AZAD QARADƏRƏLİ ÇÖKƏKLİK (Bir romanın “dedikləri”: yolunu azanları yeri çökəklikdir...)

                               

                               AZAD QARADƏRƏLİ

                                           ÇÖKƏKLİK

                        (Bir romanın “dedikləri”: yolunu azanları yeri çökəklikdir...)

 

 


            90-cı illərin sonları idi. İşlədiyim radiodan Bakıdakı məşhur H.Cavid adına 132 saylı məktəbə veriliş hazırlamağa getmişdim. Həm SSRİ-nin, həm Azərbaycan SSR-in deputatı olmuş, tanınmış pedoqoq Aliyyə Təhmasibin özündən və bir neçə şagirddən müsahibə alıb getməyə hazırlaşırdım ki, katibə içəri girdi, Aliyyə xanıma nəsə deyib çıxdı. Direktor üzünü mənə tut:

            -Mümkünsə, bir qədər ayaq saxlayın, bir valideyn gəlir, onu sizin iştirakınızla qəbul etmək istəyirəm.

            Keçib bir tərəfdə oturdum. Ara müğənniləri kimi açıq-saçıq geyinmiş qırx yaşlarında bir qadın yeniyetmə oğlunun qolundan darta-darta içəri girdi. Salamsız-kəlamsız başladı qışqırıb-bağırmağa. Ki, sizə kim ixtiyar verib mənim oğlumu sinfin qarşısında alçaltmısınız?! Sizə kim ixtiyar verib, mənim uşağımın qolundakı qızıl saatı açdırmısınız?! Sizə kim...

            Bir xeyli ittiham səsləndirəndirəndən sonra birdən gözü məni aldı və yeridi üstümə.

            -Siz, yəqin ki, o radiodan gələn jurnalistsiniz! Xahiş edirəm, mənim şikayətimi də yazın, radioda verin, qəzetdə çap edin, nə qədər pul lazımdır verərəm!

            Aliyyə xanım xəstə idi deyə qadına istədiyi cavab vermədi – bu həm də onun aldığı tərbiyəyə görə idi. Qadına, sadəcə dedi ki, oğlunuz sinfin intizamına pis təsir edir. Ya onunla məşqul olun, öyüd verin, ya da...

            Daxıldan bir qızıl saat çıxardıb qadına uzatdı və sözünü tamamladı:

            -...ya da mən uşaq polisinə müraciət etməli olacağam... Hər həftə sinifdə bir olay törədir... Bu saatı da orta məktəbi bitirəndən sonra verərsiniz vurar...

            Qadın yenə əsib-coşdu. Bizi bir döyməyi qaldı və qapını hirslə çırpıb getdi.

            Aliyyə xanım üzücü halda dedi:

            -Gördünüz? Bu xanım bir polis generalının, üzr istəyirəm ifadəmə görə, saxladığıdır... Dünən də, utanmaz-utanmaz o general zəng etmişdi... Gördünüz, sizə nə dedi?!

            ...Bu günlərdə 271-saylı məktəbdə bir şagirdin cinayət əməllərini sosial şəbəkədən oxuyurdum ki, onun anasının səs yazısı qarşıma çıxdı. Jurnalisti hədələyən, söyüb-təhqir edən o “ana” özü kriminal aləmin üzvü kimi danışır, jurnalisti hədələməkdən çəkinmirdi...

            ...Yaxşı yadımdadır, “Kuma-Manıç çökəkliyi” romanım çap olunandan sonra xeyli məktub aldım (elektron məktub deyək), telefon zəngləri oldu, çoxlu məqalələr yazıldı, müsahibələr də aldılar məndən...

            O vaxt indi deyəcəyim fikri demişdimmi, deməmişdimmi, bilmirəm. Bir onu bilirəm ki, biz dəhşət bir “çökəkliyin” içərisinə düşmüşük. O çökəklikdə neft, qaz, pambıq... nə desən var! Tək olmayan nəsnə elm, bilik, kitab və bunları verən məktəbdir. Elmsizlik, biliksizlik, kitabsızlıq, məktəbsizlik bizi çox-çox dərin çuxurlara – çökəkliklərə çəkməkdə...

            Qalanını romandan oxuyanlar bilir...

            ...Məktəbə getməmək, dərs oxumamaq üçün direktora rüşvət verirlər. 9-10-11-ci sinif şagirdləri məktəbə deyil, küçələrə dağılışıblar – çoxmərtəbəli binaların arasında repititor axtarırlar. Kitab və kitabxana birdəfəlik sıradan çıxarılıb. Mədəniyyət nazirliyi bilərəkdən kitabxanaları bağlayır, kitabları maşınlara doldurub zibilxanalara boşaldırlar...

                        Allah bizi daha dərin çökəkliklərdən qorusun...

                        Amma unutmayın: Allah da səndən hərəkət, məndən bərəkət deyib...

                        Hərəkətə keçmək vaxtıdır!..

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)