AZAD QARADƏRƏLİ MAZAN NƏNƏNİN KÜNDƏLƏRİ (hekayə-pritça) Ali məktəbdə bizə dilçilikdən dərs demiş professor Qəzənfər Kazımova – sayqı və hörmətlə.

 

                              AZAD QARADƏRƏLİ

                        MAZAN NƏNƏNİN KÜNDƏLƏRİ

                                 (hekayə-pritça)

            Ali məktəbdə bizə dilçilikdən dərs demiş professor Qəzənfər Kazımova – sayqı və hörmətlə.

 

 


            Araz çayının sağ sahilində, kiçik bir kənd*. Maza* adlı nənə və Diri adlı oğul nəvəsi burada ömür sürür. Onlar hər gün Tanrıya dua edər, çörək bişirib satmaqla güzəranlarını keçirərdilər. Mazanın yeganə oğlunu bir-biri ilə savaşan yerli hakimlər bir vaxtlar müharibəyə aparmış, adam elə o gedən olmuşdu. İyirmi il keçsə də nə öldüsü, nə qaldısı bilinirdi. Nəvə böyüdükcə nənənin ürəyi daha çox səksəkəyə düşürdü. Qorxurdu ki, müharibəyə uşaq oyunu kimi baxan hakimlər bir gün onun nəvəsini də davaya apararlar, arvadın yurdu kor qalar...

            Arazın Kürlə qatışdığı məkana yaxın yerdə, böyük sarayı olan bir şah vardı ki, təkcə oğlanları müharibəyə aparmırdı, kənd-kəsəyin gözəl-göyçək qızlarını da, Maza nənə demişkən, cələhləyib sarayına aparar, özünə cariyyə edərdi. Nənənin yeganə qızını da şah iyirmi il qabaq aparmışdı sarayına.

            O gün ki, qızları cələkləyib arabalara mindirdilər, onların ah-naləsindən göydə quşlar da qanad saxladı. Beləcə, yerdəkilərin qəhri-qəzəbini görməmək, nalə çəkənlərin harayını eşitməmək üçün buranın göylərinin sahibi olan qartallar o gündən göylərdə qanad süzər, yerə yaxın düşməz, yorulanda uca dağların şiş qayalarına qonardı...

            İnsan insanlıqdan, yer yerlikdən, göy göylükdən çıxmışdı. Yer yerlikdən çıxıb ayaq altında durmur, su suluqdan çıxıb Yerin bağrına işləmir, hava havalıqdan çıxıb zəhər dadır, od odluqdan çıxıb... Yox, təkcə od odluğunda qalmışdı – kasıb-kusubun bağrını yandırır, evlərə od düşürür, ürəkləri yandırıb qaradalağ edirdi...

            Od dedim, hə, Maza nənənin və nəvəsi Dirinin çörəkləri oddan çıxırdı. Qabaqlar həftədə iki kəz təndir yandırıb çörək bişirərdilər. Bir günün şörəyini özləri yeyər, o biri günün çörəyini satıb dolanardılar. Elə ki, padşahlar dava başlatdılar, Maza nənəyə əmr etdilər ki, hər gün təndir qalasın, əsgərlər üçün də çörək bişirsin. Odur ki, nəvə Diri səhər meşədən odun daşıyıb təndiri yandırar, günorta da Arazdan su daşıyıb nənəyə xəmir qatmaqda kömək edərdi. Nənə ilə nəvə gecəni gündüzə qatıb çalışar, hətta doyunca yatmağa da vaxt tapmazdılar.

            ...Dedim axı, zaman o zaman idi ki, insanlar eynən heyvanlar kimi bir-birinin ətini yeyir, güclü gücsüzü əzib keçir, varlı kasıbın son güman yeri olan namusunu belə tapdalamaqdan çəkinmir, böyük ölkələr kiçik ölkələri işğal edir, tutduğu ərazilərdə insanları qul kimi alıb-satırdı...

            Tanrı ona sarı uzanan köməksiz əllərdən qaçır, hər gün eşitdiyi ah-nalələrdən qulaqlarını tutur, gördüyü qan-qadadan gözlərini qapayır, öz dərgahında rahatlıq tapa bilmirdi...

            Tanrı olanda nə olar?!

            Onun da mənliyi, heysiyyəti var. Yaratdıqlarının belə quduracağını heç ağlına gətirə bilmir, yağır olmuş qulaqlarını, qan sızmış gözlərini, şiddətlə vuran ürəyini qorumaq üçün, elə həm də yaratdıqlarını qorumaq üçün yollar axtarırdı ki, gözünə göy üzünə odlu hərflərlə yazılan “tufan” kəlməsi sataşdı. “Lənət Şeytana!” deyib bağırdı Tanrı. Əlbəttə, o bunu istəmirdi, amma Şeytan artıq göy üzünə yazmışdı o sözü və Tanrı da ona sarı baxmağıyla, bir növ təsdiqləmişdi. O bunu istəmirdi, amma başqa yol da yox idi. İnsanlar bunu özləri istəmişdilər. Onlara qulaqburması verməyin zamanı gəlmişdi. Qəmli-qəmli Göydən yeri süzüb gumuldandı: “Bilirəm, mənim əziz övladlarım, sizin üçün çətin olacaq... Məhv olacaqsınız, bəlkə kökünüz kəsiləcək yer üzünnən... Amma daha məndə günah yox ki. Bunu özünüz istədiniz. Hazır olun, etdiklərinzin bədəlini ödəmək vaxtıdır!”

             Elə o an Tanrının gözlərinə sızan qan artdı, çoxaldı ildırıma dönüb, əvvəlcə aləmi işıqlandırdı, ardıncan dəhşətli göy gurultusuna çevrildi və selləmə yağış başladı. Bir göz qırpımında yağış tufana, daha sonra qasırğaya çevrildi, Yerlə Göyün arası su ilə birləşən kimi oldu.

            Və bir barmağının işarəsi ilə bütün sulara “coş!” əmri verdi.

            Bircə anda yer-göy ünnəşdi, böyük sular kiçik suları uddu, çaylar dənizlərə, dənizlər okeanlara döndü, Yer üzünü yavaş-yavaş sel-su ağuşuna almağa başladı ki, qismən sağ qalan insanlar sonrakı dövrlərdə yazacaqları kitablarda bunu tufan adlandırdılar...

            ... Allah suya qərq olan insanların səsini eşitməmək üçün dərgahının bütün qapı-pəncərələrini bağlamış, Yerlə əlaqələrini kəsmişdi. Hətta peyqəmbərlər belə onun həndəvərinə düşə bilmirdi...    Tufan isə elə dəhşətlə davam edirdi ki, hətta belə olacağını Tanrı özü də gözləmirdi. Yerdən Göyə sıçrayan su Tanrının dərgahınacan qalxmış, onun sifətinə çilənib isladanda Yaradan başlatdığı fəlakətin miqyasını duymuşdu...

            Tufan isə çillə canavarı kimi ulayaraq hər yeri ağzına almaqda idi...

 

                                               ***

 

            ...Maza nənə yenə öz təndirinə çörək yapmağındaydı. Nəvəsi də daşıyıb gətirdiyi bir şələ odunu yerə qoyub nənənin verdiyi üzünə yumurta çəkilmiş sapsarı fətiri dişinə çəkib xumarlanırdı.

             Dünya hələ belə gözəl ətir, belə şirin çörək görməmişdi. Hətta yuxarıdakı da bu ətirdən sehrləndi, duyğulandı və ən azı bu iki günahsız insana görə, ən azından o çörək ətrinə görə, getdikcə güclənən, gücləndikcə Araz çayına, ordan da dağa yol alan tufanı dayandırmaq istədi. Amma baxdı ki, daha gecdir...

            Dirinin ayağının altı islananda sanki yuxudan ayıldı.

            -Nənə, dərya üstümüzə gəlir! – deyib qışqırdı.

            -Sırfanı, təhnəni yığışdı, qaç Dik daşa tərəf!

            Oğlan içi təzəcə bişmiş şörəklə dolu süfrəni, içinə kündələrləri yığdığı təknəni qapıb dağa qaça-qaça bağırır:

            -Nənə, sən də gəl, su səni aparacaq!

            Su boğazına çıxan nənə gülümsündü:

            -A bala, mən təndirdəki çörəkləri qoyb gələ bilmərəm, sən qaç, çıx Dik daşın üstünə!

 

                                               ***

 

            Az sonra Nuh dağı tərəfdən, Nuhçıxandan** bir gəmi bu yerlərə yan aldı. Hər tərəfi qapsamış suyun içindəki Dik daşda bir adamın əl etdiyini görüb gəmini ora sürdü. Gəminin sahibi Nuh baba daşın üstündəki gəncin sağ olduğunu görüb heyrətləndi. Bu Tufan zamanında onun gəmisində olanlardan başqa sağ ins-cins görmədiyndən ikiqat təəccüblə əlini oğlana uzatdı. Oğlan təhnəni suya burxsa da, içi çörəklə dolu süfrəni qocaya uzadıb, özü də gəmiyə mindi...

            Qoca oğlanı xilas edən dağa baxıb dedi:

            -Tiri*** qalasan, diri olasan! Adın da qoy Diri olsun!

           

                                               ***

 

            Tufan yatmış, dünya əvvəlki halına gəlmişdi. Nuh baba nəvəsi Sənəmi Diriyə ərə verib ki, yeni salınan Mazan kəndinin ətrafında onların uşaqları oynaşmaqdadır.

            Uzaqlardan saz səsi eşidilmədə. Kimsə yanıqlı səslə oxuyur:

 

                        Dirinin gözü Maza,

                        Qane ol, gözüm, aza.

                        Qorxuram, kirpik çalam,

                        Üzünnən gözüm aza...****

 

            Diri meşədən odun gətirir, təndiri yandırır. Sənəm kündə tutub təndirə yapır. Az sonra oynaşan uşaqların yediyi isti təndir çörəyinin ətri ətrafa yayılır. İri-iri, yumru-yumru daşlara dirsəklənən Diri Sənəmə baxıb deyir:

            -Bu yumru daşlar Mazan nənəmin kündələridi, daşa dönüb...

            Sənəm əlini üzünə aparıb salavat çevirir.

            Bu vaxt göy üzündə şimşək görsənir. Diri uşaqları səsləyir:

            -Qaçın içəri, indi göy gurulduyacax, yağış yağacax...

            Az sonra göy guruldayır, narın yağış çiləyir. Göylərin nəfəsi tıncıxır elə bil. Bir də guruldayır və yağış güclənir.

            Diri kişi də salavat çevirir:

            -Yağan yağışına, çaxan şimşəyinə, əsən küləyinə, bəhərli torpağına şükür, xudaya!

            Yuxarıdakı elə bil rahatlayır. Göylərin bənizi açılır. Gün çırtlayır. Torpağın yuxusu qaçır, çatlamış toxumların burnundan çıxan fidanlar heyrətlə boylanır...

            Yeni gün, yeni tarix başlayır...

 

                                                                                                                      10.05.2026.

 

 

 

------------------------------------------------------------------------------------------

 

*Bəzi mənbələrdə Maza (məsələn Sarı Aşığın bayatısında və Bəhlul Behcət əfəndinin kitabında), bəzilərində isə Mazan qeyd olunur. Görünür, söz vaxtilə Maza şəklində olmuş, sonradan fonetik dəyişikliyə uğrayaraq Mazan şəklinə düşmüşdür. Cəbrayıl rayonu ərazisindəki Xudayarlı kəndində Mazan nənə türbəsi indi də qalmaqdadır.

**Nuhçıxan – rəvayətə görə, Nuh baba gəmisini Nuhçıxandan – indiki Naxçıvandan buralaracan sürüb gəlmişdi ki, Naxçıvan – Nuxçıxan sözü də belə yaranmışdır.

***Tiriq, tiri, diri - əski türk sözlərindəndir. Həyat, yaşam, canlı, diri anlamındadır. Çox güman ki, turuq (uruq-turuq – nəsil, kök) kəlməsi də buradandır.

****Bayatı Sarı Aşığa məxsusdur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)