AZAD QARADƏRƏLİ NAHAQ QAN Hekayə
AZAD QARADƏRƏLİ
NAHAQ QAN
Hekayə
Dedilər:
bu sözlə oynamaq olmaz,
Dedilər,
bu sözü susdurmaq gərək.
Dedilər:
bu sözdən qan iyi gəlir,
O
qanı öyüdüb, qusdurmaq gərək...
(Eldar
Baxışın “Balıq ölümü” poemasından)
-Araz niyə qırmızıdı, nənə?
-Araz su dəyil ki, qandı, nənə
qurban... O tayın da, Bı tayın da qanı qavışır orda, ona görəm qan irəngindədi...
Kəndimizdən Mincivan bazarına gedəndə
hər dəfə eyni sual verərdim, nənəm də aşağı-yuxarı eyni cavab verərdi.
Bir gün kəndimizdəki ibtidai məktəbdə
dördü bitirib beşə keçdim və Ördəklidəki 8-illik məktəbə yollandım. Elə ilk dərsdəcə
başım daşdan-daşa dəydi.“Təbiətşünaslıq” dərsini keçən Abbas müəllim soruşdu:
-Uşaxlar, heç fikir vermisiniz, bizim
Bəsid çayı dumduru, Araz isə bulanıxdı, niyə? Səbəb nədir?
Mən əlaçı oxumuşdum axı ibtidai məktəbi.
On agörə ürəklə əlimi qaldırdım:
-Məllim, Araz su dəyil, qandı. O
tayın da, Bu tayın da qanı Arazda qavışır, qan irəngində olur...
O nəhəng adam elə bil qorxdu. Rəng verib, rəng aldı, gəlib stula çökdü,
dəsmal çıxardıb üzünün tərini sildi, bir xeyli nəfəsini dərib dedi:
-Uşaxlar,
Arazın mənbəyi Türkiyə ərazisinnən baş alıb gəlir. Orada çay bir qırmızımtıl
torpaxdan keçir, keçdikcən o torpağı yalıyır, irəngi dəyişir, qırmızımtıla
çalır...
İlk dəfə
idi ki, Anadolular demişkən, xəyal qırıqlığı yaşayırdım: mənimçün hər zaman mötəbər
mənbə olan nənəmmi düz deyirdi, ya bu azı 250 kilo ağırlığında olan Abbas müəllim?
Əlbəttə,
mən elmin yanında idim. Amma, görünür, gələcək söz adamı olasılığım tərəzinin nənəmə
tərəf gözü ağır basırdı...
***
Yetmişlərin
sonları idi.
Dayoğlu
Səməd oxumuş bir qızla evlənmişdi. Həm də qız məşhur ailədən idi. O ailənin
dildə-dişdə olan oğlu Sərvərlə yeni qohumluq baş tutar-tutmaz dostlaşmışdıq. Sərvər
su mühəndisi idi. Ona zarafatla suçu deyirdim. Qəsəbəyə yolum düşəndə dostumla
“Pavilion” deyilən restoranda yeyib-içər, söhbətləşərdik. Məni Sərvərə dartan
onun söhbətcil, istiqanlı, baz-burutlu olması idisə, daha önəmli məsələ isə
onun bir zamanlar Xudafərindəki SSRİ-İran birgə layihəsi olan su elektrik
stansiyasında işləməsi idi. O O taya keçərkən yaxın ərazilərdəki Kəlheybər və
başqa yaşayış məntəqələrini gəzdiyini, oradakı adamların eynən bizim kimi
danışdığını, onların da azərbaycanlı olduqlarını maraqlı bir dildə danışardı. Hətta
bir dəfə orada bir qıza aşiq olduğunu, qızın ona qoşulub Bu taya qaçmaq istəməsini,
amma tikintinin rəhbərlərindən olan dayısının son anda duyuq düşüb bu işi əngəllədiyini
danışıb ağlamışdı...
(Sərvər
texniki sahənin adamı olsa da, milli hisslərdən məhrum deyildi. Şəhriyarın
şeirlərini əzbərdən söyləyər, məni də həyəcanlandırardı. Onun dediyi bu fikirlər
məni lap yaralamışdı: “Müəllim, bilirəm ki, sən ədəbiyyatçısan, şeirdən-zaddan
yaxşı baş çıxardansan. O tayın adamlarında bir keyfiyyət də kəşf etmişəm. Biz
özümüzə azərbaycanlı desək də, onlar özlərinə də, elə bizə də türk deyirlər...
Sizə elə gəlmirmi ki, bizi indiyənəcən aldadıblar?! Bizə azərbaycanlı deməklə
öz kökümüzdən ayırıblar?!. Vallah, düzünə qalsa, bu sözlər heç mənim sözlərim
deyil, Zeynəbin dedikləridir... Hə ye, sənə bayaq bəhs etdiyim qızın adı Zeynəbdir.
O da tikintidə işləyənlərdən idi. Ailəsi ilə Avropada yaşayırmış. Bilmirəm, nə
olmuşsa, bir neçə il əvvəl İrana dönmüşdülər. Qız ingiliscə, almanca təmiz
danışırdı. Həm də çox ayıq qız idi. Şəhriyarın şeirlərini də o söyləyəndən
sonra mən o şeirləri tapıb əzbərlədim. “Heydərbabaya salam”dakı o yanıqlı
misralar mini odsuz-ocasız yandırmışdı: “Nisgilli söz ürəklərə dəyərdi
//Ağaclar da Allaha baş əyərdi...”)
Məktəb
direktoru işlədiyimdən ən azı ayda bir dəfə rayon mərkəzinə gedər, həm müəllimlərin
maaşlarını həll edər, həm də məktəbə aid mühüm işləri görüb geri qayıdanda qəsəbəyə
də baş çəkər, oradakı tanış-bilişlə görüşər, ev üçün lazım olan bəzi ərzaq və
qeyri-ərzaq mallarını bu dəmiryolçular qəsəbəsinin
mağazalarından alar, avtobusla kəndə dönərdim. (Ən çox buranın adına “bambı
çörək” dedikləri iri dəmiryol çörəyi xoşuma gəlirdi. Şəhərdən, qəsəbədən gələnlər
bizim təndir çörəyini sevsələr də, mən o qəsəbənin çörəyini kolbasa ilə yeməyi
heç nəyə dəyişməzdim. Görünür, yeniyetməlik illərinin təsirindən idi: mən
9-10-ci sinifləri bu qəsəbədə oxumuşdum.)
Budur,
yenə qəsəbədəyəm. Gözüm hər yerdə Sərvəri gəzir. Həm maaş almışam, həm də olar
iki aydır onunla görüşə bilməmişdim. Tanışlardan biri ilə rastlaşanda xoş-beşdən
sonra Sərvəri soruşdum. Onun rəngi qaçdı. Başını bulayıb “heç soruşma” dedi.
Sonra lap alçaq səslə “dünənnən evlərində vay-şivəndir, Sərvər yoxa çıxıb” dedi
və şübhəli tərzdə aralanıb getdi.
Daha
dayanmaq yeri deyildi. Birbaşa təzə üçmərtəbə binadakı evlərinə yönəldim.
Binanın
həyəti qələbəlik idi. Təzə qohumlardan birinə yanaşdım, nə olduğunu soruşdum.
-Sərvər
dostları ilə Baharlı çayına balığa gedib, yeyb-içiblər, axşamüstü geri dönəndə
qəfil Sərvər yoxa çıxıb. Cavan-çoluq indi də ordadı, çay boyu axtarırlar. Biz də
maşınla ora gedirik. İstəsən, sən də gələ bilərsən...
Maşınla
Baharlı zastavasını keçəndə sövq-təbii gözüm zastavadakı hərəkətliliyə tuş gəldi.
Bu kiçik zastavanın həyətində yüzəcən əsgər hazır vəziyyətdə cərgəyə
düzülmüşdü. Dalağım sancdı.
Maşından
düşəndə çay boyunca axtarışa cəlb olunmuş yüzlərlə adam gördük. Sərvəri
tanıyan-tanımayan bu adamlar könüllü surətdə axtarışa qoşulmuşdular.
Az
sonra rayon polis şöbəsinin əməkdaşları da gəlib çıxdılar. Təxminən, beş-altı
saat sürən bu axtarış heç bir nəticə vermədi. Əl-ayağı onsuz da soyuyan
adamların bir yaşlı kişidən eşitdiyi onları lap həvəsdən saldı:
-Ay
balam, bu adam Xudafərindəki gersdə işləyib... Nə bilim, vallah, bəlkə elə O taya-zada
addamış olar?
Vəssalam.
Pıçhapıç başladı. Bəzi adamlar nümayişkəranə maşınlara minib qəsəbəyə
qayıtdılar. Mən bizim dayıoğluna yanaşıb ağlının nə kəsdiyini soruşdum.
İnzibatı orqanlarda çalışdığından bu əhvalatdan hər mənada pərt olan dayıoğlu
başını buladı:
-Ağlıma
heç nə gəlmir... Əgər deyilən məsələ doğru isə, iş yoğunayacaq...
Vəssəlam.
...Cəviz*
ağacını səlbələyir, şappaşap yerə tökülən yenicə ağzı açılmış cəvizləri
qabığından çıxardır, daşla sındırıb yeyirdik. Birdən Sərvər dik üzümə baxıb qəhərli-qəhərli
dedi:
-Mən
O tayda Zeynəblə söhbət eləyərkən “cəviz” sözünü işlədəndə qız az qaldı ağlaya
ki, siz dəmi “cəviz” deyirsiniz?! Ay Sərvər, bax e, bax ki, bizi nəxantənə
ayırsalar da, sözümüzü, dilimizi ayıra bilmiyiblər!..
Yəqin
ki, bir az əvvəl içdiyimiz spirtli içkinin təsirindən daha da qəhərlənən Sərvəri
birdən ağlamaq tutdu və dedi:
-Evlənsəm
də, oğlu-uşaq sahibi olsam da, o qızı unuda bilmirəm də, qardaş, bilmirəm!..
Sonra
yenə Zeynəb haqqında danışmağa başladı. Mən onun halının get-gedə daha da pisləşdiyini
görüb, əlindən tutub, çaya tərəf dartdım ki, suya girsin, bəlkə ayılsın...
---------------------------------------------------------------------
*Cəviz – bizim zonada – cənub-qərb
dialektində qoza verilən ad. Mən İstanbulda olanda türkiyəlilərin də belə
dediyini (ceviz) bilib, çox sevindim və böyük Nazim Hikmətin də sevə-sevə işlətdiyi
bu sözü (“Ben bir ceviz ağacıyım Gülhane parkında...”) “qoz” kəlməsinin
sinonimi kimi işlətməyi düşünərək onu bədii yazılarıma gətirdim. (Müəllif)
İndi
altında dayandığımız o cəviz ağacının bizə sarı qəmli-qəmli boylandığını görəndə
silkinən kimi oldum. Ağzımı doldurub Dayıoğluna Zeynəb məsələsini danışmaq istəyirdim
ki, sarı VİLLİS-də çayın qırağına yenicə gəlmiş Dövlət Təhlükəsizlik Komitəsinin
rayon şöbəsinin rəisi yaşlı polkovnik üzünü çayın qırağında məlul-müşkül halda
qalmış yüzə yaxın adama tutub dedi:
-Gedin
evinizə. Bir neçə saata məlumat veriləcək... Daha burda dayanmağın mənası
yoxdur... Temboli, bura sərhəddə yaxın yerdir. Xahiş edirəm, dağılışın...
Dayıoğlu
ilə müəmmalı surətdə baxışaraq onun gəldyi maşına minib qəsəbəyə yollandıq.
***
Axşam
üstü rastlaşdığım ilk yol maşını ilə kəndimizə qayıtdım.
Gecəni
çox narahat yatdım...
...-Səlam.
Necəsiniz?
-Salam.
Biz tanışıq?
-Yox...
Amma siz mənim haqqımda eşitmiziniz... Sərvər danışmış olar...
-Hə...
Zeynəbsiniz?
-Bəli.
Sərvərin qolunu tapdınız?
-Nə
qol? Anlamadım?
-Axı
biz dünən burda eşitdik ki, rus soldatları onun qolunun birini kəsmişlər?
Qız
bunu deyib ağladı. Səsə kimlərsə səs verdilər və minlərcə qadın ağı deyib uca səslə
ağlamağa başladılar:
-Nahaq
qanı tökülən, balam heyyyyyyyy!.....
-Qolu
dibinnən kəsilən oğlan heyyyyyyyyyy!....
-Sevdası
gözündə qalan cavan heyyyyyyyyy!....
-Qanı
Araza çilənən Sərvər heyyyyyyyyyyyy!...
Səs o
qədr güclü idi ki, qulaq pərdələrim tab gətirmədi və qışqırıb ayıldım...
***
-Öldürüb,
aparıb tikanlı məftillərin o üzünə atıblar... Bədənində ağır işgəncə yerləri
açıq görünür... Qolunun birini dibindən qırmışdılar, eləcə yanında sallanırdı...
Nahaq qana düşdük...
Dayıoğlu
danışrdı...
-Kim
eləyib bunları?!
-Kim
olacaq?!. –Dalısını gətirə bilmir. Axı o inzibati orqanlarda çaılşır. Rəngi
qapqara qaralıb. Ağzına gətirdiyi kəlmələri boğula-boğula geri qaytarır...
***
Yas yerindən üstüaçıq maşınla kəndə
qayıdanda gözüm Araza sataşdı. Yenə öz məşhur rənginə bürünmüşdü.
Nənəmlə Abbas müəllim gəlib bircə
anda gözümün önündə dayandılar. O ağırlıqda kişi balacalaşıb bir uşaq boyda
olmuşdu. (Baxmayaraq ki, türkiyədə
olanda o torpağın qırmızıya çaldığını görmüş və o kişinin sözünün haqq olduğuna
inanmışdım.) Nənəm isə Əlini Araza uzadıb o məşhur
kəlmələrini usanmadan söyləyir, söyləyirdi...
-Araz su dəyil
ki, qandı, nənə qurban... O tayın da, Bı tayın da qanı qavışır orda, ona görəm
qan irəngindədi...
01.03.2026

Yorumlar
Yorum Gönder