AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman

 

             AZAD QARADƏRƏLİ

              BAŞ NAZİRİN FRAKI

                                   roman

 

 


                                Allahım, ilk öncə dağa, daşa ver, ormana, heyvanlara, suya ver. Ondan sonra  

                              insanlara, qapı qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”

                                                                                                                (Əski türk dualarından)

                                                                                 ***

 

                                   “Münəccimbaşı ərz elədi ki:

                                     -Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən  belə məlum olur ki,  

                                     Novruzdan on beş gün keçmiş  Mərrixin Əqrəb  ilə  iqtiranı vaqe olacaq və bu 

                                     qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-

                                     səltənətin vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən  ki, asitaneyi-

                                     səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti   

                                     piş-əz-hadisə qibleyi-aləmə məruz edim.”*

                                                                                            (M.F.Axundov “Aldanmış kəvakıb”)

 

                                                                                   ** 

                         “İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya çoxdan düzəlmişdi...”

                                                                                                                       Yazıçının cib dəftərindən

             

           

 

 

 

 

 

----------------------------------------------------------------------

*Anlamı:

 “Münəccimbaşı dedi ki:

  - Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş gün  keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir  səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə     

borc bildim...”



            BİRİNCİ BÖLÜM

 

 

                 -1-

 

 

            ...dedi ki, bu gündən sən oldun bu vilayətin başçısı...

            Dedim:-Vilayət niyə?! Ölkə idi axı??

            Dedi:-O baban öldü... Ölkəmi saxladınız?! Teymur Təbriz sultanı Cəlairi, Ağqoyunnu Qaraqoyunnunu, Sultan Səlim Şah İsmayılı yeyən kimi daraşdınız əvvəl ölkənin canına, sonra bir-birinizin canına, həm özünüzü yediniz, həm o ölkəni, beləcə tikə-parça vilayətlərə böldünüz... Hərəsi bir imperiyanın vassalı oldu, allahdan bu kiçik vilayətdə neft-zad qurtarmışdı deyin, gözlərinnən yayındırıb, hələ ki, ayrıca, bağlantısız hala gətirə bilmişik... Çöp atdıq, sənə düşdü. İnnən belə sən olassan bu vilayətin, toyes, ölkənin sahibi...

            Dedim:-Rus sözü işlətmə!

             Dedi:-Dayan bir! Qoy səni ölkənin sahibi edək, sonra əmr edərsən... Bu üzüyü görüsən, firuzəyi qaşı var?.. Qaşı hələ lap axıra saxlayarsan... Çətinə düşsən, bu üzüyü üç dəfə barmağınnan çıxardıb, yenə taxarsan, mən yanında hazır olacam... Amma... Hə... Amması odu ki, sənin üç dəfə məni çağırmaq haqqın var... Dördüncü də var... Allah onu sənə qismət eləməsin... Yəni bu üzüyün firuzəyi qaşındakı yaşıl zəhərdir... Gördün ki, səni taxtdan saldılar, əldə silah üstünə gəldilər, dişinlə bu qaşı qırıb, zəhəri udursan və ölürsən... Özünü də, taxt-tacı da – qədimdə biz belə deyərdik, indi gəl buna, tutalım, üsul-idarə deyək – xilas edirsən...

            -Dayan, - dedim. Bu üzük-zad əskidənqalma xurafatdı, nədi, onnandı, mən belə şeylərə inanacaq səviyyədə adam deyiləm axı. Belə şeyləri sən get, Xoşqələmin verilişinə baxan arvadlara de...  İndi ən geridə qalmış ölkədə də seçki-zad keçirirlər, elhüzuruna olsa da... Sən isə üzükdən-qaşdan dəm vurursan...                                                                                                           

            Gülüb dedi, ay qardaş, bilirik də, sən yazıçısan, belə-belə fatalist şeylərə inanacaq səviyyədə olan biri deyilsən... Üzük demə, çip de. Üzük boyda votsapı da üstündə olan ayfon de. Ürəyin nə istəyir, onnan de. Süni intellekt de... Nədi, döşünə yatdı? Di salamat qal...

            Adam bir göz qırpımında qeyb oldu. Böyük sarayda qaldım tək-təkana. Yuxudumu, nağıldımı, yazdığım o əcaib-qəraib əsərlərdən biridimi başıma gələn?! Bu adam nə təhər yox oldu? Qapı odur, eləcənə bağlı qalıb, pəncərə də eləcənə; bəs hardan çıxıdı, getdi?

            (Adamı heç sizə əməllicə tanıda bilmədim bu dar macalda. Əynində bizim plaşa oxşayan qədimi zərxara geyim vardı, başında bu geyimə uyuşmayan avropasayaq dimdikli kepka, boğazında da qalstuka bənzəyən bir şey... Dişlərinin yarısı qızıldandı. Ayağında bizim 70-lərdə geydiyimiz salamanderfason ayaqqabı... Qəribə adamdı. Yarı qədimi, yarı müasir tərzdə danışırdı. Mənə elə müraciət edirdi ki, guya tələbə  vaxtı ali məktəb müəllimim-zadım, ya da böyüyüm, ağsaqqalım imiş...)

            Əlacım kəsildi, durub otağı, daha doğrusu, eni otuz, uzunası on beş addım olan bu sarayı başladım var-gəl eləməyə. Qu desən, qulaq tutular. Bir ins-cins yoxdur. İstədim şahlar kimi əlimi əlimə vurub saray xadimlərini çağıram (hə də, adam demədimi vilayəti verdik sənə, demək, mən şah kimi bir şeyəm də), uzun stolun başındakı uşaq oyuncağına oxşar şeyi gözüm aldı. Hə, hə! Odur, mən məktəb direktoru olanda belə bir zəng qoydurmuşdum kabinetimə. Düzdür, sonradan ayıbıma gəldi, kənd yeində nə zəng-zad, deyibən çıxardıb atmışdım. Nəysə, yaxınlaşıb zəngi basdım. Bir göz qırpımında bayaqkı adama oxşayan biri girdi otağa, girən kimi ikiqat oldu. Və gözlərimə baxmadan qısıq səslə dedi:

            -Qibleyi-aləm, buyurun, əmriniz nədir?

            Az qaldım, bu zəlil adamı salam təpiyin altına!

              -Nə qibleyi-aləm bazlığıdır!? Biz hansı zəmanədə yaşayırıq?! Belini düzəlt!

            Adam belini düzəldib aşkar təəccüblə mızıldandı:

            -Qibleyi... Cənab... Sultanım... Yoldaş... Bağışlayın bu bəndeyi-həqiri, icazənizlə bir-iki kəlmə ərz edə bilərəmmi?

            -Buyur! – Hirslə bağırdım.

            -Əmr sizindir. Siz necə əmr etsəniz, biz o cür hərəkət edəcəyik... O ki qaldı hansı zəmanədə yaşamağa, bunu da siz müəyyən edəcəksiniz... Amma gerçək tarixi bilmək istəsəniz... İki min otuz...

            -Dayan... Aydın oldu. Şükür ki, geri deyil, irəli getmişik... Mən elə bildim, orta əsirlərdəyik... Yaxşı, mənim yanımda olan şəxs kim idi, hara getdi, bir göz qırpımında qeyb oldu?

            -Qibleyi... Sultanım... Yoldaş... Bağışlayın, cəsarət edirəm, mən sizə necə müraciət edim ki, xoşunuza gəlsin? Mənim vəzarətim zamanındakı bu beş yüz ildə, qibleyi-aləm, şahım, sultanım, sonralar oldu tavariş, yəni yoldaş... Sonra da cənab oldu... İndi bəs mən sizə, başımızın ağasına necə müraciət edim?..

            Fikir məni götürdü. Heç bu barədə düşünməmişdim. Deyəsən, hansısa əsərimdə var axı?.. Hələ qaralama halında olan o əsərdə adamlar bir-birilərinə qardaş deyə müraciət edirlər.

            -Sən mənə qardaş de, qardaş... Ölkədə bu gündən bütün insanlar qardaşdır...

            -Nə, qardaş?! Haşa! Mən bir fəqir vəziri...

            -Adam, bu ölkənin, toyes... Bu söz hardan ağzıma düşdü?! Bu vilayətin başçısı mən deyiləm?! Sənə əmr edirəm, hamıya çatdır, bunnan sonra ölkədə hamı qardaşdır! Bir-birimizə qardaş deyə müraciət edəcəyik...

            -Qardaş sultan... Eeee... Bağışlayın... Qardaşım, bəs bacılar? Onlar necə olacaq? Axı biz onların çoxunu alıb arvad eləmişik? Onlara da mı qardaş deyəcəyik? Şəriətə görə...

            -Nə şəriət, a kişi?! Şəriət-məriət yoxdur! Bizim dinimiz də qardaşlıq dini olacaq. Bu məmləkətdə din dövlətdən ayrıdır... Sənin neçə arvadın var ki, belə narahat olursan?!

            -Qardaşım, onsuz da sənə hər şey əyandır, görürəm. Bilmədiyiniz bir şey yoxdur. O ki qaldı arvadlarıma... Onların çoxu ölüb... Dörd yüz il qabaq mənim qırx arvadım olardı... Cariyyələri hələ demirəm... Sonra azala-azala gəlib bir arvada çıxmışam... Əmma... Sənə hər şey əyandır onsuz da, eşkarada bir arvadım var, daldada, indiki dilnən desəm, saxladığım yenə elə əvvəlki kimidi... Otuz-qırxı var... Biz hamımız beləyik də, qibleyi-qardaş... Toyes... Bağışlayın... Qardaşım!

            -Sən, bir də bu əcaib toyes sözünü işlətsən, cəlladı çağıracam... Eeeee... Zadddııı... Polisi çağıracam... Eeee... Bəs bizim kekebemiz, eeeee, zəhrimara qalasan, hamısı bu sarayın təti-mətinnəndir, bura gələn kimi rus sözləri işlətməyə başlamışam....Hə, hanı bəs milli təhlükəsizliyə cavabdeh olan... hanı? Niyə gəlib, ölkədəki vəziyyəti

mənə məruzə etmirlər?!

            -Qardaşım, hamısı orda, qəbul otağında əmrinizə müntəzirdilər... Çağırımmı?

            -Yox... Hələ... Qadınların məsələsi qaldı axı... A kişi, feministlər tökülər e üstümüzə! O nə idi, akademik-rektor vardı illər öncə, yazıq ağzınnan bir söz qaçırmışdı ki, arvadları göndərək evlərə, uşaq doğub-saxlasın... Aləm dəymədimi bir-birinə?!. Biz, Amerikadan, özünü demokrat sayan bir çox Avropa ölkələrindən qabaq qadınlara seçib-seçilmək hüququ vermişik e Birinci Cümhuriyyət dönəmində... Gəl belə eliyək: qadın elə qadındır. Qoy onlara köhnə dillə müraciət edək. Xanım deyək...

            -Baş üstə, qardaşım!

              -Yaxşı... İndi saat neçədir?

            -Səhər saat yeddinin yarısıdır, qibleyi... qardaşım!

            -Sən belə elə... Başımda bir az ağrı var... Get, tapşır, səhər yeməyi hazırlasınlar... Sənin qələm-kağızın hazırdır? Yaz. Bunnan belə, səhər yeməyinə SƏHƏRLİK deyəcəyik, günorta yeməyinə GÜNLÜK, axşam yeməyinə AXŞAMLIQ... Yaz ki, mən dedikcən, bunları qanun halına salsınlar. Onsuz da, bir gün dilçiləri, dil komissiyası üzvlərini qəbul edəcəyəm... Onda geniş danışarıq... Hələlik, bu üç kəlməni qeyd elə... Çayı otnan – ramaşka, pəh, zəhrimara qalasan səni!.. Bu rus sözləri toyesin dalıncan soxulur e saraya... zada... Bu binanın adı nədi? Əvvəl necə olub?

            -Padşah sarayı idi əvvəllər... Sonra oldu Mərkəzi Komitə... Sonra oldu Prezident sarayı... İndi Nazirlər kabineti... Siz də baş nazirsiniz halən.

            -Halən yox, hələ ki! Fars sözü heç olmaz!.. Hə... Buranın adınnan başlayaq. Buranın adı bu günnən olur HAQQ QAPISI. Bizim bu saray da olur, HAQQ SARAYI... Sən olursan baş nazirin köməkçisi... Saqqalını qırxırsan, müasir paltar geyinirsən, Haqq sarayına girəndə əyilmirsən... (Düşünür. Öz-özünə: “Yox, tamam düz girməsi də düz olmaz, qoy yüngülcə təzim eləsin... Yoxsa, bunların ipini yığa bilmərəm...”) Yüngülcə təzim edirsən, fsyo... (Öz-özünə. “Tfu! Yenə rus sözü!”). Di get, səhər yeməyini  - səhərliyi hazırlat... Bir də buranın həkiminə tapşır, gəlib təzyiqimi ölçsün... Başımda güt ağrı var...

            Vəzir gedir.

 

 

            -2-

 

 

            Gəzinirəm. Bu adət məndə çoxdan var. Sabunçudakı həyətimizin eni üç metr, uzunluğu otuz beş metr idi. Ağır yazı-pozu işindən sonra durub o iyirmi beş metrəlik həyətdə gəzinər, gəzindikcə düşünərdim. Yazdığım hekayə və romanların bir çoxunun mövzusu, yaxud süjet xətti o gəzintilər zamanı beynimə gələrdi. (Bir də yatağa uzanıb yatmağa hazırlaşanda təxminən bir-iki saat qurcalanar, o yan-bu yana aşar və düşünərdim. Onda da başıma qəribə fikir və ideyalar dolardı. Hətta elə olurdu ki, rəhmətlik Mirzə Sabir demişkən, qəfil dəli kimi qalxar, işığı yandırıb kağız-qələm tapar, ağlıma gələnləri qeyd edərdim...)

            -Dak... (Yenə rus sözü?! Dostum Arif Həkimoğlu necə deyirdi? “Dak, skazal bednyak...” Ha-ha-ha!.. Balam, belə getsə, mənim işim çətin olacaq... Deyəsən, bu sarayın idiminnəndi. Vəzifəyə gələn kimi başlayırsan rus sözləri işlətməyə, dalınca da olarsan ruspərəst... Putinpərəst... Allah qorusun!)

            Bu vaxt qısa bir musiqi eşidilir.

             “Bu nə səsdi belə? Həəəə, ay səni, telefonuma mesaj gəlib... Doğrudan e, hanı mənim telefonum? Mən telefonsuz neyniyərəm?”

            Bu vaxt telefonumun vibrasiyası işə düşür, döş cibim tərəfi titrədir, ardınca da telefonumun o məşhur musiqisi.

            Arifdir. Adın tut, qulağın bur.

            -Hə, Arif, necəsən? Nə var, nə yox?

            -Sağ ol, Azadcan, sən necəsən? Əsl iş səndədür e, səndə nə var, nə yox!?

            -Mən yaxşıyam e, sən danış görüm ölkədə, daha doğrusu, vilayətdə nə var, nə yox? Təzə nəsə danışırlar? Bi şey, mi şey eşitmisən?

            -Azadcan, day mınnan böyük nə olasıdı? Allaha şükür, olmusan ölkənin yiyesi... Alə, ayıb dögül, bes dimirsən ki, mənim bir kasıb aktyor dostum var, çağırım saraya, bir yəxci ərağ alım, kababnan-zadnan vurey?!. Qoxma e, vəzifə-zad istəmirəm sənnən...

            -Arif, sən canın, indi mən, doğrudan prezident-zadam? Ayə, özüm də inana bilmirəm e... Füzuli necə demişdı?.. Sən canın o misraları bir söylə, qoy ruhum təzələnsin...

            -Hə, ruhu şad olsun. Saz deyib:

             Bu vüasə yuxu əyyamı demək mümkün idi,

            Yuxu olsaydı əgər  dideyi-giryanimizə...

            -Bəh, bəh, bəh! Nə gözəl! Arif, dur gəl də bura! Darıxmışam e səninçün. Dar-dakimentini də gətir... Diplom-zad...

            -Azadcan, ərağ alım? Taza çıxıb e, orqaniklərdən... Bi danə nol yeddi alım... Alə, sən genə kolaynan ərağı qatışdırırsan?

            -Arif, özün deyirsən, ölkənin sahibisən, sonra da deyirsən ərağ alım?! Ayıb deyil? Dur gəl, dedim, demək gəlmək lazımdır!..

            Bu vaxt qapı açılır, ağ xalatda qoca bir təbib girir içəri. Yüngülcə baş endirib, başlayır Nuh Nəbidən qalma təzyiq ölçən aparatla təzyiqimi ölçməyə. Və heyrətlə qışqırır:

            -Qibleyi-qardaş, təzyiqiniz 160-dır! İcazə verin, smes vurum, bir az düşsün aşağı... Yoxsa...

            Hirslə təbibin sözünü kəsirəm:

            -Smes nədi?! Bilmirsən rus sözü işlətmək qadağandır?! Sən harada bitirmisən universiteti?

            -Umiversiteti Leninqradda bitirmişəm, qibleyi... Qardaşım!

            -Leninqrad nədi?! İndi heç ruslar özləri də ora Leninqrad demirlər!

            Həkimin rəngi dəyişir, dili topuq çalır.

            -Bbbağışlayın, yoldaş... eee... qardaş... Peterburqda deyəcəkdim...

            Hirsdən əlim əsir.

            -Bəs bu nə aparatdır belə?!

            -Bu İbn-Sina dövrünnən qalıb, muzeyimizin ən qədim eksponatlarınnandır... Şirvanşah İbrahimin qoluna taxılıb bu aparat... Dəqiqliyinə söz ola bilməz!..

            -A kişi, sənin başın xarbdır?! Nə İbn-Sina, nə Şirvanşah İbrahim?! İndi 21-ci əsrdir e, 21-ci! Elm, texnika inkişaf edib, dünən çıxan aparat, bu gün köhnəlmiş sayılır... Səni Haqq Qapısının baş həkiliyinnən azad edirəm! Get, ərizəni yaz, çıx pensiyaya, eeee toyes... zəhrimara qalasan, təqaüdə... Gedə bilərsən...

            Bu vəzir harda qaldı?! Qoy düyməni basım.

            -Buyurun, Qardaşım Qardaş! Əmriniz nədir?

            -Bu baş həkimi yola sal getsin. Elan ver ki, Haqq qapısına xaricdə təhsil almış 35-45 yaş arası uzman-doktorlar müsabiqə yolu ilə işə dəvət olunurlar...

            -Qardaşım Qardaş, icazənizlə bir fikir səsləndirə bilərəmmi bu barədə?

            -Buyur.

            -İstanbulun Mərmərə Universitetində yüksək eyitim almış bir uzman-doktor var. Sizin oğlunuzla bir oxuyub, dostdurlar. Olarmı elə onu dirək dəvət edək, bir də müsabiqəyə-zada ehtiyac olmasın?

            -Olmaz! O dirək nəydi elə, dirəyə minib gələcək?! Dirək nədi, a kişi?! Bir adam kimi danış görüm... Dayan bir, sən hardan bilirsən ki, mənim oğlum... Hə, nə isə! Get, dediyimi et... Bir də... Bəs mənim ailəm, əsas da həyat yoldaşım haradadır? Niyə onlar bura gəlməyiblər?

            -Qardaşım Qardaş, ailəniz təbii ki, gələcək, əmma icazə versəniz, onlar gəlməmişdən əvvəl, səhərlik qabağı bizim cariyələri dəvət edərdim, sizi bir balaca əyləndirsinlər... Həkimbaşı dedi ki...

            -Həkimbaşı yox, baş həkim!

            -Bağışlayın, mən bir qədər köhnə... Yox, yox, köhnə deyil, əski adətlərimizlə... Bəli, bəli, baş həkim buyurdular ki... sizin tansiyonunuz varmış... Qoy o yel qanadlı, tül bədənli cariyələr gəlib sizin könlünüzü oxşasınlar, bədəninizi əlləsinlər, musiqiləri ilə, nəğmələri ilə sizə naz satsınlar... Onda...

            -A kişi! Bizim öz türkcəmizdə danış! “Buyurdular” yox, buyurdu! Tansiyon yox, təzyiq!... Bir də... Mən hərəmbaşı deyiləm, mən ölkə başçısıyam... Vapşe... (Kənara qışqırır:-Zəhrimara qalasan!..) Ümumiyyətlə, o cariyələri bura çağır!

            Cariyələr tül geyimdə “Sonalar gölü”nün musiqi sədaları altında Haqq sarayının qapısından içəri daxil olurlar. Özümə söz vermişdim ki, bunların üzünə baxmayacam. Ay-hay! Bütün örtüləsi yerləri açıqda olan bu gözəllərə baxmamaqmı olar?! Özü də, mən, köhnə babnik... yenə rus sözü!... Otuza yaxın su sonası kimi qızın içində biri var ki, gözüm tutudu onu. Kimə oxşatdım, əcaba?! Həəə, gənclik sevdalarımdan birinə oxşayırmış... Ha eləsəm də, sıvılıram və hiss edirəm ki, ürəyim gedir bu qızçün. Amma bağrıma daş dasıb deyirəm:

            -Sizi bu günnən azad edirəm. Tapşıracam, ən yaxşı universitetlərdə sizə dövlət hesabına təhsil  verəcəklər, oxuyun, ölkəmizə layiq gənclər olun... Bu günnən azadısınız.

            Qızlar çaşqın halda bir-birinə baxıb ağlaşırlar. Gözümü çəkə bilmədiyim gözəlsə lap dizimin dibinəcən gəlib hönkürür:

            -Könlümün sultanı, kim sizə qardaş deyər, özü bilər, mən sizə qardaş deyə bilmərəm... Elə siz də mənə bacı deməyəcəksiniz, bilirəm... İcazə verin, mən qalım Sarayda... Sizə ziyanım gəlməz...

            Ona qalmağa icazə verirəm, qalanlarını isə birdəfəlik maaşla və universitet təqaüdü ilə (Anadolu türkləri buna burs deyirlər) azad edirəm.

 

 

                  -3-

 

 

            Səhər yeməyi gətirirlər. Ardınca həyat  yoldaşım, böyük qızım və iki nəvəm içəri girir. Nəvəmin biri o baş-bu başa qaçaraq oxuyur:

 

            Üşüdüm ha, üşüdüm,

            Dağdan alma daşıdım.

            Almacığımı aldılar,

            Məni yola saldılar.

            Mən yolumnan bezərəm,

            Dərin quyu qazaram...

            Dərin quyu beş keçi,

            Beş keçi erkəc keçi.

            Hanı bunun erkəci?

            Erkəc qaya başında...

 

            Bu vaxt o biri nəvəm, həyat yoldaşım və bayqkı tək cariyyə nəvəmə qoşulub qəribə bir ahənglə müzikl göstərirmiş kimi oxuyurlar:

 

Hay elədim gəlmədi,

Çiyid verdim, yemədi.

Çiyid qazanda qaynar,

Qənbər bucaqda oynar.

Qənbər getdi oduna,

Qarğı batdı buduna.

Qarğı deyil, qamışdı,

Beş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tat mənə darı verdi,

Darını səpdim quşa.

Quş mənə qanad verdi,

Qanadlandım uçmağa,

Haqq qapısın açmağa.

Haqq qapısı kiliddi,

Kilid dəvə boynunda.

Dəvə Şirvan yolunda.

 

            Mən qəzəbli olsam da, halımızı yaxşı ifadə edən bu xalq sözcüyünü gülümsəyərək qarşılayır və gözəllər gözəli cariyyəyə gözümü ağardıram ki, bayıra çıxsın.

            Və səhər yeməyi başlayır. Əsas məni narahat edən həyat yoldaşımdır, amma o elə əyləşib ki, elə bil Birinci Ledilik boyuna biçilib. Bu dar macalda çox bahalı parçadan veçerni (öz-özünə: -eeee, zəhrimara qalasan, bu sözün tərcüməsi necəydi?.. hə, hə, mən onu romanlarımın birində belə vermişdim:  qonaqlığını... gərək vəzirə tapşıram, bu sözü də qeyd eləsin...) qiyafətdədir... Daha doğrusu, qonaqlıq qiyafəsindədir. Üst-başı da daş-qaşnan doludur. Gözümü dolandırıb onun boyun-boğazına baxır və acıqlı halda soruşuram:

            -Bu nə daş-qaşdır belə?! Sənin bu qədər qızılın yoxdu axı?!

            -Xəzinədən verdilər... Dedilər, ölkənin Birinci Ledisisən, ayıb olar ki, belə ucuz-mucuz geyimdə saraya gələsən...

            Ayrı söz demək istəsəm də ağzımdan bu çıxır:

            -Ledi nədi?! Xanım demək lazımdır!

            Qəzəbləndiyimi görüb gülümsünür (bütün bu illər ərzində məni ondan yaxşı başa düşən olmayıb):

            -Qorxma, əşi, mən sənin adını batırarammı heç? Bir azı gəlinin, bir azı da qızların qızıllarıdır. Özləri verdilər ki, tax, yaxşı deyil, necə olmasa da, padşah arvadısan... Ha-ha-ha... A kşi, doğurdan, bu nə hekayətdi? Bəlkə yenə nəsə yazmısan, bizi barmağına dolamısan, tamaşa-zad göstərirlər? Kitab təqdimatı-zad eliyəssən, de, bilək...

            -Bilmirəm, mən də sənin qədər bilirəm... Bildiyim odur ki, başıma iş açmışam... Dünən sizinlə sağollaşıb dostlarla yeyib-içməyə getmədimmi? Getdim... Orda nə oldu, nə olmadı, bilmirəm... Gözümü açanda gördüm ki, bu saraydayam... Sən mənə de görüm, televizorda-zadda bu barədə nəsə danışırlar? Qəzetlər nəsə yazır?

            Telefonuna baxa-baxa deyir:

            -Qəzetləri bilmirəm, indi kimdi qəzet oxuyan... Amma bütün saytlar uje yazıblar...

            Hirslə qışqırıram:

            -Uje nədi?! Sən ali təhsilli müəllimsən axı! Hələ, üstəlik mənim həyat yoldaşımsan!.. Yad söz, illah da rus sözü işlətmə!.. Xahiş edirəm... Hamıya aiddir...

            Xanımın bir az kefi qaçsa da, davam edir:

            -Eeee... Qışqırmaq sənin köhnə adətindi. Barı burda üstümə qışqırma... Həə... Bude ha... Şəklini də qoyublar... Hələ instaqram! Əh! Sənin instaqramın yoxdu ki... Hələ Tik-Tok! Orda yazıblar ki, yeni ölkə başçısı... Baş nazir... Doğrudan e, sən indi baş nazirsən, ya prezidentsən? (Qəhqəhə çəkib gülür.)

            Müdrik görkəm alıb, özüm də öz dediyimə inanırmış kimi deyirəm:

            -Tapşırdım ki, prezident üsul-idarəsini Milli Məclis ləğv eləsin, keçirik Baş nazir sisteminə. Parlamentli respublika... Bir nəfərin diktaturasınnan qurtarmaq lazımdır...Yəqin bu gün Milli Məclis toplanar...

            -Bu deputatlarla? – Sualı laqeydliklə su içən qızım verir.

            -Hə də, hələ ki, biz  bunlarla işləməliyik... yeganə qanunverici orqan oradır axı... Yaxşı yadıma saldınız e... Növbəti əmrim, toyes... (Eeee, zəhrimara qalasan, yenə...) Sərəncamım...

            Zəngi basıram. Vəzir içəri girir. Paltarına bir qədər əl gəzdirib, Avropa qiyafəsindədir.

            -Qardaşım qardaş, buyurun.

            Nəvəm Ayxan toyuqlu salatı qaşıqlaya-qaşıqlaya gülür:

            -Qardaşım qardaş nədi, ə?! Yox bir, brat... Brother... Abi... ha-ha-ha...

            -Vəzir, mənim növbəti sərəncamımı hazırla, gətir, qollayım. Milli Məclisin buraxılması, üç ay müddətinə yeni parlament seçkilərinə hazırlaşmaq barədə...

            -Qardaşım Qardaş, bir qədər tələsik qərar deyil ki, cəsarətimə görə min kərə üzr istəyirəm...

            -Xeyir, xeyir! Hazırla, vəssalam!

            -Baş üstə!- deyib vəzir gedir.

            Qızım isə başını aşağı salıb nəsə yeyir. Hiss olunur ki, fikirlidir.

            -Qızım, sənə nə olub, niyə fikirlisən?

            -Eeee, ay ata, sənə bu lazım idi?! Mənim dərsim bir yannan, hazırlığım bir yannan, hələ Ayxanı məktəbə kim aparacaq birinci, beşinci günlər? Ay ata, bəklə o iki günü Ayxanı gəlib məktəbə yenə sən aparasan?

            Gülmək məni tutur.

            -Qızım, sən nə danışırsan? Mən indi ölkənin sahibiyəm e, mənnən əlinizi üzün... Amma istəsən, maşın göndərərəm, aparar uşağı məktəbə...

            Bu vaxt Ayxan yan otaqdakı qapıdan başını içəri salır:

            -Baba, ya sən özün gələcəksən, ya da... Mən sənin hakimiyyətini qəbul etmirəm! Tanımıram belə dövləti! Bax, sinif yoldaşlarımı da yığıb, sənin Haqq sarayının önündə mitinq edəcəyik! No, no, no!

            -Niyə?! - Heyrətlə soruşuram.

            -Eeee... səhər açılannan  Razindəki bütün rus məktəbləri qapadılıb...  Deyirlər, ingilis dilinə də qadağa qoymusan?! Belə şey olar?! Mən sənin prezidentliyinə qarşıyam! Ay həv English freedom!*

            (Hə, gərək Ayxanı sizə yaxşı tanıdım. Böyük qızımın oğludur, atası Təbriz əhlidir. Beş yaşından kompüterdən ingilisdilli proqramların köməyi ilə bu dili öyrənib və öyrənməkdə davam edir. İş o dərəcədə ciddiləşib ki, indi Ayxan ingiliscə bildiyi bəzi sözlərin mənasını bizim dildə bilmədiyi üçün, elə həmin kəlmələri ingiliscə işlədir. Məsələn, bu yaxınlarda mənə verdiyi suala baxın: “Baba, sizin inpareyşininiz (insparationunuz)** nə, yaxud kim olub?”

           Deyim ki, son vaxtlar o mənə "siz" deyə müraciət edir. Düzü, əvvəllər bir az mənə qəribə gəlsə də, bunu onun getdikcə kübar bir oğlana çevrilməsi ilə əlaqələndirib, məmnun oldum.

          Və mənim cavabım:”Ayxanım, mənim ilham mənbəyim ilk vaxtlar anamın, nənəmin nağılları, babamın danışdığı rəvayətlər olub. Sonra isə kitablar və müəllimlərim...”

            Ayxan gülümsünür:”Hə,baba,”Ən böyuk adam” kitabinızdan bunları oxumuşdum – “Sandıq” hekayəsindən”.)

            Əlindəki şüşə butulkanı atır pəncərəyə, şüşələr çiliklənib sarayın içinə səpələnir. Yediyimiz yeməklərin də içi şüşə qırıntıları ilə dolur. Bir dəstə silahlı içəri soxulub, uşağı tutmaq istəyir. Mən əlimi qaldırıb, onları dayandırıram. (Və elə bil uşağı indi görürəm. Həmin Ayxandır – boyu qısa, yaşı olar 13-14... Dayan bir. Vəzir dedi ki, indi iki min otuz yeddinci ildir. Bəs Ayxan niyə bu yaşdadır? Eeee... Aləm dəyib bir-birinə! Bəs onda mənim neçə yaşım var? Hesabnan gərək səksən üç-zad olsun... Bəs, dünən biz dostlarla külliyyatımın 20-ci cildini yumadıq?.. Bu nə işdir belə?! Vallah özüm də məəttəl qalmışam... Nə isə... Qoy bir Ayxanı qucaqlayım...)

             Sonra Ayxanı yanıma çağırıb üzndən öpür və deyirəm:

            -Rus dili haqqında hə, etirazımı bildirmişəm, amma baba canı, ingiliscəyə toxunmamışam... Durun, arxayın gedin evinizə...

            Qapıdan çıxanda qızım deyir:

            -Ata, sən bir də yaxşı-yaxşı fikirləş... Yoxsa, həm sənə çətin olacaq, həm bizə... Bir də, ay ata, sən heç fikirləşmisən ki, ya səni niyə baş nazir qoyublar?

            -Niyə qoyublar? – Heyrətlə qızımı süzürəm.

            -Ona görə ki, bir gün qabaq bizim ölkəmiz beynəlxalq aləmdə müflis ölkə elan olunub... Neft hasilatı sıfırın üstündədir... Neft erası bitdi... İndi maaşları, pensiyalar...

            ...-təqaüdləri... – düzəliş vermək istəyirəm.

            -...olsun təqaüdləri... sözün deyilişinnən çox, indi onun ödənişi maraqlıdır, ata. Təqaüdləri, maaşları verməyə pul tapmırlar... Səni Yusif Sərrac kimi qurbanlıq seçiblər... Sən bizim hamımızdan ağıllısan, biz həyatda hər şeyi sənnən öyrənmişik... Amma bu məsələdə bir qədər tərəddüdüm var... Nə isə biz getdik... Allah amanında qal...

            Bir də baxıram ki, bizim xanım da qızına və nəvələrinə qoşulub gedir. Dalınca qışqırsam da, əlini yelləyir:

            -Kişi, incimə, mən bu daş-qaşı bundan artıq daşıya bilmərəm... Evim üçün darıxdım... istiyirsən, sən də gəl, gedək... unutma, saat 3 tamamda bir saat yatmalısan... Günorta yuxusu almasan, başın ağrıyacaq... Bir də kompüterin də yanında deyil... Bəlkə, yazıçılığı tərgitmisən?

            Və gedəndə sellofan torbaya qoyduğu bir kiloluq bankanı mənə uzadır:

            -Bu, dovğadı... Sən dovğa sevənsən axı... Yanımızdakı marketdən aldığımız qatıqdan  bulamışam... Axşamüstü içərsən...

            İnsafsızcasına məni tək qoyub gedirlər...

            Mən isə bankanın rezin qapağını qaldırıb evimizin dovğasını qoxlayıram. Burnuma, oradan isə beynimə xoş bir rayihə dolur. Bu dovğaya bizim xanımın əllərinin qoxusu hopmuş...

 

 

 

 

 

-------------------------------------------------------------------------------------------------------

* Ay həv English freedom! – İngilis dilinə azadlıq tələb edirəm!

** İnsparation – ilham mənbəyi

 

 

 

 

            Qəhərlənirəm...

            Və gözümün önünə qəribə bir mənzərə gəlir...

            ...Novruz bayramıdır. Gələn-gedən çox, bizim qonaq getmələrimiz də var. Yorulub oturmuşuq. Mən də iş otağıma keçmək istəyirəm, bəlkə nəsə yaza bildim. Xanım bu əsnada çağırdı ki, dovğanın əməl-hacatı  hazırdır, altını yandırıram, bulamağı sənnən...

            Bəh-bəh!

            Kəfkiri almışam, bula ki, bulayacaqsan. Bu zaman telefonum çalır. Tərslikdən mətbəxlə telefonu unutduğum qonaq otağının arası azı altı-yeddi metrdir. Ora gedib-gəlincə dovğa çürüyər. Bu, qəti olmaz. Bayramda heç olmaz...

            Xanımı çağırıram ki, telefonu gətirsin. Səsi hardasa uzaqdan gəlir. Ya eşitmir, ya da gələ bilmir. Handan-hana gəlir və telefonu gətirir. Bir əlimlə açıb baxıram və baxa-baxa kəfkiri cani-dildən bulayıram...

            Köhnə dostla danışıb bayramlaşıram.

            -Qardaş, telefonu niyə açmadın? Yəqin yazı yazırdın?

            -Nə yazı, canım, dovğa bulayırdım...

            -Nə?! Dovğa?! Boşla görək!

            -Hə, vallah! Buraxa bilmədim... Çürüyər axı...

            -Day sənə sözüm yoxdu...

            Bayramlaşıb ayrılırıq.

            Yenə kəfkirlə cəbhələri yarıram.

            Yenə zəng. Bu, dost deyil, amma uzaq qohumdur. Onunla da ordan-burdan danışır və bayramlaşırıq. Xəbər verir ki, bəs Türkiyədə Əkrəm İmamoğlunu tutublar... Və həkaza...

            Bu vaxt baxıram ki, kəfkiri yavaşıtmışam. Xanım haradansa peyda olub həttənir:

            -Yaxşı bula! Çürüyər axı...

            ...Otuz beş ilin söhbətidir. Lap gənc vaxtlarımızdır. Gənc xanımım dovğa bulayır və bu vaxt hələ ana südü əmən bizim balaca oyanıb ağlayır. Xanımım məni haylayır ki, gəl dovğanı bula, mən uşağı əmizdirim...

            Bilmirəm, yarım saatmı, bir saatmı keçir, xanım gəlib çıxmaq bilmir. Qolum da kəfkir bulamaqdan quruyub. Və necə olursa, kəfkiri buraxıram... Və... Dovğa çürüyür... Qanqaraçılığı düşür ortaya. Tam çürüməsə də, bir damarı qaçıb. O gün dadı qaçmış yarıçürümüş dovğa yeyəsi oluruq...

            ...Bunu niyə xatırladım?

            Hökümət işi də dovğa bulamaq kimidir. Bir balaca buraxdınmı, işlər qarışacaq. İş işi yeyəcək. Ən pisi isə çürüyəcək... Allah qorusun. Siyasətdə çürümə, məhv olma, dağılma deməkdir. Narazılıq, mitinqlər, tətillər, üsyan və...

            İraq olsun. Bu nə dovğa mərəkəsiydi gəldi ağlıma. (Sən adi bir dovğada hikmətə bax! Elin ağzı faldır deyiblər. Çürümə... Uzaq olsun, bundan pisi də var: qanqrena!)

            Arvadın qoyub getdiyi doğva bankasını qanlı-qanlı süzürəm...

           

           

                                  

            -4-

 

 

            Bir qədər fikirli halda tək oturmuşam. Belə dalğın olanda kitab rəfinə yaxınlaşar, hansısa şairin, yaxud sevdiyim yazıçının kitabını götürər, ortadan açar, bəxtə-bəxt qarşıma çıxan səhifəni oxuyardım. Bununla həm rahatlıq tapar, həm də sanki öz-özümə fala baxardım.

            İndi nə rəf var, nə kitablar. Hirslənirəm və ürəyimdə qərar verirəm ki, bu gündən etibarən burada bir kitabxana yaradacağam. Təsadüfən, qəzetlərin arasında gözümə dəyən “Qar ağlığı” hekayələr kitabımı götürüb vərəqləyir və yenə əvvəlki kimi tən ortadan açır, ilk rastıma çıxan cümləni oxuyuram:”O çəpəri dağıtmaq lazımdır!”

            Hə, vallah! Çox çəpərlər dağıdılmalıdır. Biri elə rayonlarda camaatın torpağını ucuz qiymətə alıb çəpərləyən məmurların çəpərlərini. O çəpərləri dağıdıb camaata təzədən payladacağam... Bu barədə “Gədə” adlı hekayə də yazmışdım bir vaxtlar...

            -Vəzir!

            -Buyurun, qardaşım qardaş...

            -Yaz! Bu gündən etibarən kənd yerlərində camaatın pay torpaqlarını və örüş yerlərini çəpərləyən məmurların qanunsuz çəpərləri sökülsün! Yazdınmı?

            -Bəli, qardaşım qardaş. Amma o çəpərli yerlərin bir çoxunu camaat o məmurlara pulla satıblar. Bəs o nə olsun?

            -Sən mənə yaxş qulaq asmırsan, deyəsən? Mən dedim ki, “qanunsuz çəpərlər sökülsün”.  Hə... İndi isə... Neft Şirkətinin prezidenti haradadır? Onu yanıma çağırın.

            Adam büzüşür, boynunu çiyninin üstünə qoyub mızıldanır nəsə.

            -Nə mızıldanırsan öz-özünə?! Ucadan danışsana!

            -Qardaşım qardaş, Neft Şirkətinin, daha doğrusu SOKAR-ın prezidenti dünəndən ölkədən qaçıb... Deyirlər Birləşmiş Krallığın himayəsinə sığınıb... Yəqin məlumatınız var, axı ölkədə neft hasilatı sıfıra enib... Bir çox kontraktlar... bağışlayın müqavilələr yerinə yetirilmədən iflasa uğrayıb... İndi ölkədə ağır vəziyyət yaranıb...

            Başımdan ağrı qalxır. 

            -Səhiyyə nazirini bura çağırın...

            -Bu dəqiqə!

            Heç iki dəqiqə keçməmiş nazir qapıda görünür. Təzim edib göstərdiyim yerdə əyləşir.

            -İllər əvvəl karonavirusla mübarizəmiz inşallah ki, uğurla sona çatıb... Deyin görüm, ölkəni hər hansı bir qorxulu xəstəlik-filan təhdid etmir ki? Məsələn, mən bir radikal qərar qəbul etsəm və bu qərardan ölkənin bir çox adamı mənəvi-psixoloji əziyyət çəksə, bu, küləvi xəstəlik-filan yaratmaz ki?

            -Xeyir, qardaşım qardaş. Ölkəmizin insanları kifayət qədər sağlamdır. Düzdür, dünya üzrə qidalardan və bəzi maddi-mənəvi assimliyasiyalardan, habelə iqlim dəyişikliyindən doğan səbəblər ucundan xəstəlik və ölüm halları artmışdır, amma bu kütləvi deyil...     -Qeyd et: ölkənin səhiyyə sistemində özəl sektorların çəkisi dövlət sektorunnan aşağı olmalıdır. İstifadəyə yararsız, habelə yalannan yazılan dərmanlar aşkar edildikdə həmin dərman firmaları bağlanacaq, həkimlərin isə həkilmlik fəaliyyətinə son veriləcək. Ən ucqar dağ kəndində belə səhiyyə nöqtələri yaradılmalıdır. Səhiyyə sistemində rüşvətxorluq edən həkimlər haqqında ciddi ölçü götürülməlidir. Təbib idarəçiliyi ləğv edilir, bütün səhiyyə ocaqları nazirliyə tabe edilir... Sizə on gün vaxt verirəm! Hə, bir də səhiyyə ocaqlarında dərman və səhiyyə ləvazimatlarının adlarının latınca yazılışı və deyilişindən başqa, ana dilində də mütləq olmalıdır! Sizin sistemdə kimsə yad dildə danışsa, yad dildə harasa şüar-filan assa, cəzası ağır olacaq... Gedə bilərsiniz... Yox getməyin... Bir sualım var... -Siz bir səhiyyə naziri kimi Çanaqqala savaşı haqqında nəsə bilirsiniz? –səhiyyə nazirini divara qısnadım.

            Nazir çaşqın halda üzümə baxır və udqunur:

            -Qardaşım qardaş... Əlbəttə, bilirəm... Çanaqqala... Türk xalqının... Ölüm-dirim savaşı...

            Əlimi yelləyir, naziri susdurur və özüm danışıram:

             -Çanaqqala savaşında yaralı əsgərlərin ən çox ehtiyacı olan şey "morfi" imiş. Minlərlə yaralı əsgərlərə ağrıkəsici çatdıra bilmirdilər.  Yaralıların əməliyyatı üçün hazırlanan çadırın qarşısında masa vardı. Xərəkdə gətirilən yaralılar masaya qoyulurdu. Cərrah ilk müayinəni edir və yaşamaq şansı çox olan, əməliyyat olunarsa yaşayacağına inandıqları əsgərlərə ağrıkəsici vurulurdu. Amma gələn hər yaralının morfiyə ehtiyacı var idi. Hərkəsə çatacaq qədər ağrıkəsici isə yox idi. Cərrah hissə qapılmamaq üçün yaralıların üzünə baxmırdı və sağalma şansı yüksək olan yaralılara ağrıkəsici vurdururdu. Həkimin qarşısına bir əsgər gətirildi. Gəncin ağır yaralarına baxan həkim əsgərin sağalmayacağını və ona ağrıkəsici vurulmayacağını dedi. Bu an əsgərdən iniltili bir səs eşidildi: “Ata!”

             Hamının gözü həkimdə idi. Qanlar içində qıvrılan əsgər həkimin öz oğlu idi. Həkim buna baxmayaraq yenə də ağrıkəsicini oğluna vurmadı və bir neçə saat sonra oğlu şəhid oldu. Həkim, şəhid olan oğlunun cansız bədənini qucaqlayıb dedi:

           -Bağışla məni, oğlum, o sənin haqqın deyildi...

           Həmin həkim adını Çanaqqala savaşına yazmış Tarık Nüsret idi.

           Mən bizim həkimlərdən belə fədəkarlıq istəyirəm. Get və düşün. Əgər özün də daxil, ölkəmizdəki həkim və həkim yardımçılarında belə bir əxlaq tərbiyə edə biləcəksənsə, buyur, işlə. Yox, illərdir ağcaqanad kimi bu xalqın qanına susamış rüşvətxor dəstəsini dəyişə bilməyəcəksənsə, istefa et... İndi isə gedə bilərsiniz...

 

 

            -5-

 

 

            Üzüyü iki dəfə barmağıma salıb-çıxardıram. Üçüncüyə ehtiyac qalmır. Adam yerdən çıxıbmış kimi qarşımda peyda olur.

            -Nə var, nə tez mənə işin düşdü?! Vəzifənin dadını niyə çıxartmırsan?! Xəbərin var, bütün ölkə sənnən danışır?! Əsil inqilab eləmisən. Yaşa!... Hə, de görüm, nə olub?

            -Niyə mənə neft olayı barədə məlumat verməmisiniz?! Dünya üstümüzə gələcək, o cür ağır müqavilələrin altından mən necə çıxacağam?

            -Bunun sizə az təsiri olacaq. Dünyanın aparıcı neft şirkətləri Omoko, Statoyl, BP kimi şirkətlər dərd etsin... Onlar bu müqavilələrin icrasına borcludurlar... Çağır, hamısını başa sal, qoy öhdəliklərə əməl etsinlər... Yoxsa...

            -Başqa iş də var...

            -Nə?!

             -Arvadım, qızım, nəvələrim gəlmişdilər, məni burda qoyub çıxıb getdilər. Nəvəm deyir, sənin hakimiyyətini tanımıram! Sinif yoldaşlarını yığıb sarayın önündə mitinq edəcəklər... Arvad deyir, mən burda qala bilmərəm... Bir də nəvəmi 1-ci, 5-ci günlər mən məktəbə aparıram axı, bəs bu nə olacaq? Bir də... Mən günortalar bir saat yatmalıyam e... Axırıncı sual: mən axı yazıçıyam, kompüterim evdə qalıb, hər gün azı iki-üç səhifə yazmasam, bağrım çatlayar...?

            -Arvada qəti fikir vermə, uzağı səhər qaça-qaça gələcək... Nəvənə ayrıca maşın ayır, yaxın adamlarınnan birinə maaş ver, aparıb-gətirsinlər... Günorta yatmağa gələndə, bunu hökmən et, çünki yaşlı adamsan, birdən-birə rejimi pozmaq olmaz... yazıçılığa isə bir qədər ara ver... daha doğrusu, iki-üç babat yazıçı çağır bura, sən mövzunu ver, qoy sənin əvəzinnən yazsınlar... Şərəf  Rəşidov vardı e, Özbəkistanın birinci katibi, o belə edirdi... Uzağa niyə gedirik axı? Elə özünüzdən də misal gətirə... Bunu ki sən yazmısan?! “Morqda karantin” romanında!.. Sən də et... Və belə axmaq suallar üçün bir də məni çağırma! Unutma, sən dövlət başçısısan, əlinin üstündə əl yoxdur!.. Məni, ölkənin və sənin özünün taleyüklü məsələn olsa, məsələn, allah qorusun, dövət çevrilişi-filan olub-eləsə, çağıra bilərsən... Yoxsa, it gəldi örkən apardı... Bax, o KKB sədrinə yaxşı göz qoy. Ölkədəki bütün dövlət çevrilişləri onun əli ilə olub həmşə... Surət Hüseynov Gəncədən ayrıca pay göndərərdi buna. Hələ o Şeyxülislam! O İranpərəstin yekəsidir! Sənə ipucu verdim, xudahafiz...

            -Bir dəqiqə, mən sizin bu baş vəzirdi, ya nədi, onu dəyişə bilərəm?

            -Ağlına da gətirmə. O sənin yeganə xilaskarındır. Mən olmayanda o səni mühafizə edəcək. O təkcə vəzir deyil, o, min illik dövlətçilik ənənəmizin yeganə təmsilçisidir... O həm də yeganə dövlət adamıdır ki, ölmür... Hər yeni gələn hakimiyyət onunla razılaşır. Sən də razılaşmalısan. O həm də savadlı adamdır. Soruşsan, sənin də kitablarını oxuyub... Di salamat qal...

            Uğultu və adamın yox olması...

 

                        ***

           

            Xarici neft şirkətlərinin prezidentləri məktub göndəriblər. Hamısı söz verir ki, ilin sonunacan götürdükləri öhdəlikləri ziyanla da olsa, ödəyəcəklər. Yeni ildə nə olacağını isə bilmirlər. Təkcə BP-nin məktubunda bir ümidverici qeyd vardı: “Biz yeni yataq istifadəyə verməyə hazırlaşırıq. Əgər o yataqdakı işimiz uğurlu olsa, demək qorxu yoxdur...”

            Yadıma “Neft suya dönəsən” adlı yazım düşür.

             2015-ci ilin son günlərində Günəşli neft yatağında böyük yanğın olmuş, insanlar tələf olmuşdu. Gözüyaşlı ailələrin Yeni il ərəfəsində bayramı qara gəlmiş, çörəkləri zəhərə dönmüşdü. Ən dəhşətlisi də o idi ki, həlak olan neftçilərin nəşləri dənizdə qərq olmuşdu. Mən də təsirlənib, belə bir qəzəbli yazı yazmışdım.

           Elə bil bu gün üçün yazmışam.                       

         “Anam “nəfit” deyərdi sənə. Nəfini görməsək də.

        Qara çırağa, ya da onluq lampalara tökərdilər. Başçatladan qoxun, göztökən acı tüstü-dumanın  vardı.  Birinci sinfi sənin o qara çırağının öləziyən işığında oxudum...

       Sən, neft... Sovetin cibini doldurdun, ondan qabaq milyonçuların... İndi yenə milyonçulara işləyirsən. Qara qızıl deyirlər sənə, bilirsənmi niyə? Çox-çox insanların taleyini qaraltdın, çox-çox insanlara od vurdun,  tüstü  çıxdı təpələrindən...

      Neft... Mən heç mutlu olmadım səninlə. Xaraba kəndim, yiyəsiz rayonum,  yetim Şuşam, namusu tapdanan  Xocalı bacım... sənin badına getdi rusun əliylə.

      Tanrı səni müsəlmana paymı verdi, payamı verdi? İslam ümmətini sənə görə payaya keçirirdilər keçmişdə, indi raketdən keçirirlər.

      Neft... Nə deyim sənə? Belə getsə, digərlərinə neft-yağ,  müsəlmana, türkə yağı olacaqsan!

      Biz, sənə bilirsənmi nə diləyirik? Bitəsən deyirik. Quruyasan deyirik. Sönəsən deyirik... Suya dönəsən...

      Neft... səni bizdə çıxardan kişi öz vətəninə gedib bizdən apardığı pulla mükafat qurdu. Onlar sənin uğrunda savaşır, biz o mükafatın – bilə-bilə ki, onu heç vaxt ala bilməyəcəyik, çünki biz ağılla mükafat alan deyil, bazarda alış-veriş edənik...

     Neft, sən bizi heç sevmədin ki... Sevsəydin o sütül oğlanların, o bəxtsiz cavanların, o taleyi qaraların çırağını qaraltmazdın.

     Ucuzlaşmısan deyirlər. “Neftdən əlinizi üzün” deyiblər təzəlikcə. Üzüləsən elə. Həmişə ayağa düşəsən, heç baha günün olmasın. Başa çıxmayasan  - insanımıza qıydığın yerdə...

     Neft... Heç sevmədin bizi... Sevgi qarşılıqlıdı, bil!”

            Vəzir bir saytda mənim “Neft, suya dönəsən” adlı yazımın ingilis dilində verildiyini bildirir. Onun telefonunu alıb baxıram və hirslənirəm. Öz-özümə donquldanıram.

            Axı, necə olur ki, mən ürəyimdə götür-qoy elədiyim mövzunu sanki kimsə oxuyur və dərhal götürüb sosial şəbəkədə yayımlayırlar?! Deyəsən, bu vəzirin işləridir.

            (Sonradan biləcəm ki, hamısı süni intellektin əməlləridir. Düşündün, sadəcə, fikrindən keçirdin, o andaca oxuyur, hara lazımdırsa, ora da ötürür. Demək, insanın adicə düşüncəsi də tək ona aid deyil... Bəs sevgi? Bəs məhəbbət? Sənin ən intim hisslərini də kimlərsə oxuya bilər?! Belə də dərd olar?!.)

            -Sən ingiliscə bilirsən? - Hirslə soruşuram.

            O boynunu büküb lap fağır görkəm alır:

            -Pis bilmirəm, Qardaşım Qardaş... Tərcüməmdə qələt tapdınızsa, əff edin.

            Hə, bunun işləridir. Növbəti “Bəs sən hardan bildin ki, mən ürəyimdə o yazını keçirdirəm?” sualını verməkdən özümü güclə saxladım.

            -Belə yazıları yayıma verəndə mənimlə hökmən məsləhətləş. O yazını mən yazıçı, vətəndaş kimi yazmışam. İndi isə mən bu ölkənin başında duran adamam. Əlbəttə, yazıçı mövqeyimi dəyişməmişəm, vətəndaş və rəhbər mövqeyim isə bəllidir: neftə qarğamaq yox, onun hasilatını artırmalıyam  ki, ölkəyə əlavə gəlir gətirək. Hələ ki, qeyri-neft sektorunun inkişafı bizi qane etmir...

            Eh...

            Kaş Azad Mirzəcanzadə sağ olaydı. İndi mənə onun kimi adamların köməyi lazımdır. Hələ Xudu Məmmədov! Yaşar Qarayev! Elə o biri Qarayev – bəstəkar! Axı niyə indi belə dahilər yetişmir?!

            Təhsilimizi, elmimizi tamam başqa səmtə yönəldiblər. Mənim ilk işlərimdən biri təhsili və elmi zirzəmilərdən çıxartmaq olmalıdır...

                         (Davamı  bir həftə sonra burada)

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)