəsən ki? Görməmisən axı? Hə... Əyəm, vaxtın
varsa, görüşək, mən saa daha düzgün məlumat verərəm...”
Vədələşdik. İki gün sonra onunla Əcəmi
metrostansiyasının yaxınlığındakı çayxanada görüşəcəyimizə söz verdik.
***
...-Qardaşoğlu, onnan başdıyax ki, bu
əhvalatı saa kim danışıb? Yanı ki, bu elə bir sirdi ki, onu bilən ya bir olar,
ya iki? O mahnıda nə təhər deyir? “İsmi Pünhan ya bir olar, ya iki...” – Kişi
gülümsünür və sanki buna peşman olub qaş-qabağını tökür. Qalın bığı sallanıb
ağzını tamam örtür. Arıq sifəti bir az da ölgünləşir. Onsuz da quyunun dibində
olan gözləri daha da dərinə çəkilir. Canımdan üşütmə keçir. Bu adamı agent kimi
təsəvvür etməyə çalışıram...
-Bilirsiniz... axı...
-Hə, bilirəm, deyəssən ki, maa daldada hamı
Agent Məhi deyirmiş... nolsun, ona qalsa mənnən barabar bu işdə iki adam da
vardı... Birin urus saldatdarı vaqonnan atıb öldüdülər, biri də Arazda
boğuldu... Əslində onu boğub ora atmışdılar saldatdar... amma maa dəymədilər.
Bilirsən niyə? Ona görə ki, mən onnara nömrə gəlmədim. Dilimi saxladım... Sən
yeganə adamsan ki, indi olanları eşidirsən... Amma...
-Hə, amma sz bir başqasına da danışmısınız
axı...
-Hə, lap... az qala yadımnan çıxmışdı...
-Məti... Məhi dayı, bəs niyə feysbukdakı
adınız “Əli əldən üzülən”dir?
-Sən gərək biləydin axı? O ölənnən sonra...
– Kişinin yarasına elə bil duz basmışdın. İçini çəkə-çəkə, isti çaydan sonra
ağzı yanmış adam fasonu soyuq havanı özünə çəkirmiş kimi gah üfürür, gah
ufuldayırdı. Anladım ki, bu adam möcüzə sayəsində həyatda qala bilir bu
anlarda. Əgər yazıçı marağım güc gəlməsəydi, ona sual verməzdim.
-Həəəə... Bakıya gələnnən sohra cəmi on il
yaşadı. Mən getdim yanına, ayağına düşdüm, danışdım başıma gələnnəri... O da
məni bağışdadı... Amma bir şərtnən: onlarla bir evdə yox, bir az aralıda
tutduğum bir otaqlı mənzildə qalacaqdım... Belə də elədim. Di gəl, allah bunu
da maa çox gördü. Onca il bir göyün altında qala bildik. Sohra yaman dərd tapdı
onu. Mənim gözəl qadınım bir dəri, bir sümük oldu... – Kişi hönkürür. Elə
ağlayır ki, məni də qəhər tutur. Çayçıdan su alıb ovcuna tökürəm, isladır
üzünü.
-Sən bilirsənmi nooldu sohralar? – Atrıq
özünə gəlib. Dili söz tuta bilir. – Doxsan ikiydimi, ya üçüydümü, bilmirəm,
bizdə bir seyid vardı, cəbhəçiydi, məni çağırdı ki, bəs Əbülfəz Elçibəy gəlib.
Səni görmək istiyir...
-Prezident olan vaxtıydı?
-Hə...
-Görüşdünüz?
-Geciynən gəldilər bizə. Məni maşına qoyub
apardılar Cəbreyildə bir adamın evində görüşdürdülər. Ev sahibi hərbçiydi.
Soyuq bir gündü. Çay içdik. Sonra ərişdə gəldi. O kişi ərişdəni görəndə gözləri
bir işıqlandı ki!.. Həə... Mən də bir qab içdim utana-utana... Ürəyimdə dedim,
ə, ayıbdı, ə! Bu kişiyə bir əmliy quzu kəsərəm, şişlərə çəkərəm, Əbdüləzimin zoğal
arağınnan da qoyaram stola... Amma sonralar eşitdim ki, o kişi ərişdəni özü
sifariş veribmiş... Nəysə... Çörəyimizi yeyib, Səlyan istəkanlarında[4]
çayımızı işdik, qalxdıq ayağa. O evdə mənnən bir kəlmə də söz soruşan olmadı.
Mən, əslində niyə çağırıldığımı bilirdim. Amma bənsitmirdim. Bizim agentura
işçilərinə urus çekistləri də, özümüzünkülər də ayrıca dərslər keçirdilər. Belə
vəziyyətlərdə susmaq və işin axırını gözləmək lazımdır...
Yola çıxanda maşında ikimiz oturduq.
Şofer yerdə qaldı. Bəy üzünü mənə tutub dedi ki, maşını sən sürəcəksən. Az
qaldım soruşam ki, maşın sürməyimi hardan bilirsən, soruşmadım. Bu üzü üzlər
görmüş villisi işə salıb düz Araz qlrağına sürdüm. Yolda dedi:
-Mən tapşırmışdım ki, sənin Sovet
hökümətinnən aldığın aylığı bərpa eləsinlər. Elədilərmi? Alırsanmı?
Başımla “hə” işarəsi verdim. Sonra dedi:
-Mən sənin kimliyini yaxşı bilirəm. Bu
ölkənin prezidenti kimi Azərbaycanda sənin kimi 10-12 nəfər qiymətli adamın olduğundan xəbərdaram.
Başımızı çox qatırlar... Sizin kimi adamlarla özüm ilgilənə bilmirəm...
Amma səni görməliydim. Özü də təkbətək.
Dünya etibarsızdır... Mən o yeraltı sarayı – keçidi görmək istəyirəm. Göstərə
bilərsənmi?
Yenə başımla “hə” elədim. Gülümsündü.
Maşını xeyli aralıda saxladım.
-Burdan belə ayaqla getməliyik.
-Nə qədər məsafə olar?
-Bir kilometr.
-Niyə maşınla... Hə aydındır. Gedək...
Arxamızca gələnlərə “burada gözləyin” deyib
qabağa düşdük. Bu vaxt ev sahibi bizə yanaşdı. Çiynindəki balaca avtomatı
çıxardıb mənə uzatdı. Mən prezidentə baxdım, o da başıyla “hə” dedi və avtomatı
çiynimə salıb qabağa düşdüm. Əbülfəz bəy də ardımca... Daha qalanını bilirsiniz...
Yəni oranı bir dəfə təsvir eləmişəm... Yazdıqlarınız...
-Mənə maraqlıdır, siz necə eləmisiniz
ki, o yolu sizdən başqa bilən olmayıb? Ən azından uşaq-muşaq, çoban-çoluq tapa
bilərdi?
-Yer
elə seçilib ki, o səmt tamam böyürtkən kollarıyla çərhalğa əhatəyə
alınıb... Yəni istəsən də, o kol-kosun içindən bir şey tapa bilməzsən... O
ətraf həm də sirli bir məkan kimidir. Bir az aşağıda iki Xudafərin körpüsü var.
O tayla burun-burunasan az qala. Bu yerlərdə Qurbani gəzib, Xətainin ayağı
dəyib bura, Nadir şah keçib buralardan... Burda hər daş, hər ağac da dil olub
dillənə bilər... Əyəm danışdıra bilsən...
Bu miskin görkəmli qocada sözlər varmış!
Mən də səhərdən buna acıyıram ki, indicə yıxılıb öləcək. Amma gör bu nələr
danışır. Həm də qoca özünə mübhəm söhbətin içinə girənnən, fikir verirəm ki,
elə bil gümrahlaşıb.
-Bəs o biri tayda?
-Elə orda da hər yan böyürtkənlikdir. Onu
qazanlar, içəridə tikinti aparanlar bunları qabaqcadan fikirləşiblər yəqin.
-Bəy səninlə o yeraltı yolu gəzəndə nə
dedi? Oranın tarixi-filanı barədə danışdımı? O rəhmətlik tarixçiydi axı?
-Hə, dedi nələrsə. Lağım daha qədimdir qədimliyinə. Amma içdən
tağbəndlərlə hörgü Nadirşahın dövrünə
aiddir dedi... İçəridə işlədilən daşlara fikir vermişəm, məncə birinci Xudafərin
körpüsünü tikən adam tikib o yeraltı yoldakı tağbəndləri, divarları. Niyə? Ona
görə ki, daşlar eynidi...
-Bəs?..
Sözümün dalısını gətirməyə qoymur:
-Bəsdir. Day mən heç nə danışmıyacam. Mən
tarixçi deyiləm. Bir də bunları, hələ yazmaq olmaz...
-Heç mən də soruşmayacam, narahat olma.
Gördüyümü gördüm. Arxayın oldum. Bu labrinti mənə danışmışdılar... Amma bir
əfsanə kimi, rəvayət kimi bilmişdim. İndi anladım ki, hər əfsanənin də kökündə
bir reallıq var...
-Bəy lağımları gəzdikcə şövqə
gəlirdi. Elə bil tamam dəyişirdi. Ayrı adam olurdu. Gözləri alışıb yanırdı. Əlini
o tağbənd daşlara sürtə-sürtə deyirdi ki, buranı, başımız aydınasın, bir
yaxşıca təmir eləmək lazımdır... Amma hələlik gizlicə, gecələr eləməliyik ki,
farslar duyuq düşməsinlər... Ehhhh... Məhi kişi, hələ görüləsi işlərimiz çoxdu.
Lap çox... Siz isə bu sirri necə qorumusunuz indiyəcən, elə də qoruyun... Biz
yenə görüşəcəyik...
Qoca kövrəldi. Əyilib gülün dibindən bir
parça daş götürüb mənə uzatdı:
-Bu daşın da dərdi var. Hansısa qayadan
qopub bura düşüb... Bizim dərdimiz isə çox böyükdür... Elə bu daşınki kimi...
Ayrılanda lap astadan dedi:
-Bəyin bir dostu vardı – Talehdi adı. Bir
gün hardansa gəlib məni qaldığım yataqxanada tapdı. (Bəylə görüşəndə o da orada idi. Bir-birimizi tanıyırdıq.)
Xoş-beşdən sonra mənə bir açar verib dedi:
-Mən kəndimizə qayıdıram. İki otaqlı evim
var. Onu sənə bağışlayıram. Get, rayonunuz alınana qədər yaşa...
-Dedim, birdən allah eləməsin, rayonumuz
alınmasa?
Dedi, evi onsuz da sənin adına keçirmişəm.
Mən də evi nəvəm Nazimə verdim... O da satdı,
o pulla çıxdı getdi Türkiyədə biznes qurdu... İndi namxuda, beş kişidən
biri olub. Bəyin nəfəsi toxunan yerdə bərəkər var, artım var... Yeri behişt
olsun.
***
Qar yağıb. Özü də çox. Buralar
bəlkə də belə qarı yüz il qabaq görməyib... Yox əşşi, nə yüz il?!.
Yaddaşını qurdala. Sən Bakıya gələndə
neçənci il idi? Dayan? Yetmiş bir? Hə. Yetmiş birinci il idi. İnstitutdan
kəsildin, neftayırma zavodunda işləyirdin. Yetmiş ikinin yanvarında bir qar
tutdu ki, zavoda işə ayaqla gedəsi oldun... Sonralar danışırdılar ki,
kəndinizdə Səttar kişi ilə Həsənalı kişi ölübmüş. Qəbirin əhlədinə döşəmək üçün
sal daş lazım olub, qar hər tərəfi basdığından gedib çayın içindən uzun daşlar
çıxardıb gətiriblər qəbirsanlığa...
İndi molla deyir ki, niyə qəbirin
əhlədini bu qədər gen qazmısınız? Ağ lay daşlar ki, əhlədə döşəmisiniz, sınar,
qəbir batar axı?
Kimsə dillənir:
-Ay molla əmi, qəbir gərək itsin,
batsın də... Qoy itsin. Biz o boyda el, torpaq itirmişik... Bu qəbir nədir
onların yanında?!
-Molla əmi, meyid şişmişdi... Qorxduq
ki, qəbirə yerləşməz.... Ona görə əhləd elə gen qazılıb... –Kimsə az qala
pıçıltıyla deyir.
Bu kimin səsidir? Dayan, dayan.
Həəə... Məti kişinin – ölən adamın oğludur bu. Hekayəmizin əvvəlində başını
itirmiş adam... Bəs onun arxasında qara gözlüklü kimdir? Mən bu adamı harda
görmüşəm? Bəyaz saçları, çal bığları, sivri burnu var. Gözlərini qara gözlük
örtməsəydi kaş... Mənim ona baxdığımı sezib başını yerə dikir elə bil.
-Salam. – Gözlüklü adama yaxınlaşıb salam
verirəm. Gözlüyünü çıxarmadan salamımı alıb əlini uzadır. Mənim israrla onun
gözlüklə qapanmış gözlərinə baxdığımı görüb gülümsəməyə çalışır.
-Mən Talehəm... Bəyin dostu. Sizi yaxşı
tanıyıram. Bəy haqqında yazdıqlarınızı oxumuşam. Tam ürəyimcə deyilsə də...
amma yenə də sağ olun...
-Onlar ədəbiyyatdır... Hekayələr...
Nəsr... Proza... Orda hər şey həyatdakı kimi olmaya bilir...
-Hə, elə olmağına elədir... Amma bu Bəydir
hər halda...
-Düzdür... Amma Bəy sizin, bizim
gördüyümüz Bəy idimi?
Səksənir. Gözlüyünü çıxardır. Siqaret
yandırır.
-...Vəhdəhula şərikələ...-Molla meyid
duası verir. Biz səsimizi bir az da qısırıq.
-Yox, təbii. Biz Bəyin 20, uzağı 30 faizini
görür və dərk edirdik. O bu zəmanənin adamı deyildi... Bu Məti kişini
bilirsinizmi hardan tanıyıram?
-Siz də Bəylə getmişdiniz o yeraltı
labrintə?
Səksənir. Nədənsə gözlüyünü taxır.
Siqaretini qarın içinə atır. Cızıldayan qarda siqaret qəribə sarı ləkələr
buraxır. Biz qəbiristanın yüz metirliyindəki Yanardağ vulkanına tərəf
addımlayırıq. Vulkan iki il əvvəl aktivləşibmiş. Yaxındakı qəbirlərin bir
çoxunu palçıq basıb, itiblər. Bizim kənddən də burada basdırılan bir neçə qəbir
yoxa çıxıb. Acı-acı gülümsünürəm.
-Dəhşətdir. Bizim adamların bir çoxu bu
vulkanın o üzündə qeyri-qanuni satılan torpaqlarda icazəsiz evlər tikib
qorxa-qorxa yaşayırlar. Sonra da ölüb bu üzdəki qeyri-qanuni qəbiristanda
basdırılırlar və vulkan püskürəndə qəbirlərini basır, silir yer üzündən... Bu
Məti kişinin də qəbri bir gün itəcək... Elə bil bu sözü bu bədbəxtlər üçün
deyiblər: ”Müsəlmanın qəbri itməlidir.”
-Siz bilirdiniz ki, vaxtilə Həkəri
çayının altı ilə Şəhri-Şərifandan Məmmədbəyli türbəsinə yeraltı yol varmış?
-Yooox, - deyə heyrətlə cavab verirəm. O
vulkanın bayıra atdığı parlaq süxurları ayağı ilə tərpədib gülümsünür.
-Bəyin anası siz tərəfdən, Qafanın
hansısa kəndindən idi... Onunla bir dəfə sizin rayonu gəzə-gəzə gedib
Şəhri-Şərifanın xarabalıqlarına çıxdıq. Əlini çayın o tayındakı Məmmədbəyli
türbəsinə uzadıb dedi ki, bax, bu çayın altından o türbəyə yol varmış. Babəki o
qalaçada dustaq saxlayıblar. Sonra o yeraltı yolla gətirib Şəhri-Şərifandan
Samirəyə aparıblar... Məti kişi danışırmış ki, o yolu da bilir. Bəy düşünürdü
ki, Xudafərindəki yeraltı yolu da, Şərifandakını da təmir etdirsin... Bir
tarixi abidə kimi... Əksər arzuları kimi o da həyata keçmədi... Məti kişi ilə
biz hərdən görüşürdük...
Hirslə dillənirəm:
-Nolsun?! Mən də görüşmüşəm... Söz
qopartmaq olmurdu ki?!
-Həəə... O peşəkar idi... Eləsi sirr
verməz...
-Siz Məti kişi ilə dost ola bildinizmi?
-Yox, canım! Adamı yaxına buraxırdı
ki!?.. Sözü maqqaşla çəkirdin elə bil... Çekistlərin bir çoxu beləydi... Onun
kapitan rütbəsi varmış. Amma əlində heç
bir sənədi yoxuymuş. Sovet vaxtı hər ay paketlə nə qədərsə təqaüd alırmış...
Müstəqillik zamanı düz altı ay o təqaüd kəsilir. Və bəy hardansa xəbər tutur,
kişinin təqaüdünü bərpa etdirir... Fikir verirsiniz? Əgər təqaüd bərpa
olunmasaydı, səsini çıxartmayacaqdı... Adam
öz işinə, andına necə də sədaqətliymiş!?. Bilirsiniz də, çekistlər işə
qəbul zamanı and içirlər. Adam andına necə sadiq qalıb... Bəy belələrinin aşiqi
idi. Deyirdi ki, bizim ən böyük çətinliyimiz kadr məsələsidir. Gərək on iləcən
bu məsələni qəti həll edək. Türkiyəyə göndərilən tələbələr, əslində buna
hesablanmışdı...
Səsi qırılır. Hiss edirəm
ki, qəhər tutub. Əyilib bir çəngə qar götürüb üzünə sürtür. Elə bil bədəninə
dolmuş odu bu yolla qovmaq istəyir.
-Bu günlərdə o gənclərdən
biri ilə görüşdüm. Saqqal buraxıb, təsbeh sallayır. Soruşdum bu nə haldır? Dedi
ki, neyniyim, iş vermirlər, bir türkiyəli iş adamıyla burda biznes qurmuşam...
O da dindardır. Deyir gərək halal biznes quraq. Bunun da yolu dindən, imandan
keçir... Günümüzə bax də...
Xəbərimiz olmadan
danışa-danışa gəlib vulkanın lap ağzına çıxmışıq. Taleh pıqhapıqq qaynayan
vulkanı görüb maraqla ona doğru gedir. Mən: “Çox irəli getməyin, təhlükəlidir”
demək istəsəm də, özümü saxlaya bilmirəm və onun kimi düz vulkanın gözünə
yaxınlaşıram. Bu zaman hala gəlmiş xəmir kimi qəfil qalxan vulkan üstümüzə
sıçrayır... Şalvarımızın ayaqlarına ləkələr düşür. Amma geriləmirik. Bu sönmüş
vulkan bizi özünə çəkir...
Bir qədər aşağıda isə bir
zaman püskürmüş vulkanın gümüş kimi parıldayan qalıqları bərq vurur...
2015 -
2017
[1] *Sincan istasyonu – Ankarada dəmiryol stansiyası və rayon.
Çində uyğurların yaşadığı yerin adı da Sincandır (çincə Sinziyan). Azərbaycanda
Qəbələ rayonunda da Sincan adlı kənd var. Bu söz ətirli gül anlamındadır, həm
də gəmiricilər fəslindən kiçik heyvana –
sincaba verilən addır. Ankarada bu adda
ədəbiyyat dərgisi yayımlanır.
[2] Misralar
Şəms Təbrizinindir (1185-1248)
[3] Bəhlul
Behcət Əfəndi – 1868-ci ildə Zəngəzur
qəzasının Dondarlı kəndində (indiki Qubadlı rayonunun ərazisindədir) doğulmuş
bir üləma, tarixçi və hüquqşünas idi. 1890-cı illərdə İstanbul universitetinin
fiqh fakültəsini bitirmiş, Təbrizə, Şama gedərək elmi və dini biliklərini
artırmışdı. Vətənə qayıdanda atrıq bütün Rusiya ərazisində olduğu kimi,
Azərbaycanda da bir təlatüm, oyanış görür. Müsavat partıyasının Zəngəzurda
təbliğatçısı olan Bəhlul Əfəndi tezliklə müstəqilliyini elan edən Azərbaycan
Cümhuriyyətinin Zəngəzur üzrə nümayəndəsi, eyni zamanda Zəngəzurun qazısı təyin
olunur. Həm dini, həm elmi, həm də hərbi sahədə bacarığı olan bu gənc aydın
bölgədə bir sıra islahatlar həyata keçirir. İlk növbədə İmam Cəfəri Sadiqin,
sonralarsa Nadir Şahın sünnü-şiə məsələsində tutduqları mövqeni müdafiə edir və
belə bir fətfa verir ki, Zəngəzurda sünnü-şiə məsələsi salanı yüksək cəza
gözləyir!
Daha sonra rusların əli ilə
devrilən Cümhuriyyətin ağrılarını ürəyində cəmi iki il yaşatsa da, sonda dözmür, cihad çağırışı ilə ordu
toplayır, Xanlıqda sovet hökümətini devirir, rus-erməni-azərbaycanlı bolşevik
dəstələrinə qarşı qəhrəmanlıqla vuruşur. Rus ordusu ilə ağır döyüşdən sonra
İrana adlayır. Bir il orada qaldıqdan sonra geri dönür. Həbs olunaraq buzlu
cəhənnəmə - Solovkiyə sürgün olunur. On il sonra sürgündən geri dönür və
Azərnəşrdə korrektor işləyir. Sonra yenidən həbs olunaraq güllələnir.
[4] Səlyan stəkanı - ortası boğmalı armudu stəkanlara biz tərəflərdə belə deyirlər. Niyə belə deyildiyini araşdırmağa çalışsam da, bir nəticəyə gələ bilmədim. Yalnız iş gümana qaldı: ola bilsin ki, ticarət işçiləri ilk dəfə bu stəkanı Salyandakı satış bazalarından alıb bizim tərəflərə gətiriblər. Soruşanda da “Səlyandan gətirmişəm” deyiblər. Stəkanın adı qalıb “Səlyan stəkanı”.(Müəllifin qeydi)

Yorumlar
Yorum Gönder