AZAD QARADƏRƏLİ VULKANİK ŞEİR (Qız atalarının oxuması lazım)

                     

                  AZAD QARADƏRƏLİ

                   VULKANİK ŞEİR

                   (Qız atalarının oxuması lazım)

 

 


 

            İnsan oğlunun (qızının) ən çarəsiz dəmində yaranıb şeir.

            Bəlkə, Adəm Cənnətdən qovulanda yazıb ilk şeiri?

            Ya Həvvanı ilk görəndə? (Bu da çarəsizlik dəmi olmalı. Qadın görəndə insan oğlunun bütün vücudu əsməzmi? Özünü çarəsiz hiss etməzmi?! Bilmirəm, məndə belə olub. Orası başqa ki, nəfəsini hiss edəndə dünyalar sənin olur...)

            Hə, şeirdən danışırdım axı...

            İllər əvvəl bir şeirini oxumuşdum, bu günkü yazımın qanını tökən şeirin müəllifinin. Gərək ki, adı “Çanta” idi. O şeirə bir ayrıca esse yazmışdım... Anakaralı yazıçı dostum da yazını oxumuş, şeiri sevmiş, çevirib saytında qoymuşdu...

            Günel Rəcəbi deyirəm...

            Müəllimliyin, nəyin, nəyin və qadınlığın tanınan şair olmağa qoymadığı, qıymadığı Günül Rəcəb. (Yox, Günel xanım şair olmağına şair oldu, təkcə elə o “Çanta” şeiri bəsdir onun bu adı qazanmağına. Tanınan şair isə... Heç kişilər ola bilmir bunu, zalım qardaş! Bununçün bilirsən nə qədər adamın quşun götürməlisən!?. Ondansa elə balalarının və şagirdlərinin nazın çəkər... çəkir də elə... Və bir “Çanta”, bir də aşağıda oxuyacağınız mərsiəni yazsa, bəsidir.)

            Qoymadığı dedim...

            Qıymadığı dedim...

            Canım-gözüm, bu məmləkətdə heç qız olmaq, qadın olmaq kimi bir fəlakət varkən, onun içindən bir şair də çıxartmaq vulkan törətməzmi?!

            Aşağıdakı şeir şeir deyil ki!

            Bir qadın ağzından çıxan səssiz vulkandır!

            Odu məni qarsdı, burada qoyuram ki, siz də isinə bilin...

            Mənim kimi qız ataları lap yaxın otursunlar...

            Gəlin, isinək, yanaq, ağlaşaq... bu şeirə... bu dərdə... bu ağıya...

 

Gənc ola bilmədim ki

Bircə dəfə də...

Qucağından düşüb

Kədərə qaçdım, ana.

Çərpələnglər yerinə

İllər uçurtdum, ana.

Gənc ola bilmədim ki

Bircə dəfə də...

Hələ özümə tel kəsməmiş

Ağardı saçlarım.

Sən saçımı hörməmiş

Taleyimtək

Dolaşdı saçlarım.

Gənc ola bilmədim ki

Bircə dəfə də...

İllər ötdü

Mən qəfəsləri qırınca.

Uça bilmədim, ana,

Qanadlarım çıxınca.

Mən heç uşaq olmadım ki.

Bilmədim ki, heç zaman

Hansı ildə, hansı yaşda doğuldum.

Otuz üçüncü dəfə etiraf edəcəyəm,

Mən qoca doğuldum,

Qoca öləcəm.

Yox! Hər şeyi unudub

Uşaq öləcəm.

                                                                           11.04.2026.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)