AZAD QARADƏRƏLİ İRADƏ TUNCAYIN YAZISINI OXUYUB AĞLADIĞIM DƏM... (Məmməd Arazın ruhuna salam olsun)

 

                          AZAD QARADƏRƏLİ 

             İRADƏ TUNCAYIN YAZISINI OXUYUB AĞLADIĞIM DƏM...

 

                        (Məmməd Arazın ruhuna salam olsun)

 

 


            Yazıçı tay-tuşlarımdan yalnız Aqili qısqanmışam.

            Yox əşi, bilənlər bilir, deputat-filan, şəhrət-möhrət eynimə deyil.

            Sadəcə, Məmməd Arazın kürəkəni...

            Yox, olmadı.
            Məmməd Arazı az qala hər gün gördüyünə görə...

            Hə, indi oldu...

            Bax, buna görə qısqanmışam onu.

            ...Avtobusla yol gedirəm. Vaxt öldürmək üçün telefonda qurdalanıram. Birdən İradə Tuncayın yazısı çıxır qarşıma. Bir az oxuyub, özümü buraxıram. Yazı məni necə alıbsa... Yox, yenə olmadı...

            Yazıda söhbət Məmməd Arazdan gedir. İradə xanımın atası, Aqilin qaynatası Məmməd Arazdan deyil, mənim sevdiyim şairdən, misralarını adrenalin (bu söz hardan gəldi, ilahi?!) kimi qəbul etdiyim şairin...

            ...Gərək ki, 1978-ci ildir. Şüvəlanda gənc yazıçıların bir aylıq seminar-müşavirəsi keçirilir. (Sovet hökümətinin qəribə hoqqaları vardı. Yazıçı hara, seminar-müşavirə hara?! Yazıçınınkı odur ki, əsərlərini çap et, qonarar ver, kitablarını burax, əsərlərini xarici dillərə çevir... Yoxsa, seminar-müşavirə, bilməm nə fısqırıq!) Mən də uzaq Zəngilandan dəvət edilmişəm. Hər gecə Vladimir Qafarovun bağında yığışırıq, yeyib-içirik, yazdıqlarımızı bir-birimizə oxuyuruq, sevdiyimiz şairlərdən şeirlər söyləyirik... Vaqif Cəbrayılzadə (hələ Bayatlı olmamışdı), Vaqif Bəhmənli, Mənzər Eynullayeva (hələ Niyarlı olmayıb), Mahirə Abdulla, Afaq Məsud, Maarif Soltan, Hüseyn Əfəndi... və Aqil Abbas.... və başqaları............

            Ən çox şeir gecələrində Məmməd Arazdan söyləyərdik. Təbii, Musa Yaqub da vardı, o zamanın mogikanı Rəsul Rza da, dimdiyinin sarısı getməmiş Ramiz Rövşən də...

            Amma və yenə də amma! O gecələrin şəriksiz lideri Məmməd Araz idi!..

            Hələ Xudu Məmmədova həsr etdiyi bütün yazarların kredosu olan o şeiri...

            “Sə kimə gərəksən, mən kimə gərək...”

            ...-Məllim, niyə ağlayırsan?”

            Key-key adamın üzünə baxıram. Və yalnız indi anlayıram ki, avtobusdayam və onu da anlayıram ki, düşməli olduğum dayanacağı çoxdan keçmişəm...

            Ay aman!!! Nəvəmi başçadan götürməliyəm mən!..

            Gör hara gəlib çıxmışam?!

            Bu adam kimdir belə?

            Mən ağlayıram?

            Telefonumun üstünə düşən göz yaşlarından bilirəm bunu və adama baxmadan sivişib avtobusdan düşürəm...

 

                                               ***

 

            İradə Tuncaya allah insaf versin...

            Az qala nəvəm bağçada qalacaqdı...

            Aqil Abbas...

            Məsələnin Aqilə nə dəxli var axı?!

            Necə yəni, nə dəxli var?! Səhərdən yazısını oxuyub ağladığım adam onun xanımı deyilmi?! Hələ yazıda ömrünün son günləri bəhs olunan Məmməd Araz onun qayınatası deyilmi?!

            Ah!..

            Heç inanmıram ki, nə Aqil, nə İradə xanım Məmməd Arazı mənim qədər sevsinlər...

            Doğrudan e, o avtobusda məni ayıldan kim idi? Allah köməyi olsun, çağırmasaydı, allah bilir, nələr olacaqdı? Ən azı uşaq bağçada qalacadı...

            Qəribə adamdılar, vallah! Yazı-pozu adamına da uşaq etibar edərlər?!

            Daha heç nə yazmayacam. Özünüz yazını tapıb oxuyun... “Ədalət”də gedib...

            ...Məmməd Arazın anım günü imiş haçansa... (Bu günsə qısqandığım köhnə dostun – Aqilin doğum günüymüş...)

            Ruhu şad olsun. Şaddı onsuz da. Ən azından tanımadığı qələm adım onun haqqında göz yaşı tökdüyünə görə. (Hansısa dərgidə bşa redaktor olanda görüşmüşdük. Zəngilanın çinarlarını soruşmuşdu. Amma o görüşməklə adammı yadda qalar. Qoy elə tanımadığı adam kimi qalsın. Belə daha mübarək olar – şairçün mübhəm oxucudan qiymətli heç nə yoxdur axı...)

            Əlvida böyük şair. Axirət varsa, mütləq görüşərik. Orda təzədən tanış da olarıq...

            Zəngilan çinarlarınısa ermənilər qırıb Avropaya mebel materialı kimi satıblar. Amma diblərindən çıxan şivlər böyümədə...

            Elə sən də çinar idin. Şeirimizin çinarı...

            S.A. (Söz Ardı)

            Bizdə bir makina var. Ömrünü çoxdan başa vursa da (ömrünü deyil, zamanını deyək) qiymətli əşya kimi saxlayıram. 

           92-nin axırı, ya 93-ün əvvəlləridir. "Ədalət" qəzetinə gəlmişəm. Aqil nəyə ehtiyacım olduğunu soruşur. (Birdi, birin deyəsən? Minlərlə ehtiyacım var... Amma qürurum daha çoxdur.) "Makinam Zəngilanda qalıb..." deyir və qəhərlənirəm. Aqil harasa gedir və qucağında yığcam bir makina qayıdır. "Gələ. Amma yaxşı saxla. Məmməd Arazın da əli dəyib bına" deyib makinanı mənə uzadır...

          O makinada xeyli yazılar yazsam da, indi heç nəyə yaramayan əşya olsa da, bizim evin ən qiymətlisidir. Axı ona Məmməd Arazın əli dəyib!

           Haçansa, Qaradərədə məktəb açılsa, o məktəbin muzeyinə hədiyyə edəcəm onu. 

                                                                                                                      01.04.2026.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)