AZAD QARADƏRƏLİ ALİN, NEGİN VƏ BABALARI (Uşaq hekayələri)

 

                         AZAD QARADƏRƏLİ 

                  ALİN, NEGİN VƏ BABALARI

                                (Uşaq hekayələri)

 


 

                        HƏKİM-HƏKİM OYUNU

 

            Alinlə Negin ekiz bacıdırlar. Ata-anaları həkim olduğundan onlar da tez-tez həkim-həkim oynayırlar. Amma bu oyunu oynayanda hərdən dalaşır, küsüşürlər. Bir dəfə dayələri onların küsüb mısmırıqlarını salladığını gördü və soruşdu:

            -Qızlar, nə olub, niyə küsmüsünüz yenə?

            Alin dedi:

            -Həkim-həkim oynayanda dalaşdıq.

            -Niyə axı?

            Negin qəhərləndi:

            -Hər dəfə Alin həkim olur, mən xəstə. Bu dəfə də dedim ki, fenendeskopu ver, qoy mən həkim olum, sən xəstə. Olmadı. Mən də küsdüm.

            Alin nənəsi kimi bir az müdrik görkəm alıb dedi:

            -Ay Negin, həkim gərək xəstəni yaxşı müalicə eləsin... Bu səninçün rəqs etmək deyil e...

            Əvvəl dayə, sonra Alin, lap axırda da Negin güldü. Və bacılar gülüşüb barışdılar.

 

            ALMA SARALDI, GÖZÜM QARALDI

 

            Alinlə Negin anaları icazə verəndə televizorda cizgi filminə baxardılar. Bir dəfə babagilə gələndə yenə cizgi filminə baxmaq istədilər. Onda baba onlara yeni bir oyun öyrətdi. Bu oyunun adı gizlənpaç idi.

             Qızlar bu oyunu çox sevdilər. Hər dəfə biri gözünü yumar, o biri gizlənər, sonra da gözünü yuman gizlənəni axtarıb tapardı.

            Bir dəfə babagilə gələndə baba dedi:

            -Mən gözümü yumum, siz gizlənin.

            Baba gözünü yumub oxumağa başladı:

            “Alma saraldı, gözüm qaraldı,

            Alma saraldı, gözüm qaraldı...”

            Qızlar bu dəfə gizlənmək əvəzinə gəlib babanı qucaqladılar və yeni bir şey tapıblarmış kimi qışqırmağa başladılar:

            Alma saraldı, gözüm qaraldı!

            Alma saraldı, gözüm qaraldı!..

            O gündən sonra onlar bu oyunu həmin sözlərin müşayəti ilə oynayardılar:

            “Alma saraldı, gözüm qaralıdı...”                  

 

                         BALERİNA

 

     Negin səhər-axşam dayanmadan rəqs edir, elastiki bədən hərəkətləri  göstərirdi.

     Baba dedi:”Ay bala,bir az dincəl, yorulmadın?”

     Alin babanın qulağına pıçıldadı:”Negin balerina olacaq,ona görə dayanmadan məşq edir.”

 

           

            GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

 

     Baba “Əlcək” nağılını,bəlkə yüzüncü dəfə danışıb, dedi:

     ”Goydən üc alma düşdü. Biru Alinin, biri Neginin, biri də babanın.”

    Alin dedi:

    "Baba, olar, bu dəfə dörd alma düşsün?"

    “Niyə?”- təəccüblə baba soruşdu.

    “Birini də nənəyə verək”, - Alin cavab verdi.

           

            GÜNƏŞ TUTULMASI

 

     Baba nəvələri ilə gün tutulmasını seyr etmək üçün bağçaya enmişdi. Gün isə hələ də şaxımağındaydı.    

     Baba saata baxıb dedi:

    -Er gəlmişik, gəl bu kölgəlikdə  bir hovur əylənək.

    Alingilin rəfiqəsi Duyğu dedi:

    -Er nədi, ay baba?

    -Yəni,vaxtından əvvəl.

    Alin soruşdu:

    -Hovur bədi?

    -Bir hovur, yəni bir qədər.

    Negini gülmək tutdu:

    -Əylənmək də oynamaq?

    Baba bu dəcəl qızın başını sığalladı:

    -Yox, ay bala, burda əylənmək, ayaq saxlamaq mənasındadır.

    Onların hamısından yaşda böyük olan Əli başını buladı:

    -Türklər kimi danışırsan e, babacan?!

    Baba nəvələrini sevgi ilə süzüb bığaltı güldü:

    -Hə, biz də türkük. Sadəcə, biz Azərbaycan türküyük, onlar Turkiyə türkü. Biz qardaşıq.

    Bu vaxt Günəşin bir hissəsini buludlar çuğladı. Baba və nəvələr əvvəlcədən hazırladıqları qara şüşələri gözlərinə tutub bu maraqlı hadisəni seyr etməyə başladılar.

 

 

                  ADAMLARI NECƏ ÇAĞIRMALI?

 

      Alinlə Negin bağçaya gedirlər. Müəllimləri də, tərbiyəçilər də onlardan razıdır. Çünki qızlar hər tapşırığı ürəklə yerinə yetirirlər. Qayçı ilə vərəqləri kəsib çiçək düzəldirlər, şəkilli kitabdakı rəsmləri rəngləyirlər, yeməklərini rahatca yeyir, südlərini içirlər.

       Bir dəfə uşaqların musiqi müəllimi həmkarı Rövşanə xanıma dedi:

      -Rövşanə, zəhmət olmasa, bu qələmləri qoy yerinə.

      Negin də qələmini Rövşanə xanıma uzatdı:

     -Rövşanə, mənim qələmimi də apar.

     Uşaqlar gülüşdülər. Elə müəllimlər də. Hətta Rövşanə müəllim də...

     Amma bir xeyli keçəndən sonra Rövşanə xanım dedi:

      -Uşaqlar, özünüzdən böyüklərə, müəllimlərinizə, tərbiyəçilərə, dayələrə, həyətdəki təmizlikçi qadına – bir sözlə özünüzdən böyük hər kəsə müraciət edərkən onu adı ilə çağırmaq düzgün deyil. Müəllimdirsə Filankəs müəllim, doktordursa Filankəs doktor, həyəti süpürən təmizlikçidirsə Filankəs xala, yaxud xanım deyə müraciət etmək lazımdır. Bir də sən yox, hörmət əlaməti olaraq siz deyə müraciət etmək daha yaxşıdır.

      Negin bir daha Rövşanə müəllimi adı ilə çağırmadı.

 

                        KONFET – BİRCƏ DƏNƏ

 

            Alinlə Negin babasıgilə gedəndə bir şeyə çox sevinirlər: analarının yeməyə icazə vermədiyi konfeti burada rahatca yeyə bilirlər! Hə-hə! Konfet. “Quş südü”, “qaz pəncəsi”, “xırçıltılı” (bu axırıncı adı onlar babaları ilə birgə kəşf etmişdilər) konfetlərdən yalnız bir dənəsini yeyə bilərdilər. Baba onların hərəsinə bir konfet verər, “yeyin” deyərdi.

            Bir dəfə baba dedi:

            -Babanın ürəkləri, istəyirsiniz, bir konfet də artıq verim?

            Alin başını buladı:

            -Yox, ay baba. Anam deyir ki, balaca uşaqlara konfet yemək olmaz. Biz böyüyəndə çoxlu konfet yeyəcəyik...

            Negin əlavə etdi:

            -Hə, baba... Bizə, hələlik bir dənə yemək olar... Artıq olmaz...

 

                     KİTABMI, TELEFONMU?

 

            Alinlə Negin analarının icazəsi ilə hərdən telefonda cizgi filminə baxırlar – yalnız iyirmi dəqiqə. Film seyri bitdikdən sonra bir az idman edib, başlayırlar “kitab oxumağa”.

            Yox, düz olmadı. Kitab dinləməyə deyəcəkdim.

            Hə. Anaları hər gün onlara bir saat kitab oxuyur, yaxud səsli kitab dinlədir.

            Axı onların çoxlu şəkilli uşaq kitabları var.

            Babaları deyir ki, ağıllı telefonların kəşfi insanların işini asanlaşdırıb. İndi bu telefonların köməyi ilə çoxlu məlumatlar əldə etmək olur...

            Amma...

            Telefona aşırı maraq insanların, ən çox da uşaqların həm fiziki, həm zehni inkişafına pis təsir edə bilər. Həm də insanı kitabdan uzaq salar. Ona görə də, telefon aludəçiliyi xəstəlik kimidir.

            Hər şeydən qədərincə istifadə etmək lazımdır.

            Babaları bir dəfə demişdi:

            -Qızlar, bizim böyük şairimiz Nizami deyib ki, hətta suyu da çox içəndə xəstəliyə səbəb olur.

 

                      AZƏRBAYCAN TÜRKCƏSİNDƏ AĞLAMAQ...

 

            Qızların bibisi oğlu Şahin onlardan iki yaş böyükdür – beş yaşındadır. Özü də bağçanın rus bölməsinə gedir. Hər dəfə bibisi telefonla görüntülü yığanda Şahin rusca danışır, Alinlə Negin də onu başa düşmür, anlaşılmazlıq yaranırdı. Bir dəfə yenə Şahin özünün “sevimli dilində” nələrisə doğrayıb tökəndə hələ bir yaşı tamam olmayan qardaşı Atilla bərkdən qışqırıb ağladı. Qızlar onun səsini eşidib duyğulandılar. Negin isə bacısına təsəlli edircəsinə dedi:

            -Bacı, bax, Atilla Şahinin acığına Azərbaycanca ağladı...

            Qızlar xəttin bu başından, Şahin də o biri başından bu qəribə deyimə ürəkdən güldülər.

 

                        DUYĞUNUN DUYĞUSALLIĞI

 

            Duyğu Alinlə Negini görəndə çaşıb qalmışdı. Onun bacısı çox balaca idi, amma bu bacılar eyni boyda, eyni yaşda, hətta eyni gözəllikdə idilər. Anası deyəndə ki, onlar əkizdilər, Duyğu gülümsəmiş və demişdi:

            -Bacım Liya ilə mən əkiz deyilik, amma ikimiz də gözəlik!

 

                        UZUN SAÇLI QIZLAR

 

            Bir yaşları olanda Alinlə Neginin hələ saçları uzun deyildi. Az sonra Negininki uzandı, Alininki isə hələ də qısa idi. Buna görə Alin kefsizləyirdi.

            Bir dəfə o, anasına dedi:

            -Ana, niyə Alinin saçı uzun, mənimki qısadır?

            Ana onun saçını sığallayıb dedi:

            -Alin çoxlu rəqs edir, sən etmirsən. Sən də rəqs etsən, saçın uzanacaq.

            O gündən Alin də rəqs etməyə başladı.

            İndi onların ikisinin də saçı uzundur. Hətta hörükləri də var!

 

            ZƏNGİLANLI, YOXSA TOVUZLU?

 

            Qızların anaları tovuzlu, ataları zəngilanlıdır.

            Bir dəfə nənə soruşdu:

            -Bəs siz hansı rayonnansınız?

            Negin qırmızıca dedi:

            -Mən tovuzluyam!

            Alin bir babasına, bir nənəsinə baxdı, gözündən gülüb dedi:

            -Onda mən də zəngilanlı olacam...

            Baba ilə nənə gülüşdülər. Qızlar da onlara qoşuldular.

            Sonda baba dedi:

            -Uşaqlar, bizim bircə Vətənimiz var: Azərbaycan! Onu rayonlar bölmək doğru deyil... Hamımız azərbaycanlıyıq...

 

                              BABANIN AD GÜNÜNDƏ

 

            Babanın doğum günü idi. Qızlar babanı qucaqlayıb şəkil çəkdirdilər. Negin atasına dedi:

            -Ata, baba bizimlə şəkil çəkdirdi.

            Ata gülüb dedi:

            -Gözəl qızım, elə deməzlər. Deyərlər ki, biz baba ilə şəkil çəkdirdik. Belə daha mədəni olar.

 

                        UŞAQLAR TORTU SEVİRLƏR

 

            Qızlar hələ balaca olanda anası onlara tort yeməyə icazə vermirdi.

             -Balacalara tort zərərlidir,-deyirdi.

            -Bəs, biz haçan tort yeyə bilərik? – Alin soruşmuşdu.

            -Üç yaşınız olanda.

            Alin bunu yadında saxlamışdı. Babanın ad günündə dedi:

            -Negin, bizim üç yaşımız olub. İndi tort yeyə bilərik!

            Qızlar analarının dilimlədiyi tortdan ləzzətlə yedilər.

 

                               BAŞMAQLAR

 

            Neginlə Alin babasıgilə gələndə bayram kimi olur. Çünki burada ata-analarının qoyduqları bəzi qadağaların üstündən adlayıb keçə bilirdilər. Konfet qadağasını artıq oxumusunuz. Elə telefon haqqında da!..

            Amma onlar bura gələndə hərdən babanın telefonunda cizgi filmlərinə baxa bilirlər. Əlbəttə, yalnız müəyyən qədər. Artığını onlar özləri də istəmirlər.

            Bir gün qızlar ayaqlarına böyük adamların evdə geydiyi başmaq taxıb yeriyəndə yıxıldılar. Anası bunu onlara qadağan edəndə nənə dedi:

            -Mən tamam unutmuşam. Axı onlara güllü başmaq almışam!

            Sonra nənə aldığı kiçik ölçülü qırmızı və yaşıl rəngli uşaq başmaqlarını onlara verdi. Qızlar geyinib sevindilər. Negin dedi:

            -Nənə, tapıçkaya görə sağ ol!

            Nənə gülümsündü:

            -Balalarım, tapıçka ruscadır. Bunun öz dilimizdə adı başmaqdır. Hətta dilimizdə başmaq seyrinə çıxmaq ifadəsi də var.

            Qızlar bu təzə sözü eşidib daha çox sevindilər.

 

            ŞAHİNİN ŞULUQLUĞU

 

            Bilirsiniz də, Şahin bağçanın rus bölməsinə gedir. Ona görə də dayısı qızları Alinlə Negini görəndə onlarla rusca danışır.

            -Alin, Negin kak dela?

            Alin hirslənir. Negin isə deyir:

            -Bacı, hirslənmə. Gəl, biz də ona ingiliscə cavab verək:

            -We are good!!!

            Şahin məcbur olub Azərbaycan türkcəsində danışdı:

            -Yaxşı, qızlar, gəlin öz dilimizdə danışaq...

            Neginlə Alin əl çalıb gülüşdülər.

 

                   ÇARLİ

 

            Qızları babagilə çəkən çox şey vardı. Onlardan biri də haski çinsindən olan Çarli adlı it idi. Yaşıl gözü, göylə qaranın qarışığından oluşmuş rəngə çalan tükləri, başqa itlərə oxşamaan hürməyi, illah da uşaqlarla oynamaqdan heç bezməməyi bacıların çox xoşuna gəlirdi.

            Bir dəfə yenə həyətdə çarli ilə oynayanda qəfil yağış başladı. Ata-anaları onları evə çağırdılar. Alin içəri keçsə də, Negin hələ də Çarlinin yanında idi. Nəhayət, itin yuvasına girdiyini görüb onu səsləyən atasına dedi:

            -Ata, olar ki, Çarlini də evə gətirək?

            Ata dedi:

            -Yox, qızım. İtlər insanlarla bir həyəti bölüşsələr də, onlar evə gələ bilməzlər. Onların öz yuvaları olur. Elə buna görə də, onlara it deyirlər.

            Negin isə hələ də yağışdan islanmış Çarlinin gizləndiyi yuvasına baxırdı...

 

                        RƏNGLƏR

 

            Ata-anaları qızlara nə alardısa, cüt alardılar. Amma rənglər müxtəlif olardı.

            Göyümtül və ağavış donları seçərkən Alin ağavışı, Negin göyümtülü götürərdi. Rəng seçimində heç mübahisə olmazdı. Sanki uşaqlar aralarında razılaşmışdılar. Hətta başmaqları belə rəngarəng idi.

            Ən qəribəsi o idi ki, ata-anaları bəzən onların geyimlərini qarışıq salsalar da, qızlar heç vaxt bunu etməzdilər. Bilirsiniz niyə?

            Çünki hər şeyə birinci Neginəl əl atar və ən rənglini seçərdi. Alin isə bacısı ilə razılaşardı. Sonrası da məlum: onlar heç nəyi heç vaxt dəyişik salmazdılar...

 

            BU TƏRƏF, O TƏRƏF

 

            Qızlar sağ, sol əvəzinə bu tərəf, o tərəf ifadələrini işlədərdilər.

            Atalarının maşınında arxa oturacaqlarda qızlar üçün xüsusi oturacaq quraşdırılmışdı. Alin, atanın köməyi ilə SAĞDA, yəni BU TƏRƏFDƏ, Negin isə SOLDA, yəni O TƏRƏFDƏ otururdu. Hələ təzə-təzə dil açmağa başlayandan ta bu günəcən belədir. Hər kəs öz yerini bilir.

            Bəzən ataları unudub Negini sağda, yəni bu tərəfdə, Alini isə solda, yəni o tərəfdə oturdanda qızlar gülüşər, atalarına irad tutardılar. Və xorla deyərdilər:

            -Ay ata, bura oara deyil!

            Və gülüşərdilər...

 

                        TƏMİZLİK QABI

 

            Bağçada bacıları öyrətmişdilər ki, zibili yerə atmaq olmaz. Ona görə də, həm bağçada, həm də evlərində zibili hökmən zibil qabına atardılar.

            Babagildə olanda bir dəfə Negin yediyi konfetin kağızını cibinə qoydu. Baba soruşdu:

            -Negin, bəs konfetin kağızını hara qoydun?

            Qız cibini göstərdi və dedi:

            -Baba, sizin evdə zibil qabı yoxdur, ona görə cibimə qoydum ki, evimizdə atım zibil qabına.

            Baba dedi:

            -Yox, quzum, bizdə də o qabdan var, amma biz ona TƏMİZLİK deyirik. Bax, orada, mətbəxin küncündə ağzıörtülü qabdır.

            Alin təəccüblə soruşdu:

            -Baba, axı ona ZİBİL QABI deyirlər?

            -Düzdür. O, zibil qabıdır, amma zibilləri gizlətdiyi üçün nənənizlə mən ona TƏMİZLİK deyirik.

            Negin cibindəki konfet kağızını təmizlik qabına atdı, ağzını örtdü və dedi:

            -Hə, doğrudan da o zibili gizlətdi. Alin, gəl biz də buna TƏMİZLİK deyək.

 

                        KƏMƏR

 

            Qızlar maşındakı yerlərində oturan kimi ataları ataların kəmərlərini bağladı. Qabaqda – atanın yanında əyləşən baba isə bunu unutdu. Alin qışqırdı:

            -Baba, kəməri bağla.

            Baba gülümsündü və unutduğu üçün “bağışlayın” deyib kəməri bağladı.

            Negin dedi:

            -Baba, kəməri bağlamasan, polis səni cərimələyər.

            Alin başı ilə onun sözünü təsdiqlədi:

            -Həm də kəmər təhlükəsizlik üçün faydalıdır.

 

                        AD GÜNLƏRİ

 

            26 aprel onların ad günüdür. Dörd yaşları olur.

            Alin deyir:

            -Bu gün mənim ad günümdür.

            Negin deyir:

            -Yox, mənim ad günümdür.

            Ataları işə qarışmasaydı, onlar dalaşacaqdılar.

            -Gəlin belə edək. Səhərdən günortayacan Alinin, günortadan axşamadəksə Neginin ad günü olsun. Hə, necədir?

            Qızlar qımışdılar:

            -Yaxşı ata!!!

            Bu vaxt babaları görüntülü zəhg etdi:

            -Hə, mənim gözəl nəvələrim! Sizin ad gününüzü təbrik edirəm!

            Qızların başı babaları ilə söhbətə qarışdı və mübahisələrini unutdular. Negin isə ağzını telefona tutub pıçıldadı:

            -Baba, mənim ad günüm günortadan sonra başlayacaq...

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)