AZAD QARADƏRƏLİ MƏN 38 İL SONRA NECƏ AYB ÜZVÜ OLDUM?
Yazılarımda
“niyə AYB üzvü olmamışam?” sualına yetərincə cavab vermişəm. Və son zamanlar
AYB-la bağlı verilən suallara ya cavab verməkdən imtina edir (axı üzvü
olmadığın bir təşkilat haqqında nə danışasan?), ya da mümkün qədər subyektivizmə
yol verməməyə çalışırdım.
Atəşkəsi
yenə AYB pozdu.
Bu
yaxınlarda üzvülük haqqı vermədiyinə görə Birlikdən xaric olunacaq şəxslərin
adını açıqladılar və o siyahıda Vəliyev Azad Vəli oğlu adlı birisi də vardı.
Anadolulu qardaşlarımız demiş, bu şaka kimi olaya reaksiya verməməkmi olardı?
Feysbuk
səhifəmdə yazdım: “İndi bir şey oxudum, ayağımın altından yer qaçdı: AYB
üzvülük haqqını verməyən üzvlərin siyahısını dərc edib və orada Vəliyev Azad Vəl
oğlu adda adam var. Əgər bu mənəmsə, mən oranın üzvü deyiləm və olmamısam.Yox, məndən
başqa bu adda yazıçı varsa, allah xeyir versin.”
Xatirlatma:
mən düz 38 il əvvəl Azad Vəliyev imzası ilə yazmışam, sonradan bütün əsərlərim
və kitablarım Azad Qaradərəli imzası ilə cap olunub.
Bir
gün sonra Ülvi Bahadır yazdı:
“Salam,
Azad bəy. Necəsiniz? Kulisdə AYB-yə üzvlüyünüzlə bağlı sənədlər təqdim olunub.
Xəbər yayımlanıb. Siz isə deyirsiniz ki, mən AYB-dən lap çoxdan çıxmışam. İstəyərdim
ki, bu mövzuda açıqlama verəsiniz, yayımlayaq.”
Əlbəttə,
mənim özümə və yazılarıma həmişə həssaslıqla yanaşan, yarandığı gündən hekayə,
esse, müsahibə, hətta romanlarıma geniş yer verən bu doğma sayta biganə qala
bilməzdim. Baxmayaraq ki, onların yayınladığı xəbərdən narazı qalmışdım. Səbəb
isə o idi ki, o xəbərin tonunda bir AYBpərəstlik vardı. “AYB-yə heç vaxt üzv
olmadığını iddia edən yazıçı ”, “siz isə deyirsiniz ki, mən AYB-dan çoxdan
çıxmışam” kimi ifadələr...
Beləcə,
onların yayımladığı material da məni qane etmədi. Ona görə məcbur olub öz
bloqumda həmin cavabımın orijinalını yayımlayası oldum.
Ülvi
Bahadır üçün yazdığım cavab:
“Demək,
mən bu barədə bir neçə dəfə yazmışam. Ötən əsrin 80-lərində (ilini dəqiq
xatırlamıram) Sabir Əhmədlinin məsləhəti ilə sənədlərimi toplayıb AYB-a
vermişdim. Elə rəyin birini Sabir müəllim, birini də gərək ki, İsa İsmayılzadə
vermişdi.
Üstündən
xeyli vaxt keçəndən sonra (onda mən rayonda yaşayırdım) gəldim Bakıya və getdim
AYB-a. Sənədləri məndən qəbul edən Kamal adlı birisi idi, dedi ki, nə sənəd, sənin
bizdə sənədin-zadın olmayıb. (Mənə dedilər ki, o, Anarın qohumu imiş.)
Və
elə o gedən getdim. Özümə söz verdim ki, bir də bu təşkilata üzv olmağı ağlımın
ucundan da keçirməyəcəyəm.
Nəhayət,
rayonumuz işğal olundu və mən Bakıya gəldim. Bir neçə yerdə, o cümlədən radioda
işə düzəldim. Eldar (Baxış) rəhmətlik dedi ki, sən İttifaqa üzvülüyü nə yerdə
qoydun? Yuxarıda yazdıqlarımı ona da danışdım. Eldar məni danladı, dedi ki, elə
edirlər ki, pisikdirsinlər, üzv olmayasan. Acıqnan yığ sənədlərini, apar təkrar
ver. Dedim yox, verməyəcəm. Onda Eldar dedi ki, elə eləmə ki, mən sənin əvəzindən
bunları hazırladıb ora verdirim. Bunu səhər ev almağı-zadı var. Evin-eşiyin
yoxdur. Yenə qulaqardına vurdum.
Eldarın
vəfatından sonra işçilərdən biri dedi ki, mən Eldar müəllimin tapşırığı əsasında
sənin sənədlərini düzəldib, Yazıçılar İttifaqına verdim. Gülüb keçdim.
Bir
gün Mahirə Abdulla mənə zəng etdi ki, AYB-da işləyirəm, burda sənin qəbun sənədlərin
var, bəlkə gələsən səni qəbul etdirim Birliyə? Ona da izah etdim ki, mənim o təşkilatla
ulduzum çətin barışa. O nə sənəddirsə, cır, tulla getsin, mən ora bir dəfə
80-inci illərdə sənəd vermişəm, onu da it-bata salıblar.
Beləcə,
mənim AYB sərgüzəştim bu şəkildə başa çatıb.
Amma
başa çatmayıbmış! Demiyəsən, 80-lərdəki imzamla məni AYIB-a qəbul ediblər - Vəliyev
Azad Vəli oğlu! Pəh!
A
kişi, mən 38 ildir ki, Azad Qaradərəliyəm! Yalnız birinci kitabım 1987-ci ildə
AZAD VƏLİYEV imzasıyla nəşr olunub, ondan sonra 60-dan artıq kitabım çıxıb,
hamısı Azad Qaradərəli kimi.
Bu təşkilat
hələ də 80-lərdə qalıb. Hələ də Sovet dövrünün ab-havasıyla nəfəs alır. Mən
Azad Vəliyev deyil, Azad Qaradərəliyəm! Və allah da şahiddir ki, o təşkilatın
üzvü olmamışam, ölüncən də olmayacağam! Bu qədər sadə...
...Hə,
bu qeydləri yazandan sonra mən sizin portaldakı sənədləri gördüm. Mənim üzvlük
üçün müraciət etdiyim sənədləri deyirəm. Ərizənin altında tarix olmadığı üçün
bunun mənim 88-də, yaxud 89-da Kamal bəyə təqdim etdiyim sənədlər
olub-olmadığını aydınlaşdıra bilmdim. Yalnız bir şeyə əsasən əmin oldum ki, bu
sənədlər həmin Kamal bəyin "itirdiyi" sənədlər imiş: orada Sov.İKP
üzvü olduğum göstərilir. Halbuki mən də digər aydınlar kimi 1990-cı ildən bu
partiyanın üzvülüyündən çıxmışamş. Bir də ərizə rəhmətlik Hüseyn Abbaszadənin
adına yazılıb. O kişi isə 1975-91-ci illərdə AYB-ın katibi olub. Deməli, bu sənədlər
mənim 80-lərdə təqdim etdiyim sənədlərdir ki, sonralar mənim bu təşkilatla bir
bağımın olmadığını yazanda bərqəsd məni özümün iştirakım olmadan qəbul ediblər.
Özü də sənədlərimi təqdim etdiyim vaxtdan düz 19 il sonra! Əşşi, belə də
komediya olar?! Necə qəbul ediblərsə, elə də xaric edərlər inşallah. Bir daha təkrar
edirəm: mən AYB deyilən o təşkilatla heç bir bağa sahib deyiləm! Və onlardan
bir umacağım da yoxdur. İcazə verin ömrümün bu ahıl çağında həyatımı öz istədiyim
kimi yaşayım.
S.A.(Söz
Ardı)
1.
Ülvi bəy, sizin sualınızda bir yer sonradan yadıma düşdü. “Siz deyirsiniz ki, mən
AYB-dan çoxdan çıxmışam.”
Qardaşım,
mən heç vaxt elə söz deməmişəm. Mən demişəm ki, AYB-ın üzvü olmamışam heç vaxt!
2.
İmzasına hörmət bəslədiyim şair xanım Fəridə yasdı ki, Azad bəy, sizin ərizəniz
və digər qəbul sənədləri kiril əlifbası ilədir və inandıq ki, siz düz
deyirsiniz...
3.Əsər
yazın. Heç bir AYB sizə əsər yazmaq öyrətməyəcək. Öyrədəcək: belə intiriqalar,
incitmələr, küsdürmələr, pisikdirmələr...
4.
Allah hər kəsin köməyi olsun.
15.01.2026.




Yorumlar
Yorum Gönder