AZAD QARADƏRƏLİ NURU PAŞANIN AHI iki hissəli hekayə
AZAD QARADƏRƏLİ
NURU PAŞANIN AHI
iki hissəli
hekayə
1.PAŞALARIN
GÖRÜŞÜ
Nuru
paşanın gözlərinin ağına hərdən qan qırmızısı enərdi. Paşa bundan rahatsız
olmasa da, fikir-xəyal onu uzaqlara aparardı. Elə uzaqlara ki, bunu yalnız onun
özü, bir də silah dostlarından bəziləri bilirdi...
***
Qaraməryəmdə*
gecə gözü xəbər verdilər ki, bəs Azərbaycanın Zəngəzur deyilən bölgəsindən bir
dəstə adam gəlib, paşanı görmək istəyirlər. Osmanlı türklərinin əmir subayı
dediyi adyutant pıçıltı ilə bildirdi ki,
paşa dincəlir. Ev sahibi də paşanı rahatsız etməməkçün qonaqlara səhərin
açılmasını gözləyin deyirdi ki, bir də gördülər, paşa dincəldiyi mənzildən rəsmi geyimdə çıxdı və artıq həyət qapısından uzaqlaşmaqda olan ziyarətçiləri geri çağırdı.
Qonaqlar paşaya yüngülcə təzim edib
salam verdilər. O isə onların əllərinı
sıxıb elə həyətdəcə qoyulmuş masanın ətrafına dəvət etdi. Nisbətən yaşlı adam
saqqalına tumar çəkib dedi:
-Paşam,
sizi ölkəmizdə salamlamaqdan şərəf duyuruq. İcazənizlə özümüzü təqdim edək. Bu
gördüyünüz kişi Zəngəzurun Pirçivan nahiyəsinin Baharlı elindən Qaçaq Fərzalıdır...*
-Kaçak?
Eşkiyamı? – deyə paşa gülümsündü.
-Yox,
əfəndim, o rus çarizminə, erməni daşnaklarına və İran sərbazlarına qarşı
vuruşur öz kiçik dəstəsilə... Ömrü-günü dağlarda, meşələrdə at üstündə keçib...
Silahıyla baş-başa xalqını düşmənnən qoruyur... Bu kişi Zabux dərəsinin
ağsaqqalı və sahibi Sultan bəydir...* Mən isə Bəhlul Behcət...* yenə Zəngəzurun
Dondarlı nahiyyəsindənəm, Milli Hökümətin təyinatı ilə Zəngəzurun qazısıyam... İstanbulda
universitədə fikh oxuyub vətənə dönmüşəm...
Paşa
İstanbul sözünü eşidib məmnun oldu. Sonra adyutantına tapşırdı ki, xəritəni
açsın.
Masaya sərilmiş xəritədə Zəngəzurun üstünə barmağını qoyub dedi:
-Ahaaa!
Bu bölge çok mühüm! Karabağa burdanmı geçiyor ərmənilər? Zabux, Zabux... Burayı
iyi qoruyun, efendiler...
Sonra üzünü Fərzalıya tutdu:
-Kaçak
kardeş, kaç yaşındasın?
-Qırx
yaşm var, - Fərzalı özündən xeyli gənc olan generala cəld cavab verdi.
-Harika!
Kaç erməni yaraklısı öldürdün?
-Əfəndim,
saymadım. Amma çox oldu.
Paşa
güldü. Qonaqlar da gülüşdülər.
Sonra
paşa əlini belinə qoyub bir qədər gəzişdi və qayıdıb qonaqlara sarı baxaraq
dedi:
-Osmanlı
dövleti sizi darda koymaz. Bən sizin hepinizə bir xeyli tüfəng, patron və bir də
bir subay verəcəgim. Amma, əfəndim, oralarda yerli genclerden bir takım
qurmayı, düşmanla döyüşmeyi siz kendiniz deneyeceksiniz...
Sonra
süfrəyə gələn isti çaydan içə-içə şirin söhbət etdilər.
***
Paşanın
Fərzalıya qanı bərk qaynamışdı. Onu yanına salıb qaldıqları evin bağında gecə-gecə
mübhəm bir söhbət etdilər. Elə söhbət ki...
...-Ferzalı
efendi, sana bir oğlan verecekler, hala çok küçükdür, yeti-sekiz
yaşlarındadır... Bizim Osmanlı ordusunun evladıdır. Biz şimdi Baküye hücum
edecegiz... Nə olar, nə olmaz, istemirem şu cocuğa bir şeyler olsun... Mesela,
qurşun deye biler, savaşda psihiolojisi pozular... Ve ilahır... İsterim ki, sen
o cocuğu emanet kibi kabul edesen, şahsen benim emanetim kibi... Ama bir
mekteb, medrese olan yerde yaşasın ki, okuya bilsin... Biz Baküden dönünce
emanetimizi senden geri alacağız... İşdi şayət, bana bir şey olsa, bu
arkadaşımız senden emanetimizi alacaq...
“Bu
arkadaşımız” dediyi adam da eynən Nuru paşa kimi paşa geyimində idi. Elə Fərzalı
yaşda olsa da, özündən xeyli gənc olan komandana baş endirib əlini Fərzalıya uzatdı:
-Yusif
Ziya Talıbzadə*... Mən də Kafkaz türkiyəm. Borçalı tərəflərdənəm...
Köməkçisi
Nuru paşaya həyəcanla “Mürsəl paşadan* teleqraf var” deyincə o “affedersiniz”
söyləyib, cəld addımlarla bu iki həmyerlidən
ayrıldı, qərargah kimi istifadə etdikləri otağa girdi. General Yusif Ziya az
sonra qırx yaşlarında bir hərbçinin gətirdiyi oğlanı Fərzalıya təqdim etdi:
-Paşanın
bəhs etdyi oğlan budur. Adı da Alidir. Bizim dildə desək, Əli...
Əli
hərbi paltarda idi. Əvvəlcə Yusif Ziyaya, sonra isə Fərzalıya hərbi salam verib
onu gətirən hərbçi ilə şələ-şüləsini yığmağa getdi.
Fərzalı
heyrətlə uzaqlaşmaqda olan uşağa baxıb Yusif bəyə sarı döndü, dilinin ucundakı
sözləri deməkdən özünü saxlaya bilmədi:
-Paşam,
bu uşaq bu qan-qadanın içinə hardan düşmüş belə?!
Yusif
Ziya başını buladı.
-Uzun
söhbətdir... Allah sirr açmayıb, sən də açılmasını istəmə... Soruşan olsa, o hərbçinin
oğludur deyəcəksən... Amma gərək yadında saxlayasan: bu uşaq paşanın ən
sevimlisidir! Ona gözün kimi baxacaqsan!.. Hətta bizim Bakıda başımıza nə gələcəyi
bəlli deyil də, şəhid olsaq belə, ona sən öz evladın kimi baxacaqsan... Buna
söz verirsənmi?
-Verirəm,
paşam! Allah şahiddir ki, allahın mənə əta etdiyi yeganə oğlum Rəhimnən onu
seçməyəcəyəm!.. Bu Qurana and içirəm!..
Fərzalı
çərkəzi çuxasının düyməsini açdı, boynundan illər öncə anasının asdığı iki
barmaq boyda Qoranı çıxardıb öpdü, sonra qaytarıb yerinə saldı və Yusif Ziya ilə
halallaşıb ayrıldı.
***
Çeşmə
üstündə yemək yedikləri yerdə Fərzalı arabada yatan uşağı Nuru Paşanın onlara
qoşduğu çavuşa göstərib dedi:
-Həsən
bəy, paşalar mənimlə söhbət edərkən bu uşaq haqqında elə danışırdılar ki, elə
bil uşaq deyil, övliyalardan biriymiş... Təkid eləmirəm, amma bildiyin bir şey
varsa, de bilək, bu körpəni o qan-qadnın içinə nə atmış belə?
Həsən
Hüseyn əlini bığına çəkib məchul-məchul arabaya sarı baxıb dedi:
-Ya
Fərzalı! Bildiyim kadarıyla sen de öz memleketinin paşasısın... Her zaman bir
yasak mehebbetden doğulan cocuklar çekmiş o sevdanın acısın... Ne bileyim, bu
Ali da bir yasak aşkın acı meyvesiymiş belki? Kim bilir?!.
Vəssalam...
Daha
bu mövzuya qayıtmadılar. Sadəcə, yol boyu Fərzalını fikir götürmüşdü ki, bu
uşağı harada və necə saxlasın ki, söz-sov çıxmasın, bir; ikincisi də, paşanın
dediyi kimi onu məktəb-mədrəsə küncündə oxuda bilsin.
Əvvəl
istəmişdi ki, Baharlıya apara, mərhum bacısının qayınatasıgildə qoya ki, orda
yaşasın, həm də Molla Ağanın mədrəsəsində təhsilini davam eləsin. Amma tez də
bu fikirdən daşınmışdı. “Baharlı həm rəhmətlik bacım Pakizənin ər tərəfinin
adamlarının, həm də mənim ana tərəf qohumlarımın kəndidir. Nə qədər üstünü örtməyə
çalışsam da, söz çıxardacaxlar ki, Fərzalının öz oğludur, indiyəcən hardasa
gizləyib, anasının başına bir iş gəlib, ya nədisə, götürüb gətirib Baharlıya...
Gəl sonra çıxan şayənin dalınca düş ki, and bu, Quran bu, uşaq mənim deyil...
Yaxşısı Pirçivandakı* dostlardan birinə etibar etməkdir... hər ayın başında da
gedib yoxlayaram...”
***
...-Siz
paşa ilə söhbət edəndə İstanbuldan tanıdığım bir zabitlə həmsöhbət oldum... – Bəhlul
əfəndi atının üzəngisini çəkib arxadan gələn arabanın atlarını şallaqlayan hərbi
qiyafəli uşağa baxıb qımışdı.
-Bir
şey öyrənə bildin?!. Əslində, kişiyə yaraşan söhbət deyil, amma maraq adamı
çatdadır axı... Əl boyda uşaq o boyda orduda neynir?! Səni oxuduğun Quran, bir
şey dedilər?
-Hə.
O zabit qulağıma pıçıldadı ki, paşanın Bulqariyada bir sevgilisi olub... Onda hələ
paşa deyilmiş... Onunla hər ayın başında gecələr gizlicə görüşürmüş... Bir gün
gedəndə görür ki, gəlin sill azarına yoluxub, allah uzaq eləsin... Üç yaşlı
uşağı alıb, gətirir orduya... O qalan qalır burda. Bax, bu Həsən Hüseyn ona öz
evladı kimi baxır. Altını dəyişir, yerini isti eləyir... Axır ki, uşaq bu yaşa
çatır... İndi də sənə etibar elədi... Çətin vəzifənin altına girmisən, Fəzi! Xəbərin
var?!
Demisini
sümürən Fərzalı cavab vermədi. Atını döndərib geri, arabaya tərəf sürdü və
Alini – Əlini təpədən dırnağa süzüb, başına sığal çəkdi və yenə atını
mahmızlayıb qabağa keçdi.
***
Pirçivandakı
dost etibarlı adam idi. Fərzalının bir çox sirlərini sonralar özü ilə qəbirə
apardı. Fərzalının verdiyi axçaları qəbul etmək istəməyəndə o dostuna həttənmişdi:
-Əvvala,
bunları mən özümnən vermirəm, Nuru paşanın göstərişiynən ordunun əfsərlərinnən
olan həmyerlimiz Yusif Ziyanın atın qaşındakı heybəyə zornan basdıqlarıdı...
Uşağı məytəbə qoyarsan, yaxşı əyin-baş alarsan... Əynindəkilər hərbçi
paltarıdır, geyindirmə, qoy sağ-salim qalsın, paşanın adamı gələndə qoyarsan şələsinə...
Bir də sənnən təvəqə eliyirəm, Əlini balalarınnan seçmə...
Dost
Fərzalını qucaqlamış, əlini göyə uzadıb demişdi:
-Mən
səni həmişə, nəüzümbillah Həzrəti Abbas gözündə görmüşəm! Sənə əmanət olunanı mənə
əmanət etməyin mənimçün şərəfdi! And olsun o yerin-göyün sahibinə ki, bu uşağı
öz balalarımnan seşmiyəcəm!..
***
MÜƏLLİF
Əziz
oxucu! İş bəzən elə gətirib ki, mən yazmaq istədiyim hekayənin əvvəlini yox,
axırını qabaqca yazmışam... Bu niyə belə olub, bunu nə mən bilirəm, nə də o gözəgörünməzin
mənə əta etdiyi ilham pərisindən eşitmişəm... Yəni mənimçün yazı yazmaq özü hələ
də tam baş aça bilmədiyim bir sirdir, möcüzədir...
Nə
isə. İndi səni bu hekayənin davamını – hansı ki, mən onu bu hekayənin əvvəlindən
bir neçə il qabaq yazmışam – oxumağa dəvət edirəm. O hekayəni, bəlkə də sən
oxumusan? Axı onu mən sosial şəbəkədə-filanda paylaşmışdım. Üzürlü say,
oxumusansa, bir də oxu ki, əvvəllə axırı tutuşdura biləsən...
***
2. TÜRK ƏLİ
Qarabağın məşhur Cavanşir sülaləsindən olan
dostum Vahid doktor Cavanşirova*
ehtramla
Yeni
2021-ci ilin ilk günü idi. Ağır
pandemiyaya baxmayaraq köhnə ildə 44 gün davam edən müharibədə Qarabağı və
işğal altındakı digər rayonları azad edən Azərbaycan əsgəri 3000-ə yaxın şəhid
vermiş, Sovet dövründə unutdurulan qazi sözünü də dilimizə qaytarmışdı.
Mükafatlandırılan şəhid və qazilərimizin siyahısına baxırdım ki, dedilər Vahid
doktor zəng vurub.
Vahid
doktor məndən çox yaşlı olsa da, dostumdur. Əslən şuşalıdırlar, amma nəsilləri
Cavanşirlərin Zəngilanda yaşayan qolundandır. Atası Xosrov Cavanşir, babası
Əbdüssəməd bəy Aşiq, onun da atası Məhəmməd bəy Aşiq dövrünün sayılıb-seçilən
ziyalısı və qələm adamı olublar. Onların itib-batan şeirlərini topladım,
haqlarında kitab yazdım, çəkilmiş filmin ssenarisini qələmə aldım... Yəni kişi
ilə xeyli görüşlərimiz olub, çörək kəsmişik. Hər bayramda mütləq zəng edir...
Bu usta adam yenə təbrik edir, amma ifalla... Şəhidlərimiz var axı...
Səhhətini
soruşuram. Məlum olur ki, ayaqları sözünə baxmır, gözləri də çox zəifləyib... Şəhidlərdən,
qazilərdən, müharibədən sevinclə danışırıq. Və təltif olunanların siyahısını
oxuduğumu deyəndə xahiş edir ki, mənim gözüm alımır, sən bir az ucadan oxu, qoy
qulağım xoş söz eşitsin...
Elə
qaldığım yerdən siyahını davam etdirirəm...
“Zəfər”
ordeni ilə təltif olunanlar: Əliyev Kəramət İbrahim oğlu, Əliyev Pərviz Həmzə
oğlu , Əliyev Ramin Rizvan oğlu , Əliyev Rəvan Musa oğlu ...
Bir
xeyli oxuyuram və bu Əliyevləri dinləyən kişi o başdan gülə-gülə deyir:
-Nə
yaxşı, nə yaxşı! Elə bil Quran ayəsi kimi gəldi mənə... Bu Əliyevləri dedin,
yadıma bilirsən nə düşdü? Zəngilanda – o vaxt hələ Zəngilanla Qubadlı
ayrılmamışdı, bir rayon idi, bilirsən də 33-də ayırdılar Zəngilannan - bir
Türk Əli olub, bunu sənə demişəm?.. Hardan? Gör nə vaxtdır görüşmürük? Bu
pandemiya bir bəladı, bizi evlərimizdə mədəni həbs eliyib... Həəəə... Türk Əli,
bir də Vova... Vova demişkən, eşidirəm, deyirlər, indi Xankəndinə ruslar baxır,
özü də ermənilərə kirvəlik, şorbalıq eliyirlər... Vovanın qadası onlara gəlsin!..
Köpəy uşağının qulağınnan tutan ola, apara İvanovkaya, Saratovkaya, Azərbaycandakı
başqa rus kəndlərinə, deyə Ermənistanda bircə rus kəndi var?! Yoxdur!.. Hə,
Türk Əlidən danışırdım... Bir oğlan idi, bir oğlan idi, boy-buxununa bax, gözün
doysun. Paqon kimi düz çiyinləri, uzun boğazı, gen alnı, geriyə daranmış gur
saçları, eşmə bığları, şax qaməti onu Pirçivanın* ən yaraşıqlı adamı kimi göstərirdi.
Səhər-səhər bazara girəndə satıcılar da, alıcılar da tərəzini buraxıb ona baxardılar. Yalnız arif
adamlar onun həmişə gülümsəyən gözlərinin dərinliyində gizli bir kədər görə bilərdilər.
Bu kədər süləngi it kimi onun arxasınca
hər zaman dolaşardı...
Ehhhh...
Türk Əli ayrı oğul idi...
***
Əliyanlı
davasından on il sonra fərəcanlı Babanı nkevede gecəynən tutub apardı. Bir neçə
ay keçmişdi, bir rus axşam tərəfi onlara gəlib bunları demişdi: “Baba
Bayıldadır. Dedi ki, yağı dağ eləyib küpələrə yığsınlar.”
Ailə
üzvləri bunu deyib qeyb olan rusun kimliyini bilə bilməsə də, sözün elə-belə
deyilmədiyini anlayırlar.
Ona
görə Babanın oğlu Rəsul səhər obaşdan Türk Əlinin yanına getdi. Olub-bitəni ona
danışdı:”Qardaş, atamnan xəbər var, çözə bilmirik. Bu nə deməkdir: ”Yağı dağ eləyib
küpələrə yığsınlar?”
Türk
Əli qan qardaşının (onlar uşaqkən əllərini kəsib qanlarını bir-birinə qatmışdılar
ki, doğma qardaş olmadıqlarını unuda bilsinlər) sözündən bir az şəklənsə də,
özünü toplayıb barmağını dişlədi:
“Belə
başa düşürəm ki, atamız bizə işarə göndərib. Təxminən bu anlama gəlir: “Hər
şeyi satın, pula çevirin, gözləyin. Gələcəm, uzaq səfərə çıxacağıq.”
Təxminən
üç ay sonra bir gecə Baba kişi gəlib çıxdı. İşıqlıdakı yaylaqda övladlarını
başına yığıb başına gələnləri danışdı:
-Bilirsiniz
ki, mən hökümət dustağıyam. Amma yüksək çinli bir adamın vasitəsi ilə
buraxılmışam. Sabah bizi Baharlı zastavasınnan İrana keçirəcəklər...
Sonra
arvadını kənara çəkdi:
-Yadındadı
bizim ailə dostumuz malakan* balası Vova? Ermənilərlə 19-cu ildəki davamızda
bizə silahı kazaklardan Vova satın alıb gətirdi. Ermənilər onu yaralasa da, mən
Volodyanı əsir almalarına imkan vermədim... Atışa-atışa sürüyüb aradan çıxartdım, evə gətirdim. Sonra
sən gizlicə yaralarını bişirdin, sağaltdıq... Aparıb gizlicə Bakıya yola
saldım... Onda leytenant idi. (Çar höküməti onlara etibar edib orduya almazdı,
amma bunu nə təhərsə aparmışdılar...) Bax, həmin Bladimir Yevseyev indi
polkovnik olub. Bayıl türməsinin rəislərindəndir. Gecəynən məni buraxdırıb.
Amma guya güllələnmişəm. Adım hökümətdə öldü gedir... Üstümdə isə başqa bir
adamın sənədi var. Təzə adım Səməddir. Səməd Alıverdiyev... Əli, bala, sən də
hazırlaş... Səni də aparmalıyam. Amma qaynanan Qafiyə arvada bir söz demə... Təkcə
arvadını götür, gecəynən gəl Baharlı zastavası tərəfə... Orda, çayın kənarında tək bir çinar ağacı var, obaşdan o çinarın həndəvərində
görüşürük... Mən gedirəm, gecəni Qaradərədə Qaçaq Fərzalının bacısı oğlu var,
onlarda qalacam...
...Nuru
paşanın ordusu Azərbaycana gələndə qoşunun içində on yaşlarında bir uşaq da
olur. Bölük başçılarından birinin oğlu olan Əli atasıyla gəlib buralara
çıxıbmış. Guya Çavuş Rzanın arvadı ölüb və o, oğlunu məcburən özüylə döyüşdə
olduğu yerlərə aparıb. Axırda da gətirib Azərbaycana. Qaraməryəm tərəfdə
boğazına dəyən təsadüfi güllədən çavuş şəhid olub. Uşağı isə Nuru paşanın Fərəcan
kəndindən olan dostu Babaya veriblər.
Sonra ordu qayıdıb gedir, Əli də qalır Babanın himayəsində. Kişi oğlana
övladı kimi baxır, üstünə yazdırıb soyadını da verir. Adına Türk Əli dedikləri
o oğlan Şuşada texnikum bitirib mühasib olur. Baba kişinin aracılığı ilə Qafiyə
adlı bir qadının qızı ilə evlənir...
...
Çinarın dibindəki görüşə ancaq Rəsulla Əli gəlmişdilər. Uzun ailə məşvərətindən
sonra son qərar belə olub ki, Baba keçir İrana. Əlindəki pulla orada (“yağı əridib
küpələrə yığmışdılar”) bir iş qurur, yer-yurd düzəldib özünü tutur. Sonra
sifariş edir, gəlib ailəni də, arvadıyla Türk Əlini də o taya keçirdir...
Gedəndə
Türk Əli ilə oğlu Rəsulu öpüb xəlvətcə qulaqlarına pıçıldamışdı: “Vova Bayıl
türməsindədi. Gedərsiniz onun yanına. Zəng eliyər general Teymur Bünyatovala
qardaşı Nurəli Bünyatova... sizə həm maddi kömək edəcəklər, həm də İrana keçməkdə
yardım göstərəcəklər...”
...Türk
Əli: “Rəsulu gecəynən tutdular. Sonra bütöv ailəni sürgün elədilər. Anladım ki,
növbə mənə gəlir. Nazlıya eşitdirdim ki, İrana, Türkiyəyə yol açılsa, mənimlə
gedərsən? Qadın körpə qızımızı da sinəsinə sıxıb, “ay Əli, mən qorxuram” dedi.
Qafiyə xalaya, Nazlıya dedim ki, Bakıya gedib, qayıdacam. Getdim. Vova məni
apardı generalın yanına. Yedik, içdik. Heç nə danışmadıq. Guya lal idik.
General mənə bir bağlama verdi. Sonra da Vovaya rusca nəsə dedi. Vova məni gecəynən
Astaraya apardı və bir də gözümü açdım ki, İrandayam. Bağlamada məktub, bir
xeyli də pul vardı. Məktubun sahibi özü gəlib məni tapdı. Pulu isə İran puluna
çevirib getdim Teharna...”
Baba:”İranda
çox qala bilmədim. Bura Sovetin əli tez çatırdı. Ona görə mağazamı satdım, məni
axtarmağa gələn olsa, İstanbula, Nuru paşanın yanına getdiyimi söylədim.
Nuru
paşa silah fabrikinin sahibi idi. Məni xoş qarşıladı və ilk sualı da bu oldu:
”Bəs Əli hanı?”
Dedim,
paşam, Əlini saxladım, oxutdum, hətta evləndirdim. Təhrin-töhrün başa salmışam.
Zirək oğlandı, gələ bilsə, gəlib bizi tapacaq...
Sonra
paşanın köməkliyi ilə Qarsa getdim və orada bir iş qurdum. Bu iş vaxtilə
paşanın Ərzurum və Qars nahiyəsində açdığı
silah emalatxanasının davamı kimi nəzərdə tutulmuşdu. Onun vaxtilə ağabəyi Ənvər paşaya yazdığı məktubunda
da həmin emalatxanalara işarə vardı. Nuru paşanın qadın qohumu ilə evləndim.
Bir xeyli keçmişdi ki, bir gün Türk Əli gəlib Qarsa çıxdı. Ata-oğul qucaqlaşıb
ağlaşdıq. Düz iki gün ailəmdən, Azərbaycandan danışdı mənə...”
***
Babanın
istanbullu qadından olan oğlu Rəsul: “Atam Baba
46-cı ildə vəfat etdi - Əli Azərbaycana uzalı. Qolunu büküb yanına sala
bilmirdik. İmam bir gün axşamacan Quran oxuyannan sonra birtəhər qolunu büküb əhlədə
qoya bildilər...
Amcam
(benden yaşca büyük olduğu için ona abi yox, amca deyirdim) Türk Əli İstanbulda
Nuru paşanın Sütlücədəki silah fabrikində mühasibəçi kimi çalışırdı. Zavodda
partlayış olanda o da ağır yaralanmışdı. Vəsiyyət edib ki, nəşimi aparıb Qarsda
mənəvi atam Babanın yanında dəfn edərsiniz...
Özüm
İstanbula getdim. Ali Aliyanlı adıyla xəstəxanada qeydiyyatda idi. Bu soyad
atamın Türkiyə soyadı idi. Özünü atamın mənəvi oğlu hesab etdiyindən o da bizim
nəslə doğma olan Aliyanlı soyadını götürmüşdü.”
***
Qarsda qoşa məzar var ki, hər gün Azərbaycandan, Əliyannıdan gələcək
ziyarətçilərini gözləyir...
01.01.2012 –
04.11.2025
***
YENƏ
MÜƏLLİFDƏN
Uşaqkən
ana babam Məmmədqulu ilə nənəm İzafənin söhbətlərini gizli-gizli dinləyər, başa
düşdüyümü düşər, düşmədiyimi də babamdan soruşardım. Bir dəfə yenə belə bir
danışıqlarını eşitmişdim.
İzafə
nənəm:”Məmi, yadındadı, dayımla arvadının davası olmuşdu bir dəfə? Kişi Mələk
dostuma hirslənəndə o da ərinin divara söykəli beşaçılanını qapıb tuşlamışdı
dayıma ki, gizlində-aşkarda ayrı arvaddan olan oğluu aparıb Pirçivanda-zadda
oxudursan, mənim oğlumu heç Baharlı mədrəsəsinə də qoymursan, xeyir ola?! Sən
öləsən, baxmaram ki, ərimsən, balalarımın dədəsisən, qaçaxsan, nəsən, sinəı
verrəm beşaçılanın ağzına!.....
O
nəydi heylə? Mən onda uşağıydım, ağlım yaxşı kəsmirdi, amma sənin cahıl
vaxtlarındı, bilərsən, dayımın, doğrudan ayrı arvaddan oğlu vardı?”
Babam
qəzetə bükdüyü tənbəkisini alışdıra-alışdıra demişdi:”Ağız, nə oğul, nə zad,
ağlıı başıa top elə, Fərzalının baxmayaraq ki, gizlində-aşkarda on iki arvadı
vardı, amma tək birinnən uşağı olmuşdu – Mələk dostumnan... Onu ki, küllü aləm
bilir... O deyilən oğlan olmağına olmuşdu, var idi belə biri... Mən özüm öz
gözümnən görmüşdüm onu, adı da Əli idi. Pirçivanda buxaltr işdəyirdi... Bütün
Pirçivan danışırdı ki, o oğlan dayımın Türkiyədəki dostu Nuru paşanın oğlu
imiş... 18-də, 19-da Bakını ermənilərdən qutramağa gələndə uşaq nə təhər olursa,
ilişir qalır Pirçivanda... Fərəcannı Baba baxırmış uşağa, həlbəttə ki, dayımın
aracılığıynan... Bir dəfə dayım mənnən pul-para, yer-yemiş göndərmişdi
Babaya... Sohra Babanı tutdular, türmədə güllələdilər... Gərək ki, dayımnan beş
il sonra apardılar o yazığı... Vallah sohra o gədə, yanı ki, Əli qəfil yoxa
çıxdı... Kimi dedi gülləliyiblər, kimi dedi toxuyub Araza keçib İrana... Nə
bilim, xüləs ki, bı, xeyli qarışıq məsələ idi... O ki qaldı dayımnan Mələk
dostuma, onnarın işi qəmədiyəydi... Gah küsüşür, qırışırdılar, gah da yağ-bal
olurdular... Dayım Mələyi çox istiyirdi... Onu incidən iş tutmazdı... Allah
hamısına irəhmət eləsin...”
***
Əziz
oxucum!
Bu
bir-birinin davamı kimi yazılan, amma içindəki faktlar bir-birinə zidd olan
hekayələri bir adam yazsa da, işin tərsliyindən, yuxarıda dediyim kimi axır əvvəldən
bir neçə il qabaq yazılıb. Ona görə də, sonrakı hekayəyə əl vurmadan burada
vermişəm ki, sən özün hər şeyi yerbəyer edəsən. Nədə qaranlıq qalsa, babalı
tariximizi qaraldan Sovet hökümətinin (əslində rus hökümətinin) və onları əlaltısı
ermənilərin boynuna...
S.A.(Söz
Ardı)
1998-ci
ilin payızı idi. Radioda işləyəndə Ağdaş rayonuna ezamiyyətə getmişdim. İşimi
bitirib çayxanada çay içə-içə Bakıya gedəcəyim avtobusun vaxtının bitməsini
gözləyirdim. Çayxanada, lap təsadüf nəticəsində bir qoca ilə məhtab oldum. Zəngilandan
olduğumu biləndə qəhərləndi. Çox qocaldığından göz yaşı belə quruyan kişi
gumuldandı: “Biz tərəflərdə Qaramanlı Qanbyo Ağa vardı. Anamın qohumu idi. Dayı
deyirdim. Anam Ağdaşa gəlin gəldiyindən hərdən bacısına baş çəkmək üçün bizə gələrdi.
Bir dəfə atamla söhbət zamanı dedi ki, Nuru Paşa yadındadı? Dost idik axı. Məndən
xahiş eləmişdi ki, Zəngilanda olan oğluna hərdən baş çəkim... Özüm gedə bilməsəm
də, adam göndərirəm, yoxlayır, dərdin-odun soruşur, əl tutur... Maşallah, zirək
uşaqmış, oxuyub, təhsilli adam olub...
Sonra
Qanboy dayımı tutdular. Bu söhbət ürəyimdə xal kimi qaldı. Paşanın oğlunun
axırı necə oldu? Öldümü, qldımı? Bəlkə sən bir şey biləsən?”
Babamın-nənəmin
söhbətlərindən eşitdiklərimi söyləyib, artıq bir şey bilmədiyimi təəssüflə
bildirdim. Bu vaxt mənimlə avtobus gözləyən jurnalis yoldaşım bildirdi ki, vaxtdır,
qalxmaq lazımdır...
Kişi
ilə xudafizləşib ayrıldım...
...Son
olaraq deyəcəklərim...
“Qafiyə adı nadir addır. Hər adama qoyulmaz. Pirçivanda, bəlkə də yeganə o qadının adı idi ki, Türk Əlinin qayınanası olmuşdu. Belə adda adam tanıyan varmı? Onun Türk Əlidən olan övladını tanıyanınız varmı? Axı o nəsildən olanlar Nuru Paşanın Azərbaycandakı nəslinin davamçılarıdır...”
Tarixsiz....
-------------------------------------------------------------------------------------------------------------------------------
*Qaraməryəm – Göyçay rayonunda kənd. Adını
eyni adlı çayın və tirənin adından almışdır. Bəzi mənbələrə görə əsl adı Qaramərən
imiş ki, mərən monqolca çay mənası verdiyindən qaraçay anlamına gəlir.
*Qaçaq Fərzalı – Zəngilanın Qaradərə kəndində
doğulan xalq qəhrəmanı. 1928-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
*Sultan bəy – Laçında erməni
daşnaklarına qarşı döyüşən görkəmli xalq qəhrəmanı və ictimai xadim.
*Bəhlul Behcət Əfəndi – Qubadlının
Dondarlı kəndində yaşamış elm-ürfan sahibi və Zəngəzurun qazısı.
*Yusif Ziya Talıbzadə (1877-1923) –
alim, publissist, Osmanlı ordusunun general-mayoru, ictimai xadim. Borçalıda
doğulub. Osmanlı ordusunda yüksək hərbi rütbəli zabit kimi çalışıb, müstəqil Azərbaycan
ordusunun qurucularından olub, çoxlu sayda məqalələri və 15 kitabı çap olunub,
1923-cü ildə Türküstanda basmaçıların tərkibində bolşeviklərə qarşı döyüşərkən 1923-cü ildə həlak olub. Böyük
pedoqoq, şair və nasir Abdulla Şaiqin qardaşı idi.
*Mürsəl Bakü paşa – Bakının alınmasına rəhbərlik
edən və azad Bakıya ilk ayaq basan Osmanlı zabiti. Sonralar özünə Bakü təxəllüsünü
götürmüşdür.
*Hekayə qələmə alınanda Vahid həkim sağ
idi. Mətni bloqda yayımlayanda eşitdim ki, vəfat edib. Ruhu şad olsun.
*Pirçivan – indiki Zəngilan şəhərinin əvvəlki
adı. Təxminən 40-50 kilometr aralıda, Qafan şəhərinin yaxınlığında Qacaran qəsəbəsinə
bitişik Pirdavdan kəndi vardı ki, əslində adı Pircavidan olub vaxtilə. Babəkin
qoşunu Bəzzdə məğlub olanda ustadı Cavidanın qəbirini də açıblar, sümüklərini
çıxardıb gətirib düşdükləri bu obada basdırıblar. O vaxtdan kəndin adı qalıb
Pircavidan. O pirin üstündəki məqbərəsi isə son vaxtlara kimi qalmaqdaydı.
Sonradan ermənilər dağıdıblar. Fikrimcə, bu Pirçivanla Pircavidan arasında
hansısa bağ mövcud olub. Bunu tədqiqatçıların öhdəsinə buraxıram. Yeri gəlmişkən,
bu barədə Q.Qeybullayevin məşhur tədqiqatında da bəhs olunur. (Müəllif. )
*Malakanlar – Rusiyada xristian
provaslavlarının xüsusi sektası. 19-cu yüzilin başında bir qrup adam Rusiyanın
bir sıra şəhərlərində özlərini malakanlar adlandıraraq kilsəyə, oradakı keşişlərə
qarşı çıxdılar və özlərinin dini qaydalarını elan etdilər. Kilsəni inkar edən
malakanlar tədbirlərini öz evlərində
keçirir, donuz əti və pusuz balığı haram sayır, orucluq vaxtı yalnız süd içməyə
icazə verirdilər. (Elə malakan sözü də buradan alınıb – rusca moloko süd deməkdir.)
Kilsə və dövlətlə qarşıdurmaya getməməsi üçün çar höküməti malakanları icma
halında Krıma, Sibirə, Qarsa və Qafqaza
sürgün edirlər. Hal-hazırda Azərbaycanda Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy
və başqa rayonlarda 500-dən artıq malakan yaşamaqdadır.


Yorumlar
Yorum Gönder