AZAD QARADƏRƏLİ MİLLİ TƏHSİL VƏ ƏDƏBİYYAT (5-ci Türkçülük Çalışmaları üçün)
AZAD QARADƏRƏLİ
MİLLİ TƏHSİL VƏ ƏDƏBİYYAT*
(5-ci Türkçülük Çalışmaları üçün)
Təhsil
millətin havasıdır. Hava şarları havasız yüksəklik qazana bilmədiyi kimi millət
də havasız, yəni təhsilsiz ucalarda görünməz. Bəlkə də görünər, lakin o bizim
olmayacaq. Çünki üzərində MİLLİ emblemi yoxmuş...
Demək,
təkcə təhsil yetməz, milli təhsil deməliyik. Bəs milli təhsili adi təhsildən fərqləndirən
nədir?
Təsəvvür
edin ki, avakado meyvəsini gətirib Azərbaycanda becərmək istəyirsən. Gözəlim
avakado subtropikdən bir az da artığını istəyən ağacdır və sən Bakı mühitində
onu yetişdirmək üçün min oyundan çıxmalısan. Zira bir adı da Amerika armudu
olan avakadonun nazını çəkincən elə Azərbaycan armudu ək, ona yaxşı qulluq elə,
barı səni barındırsın. Budur milli təhsilə gedən yol – bizə daha çox fayda verəcək
mətləbdən yapışacağıq...
Müasir
dünya elminin ən görkəmli nümayəndələrindən biri olan Noam Xomski bir sıra sahələrdə,
o cümlədən dilçilikdə böyük inqilabi dəyişikliyə yol açan nəzəriyyələr ortaya
qoymuşdur. Xomskinin yaratdığı biolinqvistik nəzəriyyəyə görə, dilin struktur
prinsipləri bioloji olaraq insan şüurunda yatır və genetik olaraq ötürülür.
Böyük
Sədinin də dediyi kimi:
Heç
seyqəl götürməz zatı pis dəmir,
Nə
qədər çalşsan bədgövhər olar...
Demək,
yenə genetika önə keçir. Biz türk kimliyimizi təhsilimizə də oturtmalıyıq. Əli
bəy Hüseynzadənin təbirincə desək, türk hissiyyatlı, islam etiqadlı, Avropa
(müasir) qiyafəli...
Bir
erməni politoloq 20 faiz torpağımızın işğalı dönəmində demişdi: “Biz Azərbaycanı
təkcə ona görə məğlub etməmişik ki, 20 faiz torpağını işğal etmişik, həm də ona
görə məğlub etmişik ki, o ölkədə təhsili dayandırmışıq – bir milyon məcburi
köçkün məktəblərdə, ali məktəblərin yataqxanalarında yerləşdirilib, orada təhsil
dayanıb.”
Düşmən
həmişə düşməndir. Amma görün necə məntiqli söz deyib.
Nə
yazıq ki, elə o zamandan bəri təhsilimiz özünə gəlməyib...
Müstəqil
olduq, amma şox şeyi müstəqil edə bilmədik. O cümlədən təhsli.
Milli
dövlətimizin qurulduğu ilk mərhələdə test üsulunun tətbiqi çox uğurlu addım
idi, zira o elə addım kimi qaldı. Ondan sonrakı mərhələdə yaranacaq yeni təhsil
elementləri, nə yazıq ki, əksini tapmadı.
Bəs
əvəzində nə baş verdi?
Azərbaycan
təhsilinə yad olan, yaxud uyğunlaşdırılmadan köçürülən kurikulum praktikası və
bu kimi daha bir neçə yad addımlar təhsilimizə sağalmaz yaralar vurdu.
Uzun
müddət – 15 il dövlət radiosunda uşaq verilişlərində çalışan biri kimi deyə bilərəm
ki, bu yaraların necə dərinləşdiyini təəssüf hissi ilə seyr etmədə idim.
Böyük
çex pedoqoqu Y.A.Komenskinin təhsildə yartdığı təbiətəmüvafiqlik prinsipi məktəblərimizdən
uzaq düşdü. Böyük şair Saib Təbrizi necə gözəl demiş:
Tutulmuş
könlümü şam ilə şadan eyləmək olmaz,
Əl
ilə püstənin ağzını xından eyləmək olmaz.
Ayrı-ayrı
vaxtlarda düz 25 il Azərbaycan maarifinə rəhbərlik etmiş akademik Mehdizadənin
qurduğu məktəb və təhsil bu illər ərzində dağıdıldı.Təsəvvür edin ki, indi məktəblərdə
8-ci sinifdən yuxarı bütün şagirdlər çantası dallarında çoxmərtəbəli binaların
arası ilə o mənzildən bu mənzilə yortur, repititor yanına tələsirlər. Məktəblərdəki
müəllimlər isə keçmədikləri dərsə görə əmək haqqı alırlar.
Ən
faciəlisi odur ki, müəllim yanına hazırılığa gəlməyən şagirdə aşağı qiymət verir,
onu hazırlığa gəlmək üçün bir növ təhdid edir...
Ən
fəlakətli məsələ 11-ci sinif şagirdlərinin vəziyyətidir. Ali məktəbə qəbul
olunmaq respublikada bir normaya çevrilib. Təhsilin səviyyəsi ali məktəbə qəbulun
həcminə görə ölçülür?!
Lazım
oldu, olmadı bütün şagirdlər 3-cü, 4-cü qruplara sənəd verir, o biri qruplara
isə planı ikinci mərhələdən qalanlarla – 100-200 balla doldururlar...
Qüsurlu
təhsil siyasəti ölkəmizdə ən qədim peşələrin itməsinə rəvac verir. Dəmirçilik,
misgərlik, saatsazlıq, şəbəkə ustası, dulusçuluq kimi qədim və qədim olduğu qədər
də müasir olan peşələr məktəblərdə niyə tədris olunmur ki, şagirdlərin müəyyən
qismində bu qədim peşələrə maraq aşılansın və nəsillər arası əlaqələr
qırılmasın?
***
Dərslik
və onun hazırlanması məsələsi ən böyük problemə çevrilib. Sinfə girməyən, məktəbdən
başı çıxmayan adamlar dərslik yazmağa cəlb olunurlar. Dərslikləri o nəşriyyatlar
buraxırlar ki, onların Təhsil Nazirliyi ilə əlaqələri var.
Dərsliklər
səhvlərlə dolu olur. Yadımdadır, 8-ci sinfin riyaziyyat kitabındakı bir məsələnin
cavabı heç cür kitabın arxasındakı cavabla düz gəlmirdi. Riyaziyyat biliciləri
yığışaraq o məsələni həll etmiş, düzgün cavadı tapmış, Təhsil Nazirliyinə bu
barədə məlumat vermişdilər. Lakin o məlumat bir daş bir gölə düşmüşdü. Mən
radionun işçisi kimi həmin məktəbdən hazırladığım reportajda bunu qabartmışdım,
mərhum sədrimiz Nizami Xudiyev məni axtarmış, bu barədə xəbərdarlıq etmişdi –
belə məsələlərdə ehtiyatlı ol demişdi...
Azərbaycan
dili dərsilkərində şeir parçaları var ki, o parçalar əsl fəlakətdir. Gündəlik təlabət
malları olan ərzaqlar haqqında “mənşəyi bilinməyən” adlı ifadə var. İnanın ki,
o şeirlərin də mənşəyi və mənbəyi bilinmir. O şeirlərin müəlliflərinin adi nəşriyyat
işçisi olduqları, yalnız qonarara görə onların həmin kitablara salınmasını biləndə
əlim üzümdə qaldı...
Vaxtilə
biz belə şeirləri ələ salar, lağa qoyardıq. Məsələn dərslikdəki şeirlər belə
olmasa da, buna bənzər motivdədir:
Minmişəm
velsobetə,
Sürmüşəm
selsovetə...
Dərsliklər
haqqında rastıma çıxan yazıların birində dərsliklərin şagirdlər üçün yaratdığı
“tərsliklər” müzakirəyə çıxarılmışdı. Həqiqətən, dərsliklərin bir çoxunda tərsliklər
mövcuddur...
***
Sovet
vaxtı məktəblərdəki bədən tərbiyəsi, nəğmə, rəsm dərslərini dəxli olmayan müəllimlər
keçərdi və kimin dərs yükü aşağı idisə bu dərslər hesabına balans yaradardılar.
İnanın ki, indi daha ağır vəziyyətdir. Bu dərslərə qismən də olsa, ixtisas müəllimləri
cəlb olunub, amma vəziyyət dəyişməyib – hələ heç kim bir orta məktəbdə rəsm müəlliminin
kəşf etdiyi gələcəyin rəssamını, musiqi müəlliminin gələcəyin bəstəkarını,
idman müəlliminin gələcəyin idmançısını görməyib. Bunlar yenə də yalnız
valideynlərin hesabına ayrı-ayrı yaradıcılıq mərkəzlərində ortaya çıxan
istedadlardır.
Bura
qədər danışdıqlarım bir keçmiş müəllimin, məktəb direktorunun və yaxud
radiojurnalistin düşüncələri idi.
İndi
isə bir yazıçı kimi məktəb, müəllim və şagird haqqında söz açmaq istəyirəm.
Böyük
yazıçı Ə.Haqverdiyevin bir hekayəsi var. Deyir, bir məktəbə getmişdim, gördüm
uşaqlar məktəbin qabağında oynayırlar. Fikir verdim, gördüm bu oyun çox uzandı.
Soruşdum ki, a bala, bəs müəlliminiz hanı?
Dedilər
gedib dərs gətirməyə...
Sonradan
məlum olur ki, müəllim atını minib qonşu kəndlərə gəzməyə gedir, tanış-blişlə
görüşüb söhbətləşir, eşitdiyi maraqlı əhvalatları, gözü ilə gördükələrini gəlib
şagirdlərə danışır. Bu da olur dərs...
Bir
çox məktəblərimizin halı bax belədir. Hansı məktəbə getsən, ən azı beş müəllimi
yerində tapmayacaqsan. Niyə? Hardadılar? “Gediblər təkmilləşdirmə kursuna.”
Ay
kişi, 55 yaşlı müəllimə nə təkmilləşdirmə?! Sən hələ bir özünü təkmilləşdir.
Qalsın müəllimlər....
İnanin
ki, bu təkmilləşdirmə məsələsi quş qoymaq (yəni bu işi də aşırdıq), yaxud kimlərinsə
maaş alması üçün hələ də qalmış olan köhnənin qalığıdır. Təkmilləşdirmə kursu əvəzinə,
ölkə səviyyəsində tanınan bir alimlə (məsələn Rafiq Əliyevlə) məktəbdə görüş
keçir, bu da olsun bir iş...
***
Elmi-texniki
tərəqqinin məktəblərdə və şagirdlər arasında tətbiqi vacib məsələdir. Zira
burada da norma olmalıdır. Bu gün az qala hər şagirdin əlində bir telefon var
ki, bu da onları kitabdan və kitabxanadan soyudur. Bu hal, nə yazıq ki, şagirdlərin
psixi pozxunluğuna, yaxud ruhi vəziyyətinin pisləşməsinə səbəb olur. İndi də süni
intellektin ortaya çıxması şagirdlərin oxumadan, əziyyət çəkmədən “çalışmaları
həll etmələrinə” şərait yaradır.
Hesab
edirəm ki, dədələrimizin vaxtilə tətbiq etdikləri qadağalar sisteminə qayıtmaq
fayda verərdi. Ailədə və məktəbdə olar-olmaz prinsipinə mütləq əməl edilməlidir.
Şagird nəyin xeyirli, nəyin zərərli olduğunu şüurlu surətdə dərk etməli və buna
öz razılığı ilə əməl etməlidir.
Bu
günlərdə dörd yaşlı əkiz nəvələrim bizə gəlmişdi. Nənələri onlara şokalad verəndə
götürmədilər və dedilər ki, bunlar uşaqlar üçün zərərlidir. Biz böyüyəndə
onlardan yeyə biləcəyik...
Ayağımızın
altından yer qaçdı. Körpə nəvələrimiz bizə həyat dərsi keçdi...
Təbii
ki, bu tərbiyə onların ata-analarından və getdikləri bağçadan gəlirdi. Elə
bilirəm ki, Təhsil Nazirliyi vaxtilə məktəblərdə aktual olan “Şagird
qaydaları”na yenidən qayıtmalı, o qaydalara “Qadağandır!” maddələrini də əlavə
etməlidir...
Bu
gün məktəblərdə tədris olunan “Texnologiya” fənnini keçən müəllimlərin üzərinə
böyük iş düşür. Onlar şagirdlərin kompüterlə işini elə qurmalıdır ki, onların
başqa zərərli proqramlara girmələrinə vaxtları qalmasın.
***
Mənim
hekayə və romanlarımda müəllim obrazları çoxdur. Özü də kənd yerlərində müəllim
və məktəb yeganə mədəniyyət nümunəsidir. Müəllim həm dərs deyir, həm şikayətçilərə
ərizə yazır, həm ədalətsizliyə səsini qaldırır, həm də xalqın səsi olur.
“Kuma-Manıç çökəkliyi” romanımda Hafiz müəllim belə bir obrazdır. Həddi-buluğa
çatmayan qız uşaqlarının ərə verilməsinə qarşı çıxır, kənddəki ədalətsizliyə
üsyan edir, hətta rayon rəhbərliyinə gücü çatmayanda bir baş Moskvaya, əsgərlik
yoldaşının köməyi ilə Qromıkonun qəbuluna gedib məsələni həll edir...
Yaxud
“Referendum” adlı hekayəmdə bir müəllim gerilik rəmzi kimi SSRİ-nin qalmasına səs
verirsə və buna görə dərs dediyi uşaqlar onun panamasını başından götürüb yerə
atırsa, başqa bir müəllim bunun əksinə olaraq referendumda iştirak etmir və bu
jesti ilə başqalarına da nümunə olur...
Hekayədən
çıxan nəticə budur ki, biz müstəqil ölkə olmaq üçün necə böyük əngəlləri
aşmışıq və o əngəllərə qarşı mübarizə aparmaq üçün hansı məhrumiyyətlərlə üzləşmişik?!
Bunları oxucular və indiki şagirdlər dərk etsə, müstəqilliyimizin qorumaq üçün
hər şeyə hazır olarlar. Necə ki, 44 günlük müharibədə üç mindən çox gənc
torpaqlarımızın müdafiəsi üçün canını fəda etdi və minlərlə gənc sağlamlığını
itirdi.
Məktəblərimizdə
ən vacib amillərdən biri tarix fənninin tədrisi olmalıdır. Çünki tariximizi
bilməyən gənclərin gələcəyi qaranlıq olar. Mən bu sahəyə də bədii yazılarımda
xüsusi diqqət vermişəm. M.Ə.Rəsulzadəyə həsr etdiyim “Özündən əmin bəy və
Avropa gözəli Vanda xanım” əsərində böyük öndərimiz Rəsulzadənin mühacirət həyatı,
“Demokratiya ağıları”nda Ölkməmizin ikinci dəfə müstəqillik qazanmasının
memarlarından olan Əbülfəz Elçibəyin obrazı önə çıxalımış, gənc oxucuların bu
iki liderə şüurlu sevgisi aşılanmağa çalışılmışdır.
Yuxarıda
kurikulumun yanlış olaraq Avropadan bizim təhsilə birbaşa köçürülməsini tənqid
etmişdim. Elə bilirəm ki, bu siyasət şagirdlərimizdə ədəbiyyatımıza, xüsusən
poeziyamıza yanlış münasibətin formalaşmasına “yardım” etmişdir.
Bayrağımıza,
gerbimizə, himnimizə doqmatik müansibət məhz bu yanlışlıqdan qaynaqlanır. Əhməd
Cavadın, Almas İldırımın, Gültəkinin qanları ilə yazdıqları mübariz şeirlər
müasir şagirdlərimizin xəbərdar olmadığı sahədir. Türkiyəli şagirdlər, eləcə də
mehmetçik bayrağa olan sevgisini alovlu şeirlərlə ifadə edirlər. Bəs bizdə də
eyni nəticə varmı? Təəssüf ki, olsa da, çox azdır. Hətta mən deyərdim ki, bu azlardan
məktəbin, müəllimin heç xəbəri yoxdur.
Görkəmli
yapon ədibi Akutakava Rünesko deyirdi:”Azadlıq uca dağ havası kimidir. Onu hamı
götürə bilmir.”
***
Məktəb
kitabxanaları şagirdlərin üzünə qapalıdır. Siz, demək olar ki, vaxtilə qaynayan
bu kitabxanalarda şagird görməzsiniz. Əsasən, yuxarı sinif şagirdlərinin məktəbdən
qaçaq düşdüyünü nəzərə alsaq, deməli, bu yeni xəbər deyil. Məktəbə gəlməyən
şagirdi kitabxanaya necə cəlb edə bilərsən?!
Nizaminin,
Füzulinin, Vaqifin, M.F.Axundovun, Y.V.Çəmənzəminlinin, C.Məmmədquluzadənin,
M.Ə.Sabirin, Hüqonun, Balzakın, Heminqueyin, Puşkinin, Şoloxovun, Sədinin,
Şekspirin, Hafizin, Drayzerin əsərlərini oxumayan müasir məktəblidən gələcəkdə
nə gözləmək olar?!
Onlar
yalnız test cavablarını əzbərləmək, dar düşüncəli insan kimi formalaşmaq yolunu
tutmaqla özləri üçün qaranlıq olan bir gələcəyə doğru gedirlər. Bu gələcəyin
xalqımıza nə vəd etdiyini heç cür təsəvvür edə bilmirəm...
***
Bir
qədər də qeyri-humanitar sahə, dəqiq elmlər və onların tədrisi barədə.
Təəssüflə
qeyd etməliyəm ki, digər sahələrdə olan bərbad vəziyyət dəqiq elmlərin tədrisində
daha acınacaqlıdır. Məlumdur ki, riyazi bacarıqlar da beyin quruluşunun
inkişafı ilə bağlıdır və yalnız riyazi başı olan şagirdlərdən riyazi, fiziki,
kimyəvi və bioloji bacarıqlar gözləmək olar. Lakin o da var ki, bütün şagirdlərə
ən azı elementar riyaziyyatı öyrətmək mümkündür və qabaqcıl təhsil buna köklənməlidir.
Nə yazıq ki, dəqiq elmlərin müəllimləri sinifdəki bir-iki riyazi başı olan
şagirdlə məşqul olur, digərlərini tamam unudurlar. Məktəb direktoru işlədiyim
illərdə həmişə bu tip müəllimlərlə mübarizə aparmışam.
Türkiyədə
Əziz Sancar nümunəsi, Azərbaycanda Xudu Məmmədov, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə
kimi görkəmli alimlərin meydana çıxması onu göstərdi ki, məktəblərimiz cəhd etsələr,
biz dəqiq elmlər sahəsində daha böyük uğurlara imza atmış olarıq.
Təəssüf
ki, bu gün AMEA-dakı vəziyyət də bir başa təhsilə, elmə zərbədir. Bütün
zamanlarda AMEA-ya dəqiq elmlər sahəsinin adamı başçılıq edib. Bu gün isə
AME-nın prezidenti ədəbiyyatçıdır. Dəqiq elmlərə kimin rəhbərlik etdiyini isə
heç kim bilmir...
Nə
yazıq ki, bu gün Azad Mirzəcanzadənin sümüyü sızıldayır. Azərbaycanın dəqiq
elmlər sahəsi başlı-başına buraxılmışdır...
Türkiyədə
Kamal Soltanov adlı bir azərbaycanlı riyaziyyat professoru mühüm bir elmi kəşfə
imza atmışdır. Bu barədə mənim “Baş nazirin frakı adlı romanımdan bir parçanı
sizlərə oxumaq istərdim:
““Navier-Stokes
tənliyi maye mexanikasını, sıxılmayan mayelərin axınını təsvir edən qismən
diferensial tənlikdir. İsveçrə riyaziyyatçısı Euler (Eyler) tərəfindən
yaradılan tənliyin ümumiləşdirilməsidir. Leonhard Euler 18-ci əsrdə sıxılmayan
və sürtünməz mayelərin axınını təsvir etməyə çalışdı və məşhur 7 körpü tənliyinin
həllinə cəhd etdi. 1821-ci ildə fransız mühəndis Claude-Louis Navier, daha real
və olduqca çətin olan özlülük mayeləri üçün özlülük (sürtünmə) elementini təqdim
etdi. 19-cu əsrin ortalarında ingilis fizik və riyaziyyatçı Sir George Gabriel
Stokes bu işi daha da yaxşılaşdırdı, lakin yalnız sadə iki ölçülü axınlar üçün
tam həllər əldə edildi. Mürəkkəb burulğanlar və təlatüm və ya xaos, sürətlər
artdıqca üçölçülü maye (qaz daxil olmaqla) axınlarında meydana gələn hər bir təxmini
ədədi analiz metodları üçün çətin olduğunu sübut etdi.
2000-ci
ildə, üç ölçüdə Navier-Stokes tənliyinə hamar, ağlabatan bir həll mövcud olub
olmadığı təyin olundu. Minilliyin Problemi, xüsusi mükafat üçün ABŞ-ın
Massachusetts əyalətindəki Cambridge Clay Riyaziyyat İnstitutu tərəfindən
seçilmiş yeddi riyazi problemdən biri kimi qəbul olunur. Hər Minilliyin
Problemi üçün həll yolu 1 milyon dollardır.
Türkiyədə
yaşayan və Iqdır Universitetində çalışan həmyerlimiz Kamal Soltanov, nəhayət
ki, bu riyazi müəmmanın çözümünü tapıb. O, Navier-Stokes tənliyinin həllini kəşf
edib. Kamal Soltanov deyib ki, bu AXINLAR TEORİSİDİR ki, onun hər yerdə,
ekologiyada da, sinergetikada da, təyyarələrin, raketlərin hazırlanmasında istifadə olunacaq.
Sözügedən
tənlik indiyəcən həllini tapmayan 7 çətin riyazi teoremdən biri idi ki,
onlardan yalnız biri – Puankare hipotezi rus riyaziyyatçısı Parelman tərəfindən
həll edilmişdi.”
Bilmirəm,
bizim AMEA-da bu kəşfdən xəbərdardılarmı?
***
Yaralı
yerlərimizdən biri də TƏRBİYƏDİR.
Babalarımız
təlim-tərbiyə demişlər. Yəni təlimi, təhsili heç zaman tərbiyədən ayırmamışlar.
Hətta ən böyük, ən ustad pedoqoq o adam hesab olunmuşdur ki, tərbiyəni ayrıca,
mücərrəd bir sahə kimi deyil, təlim zamanı tərbiyə kimi düşünmüşdür.
Nə
yazıq ki, məktəblərimiz tərbiyə sisteindən tamamən uzaq düşmüşdür. Elə buna görə
də “14 yaşlı məktəbli hamilə olmuşdur”, “Məktəblərimizdə zərərli vərdişləri
yaymağa cəhd olunmuşdur”, “Həddi-buluğa çatmamış şagird nişanlanmışdır” kimi xəbərləri
saytlarda tez-tez görünməyə başlayıb...
Məşhur
hind dastanı “Dhammarara”da deyilir:”Nəcabətli adam hər yerdə doğulmur. Ancaq
belə müdrik harada doğulursa, orada xoşbəxt bir nəsil çiçəkləyir.”
Mən
xalqımızın, onların övladları olan indiki məktəblilərin, həm də öz oxucularımın
gələcəyinə inanıram, bir şərtlə ki, onlara güclü təhsil resursları ilə
silahlandırılmış, insaflı, müdrik və fədai müəllimlər təlim-tərbiyə versin, məktəbin
itirilmiş nüfuzu bərpa edilsin.
Böyük
şair Namiq Kamal gözəl deyirdi:
Yüksəl
ki, yerin o yer deyildir,
Dünyaya
gəlmək hünər deyildir...
13.12.2025
-----------------------------------------------------------------
*Məruzə 5-ci Türkçülük Çalışmaları üçün Xəzər Universitetində təşkil olunan konfransda oxunmalı idi. Fəqət ötən ilin dekabr ayında bərk xəstələndiyimçün konfransda iştirak edə bilmədim. Yalnız indi oxuyacağınız məruzəni onlayn qaydada konfransa göndərməklə kifayətləndim. (Müəllif)

Yorumlar
Yorum Gönder