AZAD QARADƏRƏLİ BİR HEKAYƏNİN ÖTÜRDÜYÜ ENERJİ VƏ SAXLADIĞI AĞIRLIQLAR (Gənc xanım Sərvanə Dağtumasın müsabiqə qalibi olmuş hekayəsi barədə ayaqüstü yazdıqlarım)

 

                        AZAD QARADƏRƏLİ

            BİR HEKAYƏNİN ÖTÜRDÜYÜ ENERJİ VƏ SAXLADIĞI AĞIRLIQLAR

(Gənc xanım Sərvanə Dağtumasın müsabiqə qalibi olmuş hekayəsi barədə ayaqüstü qeydlər)

 


            Gənc yazarları mümkün qədər oxumağa çalışıram. Əvvala, bizdən sonra kimlərin gəldiyini və necə gəldiyini bilmək üçün. İkincisi, gərək boynuma alım: bəzən gənclərdən öyrənirəm də. Onların yazı üslubundan, yaza bilmək və yaza bilməmək “məharətindən” faydalanmaq üçün...

            Bir də gəncləri, xüsusən də müsabiqələrdə iştirak edən, yer tutan və yer tutmayanları oxuyuram, ona görə ki, axı mən də dərnəklərə getmişəm, müsabiqələrdə iştirak etmişəm...

            Gərək düzünü deyim, müsabiqələrin stimulverici tərəfi var...

            Azadlıq radiosunun hekayə müsabiqəsində yer tutanda hiss etdim ki, özgüvənim xeyli artıb...

            “Ədibin evi” hekayə müsabiqəsi ilə indiyəcən heç maraqlanmadım. Baxmayaraq ki, orada hörmət etdiyim iki imza var: Aqşin Yenisey və Qismət...

            Nədənsə, o müsabiqə mənə, məlum səbəbdən bir qədər qondarmafason gəlmişdi...

            Sadəcə, xəbərləri oxuyub, keçmişdim...

            Bu dəfə isə gənc bir xanımın – Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi həm adı ilə əlaqəli, həm də başdan oxuduğum bir neçə cümlənin təsiri ilə məni buraxmadı. Tanışlıq üçün seçilmiş cümlələrdəki bəsit deyimlər, şablon ifadələr ətimi ürpətməsə də, dirəşə-dirəşə hekayəni oxudum. İş ondadır ki, gənc xanım yazar bətnində ölmüş körpəsinin abortqabağı hissləri ilə öz hisslərini yaxşıca çuğlaşdıra bilib. İcra olunan mühitin qan qoxumasını, bətnindən alınası körpənin qan parçası olmasını, burada hər şeyin qana bələnməsini qanlı sətirlərlə oxucuya ötürə bilib. O xoşuma gəldi ki, hekayədə ah-nalə, aldadılmış qadın fəryadı, sevgi yalanları kimi trafaret sözcüklər yerinə gənc yazıçı körpəsi ilə birtərəfli dialoqu verib və oxucu “susan” körpənin “danışığını” da “eşidə” bilib. Boynuma alım ki, mətn axtardığım enerjini ötürə bilmişdi...

            Hekayənin saxlamaq gücü də var. Bir qadının saxlaya biləcəyindən qat-qat artıq çəkini qaldıra bilməsi kimi!

            Hekyə məni daha niyə tutub saxlamışdı, bilirsinizmi?

            İş ondadır ki, mən də bəzi mətnlərimdə bu mövzuya ilişmişdim. “Morq çiçəkləri” və “Baş nazirin frakı” romanlarımda Azərbaycanda, o cümlədən bütün Şərqdə qız uşaqlarının oğlanlarla nisbətinin kəskin pozulduğunu göstərmişdim. Birinci mətndə kanalizasiyaların qan qoxuduğu, doğum evlərində abort olunmuş qadınların bətnindən qoparılan canlı insancıqların oralarda “üzdüklərini” vermək istəmişdim... Həta sonuncu mətndə bir qadın bətnindəki qız cocuğunu xilas etmək üçün ərindən qaçaraq dağlara gedir, orda özünə koma tikərək yaşayır. Sonra başqa qadınlar da ora axışır və 21-ci əsrin amazonkaları meydana gəlir...

            ...Qayıdaq Sərvanə xanımın hekayəsinə və bu müsabiqənin təşkilatçılarına.

            Sərvanə xanımı təbrik edərək deyim ki, hekayədə qulağı döyən, gözə girən ifadələr vardı ki, onlardan danışıb gəncin qələbəsini şübhə altına almaq istəmədim. Ancaq yenə də bunaları deyim: Həvva və Lillit adları qulağa xoş gılmirdi. “Yağan yağış həyəti qamçılayırdı” kimi ifadə şablonluğu ilə gözə xoş gəlmirdi və sair... Və... Və... İndi misal gətirəcəyim sətirlər isə 100 il əvvəlin Azərbaycan nəsri üçün daha adekvat idi:”Otaq buz kimi soyuq idi. Çöldə bərk şimşək çaxır, güclü külək əsirdi. Yağan yağış həyəti qamçılayır, şiddəti getdikcə artırdı. Yağışın səsi ah-nalə səslərinə bənzəyir, elə bil doğulmadan ölən körpəmin yasını saxlayırdı. Çox üşüyürdüm. Bir anlıq mənə elə gəldi ki, şimşək bətnimdə çaxır, külək bətnimdə əsir, yağış bətnimə yağırdı.” (Böyük C.Cabbarlının ilk hekayələri, Divanbəyoğlunun mətnlərini göz önünə gətirin.)

            Sərvanə xanıma bunu da mütləq deməliyəm: mənimlə bir zamanlar hekayə müsabiqəsində iştirak edib birinci olmuş gənc dostumuz o qalib hekayədən sonra heç nə yazmadı...

            Yəni, qələbəsinin pirr qələbəsi olmasından qorunsun...

            Heç nə olmamış kimi yazı-pozusuna davam etsin...

            Bir də bu hekayədəki kimi içində “yatan” mövzulardan yazsın...

            Qadını hekayələr yazmaq özü zor işdir, zənnimcə.

            Qədimdə həm bizdə, həm xaricdə yazan bütün qadınlara yaxşı baxmayıblar, bunu da bilsin. Ona görə Voyniç də daxil, hamı kişi adıyla yazıb. Məhsətiyə 800 ildir çamur atırlar...

            Qəti kişi kimi yazmağa çalışmasın, qadın kimi yazsın. Zatən onu qalib edən də qadını duyğular və onun yazıya gətirilməsi olub.

            Uğurlar, gənc dost!

 

                                                                                                          07.07.2026.

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

AZAD QARADƏRƏLİ ANAMIN AĞ ŞALI Hekayə Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya