AZAD QARADƏRƏLİ POEZİYANIN HƏDİYYƏSİ (Hədiyyə Şəfaqətin bir şeiri və pir şeiri üzərinə bədahətən yazılanlar)

 

                           AZAD QARADƏRƏLİ

                     POEZİYANIN HƏDİYYƏSİ

            (Hədiyyə Şəfaqətin bir şeiri və pir şeiri üzərinə bədahətən yazılanlar)

 


            Dünya insanından, insan torpağından, ağac meyvəsindən (meyvəsizlər xaric), quş uçuşundan, şair şeirindən, şeir misrasından bəllənər. Bir şairin bir qom şeirindən (bənövşə qomu kimi) birini seçib oxudun (qoxladın), canına yatdısa, o, şairdir. Mən də Hədiyyə Şəfaqətin yeni şeirlərindən lap birincisini oxuyub, dayandım. Təbbi, o biriləri də oxuyasıydım, amma....

            ...Bu Hədiyyə xanımla çox salam-kalamımız olmadı. Tələbə yoldaşı deyilik (qızım yerindədir, yahu!), iş yoldaşı heç olmadıq, yerli də deyilik (yerlibazların qulağına qurğuşum!)... Amma ədəbiyyat deyilən qapıdan müxtəlif vaxtlarda keçsək də, eyni anda keçmiş kimiyik. Onu o qədər özümə doğma bilirəm ki!.. Ədəbiyyat doğmalığıdı bu... Söz doğmalığıdı...

            ...Baxın, yuxarıda dediyim o tək şeirdə - “Səhər”də görün nələr var (yoxdur!)?

 

Uzaqlarda ağ duman sürünüb keçir

İki torpağı ayıran çayın üzündən,

Üfüqün ilk  qızartısı sirri silib aparır

On dörd gecəlik ayın üzündən...

 

            Siz heç On dörd gecəlik ayın üzündəki sirri (mən sehr deyərdim, şair xanım daha yaxşısın bilər!) görmüşdünüzmı?! Görməmişdiniz. Zatən, poeziyanın ecazı budur! O sənin görmədiyini göstərəndir... (Mənə elə baxma, “On dörd gecəlik ay”ı böyük yazmağımın səbəbi var: bu Şair xanımın şeirindəki obrazdır, surətdir, baş qəhrəmnadır... Adını nə qoyursunuz, qoyun, odur. Canlıdır, diridir. Axı həm də orda – Allahın yanındadır.)

            Bitmədi ki. Süjeti də sehrli olan bu şeirdə misralar nalbəndin atın ovcuna mıxladığı nal kimi qayım-qədim, parıltılı və səslidir. Mən o misraların səsini eşidirəm, parıltısını duyuram. “Budağından oyanan Ağacın, qanadından oyanan Quşların, sənin, mənim adımdan oyanan Süpürgəçinin” səsidi bu!

 

Ağaclar budağından,

Quşlar qanadından oyanır

Küçəni süpürən narıncı paltarlı süpürgəçi

Hamının adından oyanıb…

 

            Və damcı səsi! Dünyada damcı səsindən zəhlətökən səs tanımaz evi daman adam. Amma Hədiyyə xanım görün bu səsdə nə tapıb: yağışdan qalan Damsılar “ən xırda ləçəkləri Allahın gözündə böyüdə bilirmiş”, sonra da “səkidəki gölməçələrdə uzanıb yuxuya gedirmiş”lər...

            Bəs bu hansı Damcılarmış (evi damanın damcıları deyilsə)?.. Demiyəsən, onlar ”axşam damlarda səs-küy salan Damcılarmış”...

 

Böyüdür ən xırda ləçəkləri Allahın gözündə

Yağışdan qalan damcılar

Uzanıb yuxuya gedib səkilərdəki gölməçələrdə

Axşam damlarda səs-küy salan damcılar…

 

            Bu sügetli şeirdə bir gözlənti də var. Hərə bir şey gözləyir. “Göyərçinlər pəncərədə dən, həyətə atılmış kağız parçaları çıxıb getmək üçün külək gözləyir.”

 

Göyərçinlər eyni pəncərələrin qabağında

Dən gözləyir, çörək gözləyir

Həyətə atılmış kağız parçaları

Çıxıb getmək üçün külək gözləyir…

 

            ...Hədiyyə xanımla tək şəkilimiz var. Dəqiq xatırlamıram, illər öncə kitab evində hansısa tədbirdə çəkilib. Görünüşdən anlaşılır ki, onun sualı var və mən də ciddi-cəhdlə o suala cavab verməyə çalışıram...

            ...Hədiyyə xanıma bir üzür borcum da var, yazmasam, olmaz...

            ...İllər əvvəl olmuşdu. Zəng vurmuşdu ki, bəs “Ədəbiyyat qəzeti”ndə layihəsi var və o layihəyə əsasən, müəllifi öz əsəri haqqında danışdırır. “Kuma-Manıç çökəkliyi”nin də təzə çıxan və gurultuya səbəb olan vaxtları idi. İstəyirdi ki, az qala bütün qəzet və dərgilərdə, habelə saytlarda haqqında yazılar, müsahibələr gedən o roman haqqında məni danışdırsın. Mənim də xasiyyətimi Allah ksəsin deyim, kəsməsin deyim!? “Yox” dedim... Nə var, nə var, AYIB-ın orqanı olan mətbuatlara mən müsahibə, yazı vermirəm!..

            Yaxşı, bəs nə oldu?! Üstündən beş-altı il keçməmiş o məlum qəzetə yazılarını verdin?!.

            Hə... Baş redaktor Caviddən, Turan xanımdan ağlaya-ağlaya danışmış, mənim də zəif yerimi sıxçalamış, aradakı buzu əritmiş, sonra da dalbadal hekayələrimi çap etmişdi...

            Elə utanmışdım ki, Hədiyyədən... Çox utanmışdım. Nə yaxşı ki, işlər əvvəlki məcrasına düşmüşdü – “Ukrayna hekayələri” silsiləsindən olan bir hekayəmdə Putini itin ... soxub çıxartdığıma görə məlum qəzet hekayəni çap etməyə risk etməmişdi...

            Onda əlimi ürəyimin üstünə qoyub demişdim: nə ola, biri Hədiyyə xanıma deyə ki, erməni qəzetindən başqa hansı qəzetə istəyirsə, müsahibə verməyə hazıram...

            ...Hə. Yolum Şəkiyə düşmüşdü. (Mənlə gedənlər toy-nişan hayında, mən də mərhum dostumuz Aydın Məmmədovun məzarını, Molla Cümənin abidəsini, bizi biz yapan ustadımız, müəllimimiz M.F.Axundovun ev muzeyini ziyarətə gedirəm və yadıma düşür ki, burada bir teatr var və orada Hədiyyə xanım deyilən bir doğmam çalışır...

            Zəng vururam. Deyirlər ki, Hədiyyə xanım harasa ezamiyyətə gedib, amma onun adını eşidən kimi maşını olan bir aktyoru (adını unutduğumçün üzr istəyirəm) göndərirlər ki, Şəkini gəzməkdə mənə maşınıyla birgə yardımçı olsun...

            ...Hədiyyə xanımın nəsr damarı da var. Hekayələrini bilirəm.

            Hədiyyə xanımın bir də hədiyyəliyi var – o, az-az xanımlardandır ki, ədəbiyyata hədiyyə edib özünü... Bizim Hədiyyə... Ədəbiyyatın Hədiyyəsi...

                                                                                              28.04.2026

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)