AZAD QARADƏRƏLİ YAXŞI ADAMLAR VƏ ONLARIN XOŞ AURASI (Jurnalist Şükür Şükürovun 95 illiyinə həsr olunur)

 

            AZAD QARADƏRƏLİ

           YAXŞI ADAMLAR VƏ ONLARIN XOŞ AURASI

          Uzun illərdir “Məndən sonra” memuar roman üzərində işləyirəm. Bu əsər onda bitəcək ki, məndə iz buraxmış adamlar və hadisələr haqqında düşüncələrim və xatirələrim başa catacaq. Bu isə heç sona varana oxşamır. Demək, neçə ki, mən bu həyatda varam, bu kitab da hələ yazılacaq.

            Kitabda dönə-dönə anılan adamlardan biri Zəngilanda “Kənd həyatı” qəzetində redaktor müavini işləyərkən təmasda olduğum, məndə dərin izlər buraxmış Şükür Şükürovdur. 2027-ci ildə bu nəcib və intiligent insanın anadan olmasının 95 illiyi olacaq. Bu yazı o münasibətlə qələmə alınıb.

 

 

 


      Qələmim təzə-təzə bərkiyirdi. Yəni hekayələrim və məqalələrim respublika mətbuatında artıq rahat çap olunurdu.

      Amma məni yandıran o idi ki, rayonumuzda çıxan qəzet mənim yazılarımı çap etməkdən imtina edirdi. Bu da məni əməlli-başlı püsdən-təvərədən çıxardırdı.

Belə bir vaxtda dostum Eldar Baxış şair Əhəd Muxtarla bizə gəldilər.

      Belə qonaqlar mənim üçün əsl bayram idi. Bu ucqar rayonun ucqar kəndində dərdləşməyə, yazını oxuyub fikir mübadiləsi etməyə bir kimsə yox idi. Bu iki şair dostla yaxşıca yeyib-içdik, həm də zəhlələrini tökdüm. Gah hekayə oxudum, gah nə bilim suallar verdim və həkaza. Səhəri isə rayon mərkəzinə getdik – tədbir varmış.

        Tədbirdə mən də oldum, nəydi, indi unutmuşam. Unutmadığım isə rayondakı yerli qəzetin redaktor müavini  Şükür müəllimlə görüşməyimiz oldu. Eldar özünəməxsus  sərt bir tərzdə  “Ay Şükür müəllim, bizim dostumuz bu rayonun yeganə yazıçısıdır, nə təhər olur, Bakı onu qəbul edir,  amma sizin bu qəzet görməzliyə vurur?” deyib cavab gözlədi. Şükür müəllim zəndlə mənə baxır  və nəsə fikirləşirdi. (Hə, bu adam  rayon icraiyyə komitəsinin  sədrinin – ispalkom Hürü xanımın əri idi və rayon qəzetində hamını, hətta  arvadının başçılıq etdiyi sahələri belə tənqid etməkdən çəkinmirdi. Onu da deyirdilər ki, ixtisasca fransız dili müəllimi olsa da, rus, ingilis dillərini də bilirmiş. Hələ onu da bir az sonra öyrənəcəm ki, atası Müsavat hökümətinə rəğbət bəslədiyinə görə repressiya olunub və sair.) Kişi saatına baxıb “Vaxtdır, gedək Mehdiqulunun kababxanasına,  görək başımıza nə iş gəlir” deyib ayağa qalxdı.

         Kababxanada  mən o  kişini əməllicə kəşf elədim – bu rayonda mənim  adamsızlıqdan  boğulmağımın  qarşısını alsa-alsa bu Şükür müəllim alacaqdı. Yemək əsnasında o mənə təkcə bunu dedi: “ Cavan oğlan, sən yazılarını mənim yanıma gətirəcəksən, yaxud poçtla göndərəcəksən. Hansı mövzuda olur-olsun.”

         Rayon qəzetinin  qarşımdakı beton hasarları o gündən uçub-dağıldı və yazılarım dalbadal çap olunmağa başladı. (Müəllifin “Burda kişi var?” hekayələr kitabına ön söz kimi yazılmış “Şekspir dövlət qulluqçusu olub?” essesindən parça.)

           

                                   ***

 

           

            Yuxarıda ŞÜKÜR müəllim haqqında söz açdım...

            Bu adam mənim Zəngilanda gördüyüm ən elitar adam idi. Xüsusi geyim tərzi, xüsusi duruşu, yerişi və danışığı olan bu kişi bir gimnaziya timsalı idi. Yanında otur, eşitdiklərin, gördüklərin bəsin olsun ki, gələcəyini qura biləsən...

            “Kənd həyatı” rayon qəzetində çıxan yazılarım haqqında tək bir söz demişdi:”Fərqli üslubun var. Əsas odu ki, gözə kül üfürmürsən. Bağırmırsan. Sakitcə sözünü deyirsən. Özü də düz sözü...”

            O özü də düz sözün bazı idi.

            Rəhmətə getməyini Ağdamda eşitdim. Axşam məktəbi direktorlarının (mən işlədiyim məktəbdə həm də axşam məktəbinin qeyri-rəsmi direktoru sayılırdım) Ağdamdakı respublika müşavirəsində o məşum xəbəri Zəngilan axşam məktəblərinin rəhbəri Heydərqulu Kərimov verdi bizə. Müşavirədə çıxışımı necə başa vurduğumu bilmədim. Rayona qayıdanda yol yoldaşlarım deyib-güləndə mənim könlümdən qara qanlar axırdı. Belə gözəl bir dost itirmişdim!..

            Elə həmin günlərdə Şükür müəllimin xatirəsinə bir şeir həsr etdim. Təəssüf ki, o şeirdən yalnız bircə bənd qalıb hafizəmdə:

            ...Ürəyimin qanın udub yemişəm,

            Yaxşı adam, sənə allah demişəm,

            Palıd, vələs, ya da elə yemişən,

            Min il keçə quruyacaq, canım hey!!!

 

                        ***

             

                               YAXŞI ADAM*

 

 

                                    Ötən əsrin 80-ci illərində Zəngilanda çıxan “Kənd həyatı”

                                    qəzetinin redaktor müavini olmuş Şükür Şükürovun xatirəsinə       

           

 

             ...Ürəyimin qanın udub yemişəm,

            Yaxşı adam, sənə allah demişəm,

            Palıd, vələs, ya da elə yemişən,

            Min il keçə quruyacaq, canım hey!!!

 

            Gözüm açdım cəhalətin dəmində,

            Anlayanlar yas içində,  qəmində,

            Ağıl özü məddahların çəmində,

            Min ildir ki, axar qanım, qanım hey!

 

            Yaxşı adam, duruşuna heyranam!

            Adam kimi yerişinə heyranam!

            Nur saçılan görüşünə heyaranam!

            Min il səni gözləmişəm, xanım hey!

 

            Ölmə “qardaş, düşmənlərin çoxalar”*,

            Başımızı duman alar, sis alar,

            Elim sənsiz  geyinər düm qaralar,

            Mincə illik şöhrətim hey, şanım hey!

 

            Özün getdin, adın qaldı dillərdə,

            Diri ruhun əbədidir ellərdə,

            Sən yaşarsan hər aylarda, illərdə,

            Min il keçə, açılacaq donum hey!

 

                                                                       1984-2026

           

--------------------------------------------------------------------------------

*Bu şeir müəllifin dostu Şükür müəllimin vəfatı münasibəti ilə mərsiyə kimi 1984-cü ildə qələmə alınmışdır. Lakin şeirin ilk variantı  müəllifin bir sıra əlyazmaları ilə birgə Zəngilanın Qaradərə kəndində - işğal zonasında qalmışdır. Yalnız həmin şeirdən birinci bənd yazarın yaddaşında qaldığından çətinliklə olsa da, şeiri yenidən bərpa etməyə cəhd etmişdir. Özünü şair hesab etməyən yazıçı A.Qaradərəli dostu və xeyirxahı bildiyi Şükür müəllimə olan sevgi və ehtiramını həmin şeiri yenidən bərpası ilə ifadə etmişdir.

*Misra Əhməd Cavadın “Ölmə, qardaş, ölmə, düşmən çoxalar” misrasından qidalanmışdır.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

AZAD QARADƏRƏLİ ANAMIN AĞ ŞALI Hekayə Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya