AZAD QARADƏRƏLİ SABİR ƏHMƏDLİ DÜYÜNÜ ("Yasaq ədəbiyyatın yaradıcısı" kitabından)
SABİR ƏHMƏDLİ DÜYÜNÜ
Qabaqlar qız istəyən oğlanın qabağına iri düyünlü bir kötük qoyarmışlar.
Yara bilsəymiş, imtahandan çıxarmış. Bilməsə...
Belə danışırlar ki, bir gün oğlan düyünlü kötüyü yarmaqda can çəkişməsində
olduğu vaxtda istədiyi qız itin qabına qaynar yal tökür. İt ağzını basır qaba,
isti yal dilini yandırır, başlayır zəngildəməyə. Qız qayıdır ki, ay it,
üzün-üzün yala!
Oğlan baltanı kötüyün özəyindən çəkib çıxardır və öz-özünə deyir: “Ey
dadi-bidad! Bu, əslində mənə də işarədir.” Və başlayır baltanı üzdən vurmağa.
İlk hekayəmin tələbə vaxtı “Ədəbiyyat və incəsənət” kimi nüfuzlu bir qəzetdə
Sabir Əhmədlinin köməyi ilə çap olunmasından sonra həvəslənib yeni bir hekayəylə
gəlmişdim redaksiyaya. Sabir müəllim gözlərini qıyıb zəndlə mənə baxdı.
Canımdan üşütmə keçdi. Bu baxışı təxminən belə yozdum: “Gərək məni pərt eləməyəsən.
Bu əvvəlkindən güclü olmasa, heç.”
Bir həftə sonra getdim redaksiyaya. Ustadın kefi kök idi. Məni görüb
durdu ayağa və dedi:
-Yaxşı gəlmisən, Yusif müəllim hekayəni oxuyub, bərk tutub onu. Səni
görmək istəyir. Gedək.
Kişinin (baş redaktor Yusif Əzimzadənin) uzun bir kabineti vardı. Elə bu
hində fikirləşdim ki, tək adam bu uzunluqda otağı neynir görəsən? Kişi elə bil
üzümdəki sualı oxudu və şirin bir ləhcəylə dedi:
-Burda biz işçilərnən yığışurıq, sənin kimi cavanların yazılarını
müzakirə edirik. Hindi növbə səninkidir. Amma gərək əvvəlcə bu hekayədəki əhvalatı
yerli-yataxlı bizə danışasan. Doğrudan, qatır nə təyriynən olur?
Pah! Başıma iş açmışam. Hekayədə bir palantikən kişidən yazmışam. Bir də
belə bir süjet var ki, madyan atla erkək eşşəyi cütləşdirirlər, qatır əmələ gəlir
və sair... Bax, mən indi bunu təzədən danışmalıydım. Baxdım Sabir müəllimə.
Kişinin kefi ala buludda idi. Göz vurdu mənə - yəni başla...
Pul kimi qızarsam da yazdığımı bir az da ayrı dillə danışıb qurtardım. (Xüsusilə,
bu zaman dəzgahaoxşar bir şeyin düzəldilməsini təsvir etdim, elə hekayədəki
kimi: yarğan bir yerdə bir-birindən təxminən otuz santimetr fərqlənən meydança
düzəldilir. Aşağıda at, yuxarıda isə eşşək dayanır...)
Yazıçılar bir müddət bir-birinə baxıb susdular. Siqaret yandırıb, nəhayət,
danışmağa başladılar. Onların arasında
belə bir dialoq oldu:
-Sabir, sən kənt adamısan, yəqin bu at-qatır məsələsini bilərdin?
-Eşitmişdim, amma görməmişdim.
-Bilirsən, mənimçün nə maraqlıydı? Yazdığı kimi də danışdı o yeri: gərək
atla eşşəyin mayalanmasından sonra madyan qırx gün erkək at kişnərtisi eşitməsin...
Sən təbiətdəki hikmətə bax! Eşitsə, qatırın rüşeymi pozular...
***
Sonralar Sabir müəllim mənə tez-tez bunu xatırladardı: sən özündəki təbiiliyi qorumasan, süniliyə getsən, yaxşı
yazıçı olmayacaqsan.
Axı Sabir müəllim özü təpədən dırnağacan təbii idi. Həm insan kimi, həm
yazıçı kimi. Həm də şəxsiyyət kimi...
Sabir Əhmədlinin bir əsəri var – “Yamacda nişanə” adında.
Mən bu yaxınlarda indi çox məşhur olan rus yazıçısı Viktor Pelevinin
“Omon Ra” romanını oxudum. Bu gözəl əsər mənə niyə belə doğma gəldi deyə düşünməyə
başladım və tapdım: əslində, bu tipli daha sanballı bir əsəri mən təxminən otuz
beş il əvvəl oxumuşam – “Yamacda nişanə”ni deyirəm. Mövzular fərqli olsa da
ideya birdir bu əsərlərdə: Sovet rejimi gəncliyin, özü də diribaşlarının məhvinə
çalışıb həmişə.
“Aran”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Görünməz dalğa”,
“Yaşıl teatr”, “Toğana”, “Dünyanın arşını”, “Yasamal gölündə qayıqlar üzürdü”,
“Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Yanvar hekayələri”(bunlar ayrı-ayrı
hekayələr olsa da, əslində birsüjetli romandır məncə), “Kütlə”, “Ömür urası”,
“Axirət sevdası”... Bu romanlar Azərbaycan nəsrinin ayaqda durmasına yardımçı
olan sütunlardır. (Yəqin sual yarandı: bəs o nəsrin özü hanı? Bu nəsr əslində
indi-indi yaranmaqdadır – elə o sütunların üzərində.)
M.S.Ordubadidən və Çəmənzəminlidən sonra roman janrını layiq olduğu səviyyəyə
bu əsərlər qaldırıb. Və Sabir Əhmədli vaxt tapıb ömrünün sonlarına yaxın “Yazılmayan
yazı”nı yazdı. Bu əsər müəllifin ailəsinin gücüylə cəmi 200 tirajla buraxılıb.
Adamın neft səltənətində can verən Azərbaycan ədəbiyyatına yazığı gəlir.
***
Bir qədər də “Yazılmayan yazı” barədə.
Əsərə keçməzdən əvvəl deyim ki, mən saytların birində Dimitri
Şostakoviçin adamı almaz kimi doğrayan sərt xatirələrini oxudum. Və dəhşətə gəldim
ki, bizdə niyə belə həqiqət dolu yazılar – xatirələr yoxdur. Cavab sadədir: saxta
pafos, saxta qara-qışqırıq, yalan, yaltaqlıq bizi adam kimi danışmaqdan, həqiqəti
deməkdən və yazmaqdan məhrum edib. Hətta həqiqəti oxumaqdan da qorxuruq. (Bir
tanışım mənim son kitabımı oxuyub, amma qurtarmayıb, yarımçıq qoyub. Səbəbini
qulağıma pıçıldadı: qorxudan kitabı büküb rəfin ən dalda yerinə soxmuşam.)
Sabir Əhmədli bizə həqiqəti yazmağı öyrədir. Son əsərində, roman-xatirədə
isə çılpaq həqiqət lüt-anadangəlmə
dayanıb qabağınızda. Dahi Mikelancelonın lüt insan obrazlarından
utanmadığımız kimi, Sabir müəllimin bu çılpaq həqiqətlərindən də qorxmaq, utanmaq
lazım gəlmir. İnsan doğulanda və öləndə çılpaq olmurmu? Budur dünyanın əzəli və
əbədi sirri.
Qayıdaq əsərə. Tələbəlik illərindən bəhs edən səhifələrdəki acı həqiqətlərdən:
“Yataqxana məni kütləyə qatırdı. “Tələbə” deyəndə ağıla nə gəlirdisə, mənim barəmdə
elə acınacaqlı rəy yaranmasın. Yoxsa adiləşir, hamının, hər kəsin tayı olurdum.
İçimdə yenilməz bir inam səslənirdi: “Mən bunlar deyiləm!”
Nə yazıqlar ki, bu gün də ali təhsil müəssisələrimizdə minlərlə
savadsız, milli hissdən uzaq tələbə kütləsi “yetişdirilir.”
Başqa bir misal: “Sağ olsun müəllimlərim! Mən S.M.Kirov adına ADU-nun
filologiya fakültəsini qırmızı diplomla bitirən, ildə bütün qiymətləri “əla”
olan oğlan büsbütün gözübağlı saxlanmışdım... Hər şeyi öyrətmişdilər: siyasi
iqtisad, marksizm-leninizmin əsasları, bazis-üsqurum... Bircə milli varlıqdan başqa.”
Bu, gələcək yazıçının faciəvi etirafıdır. Başqa bir səhifədə isə Heydər
Hüseynovun başına gətirilən dramdan söz açılır. Yazıçı şahidi olduğu səhnəni
belə təsvir edir: “Sonra Mirzə İbrahimova söz verildi. Onun səsi qulaqlarda
cingildədi: “Mən yazmamışam o rəyi?! Mən qələt eləmişəm! “Qələt” sözünü onca
ucadan, acıqla dedi, mat qaldıq. Ona qədər elə bilirdim ki, “qələt eləmişəm”
“pox yemişəm” deməkdir. Demə, Mirzə müəllimin doğulduğu İranda “qələt” sözü “səhv”
deməkmiş.” Bir səhifə o tərəfdəsə
oxuyuruq: “Stalin haqqında on səkkiz poema yazmış, üç dəfə Stalin mükafatı
almış Səməd Vurğunun “Zamanın
bayraqdarı” şeiri çıxmışdı və artistlər, həvəskarlar onu əzbərdən söyləyir, təntənə,
yığıncaqlarda oxuyurdular:
Bütün xalqlar, qəbilələr od
içindən çıxacaqlar,
Stalinin mərd əlini dönə-dönə
sıxacaqlar!”
İri
həcmli, 478 səhifəlik bu əsərin bütün səhifələri belə çılpaq həqiqətlərlə
doludur. Biz bu sanballı kitabı gələcəkdə dərgimizdə hiss-hissə çap etməyi
planlaşdırırıq*. Qoy Sabir Əhmədli həqiqətləri təkcə 200 tirajla çap olunmuş
bir kitabın səhifələrində məhdudlaşmasın.
Sabir Əhmədli nəsri Azərbaycan ədəbiyyatında çoxlarının çözə bilmədiyi
bir düyündür. İçində həqiqətlə sənətin baş-başa qaldığı bu düyünün hissə-hissə
açılacağı gün uzaqda deyil.
“Yazı”
dərgisi
-------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Vədimizə əməl edərək həmin memuarın bir
çox fəsillərini hissə-hissə “Yazı”nın çıxarda bildiyimiz 23 sayında verə
bildik. Fəqət maddi sıxıntıya görə hələlik dərgi çapını dayandırdığından əsərin
çapı da yarımçıq qalıb.

Yorumlar
Yorum Gönder