AZAD QARADƏRƏLİ KƏDƏR QOXULU MİSRALAR - ESMİRA MƏHİQIZI: “HA DEYİRƏM, YAZMAYACAM KƏDƏRDƏN…”
AZAD QARADƏRƏLİ
KƏDƏR QOXULU MİSRALAR - ESMİRA
MƏHİQIZI:
“HA DEYİRƏM, YAZMAYACAM
KƏDƏRDƏN…”
Şeirin, poeziyanın bu boz-bulanıq
zamanda kök ata bilməsi, bitməsi, pöhrələməsi özü bir möcüzədir. “Şeir zamanı
deyil, afət” müraciəti hər zamanda ötkün olduğu kimi, nə yazıqlar ki, bizim
dövrdə daha üzdədir. Həəə, şeirin zamanı deyil. Şairin heç deyil!
Hər şeyin tərəziyə qoyulduğu bu zəqqum
saçan günlərdə şeir mehrabının qapılarında sülənənlər onu elə gözdən saldı ki…
Şeiri şairqarışıq basıb-bürmələyib udanlar isə meydanı ələ keçirmədə…
Şeirmi yada düşür, şair!
Belə zamanda şeirin tək qaynağı var:
kədər…
Esmira Məhiqızı illərdir izlədiyim,
oxuduğum, qidalandığım müəlliflərdəndir.
Onun şeirləri kədərdən yoğrulub.
Mayası da, unu da, hətta suyu da kədər dadır. Esmiranı fikirləşəndə yadıma o məşhur
Esmiralda da düşür… O da kədərin qızı idi axı. Hüqonun kədərdən yonduğu
Kvazimodalı Esmiralda…
Bilməm, bu qərib səsləşmə hardan gəlib
kəsdi sözümün önünü?!
Mən Esmira Məhiqızının şeirindən
danışacaqdım, gör haralara getdim…
yorğun
düşüb ayaqlarım, haçandı..
qaça
bilmir ta yolları, can-ciyər!
yüyürəndə,
sevinərdi kənd yolu
onda
axı, nə bilərdik qaçmasaq,
yüyürməsək…
yol da bizdən inciyər.
yol
da bizdən incidi də, incidi..
dərələr
də, təpələr də küsdülər…
İncimək, küsmək ki, var, insan
oğlunun təbi-halıdır. Amma bir də var ictimai incimək, ümumi küsmək ki, bizim
Esmira xanım qarışıq, hələ də ayaqda qala bilən
şeirimiz indi rişəsini ordan alır. Biz kədərin oğlu, incidilmişin qızı,
bəxti yatmışın övladıyıq.
Yağan yağış belə bildiyimiz yağış
deyil ki. Bütün kişilərimiz boyda Atanın, bütün qadınlarımız boyda Ananın göz
yaşlarıdır… Axıb, axıb sel olur, dəlixay küləklərə qarışır, selləmə şeirə
dönür…
o
yağışlar harda isə yağdılar,
o
küləklər,
o
dəlixay küləklər,
harda
isə incik-incik əsdilər.
yorğun
düşüb fikirlərim, hisslərim,
duyğularım
şeir olur hüzünlü.
ha
deyirəm yazmayacam kədərdən,
baxıram
ki, sözlər gəlir buludlu,
sözlər
özü vərəqlərə düzülür…
Tanrının bir damcı yağışı belə
qıymadığı bu quraq günlərdə, nə yaxşı ki,
sözümüz bulud-bulud göyərir, vərəq-vərəq çoxalır, imla-imla cücərir,
inşa-inşa bitir…
Gəl, belə şeirin qadasını alma
görüm, necə almırsan?!
O şeir ki, şairi tək süst olub, nəm
çəkib, qəm çəkib… özü də buram-buram…
və
beləcə şairliyim süst düşür,
və
beləcə şeirliyim nəm çəkir.
nə
işdisə,
heç
özüm də bilmirəm,
elə
məni buram-buram qəm çəkir.
yorğun
düşüb yelaparan əllərim..
əsə-əsə
vidalarda yellənir.
Şair xanımın tək bir şeiri göyərtdi
bu şitil sətirləri. Hələ kök atan, köməc bağlayan, amma kitab olub kitablara
qarışmayan onca şeiri var ki, tənqidçisini, oxucusunu gözləyir. Əsil şeirin
xridarı az olar. “Qollarımda neçə boş yer uyuyur” deyimini yozmağa ürək lazım!
Əsil şeirin yazması da, yozması da axı ürək işidir! Ürəyinə sağlıq, şair!
qollarımda
neçə boş yer uyuyur
gözlərimdə
xatirələr lillənir
yığılmışam
bir qədərin küncünə,
künc
qədərdən,
qədər
küncdən inciyər.
ömür
elə cimciməymiş, cimcimə,
ömür
elə o künc imiş can-ciyər!
Küncün – söz mülkün
var olsun, Esmira xanım! Sizi şair yapan kədərə alqış, qədərə əhsən! Bir də
gözdən uzaq, könüldən iraq, kitab-dəftərdən aralı cimciməmiz var olsun! Selləməyə
əlimiz çatmayanda cimciməmizə şükür!
22.03.2026.

Yorumlar
Yorum Gönder