AZAD QARADƏRƏL “PAN”IN ƏDƏBİ QƏHRƏMANININ ACI SONU (Norveçli yazıçı Knut Hamsunun “Pan” romanı və Nobel mükafatı)
AZAD QARADƏRƏLİ
“PAN”IN ƏDƏBİ QƏHRƏMANININ ACI SONU
(Norveçli yazıçı Knut Hamsunun “Pan” romanı
və Nobel mükafatı)
Qonarar
üçün yazdığım zamanlarda bu tip esseləri çox sürətlə yazardım. İndi nə qonarara
ehtiyac var (yaş deyir ki, sənin qazanan vaxtların keçib), nə də hər oxuduğum
kitab haqqında yazmağa. Amma bəzi kitablar var ki, yazmamaq olmur. Üstəlik, az
qala iyirmi il əvvəl bir əsərini oxuduğun yazıçıdan indi yeni bir əsər
oxuyursan, hiss edirsən ki, yazmaqdan vaz keçə bilməyəcəksən...
Knut
Hamsunun “Pan”ı o qədər də rahat oxunan əsər deyil. Əvvəla, yazıldığı zamnadna
130 iləcən vaxt keçib, ikincisi də yazı stili elədir ki, vərəqlərin arasında
buzlayan obrazlardan, Şərq temperamentindən xali qəhrəmanlardan yazmamaq üçün əllərinin
ikisini də gərək kimsə tutub saxlasın ki, yaza bilməyəsən...
Romanı
oxuya-oxuya düşünürdüm ki, Hamsun, elə bil ki, illər sonra yaranacaq faşist
partiyasını müdafiə edəcəyinə özünü hazırlayırmış. “Pan”ın içindən boylanan baş
qəhrəman leytenant Tomson Qlan obrazı bunları dedirdir...
Romanın
içərisnə girən kimi bir cəlayi-vətən leytenantın ormanda, dağda-dərədə ov edib
meşəçi komasında, başqa daldalanacaqlarda gecələməsini fikirləşdikcə insanın təbiətlə
təmasda olmasını, insanın təbiətin parçası olmasını dərindən hiss edir, adi bir
daşın belə varlığını duyursan: “Daxmamdan azca aralı yekə və boz bir daş vardı.
Daşın elə mehriban görünüşü vardı ki, sanki mənə baxır və yaxınlaşanda məni
tanıyırdı.”
Bu
isə meşə və ağaclar haqqındadır: “Hələ şaxta düşməyib, ancaq meşədə sərinlik
və sakitlik hökm sürür, hər yanda həyat, həyat qaynayır. Ağaclar dərin fikrə
dalıb.”
Uzaq
şimalda – Skandinaviyada təbiət nə qədər sərt olsa da, canında bir hərbçi sərtliyi
də gəzdirən Qlan burada Edvarda adlı bir qıza vurulur və elə bu sevgi onu dəyişdirir.
Özünü heç vaxt tabe olan biri kimi təsəvvür etməyən gənc leytenant, nəinki
Edvardaya tabe olur, hətta qızın sevgisi onun sərtliyini imtahana çəkir. Amma
hara qədər dözür buna?
“Demək,
məndə nə ləyaqət, nə də qürur hissi qalıb” deyən gənc hərbçi Edvardanı əzmək
və özünə tabe etmək üçün hərbi mundirini yaşadığı şəhərdən gətizdirir, onu
geyinib qızın hüzuruna çıxır...”
Təbii,
bütün sevənlər kimi Qlanın da daxilində baş qaldıran qısqanclıq teziklə onun
daxili aləminə nüfuz edir. Edvardanın Qlana çox da üz verməməsi onda şübhə və
qısqanclıq hisslərini alovlandırır. O dərəcədə ki, Yeva adlı xidmətçi qızla
Edvardaya olan sevgisinə xəyanət edir. Və təbii ki, Edvarda kimi bir yuxarı təbəqənin
içindən çıxmış qız ona bir xidmətçi qızla edilən xəyanəti bağışlamır.
Qlanın
qısqanclığı o qədər anlaşılmazlığa yol açır ki, hətta Edvardanı qısqandığı
adamı öldürmək qərarına gəlir; həmin adamın mindiyi gəmini məhv etmək üçün dağı
partladır. Nə yazıq ki, bu partlayışdan həmin adam deyil, biçarə Yeva zərbə
alaraq tikə-parça olur.
Qəribədir
ki, Qlan elədiyi bu cinayət hadisəsinə görə çox da dərin iztirab keçirmir. Hətta
iş o dərəcədə çillədən çıxır ki, Edvardadan qısas almaq üçün Qlan özünün sevimli iti Ezopu güllələyir və ölüsünü qıza
göndərir... (Edvarda axı Ezopun dirisini istəmişdi?!)
...Əsər
Qlanın qəribə ölümü ilə bitir – uzaq Hindistanda bezdirdiyi dostunun açdığı atəş
onun həyatına son qoyur.
Həm
Skandinaviyada, həm Hindistanda qadınların sevimlisi olsa da, Qlan bundan
yalnız qısqanclıq naminə istifadə edir. Hətta onu xarakterizə edərkən belə
deyirmişlər: “Adama elə qızğın və vəhşi baxışlarla baxırdı ki, dərhal onun
iradəsinə tabe olurdun. Deyəsən, hansısa xanım deyibmiş ki: “O mənə baxanda
özümdə olmuram, sanki mənə əli ilə toxunur.”
Qəribədir ki, Qlan sevdiyi xanıma görə ayağına atəş
açır, nə var ki, Edvarda axsaq bir doktorun vurğunu idi...
***
Demişdim
axı, Hamsun mənimçün “Aclıq” romanı demək idi. Çünki bir vaxtlar oxuduğum yeganə
əsəri idi. Bir də Hamsun öz Nobel ödülünü Hitlerə bəxşiş kimi göndərən yazıçı
kimi qalıb yadımda.
Adətən,
yazıçılar antifaşist olurlar, Hamsun isə faşizmə qəribə sədaqəti ilə tanınıb. Və
öz ölkəsinin nicatını faşizmdə görüb. Əlbəttə, bu çox antibəşəri bir haldlr,
zira onun faşizmə biət etməsi yaradıcılığına elə də kölgə salmayıb...
1920-ci
ildə Hamsun Nobel ödülünü alanda biz can çəkişməsində idik. Başqa bir faşizm –
rus işğalçı qüvvələri müstəqil Azərbaycanın sərhədlərini keçərək xalqımıza
divan tutur, aydınlarımızı qurşuna düzür, bayrağımızı endirir, dövlətimizi
süquta uğradırdı...
Hələ
ondan neçə il əvvəl Bakıya gələn Hamsun Bakını “lənətlənmiş şəhər” adlandıraraq
yazırdı: “Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər
yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu
öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə
burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.”
Hamsun
Bakını iki sivilzasiyanın qovşağı kimi də görür və belə yazır: “Bütün insanlar
az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki,
artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ
iranlı olmayıb...”
Təbii,
Hamsun “iranlı” deyəndə biz Azərbaycan türklərini nəzərdə tuturdu.
***
Bu
yaxınlarda Venesuelanın müxalifət lideri Mariya Maçado özünün Nobel Sülh
mükafatını ABŞ prezidenti Trampa təqdim etdi və yadıma Hamsun düşdü...
Nə
qədər qəribə olsa da, pis nümunə də artıb, törəyən olurmuş. Ölkəsinin pis-yaxşı
rəhbəri olmuş bir adamı oğurladan, bu əməliyyat zamanı çoxlu venesuelalının
ölümünə bais olan birinə həmin ölkənin müxalifət lideri ən qiymətli mükafatını
hədiyyə edir...
Bilmirəm,
o biri dünya varmı, yoxmu? Varsa Hamsun orada yəqin ki, indi şirni paylayır...
Və
mən bir həqiqətə tam inandım “Pan”ı oxuyarkən: ən qəddar ideologiya belə
istedadın qarşısında acizdir...
S.A.
(Söz Ardı)
1.Bu
yazı bir qələm adamının düşüncələridir. Ədəbiyyatşünaslar, bu sahənin mütəxəssisləri,
ola bilər ki, başqa cür düşünürlər əsər və müəllif haqqında. Mən ağlıma gələnləri
və ilk olaraq aldığım təkandan doğanları yazdım. Yazı adamı olacaq gənclərə bu
müəllifi oxumağı tövsiyə edərdim, nəinki 130 il sonra həlləmqəlləm mətnlər ustası
Mirələmovu...
2.Uzun
zaman mən Hamsunun adını Kunt bilmişdim. Elə gözəyarı necə görmüşdüm, yadımda
da elə qalmışdı. Lap sonralar biləcəm ki, Kunt, Hamsunun medalını bəxşiş
verdiyi Hitlerin həmyerlilərinin adıymış...
3.K.Hamsun naturalist cərəyana mənsub yazıçı kimi əsərlərində naturalizmə - təbiətlə insanın təmasına daha çox yer verirdi. Bunun elə ən yaxşı nümunəsi “Pan” romanıdır. Romanı oxuduqca özümün də təmsil olunduğum yeni ədəbə naturalizm cərəyanının hələ ədəbiyyatçılara, ümumən sənət adamlarına daha çox lazım olduğu qənaətinə gəldim.
06.02.2026.

Yorumlar
Yorum Gönder