AZAD QARADƏRƏLİ YOL YOLDAŞI (Dostum Lətif Şüküroğlunun doğum gününə)
AZAD QARADƏRƏLİ
YOL YOLDAŞI
(Dostum
Lətif Şüküroğlunun doğum gününə)
Lətif Şüküroğlu mənim can dostlarımdandır. Yəni həm qələm qardaşlığımız var, həm ürək
qızdırmağımız, həm yol yoldaşlığı...
Yox,
Lətiflə az yolçluğumuz olub. Amma ki, yuxarıdakı “yol yoldaşlığı” ariflərçün
olan deyimdir. Yolumuz, izimiz bir olub. Hara bir addım atmışıqsa, xəyalən də
olsa, orada izimiz qoşa olub. Heç bir-birimizə bu barədə söz-möz də deməmişik.
Yəni belə: “Mən gedirəm, bə sən?” “Mən də!”
Hətta
belə işlərimizi az qala unutmuşuq da sonralar. Məsələn, 20 Yanvar faciəsinə bir
gün qalmış Zəngilanda işlədiyimiz “Kənd həyatı” qəzetində rayondakı mitinqi
birgə qələmə almış, qoşa imza ilə bir qoşa səhifədə çap etdirmişdik – bilə-bilə
ki, bu yazı ikimizin də “qətlimizə fərman” olacaq. (Bu barədə “İyirmi yanvarın
səhəri” adlı hekayə yazmışam və orada bəzi
faktları unutmuş kimiyəm – sonradan Lətif yadıma saldı.) Oldu belə! Lətifi
rayondan qaçaq saldılar, məni də redaktor müavinliyindən hansısa aşağı işə
keçirtdilər – əslində, ayaqqabılarımı cütləyib “get” dedilər, mən də çıxıb
getdim müəllimliyimə...
Sonra
Lətif Bakıda işlədi, mən də rayonda məktəb direktoru oldum. Onda da ya Bakıda,
ya da bizim Qaradərədəki evimizdə görüşlərimiz oldu...
Sonra
mən də zorən bakılı oldum – məcburi köçkün kimi.
Kitablarımız
çıxanda görüşdük, kitablaşdıq.
Sonra
mənim 70 illiyi oldu, Lətifin kitablarının təqdimatı... Orada da görüşdük,
yolumuzu sonacan gedəcəyimizə baxışımızla and içdik...
Lətiflə
bizim ortaq dostlarımız da var(dı). Biri professor Bədirxan Əhmədlidir ki, qanımızı
durultmaq üçün hərdən qanımızı qatışdırır, canımıza can artırırıq. Biri də mərhum
professor Nəsiman Yaqublu idi ki, onun da cümhuriyyətçi sevdasının canımızdan bəsləyirik...
Lətifin,
məndən fərqli olaraq çox xəfif, aramla, sakit tərzdə danışmağı var. Amma o xəfifliyin
içində bir vulkan da yatır, bunu yalnız can dostları bilir.
Bu
gün o vulkan gəzdirən adamın – ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə
doktoru, gözəl jurnalist, özü istəyəndə lətif hekayəçi Lətif Şüküroğlunun doğum
günüdür!
Bağrıma
basır, ürəkdən qutlayıram babalarımız demişkən!
S.A.
(Söz Ardı)
Lətif
haqqında illər əvvəl “Lətifin lətifliyi və sərtliyi” adlı ürəkli bir yazı
yazmışam. “Renessans həsrəti” kitablarımın hansısa cildində çap olunub. Bir istədim
o yazını təkrar paylaşam, könlüm rəva görmədi. O yazı artıq tarixdir. Yeni Lətifə
(o həmişə yeniliyin yanında olub), yeni yaşlı dosta bu yazını ərmağan etdim.
Arzum dostumun 70 illiyində iştirak etmək və onda daha sanballı bir yazı
yazmaqdır.
Yol
amanatı, dost!
08.04.2026
Yorumlar
Yorum Gönder