AZAD QARADƏRƏLİ ŞEİRLƏ NƏSRİN QOVŞAĞINDA (Gənc qələm Nadir Yalçının yazı-pozusu haqqında qaraladığım yazı)

 

         

                      AZAD QARADƏRƏLİ

                      ŞEİRLƏ NƏSRİN QOVŞAĞINDA

 

            (Gənc qələm Nadir Yalçının yazı-pozusu haqqında  qaraladığım yazı)

 

 


            Deyim ki, gənclər haqqında, mümkün qədər xoş söz deməyə çalışmışam - əgər onlar arı-duru sözün 100-dən 51-ini haqq edirlərsə...

            Üç kitabdan ibarət “Renessans həsrəti”nin az qala yarısı da onların payına düşür. (Hələ 4 və 5-ci kitablar da çapa hazırdır, sadəcə ayrıca kitab kimi deyil, külliyyatımın müvafiq cildlərində yer alacaq.)

            Elə naşiri və baş redaktoru olduğum bir zamanların “Yazı” dərgisində də gəncləri o prinsiplə çap edərdim.

            Bu kiçik yazıda gənc qələm Nadir Yalçından danışacağam.

            Əvvəlcə onu deyim ki, Nadir bəyi ilk olaraq şeir adam kimi tanımışdım. Rastıma çıxan şeirləri də pis deyildi. Bu “pis deyildi”ni mən xəsislik etmədən deyirəm – orada da şkala yaxşıya doğru ağır basır.

            Amma birdən məlum oldu ki, Nadir Yalçın hekayə də yazır...

            Zövqünə və yazısına inandığım dostum Tehran Əlişanoğlunun rəhbərliyi ilə AMEA-nın müvafiq şöbəsində bu gənc oğlanın yeni kitabının müzakirəsi olmuşdu. (Təəssüf ki, adı “Lal ev” ola o kitabı əldə edib oxuya bilməmişəm.) Bilirdim ki, burada o kitablar müzakirəyə çıxarılır ki, onlar söz demək ehtiyacı daşıyıcısı olur. Və mən özümə ayıb bildim ki, bu gəncin nəsr təsərrüfatından xəbərsizəm.

            Allah sosial şəbəkəyə versin. Əlimi atdım, ilk gələn “Balıqçılar” hekayəsi oldu. Sonra “Nina Nikolayevna”...

            Bu iki hekayə bəs etdi ki, bu yazını qaralaya bilim...

 

                                   ***

 

            Əvvəlcə “Balıqçılar” haqqında.

            Hekayənin nüvəsində gizli bir yük var ki, hamımızın ürəyindən ağır daş kimi asılıb. Gənclərin gün-güzəran, dolanışıq, ev-eşik, iş-güc yoxluğu səbəbindən ailə həyatı qura bilməmələri... (Bu, əslində bir romana sığa biləcək mövzudur. Nadir bəy onu bu kiçik mətndə yaralamağa cəhd edib. Bu mötərizəarasını yazıram və yaya-yaza yadıma ustadım, müəllimim Sabir Əhmədli düşür. “Əhləd daşı” adlı hekayə yazmışdım, adını dəyişdi ki, bu ad heyifdir, roman adıdır, gələcəkdə bu adda bir roman yazarsan...)

            Əlbəttə, gənc qələm bu ağır yükü həzm edəcək gücə malik deyil – nə yaş, nə də təcrübə imkan vermir. Üstəlik... Gəlin burda biz də dərinə getməyək...

            Evli qardaşla “evsiz” qardaş ataları kimi balıqçılıqla məşquldurlar, lakin nə səbəbdənsə bu peşə onların “qarnını doyuzdurmur.” Sadəcə, balığı yemək üçün tuturlar. Və qardaşın biri deyir ki, deyirəm, gəl bu balığı tutaq, sataq, qazanc əldə edək, sən razı olmursan...

            Subay qrdaş əlüstü cavab verir ki, pul qazanmaq istəyirsən, get Rusiyaya...

            Və iş də burada yoğunayır. Evli qardaş subaya deyir ki, sən məni niyə belə Rusiyaya göndərməyə həvəslisən? Mən olmayanda da bizim evə gəlirsən-filan... Və qardaşlar arasında az qala qan çıxacaqdı... Məlum qısqanmaq məsələsi...

            Qardaşın qardaşın arvadına göz dikməsi kimi oğraşlıq başqa xalqlarda da, bizdə də olub və yəqin ki, hələ gələcəkdə də olacaq. Amma bu insanlığın, heç sıfır tam onda beş faizi də etməz. Ona qalsa, bacısına sataşan biqeyrət qardaşlar da olub, qardaşı qızına göz dikən alçaq əmilər də... Ancaq bu, cəmiyyətin əsas problemi deyil, məncə...

            “Məncə” kəlməsini tez-tez işlətməyimi mənə bağışlayarsınız, yəqin. Çünki, yaşım xeyli olsa da,  heç kimə öyüd verəcək hayında deyiləm. Bunlar, sadəcə az-çox bu sahədə təcrübəsi olan birinin qeydləridir...

            Hə, hekayə fatal sonluqla bitir: qardaşlar balığa gedəndə qarşılarına bir yönsüz adam çıxmışdı... (Əlbəttə, bu mistik nüanslar mənim öz yazılarımda da olur, zira bir hekayəni o fatalist düşüncənin üstündə qurmaq...)

            Və “Nina Nikolayevna” hekayəsi barədə...

            Bu mövzu bizim nəsrdə kfayət qədər işlənmiş mövzudur. Yəqin ki, hələ nə qədər də yazılacaq bu haqda. Nadir bəyin bu hekayəsi bir az əvvəl bəhs etdiyim hekayədən daha uğurlu gəldi mənə.

            Nəyi?

            İlk növbədə hekayənin dili həşəmətli idi! (Bilirəm ki, bu söz qəti yerinə düşmədi. Amma bundan gözəl də söz tapa bilmədim.)Bircə ona heyfsləndim ki, o bərli-bəzəkli dilin pafos qatıqısı da xeyli vardı.

            Mövzu bəsit olsa da və bu mövzunu müəllif bir az dramatikləşdirməyə cəhd etsə də, yazarın üslubu məni valeh etdi. (Orası ayrı məsələ ki, birinci hekayədə olan qaradaşın qardaşarvadına “kəm baxması” məsələsi bir az ifallı şəkildə burda da var: qardaşoğlu əmisinin arvadının hamamda lüt görüntülərini izləyir... Təbii, gənc qələmin yazmaq istədiyi mövzunu bilərəkdən dramatikləşdirməsi, gözünə bir az emosiya qatması da bir ayrı mövzudur. Təəssüf ki, cəmiyyətin əsas problemlərindən yan keçib bu şəkildə melodram quraşdırmaq həvəsi əksər qələm əhlində var.)

            Dediyim kimi hekayənin dili və təsvir vasitələri yaxşıyadır.

            Ora gəlməmiş deyim ki, Nadir bəy ba balaca hekayədə çoxlu yeni sözlər işlətməyə cəhd edib. Bu mənim özümün də sevdiyim priyom olduğundan gənc dostuma ürəyimdə əhsən dedim!

            Unamaq, tana (bu sözü Müşfiq də işlədərdi), əhlət ağacı (mən “əhlət” kəlməsini bir hekayəmdə “əhlət daşı” kimi işlətmişəm), bardaş qurmaq...

            Deyim ki, dilimizin söz ehtiyatı yetərincədir, amma onların bir çoxu kitaba düşməyib, eləcə insanlarımızın dilində, dilçəyində qalıb. O adına “dialekt”, “şivə” dediyimiz yerdə pas tutub, kifə bürünüb, bükülüb, gizlədib...

            Amma belə sözləri elə işlətmək lazımdır ki, ya mətndə özü-özünə anlaşılsın, ya da heç olmasa, ətək yazıda izahı görünsün.

            Bəzi söz və ifadələr var ki, onları müəllifin dilindən deyil, obrazın dilindən vermək caizdir. Məsələn, “əlhəmini çaşdırmışdı”, “nolmuşdu axı” kimi ifadələr bu qəbildəndir.

            Bəzi cümlələr isə oxucuya tam aydın olmur:” O gecə Ninaya zülmətdən zülmət oldu”.

            İstedad insanın anadangəlmə bəxşişi, tanrı payıdır. Lakin onun düzgün idarə olunması, yaş üstünə yaş gəldikcə cilalanması mütləqdir.

            Nadirin həm tanış olduğum şeirləri (təxminən, onacan şeirini oxumuşam), həm də haqqında söz açdığım hekayələri deyir ki, gənc həm istedadlıdır, həm də ayıq adamdır, dövrün olar-olmazından baş çıxarandır...

            Nadir bəyə uğurlar arzulayıram!

                                                                                                          14.02.2026.

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)