AZAD QARADƏRƏLİ OXUYA BİLMƏDİYİM ADAM Hekayə Rəssam Sehran Allahverdiyə

 

                   AZAD QARADƏRƏLİ

                 OXUYA BİLMƏDİYİM ADAM          

                                     Hekayə

 

                                                                  Rəssam Sehran Allahverdiyə

 

 


           

             Yaradan hərəni bir cür yaradıb. Məni də belə...

            Camaat məclislərədə yeyib-içər, əylənər, mən də adamların üzünə baxıb onları oxuyardım. Hə, e, hə! Lap kitab oxuyan kimi...

            Bu yaxınlarda bir məcilsdəyəm. Birinin yubileyidir. Basıb-bağlayırlar: belə söz ustasıdır, belə tükü-tükdən seçəndir, belə-filan-peşməkan...

            Mən yetim də mat-mat baxıram onun üzünə və oxuyuram:  “Bu adam karyeristin yekəsidir. Arvadbazdır. Şirin şey üçün hüdü gedir. Layiq oldu-olmadı hamını tərifləyir.  Pulgirdir. Toy toğlusu kimi məclislərdə ortadan çıxmır...”

            Ona zillənən baxışlarımı duyub pörtdü. Elə bil mənim onu oxuduğumu anlayıb utanan kimi oldu və gəlib qoluma girdi.

            -O doğrudur ki, siz adamın üzünə baxıb fikrini oxuyursunuz?

            Güldüm.

            -Yox, kimsə uydurub bunu. Mən sadəcə, bir balaca həssasam. Məsələn, bilirəm ki, siz qadınlara çox önəm verənsiniz... Bir də şirin şeyə düşkünsünüz... Qadın və şirin şey... Qəribədir, hə?

            “Arvadbazsınız” əvəzinə belə dedim və adamın üzünə təravət gəldi.

            -Hə, gender bərabərliyi... Qadın böyük qüvvədir, canım. Bir idarə müdiri kimi həmişə qadınlara çox önəm vermişəm...

            Adam arxayın olub məndən aralandı.

 

                                   ***

 

            “Camaatın atası öləndə oğluna villa qalar, maşın, bağ, mal-mülk, mənimki də vəsiyyət etdi ki, on rükət namazım qalıb, onu qılarsan.”

            Bunu deyib adam siqaretinin külünü masanın yanındakı gülün dibinə çırpdı.

            “Bəs siz nə etdiniz?”

            “Nə etməliydim? Canamaz hazır, möhür hazır... Qaldı beş altı kəlmə söz, onu da öyrənib başladım namaza.”

            “Dayan e, o vaxtdan namaza başladınız?”

            “Qətiyyən. Kişinin borcunu bitirdim, vəssalam.”

            “Axı bu nə dərəcədə səmimi işdir? Siz elə bil atanızın əvəzinnən gecə növbəsinə getmisiniz, yaxud onun borclu olduğu birinə pul borcunu qaytarmısınız... Axı, bildiyimə görə, bu namaz məsələsi ayrı cürəndir... Məsələn, mənə elə gəldi ki, atanız sizə, əslində, namaza başlamağı vəsiyyət edibmiş, sadəcə belə bir pryomnan istifadə edib...”

            “Razı deyiləm... Atam elə adam deyildi. İstəsəydi, elə sağlığında məni namaz qılmağa məcbur edərdi... Amma o içdən bir allah adamıydı, bilirdi ki, dini-ərkanı adama məcbur etmək günahdır. Adamın içində gərək allah istəyi olsun.”

            “Bəlkə allah qorxusu?”

            “Mən elə deməzdim.”

            “Amma Quran belə deyir.”

            ...

            Pauza yaranır. Söhbətimiz dalana dirənməkdəykən o, qəfil gözümün içinə baxıb qımışır.

            “Bir söz deyim? Mən, əslində, iyirmi ildir, yəni atam öləndən hər gün namaz qılıram – yuxuda...”

            “Nə?”

            “Yuxuda qılıram namazı... Getdim məçidə, axunda sual verdim ki, bəs, mənim başıma belə bir iş gəlib, nə deyirsiniz, gecələr yuxuda qıldığımı gündüzlər təkrar qılımmı? Dedi, qılma, allah belə istəyib, qoy belə olsun. O, bu! Hər gecə yuxuda namaz qılıram... İllah da o rükü anı var ha, onun ayrı ləzzəti var. Mən onda ekstaz vəziyyətdə oluram... Nəüzümbillah, peyğəmbərlik verilmiş kimi hiss edirəm özümü... Bax, sizə baxa-baxa düşünürəm ki, məndəki nişanələrdən sizin də sifətinizdə var...”

            Susur və sussa da mən onu oxumağa başlamışam artıq.

             “Sifətinizi niyə gərmisiniz? Bayaqkı kimi rahat dayanın. Nə düşünürdünüz, onu da davam edin. Mən axı, sizi yaxşı oxuya bilmirəm... Hə də, biz rəssamlar gərək çəkdiyimiz adamın obrazını onun təkcə sifətindən deyil, daxili aləmindən də çəkib çıxardaq, üz cizgilərinə əlavə edək...”

            Qəribə işdir. Mən özümü adamoxuyan bilirdim, bu məndən də betərmiş ki! Elə baxır ki, elə bil Tahir Salahovdur, mən də o Şah Abbası qundaqda görən qoca yazıçı. Guya dayanmışam, o da molbert arxasında məni oxuya-oxuya çəkir...

            Bir dostum tanış etmişdi bizi. Sonra hansısa kitabıma illüstrasiya çəkdi, özü də pul almadan. Və bir gün də dedi ki, sizin portretinizi çəkəcəyəm. Amma eləcə söz olaraq qaldı...

            Düzü, razılaşmamışdım. Axı o, portret rəssamı deyil. Bəs mənim portrretimi necə çəkəcək?

            Yenə qaçdı-yutdudayıq. O hələ də susur, amma mən ki, adamoxuyanam.

            “Hə, mən portret rəssamı deyiləm. Amma nəfəsini duyduğum, iç səsini eşitdiyim adamların portretini çəkirəm. Baxın, o divardakıların bir çoxunu elə-belə maraq üçün çəkmişəm. Heç sahiblərinə deməmişəm də çəkdiyimi. Mən axı... Bilirsiniz də, yuxuda namaz qılan necə olar? Mənim rəsm çəkməyim elə yuxuda namaz qılmaq kimi bir şeydir... Lap başdan düşündüyünüz şey vardı e... Gərək ki, gənclik illərinizdən nəsə maraqlı bir şey düşünürdünüz, bax ora bir də qayıdın ki, mən də bu süjeti tamamlaya bilim...”

            Ay da! Düz deyir. Bayaqdan ali məktəb illərindən xətrini çox istədiyim tələbə yoldaşımız Nina – “Qafqaz əsiri”ndəki Ninaya oxşadığından hamımız onu belə çağırardıq – gəlib durdu gözümün önündə. A kişi, üstündən 50 il keçib, amma yalnız indi başa düşdüm ki, mən bu qızı sevirmişəm! İntəhası... Belə necə deyim ki, inanasınız, ta ağlım kəsəndən mənim içimdə bir ayrı “Mən” də var ki, o, hər hərəkətimə, düşüncəmə, sonralarsa yazı-pozuma belə dil uzadır, içimə şübhə toxumu səpir, mənə qarşı əməlli-başlı müxalifətdə olur. Bax, o İkinci Mən ayağını dirədi ki, sən Ninanı sevmirsən, bu, sadəcə bir həvayi-həvəsdir, keçici istəkdir, başqaları kimi o da ötüb keçəcək... Mən axmaq da Onun bu sözlərinə inandım. Ninanı sevmədiyimi düşündüm və qıza olan sevgimi içimdə boğdum. İndi, düz 50 il sonra, bu rəssamın qarşısında oturanda yadıma düşdü Nina və içimdə nəsə qaynadı, daşıb ocağın üstünə tökülən qaynar su kimi içimi yandırdı... Haray çəkib qışqırdı ki, mən Ninanı sevirəm!..

            “Məni niyə çətinə salırsınız? Siz axı qələm adamısınız, sənətkarsınız, sənətçini başa düşərsiniz, əgər düşüncələrinizdə sabitlik olmasa, mən bu tablonu bitirə bilmərəm. Əvvəldə, lap başda daldığınız düşüncələrə yenidən dalın, orada siz daha parlaqsınız, daha duyumlusunuz... Sevgi var o aləmdə... Xahiş edirəm, qalın orda...”

            Bu lap gerçəklədi ki!..

            Onun gerçəkləməsi bir yana, mən də, deyəsən, yavaş-yavaş onun hisslərinə tabe oluram. Özümü elə aparıram ki, guya bu olub-bitənlər gerçəkdir. Guya bu adam məni çəkir...

            Əzab çəkə-çəkə düşünürəm: “Ay qardaş, mən sənə necə başa salım ki, içimdəki o İkinci Mən – o canavar məni adam kimi yaşamağa qoymur. Gəmirir hisslərimi, sorur düşüncələrimi, kəsir əhədimi... İmkan vermir mənə... Bu, 50 ildir belədir... İşə baxın ki, mən özüm adamoxuyanam, indi qalmışam avaragor. Nəinki birini oxumaq iqtidarındayam, heç özümü də oxuda bilmirəm... Ay dad! Birdən, allah eləməsin, bu kişi də mənim əvəzimə... Allah qorusun... Yaxşı-yaxşı! Qov başından bu axmaq fikirləri... Mən axı yaxşı adamam. Mən gənclik illərində Ninanı sevənəm. Mən neçə-neçə obrazlar yaradan qələm sahibiyəm. Nolsun bu əbləh yazdıqlarımı bəyənmir?! Bəyənmir, bəyənməsin, cəhənnəmə ki! Mən... Mən... Bude ha! Yenə gəldi... Ay kişi, ay adam, nə olar, heç olmasa, bu yerdə əl çək məndən! Rədd ol, qoy bu kişi işin görsün! Görmürsən, rəsmimi çəkir?!”

            Düz böyrümdə oturub. Özü də elə fotogeniçnidir ki, rəssam da mənə yox, ona baxır. Ağzımı doldururam, deyəm, ay qardaş, hara baxırsan, O Mən deyiləm! Amma deyə bilmirəm. Necə deyim? Adam məni dəli hesab etməzmi? Edər, hələ o yana da keçər!”

            “Düzdür, üz cizgilərinizdə yeni momentlər kəşf etmişəm ki, bunları əvvəllər heç sizdə görməmişdim, amma öz aramızdır, bir yazıçı kimi sizinlə işləmək xeyli xoşdur! Adama yeni entizuazm verirsiniz. Sanki özünüzdə olmayan obrazı kirayə götürmüsünüz və müvəqqəti də olsa, obrazınıza zənginlik qatırsınız... Eşq olsun! Belə getsə, bu əsəri biz tezliklə bitirə biləcəyik...”

            Fikir məni aparıb. Necə yəni “özünüzdə olmayan obrazı kirayə götürmüsünüz”? İndi bu nə deməkdir? Adam məni dolayır? Ya surətimə yeni, məndə olmayan cizgilər əlavə edir? Allah eləməmiş, o əclafın obrazını... Yox, əşşi, o nə bilir mənim içimdə baş verənləri?! O nə bilir mən 50 ildir nə çəkirəm?.. İnşallah, o alçağın obrazını görməz...

            “Bilirsiniz, sizə bir sirr açım... Bilmirəm, buna inanarmısınız, ya inanmazsınız... Belə bir az, rus demiş, naxal söhbət olur e... İllərdir, mənim içimdə bir mən yaşayır... Belə, necə izah eləyim, İkinci Mən kimi... Hər fikrimə ağzını büzür, hər yazıma mız qoyur, hətta mənə sərbəst fikir söyləməyə mane olur... Bu yaxınlarda bir məclisdəydim. Belə, necə deyim, zəhləm getmiş birinin yubileyi idi. Hazırlaşırdım ki, bunu yuyub-sərəm, indiyəcən ədəbiyyatımıza vurduğu zərəri soxam gözünə. Tribunaya çatmağıma az qalmışdı ki, gördüm məndən qabaq oranı zəbt edib. Düzdür, məni “yanına” buraxdı, hətta “ürəkli ol” deyib ürək-dirək də verdi... Amma ağzımı açan kimi öz düşündüklərimi deyil, “Onun” fikirlərini söyləməyə başladım... Və tez də səhvimi düzəldib dedim ki, əlbəttə bu, mənim fikirlərim deyil, saytların birindən oxuduğum bir dəyyusun yazısından seçmələrdir... Bəlkə də, süni intellektin quramasıdır... Və əlüstü, başladım öz düşündüklərimi deməyə... İndi siz də bu İkinci Mənin – içimdəki axmağın obrazını mənimkinin yerinə... Yox, əminəm ki, etməzsiniz...”

            O daha mənimlə danışmır, guya (deyəsən, daha guyadan keçib) çəkməkdə olduğu portretin üzərinə elə dalıb ki, sanki tutduğu cizgiləri itirə biləcəyindən qorxurdu və ciddi-cəhdlə öz əsərini bitirməyə çalışırdı...

            ...Alnından tər damcıları süzüləndə rəngə bulaşmış (vəziyyət o qədər qarışıb ki, nəyin guya, nəyin guyasız olduğunu təyin edə bilmirəm artıq) köynəyinin qolu ilə təri sildi və üzü bir neçə rəngin qarışığından yaranan qıribə bir mənzərəyə döndü. Yalnız indi mən onun üz cizgilərini qismən oxudum:”Mən indi çox xoşbəxtəm. Çünki qarşımda oturan bu yazıçının heç vaxt görmədiyim, duymadığım, oxumadığım surətini görə bilmişəm... Elə bilirəm ki, bu günlük bəsdir... Üstünü örtüm, sabah eyni vaxtda davam etdirərik... İnciməyin, adətim deyil, yarımçıq əsəri heç kimiə, heç sahibinə də göstərmərəm...”

            (Guya) Molbertin üstünü qalın parça ilə örtdü, məni qabağa buraxdı, özü də arxamca gələ-gələ dedi:

            “İndi aşağıdakı köhnə kafedə nahar edə bilərik. Bir şüşə də şərab içsək, pis olmaz.”

 

                                                           ***

            Çox vacib işim çıxdığı üşün (guya), səhəri gün rəssam dostun emalatxanasına gedə bilmədim. Heç o özü də niyə gəlmədiyimlə maraqlanmadı – zəng-zad etmədi. Düz bir ay sonra bir məclisdə görüşdük. İkimiz də yad adamlar kimi baxışdıq. Sonra yaxınlaşıb əl verdik və “yadlar” təzədən yaxınlaşıb söhbətə girişdilər...

            Xeyli danışsalar da, portretdən söz salan olmadı. Nəhayət, mən adamı, çətinliklə də olsa, oxuya bildim...

            “Niyə heylə yad baxışla baxırsan mənə? Mən axı demişdim: mənimki rəsm çəkmək deyil, əzabdır. Çəkdiyimi gərək əvvəl yuxuda görüm, sonra çəkim. Yoxsa, bizim kəndin uşaqları demişkən, ələngə bir şey alınacaq. İllah da, sizin kimi tanınmış adam. Mən sizi gərək özümçün çözəydim, sonra çəkəydim. Sizdən ayrılan günün gecəsi yuxumu gördüm. Siz boy-buxunda, siz görkəmdə biri gəlib girdi yuxuma... İnanırsınız, eynən atamın namaz borcunu qılan kimi çəkdim o adamı. Sizi yox ha, o adamı. And içdi ki, sizi doğan adam onu da doğub. Onu da dedi ki, o sizin qaraçuxanızdır. Hətta dedi ki, o sizi neçə dəfə ölümdən xilas edib. Dedi ki, ananızın dediyi “həmişə arxanda bir əl olacaq, o əl səni qoruyacaq” deyimindəki əl də Onun əliymiş... (Niyə elə baxırsan? Ananıza həsr etdiyiniz romandan oxumuşam bunları...) İncimə dost, mən Sizə baxıb, Onu çəkmişəm... Səmimi deyirəm, Sizi O görkəmdə çəkməsəydim, əsər çox şey itirərdi... İndi isə, gəl elə burdan çıxaq, gedək mənim emalatxanama. Apar o portreti, istəyirsən evindən as, istəyirsən, birinə bağışla... Məni o portretin əlindən qurtar... Hər gecə yuxuma girir, qoymur daha yaxşı bir şey görəm... Axı, mənim də dərdim-sərim var, ailəm-uşağım var, yeni əsərlər çəkməliyəm... Bunu apar ki, mənim yuxularım işğaldan qurtarsın...”

 

                                                           ***

 

            Olar bir həftədir O, bizdədir. Qalın qaşlar, gen alın, yalanmış baş, yumruğumu söykədiyim çənə - hamısı mənimdir. Fəqət gözlər mənim deyil. Gözlər Onundur – içimdəki İkinci Mənin. Məzlum görünməyə çalışan, amma öldürücü, kəsici, deşici baxışı olan gözlər...

            Bəlkə əlli dəfə yerini dəyişmişik, amma yerini tapa bilmirik ki, bilmirik. Evdəkilər də qorxurlar bu tablodan. Uşaqların anası açıqca dedi ki, bu həm sənsən, həm də sən deyilsən... Özü də elə iltifatla dedi ki, elə bil, Onu Məndən çox istəyir(!) Məşədi İbad demişkən, olmaya şəkil, oğraşı yıxıb ağzına-ağzına vurasan!..

            İşə bax ki, rəssam kimi mən də Onu yuxularımda görməyə başlamışam...

            Hamını oxuyan, oxuduğunu yazan Mən, içimdəkini oxuya bilmədim... Özümü oxuya bilmədim...

            Ən dəhşətlisi isə o oldu ki, axırda portretə dönüb evimizə gəldi...

            Oxuya bilmədiyim adam...

 

                                                                                              03.07.2026

Yorumlar

Bu blogdaki popüler yayınlar

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

AZAD QARADƏRƏLİ ANAMIN AĞ ŞALI Hekayə Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya