AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman
AZAD QARADƏRƏLİ
BAŞ NAZİRİN FRAKI
roman
Allahım, ilk öncə dağa, daşa ver,
ormana, heyvanlara, suya ver. Ondan sonra
insanlara, qapı
qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”
(Əski
türk dualarından)
***
“Münəccimbaşı ərz elədi ki:
-Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki,
Novruzdan
on beş gün keçmiş Mərrixin Əqrəb ilə
iqtiranı vaqe olacaq və bu
qirani nəhseynin
təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-
səltənətin
vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-
səniyyənin
müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti
piş-əz-hadisə
qibleyi-aləmə məruz edim.”*
(M.F.Axundov “Aldanmış kəvakıb”)
***
“İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya
çoxdan düzəlmişdi...”
Yazıçının cib dəftərindən
----------------------------------------------------------------------
*Bu variant bloqumda hissə-hissə
yayımlanarkən bəzi texniki əlavələr etməli oldum. Məsələn, romanı bölümlərə
ayırdım ki, oxu zamanı rahat izlənilə bilsin. (Müəllifin əlavəsi)
*Anlamı:
“Münəccimbaşı
dedi ki:
-
Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş
gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması
nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir
səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də
şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl
xəbər verməyi özümə
borc bildim...”
DÖRDÜNCÜ
BÖLÜM
-17-
...-Salam.
-Salam.
-Tanımadınız?
-Belə...
tanış gəlirsən e... dayan görüm... sən, sən... sən mənəm?
-Ha-ha-ha!..
Bəli, mən - sənəm. Sənin içindəki yazıçıyam mən. Sən hakimiyyəti seçənnən mən də
sənin içindəki yazıçılığı seçmişəm... Dünənnən kompüterimizi açıb, başlamışam
yazmağa...
-Ey,
ey! “Kompüterimiz” nədi?! Mən onu heç ailəmlə də bölüşmürəm! O mənim yeganə...
belə zadımdır... şəxsi... Eeeee! Zəhrimara qalasan!.. O kompüterə toxunmaq
olmaz! Orda... Orada... Mənim bütün külliyyatım, yarımçıq əsərlərim var...
-He-he-he!
Nə oldu, bəs sən yazıçılığı heç vaxt başqa bir peşəyə qurban verməzdin?! İndi vəzifə
adı gələn kimi yazıçılığı unutdun?!
-Kəs
səsini, axmaq! Bu saat səni həbs etdirərəm! Bu, bütün insan haqlarına ziddir! Sən
kimsən ki, mənim cildimə girmisən?! Sən... Sən... Mən... Mən...
-Həəəə,
nə tez dəyişdin?! Bir zamanlar həbs olunanları müdafiə edirdin, haqsızlığa
qarşı haqq səsini ucaldırdın?! Nə oldu?! Hakimiyyətə keçən kimi həbs etdirirsən?!
-Mən...
Mən...
Cildimə
girmiş adam bircə anda dönüb olur Viktor Hüqo və barmağını mənə silkələyərək
qışqıra-qışqıra deyir:
“Bildiyiniz
kimi, 1848-ci il inqilabından sonra hakimiyyətə I Napoleonun qardaşı oğlu Lui
Bonapart gəlir. Başqa adıyla desək, III Napoleon. Sonra o, qanuni hakimiyyəti ləğv
edir, polis rejimi yaradır. Eyni zamanda, öz prezidentlik müddətinin
artırılması haqda Senata layihə verir.
Yeni hakimiyyətə və onu müdafiə edənlərə qarşı çıxanlardan biri də mən
idim. Heç nədən çəkinməyərək üzümü III Napoleona tutaraq dedim:
-Siz
başqa əsrin adamlarısınız, siz meyitsiniz. Gəlin canlıları rahat buraxın... Siz
qəbirdən xortdamaq istəyirsiniz? Keçənləri unutmusunuz? Ayağınızı məşum Tüilri
sarayının iki addımlığında olan səkiyə qoyun, onda iki şeydən birini seçməli
olacaqsınız: ya köhnə monarxiyanı qəbirə sürükləyən eşafot*, ya da yeni
kralları sürgünə göndərən kirayə edilmiş kareta. Ömürlük prezidentlik hara
aparıb çıxaracaq? İmperiyaya. Məgər biz vaxtilə Fransada Böyük Napoleon
olduğuna görə, Kiçik Napoleona da dözməliyik?
-Siz
prezidenti təhqir edirsiniz!
-Prezidentin böyük adam olmadığını söyləmək əsla təhqir etmək deyildir.
Bizim cənab prezidentdən tələbimiz odur ki, ləyaqətli bir adam kimi hakimiyyətdən
əl çəksin. Mən Boyük Napoleondan sonra Kiçik Napoleonu istəmirəm.”
Viktor
Hüqo yavaş-yavaş dönüb cildimə girmiş adam olur və gülümsünür:
-Qorxdun?!
Qorxma! O, Hüqodur. Ona hər şey olar... Sizin isə mütərəqqi biri olduğunuzu
bilirik... Sadəcə, Hüqonu bura gətirdik ki, sizə yazıçı olduğunuzu
xatırladaq...
-İnsafın
olsun, o boyda kişini qəbirdən... Əstafürüllah! Hüqo ölməzdir... Parisdən
buracan niyə gətirirsən?!
-Görürəm,
Hüqonu görənnən rəngin nar gazalı kimi olub... Qorxma... Hə... O ki qaldı
kompüterini açmağıma... Oradakı yarımçıq əsərlərinnən birinin ardını
yazmışam... İstəsən, oxuyaram?
-----------------------------------------------------------------------------
*Eşafot – orta əsrlərdə üzərində edamların, işgəncələrin
həyata keçirildiyi xüsusi olaraq hazırlanmış taxta meydança.
-Yaxşı...
Oxu görüm...
Mənim
SNSV nişanlı kompüterimin qapağını qaldırır, elə bil əli ilə ürəyimi çəkib sinəmdən
çıxardır. Və başlayır oxumağa... (Deyim ki, adamın səsi də mənim səsimdir. Amma
bir az səsi gənclik səsimə oxşayır elə bil... Amma yox, radioda işləyəndə mütəxəssislər
deyirdilər ki, səs qocalmır, cavan qalır. Hə, mənim səsimdir. Elə indiki səsim...)
“BURDAN BİR ÇAY AXARDI...
“Özünüzə
yer axtarın. Yer kürrəsində həyat 100 ildən sonra sönəcək...”
Stiven Hokink
BAŞLIQ
Bizdə,
adətən giriş yazardılar. Mən isə çox vaxt başlıq yazıram.
Niyə?
Özüm də bilmirəm.
Sadəcə,
bu söz xoşuma gəlir. Ona görə, onu bir az izah edəcəm.
Başlıq
sözü, vaxtilə dilimizdə geniş işlənib.
(İndi
bizim adamlar o qədər müasirləşiblər ki, dilimizdəki bir çox maraqlı kəlmələri
nəinki bəyənmirlər, hətta lağa qoyurlar. Hələ dilimizdə danışmağa belə, nənələrimiz
demişkən, ağzı ağrıyanlar var. Ona görə, başlıq kəlməsini burada bir az izah
etməli olacam.
Bu söz, yəni başlıq kəlməsi bizim dədə-babalarımızın dilində bir neçə
mına verib ki, indi o mənalar arxaikləşib. Başlıq sözünün birinci mənası qız
uşaqlarını ərə verərkən oğlan evinin ödədiyi müəyyən məbləğdə pul vahididir.
Bu, çox qədim zamanlarda qaldığı üçün, indiki cavanlara çətin ki, başa sala biləsən.
İkinci
məna baş geyimi mənasındadır ki, soyuq havalarda paltonun, yaxud gödəkçənin
boyun hissəsinə tikilən, yaxud zəncirlə bənd edilən qalın parçadan olurdu. Bu,
indi də var.
Üçüncü
məna bir yazının girişi, yaxud başlığı mənasındadır. Yəni bizim yazımızın da
başlığıdır.)
Burada
səfərimizin mənasını qısaca anlatmağa çalışacam.
Hər
dövrün öz ağır problemləri olur. Bizim dövrün ən qorxunc problemi hələ də mənbəyi
bilinməyən bir yolxucu xəstəlik idi ki, düz iki il əvvəl qara yel kimi əsib,
qara tutu güclü külək tökən kimi ölkələrin əhalisini qırıb tökdü. Qonşumuz
İranda 30 faiz, qardaş ölkəmiz Güney Azərbaycanda 25 faiz, Moskva ölkəsində* 40
faiz, Tatarıstan ölkəsində 40 faiz, Kırım ölkəsində 30 faiz, Ukraynada 30 faiz,
qardaş Türkiyədə 25 faiz, Gürcüstanda 20 faiz, Hayestanda 20 faiz, bizim ölkəmizdə
də 20 faiz əhali tələf oldu.
Qəbiristanlarda
qəbir qazmağa texnika yetmirdi. Məscidlərdə əhali ölüsünü yuduzdurmaq üçün növbəyə
dururdu...
Xoşbəxtlikdən,
Türkiyə, Güney Azərbaycan Respublikası və bizim Marsa birgə göndərdiyimiz ekspedisiya gəmisində çalışan alimlərimizin
apardıqları tədqiqatlar nəticə verdi, xaricilərin öz red death, bizim alimlərimizin
isə qırmızı ölüm adlandırdıqları pandemiyanın peyvəndi tapıldı və yalnız peyvəndləmədən
sonra kütləvi adam ölümü dayandı. (Ona görə qırmızı ölüm ki, xəstəliyə
yoluxanlar iki gün ərzində alça turşusu kimi qızarır, şişir və partlayaraq
ölürdülər. Belə bir hal, təxminən 53 il əvvəl olmuşdu. Təkcə bizim ölkədə
deyil, bütün dünyada boy göstərəm koronavirus – taclı virus çoxlu insan tələfatına
səbəb olmuş, yalnız peyvəndi icad edildikdən sonra qarşısı alınmışdı. Hətta bir
yazıçı buna aid hekayələr və bir romandan ibarət kitab da yazmışdı.*)
Bu
ağır ölüm virusu ilə təzəcə üzülüşmüşdük ki, onsuz da illərdir əziyyət çəkdiyimiz
ekoloji problem sürətlə qabarmağa başladı – aylarla davam edən quraqlıq nəticəsində
çaylar qurumağa, bulaqlar batmağa başladı. İçməli su problemi ölkəni çənginə
aldı. Suvarma sistemləri sıradan çıxdı. Kənd təsərrüfatı və onun mühüm qolu
heyvandarlıq çökdü.
--------------------------------------------------------------------------------
*Olar on ildir ki, Rusiya deyilən dövlət varisi
olduğu keçmiş SSRİ kimi parçalanıb. İndi Rusiya təkcə Moskva Respublikasından
ibarətdir. Rusiyanın tərkibindən ayrılan on səkkiz respublika özünü müstəqil
elan edib ki, onların da çoxu türk respublikalarıdır.
*20-21-ci əsrlərdə yaşamış yazıçı Azad Qaradərəlinin
bu mövzuda yazılmış əsərlərinə işarədər.
Küçə
itlərinin, quşların kütləvi qırılması daha qorxunc xəstəliyə yol aça biləcəyi
üçün mən – bu sətirlərin müəllifi də daxil olmaqla bir qrup adamı ölkənin
Ekologiya agentliyinə çağırdılar.
Uzun
məşvərətdən sonra bizim 9 nəfərdən ibarət heyətin tərkibi təsdiq edildi və iki
gün sonra yola çıxdıq. Qalan mətləbləri yazının içərisindən də öyrənə biləcəyiniz
üçün bu başlığı burada nöqtələyirəm.
BİRİNCİ
SƏFƏR
Hava
və günəş sistemi ilə işləyən tanka oxşayan zirehli maşınla yola çıxmışıq. Bu
maşının bir üstünlüyü var ki, dağ-daşa rast gəldikdə, yəni hamar asvalt yol
olmadıqda qanadlarını açaraq on metr məsafəyəcən yuxarı qalxır və maneəni dəf
etdikdən sonra rahatca yerə enə bilir.
Lakin bir çətinliyimiz var: maşının yerə enməsi zamanı, nisbətən rahat
alan olmalıdır. Ona görə də havaya qalxmaq bir qədər risklidir. Bələd
olmadığımız bu sahələrdə maşının fəzaya qaldırılmasına elə də meyl etmirik.
Lakin
bu yerlərdə uzun zamandır insan yaşayışı olmadığı üçün, bizim relyefə bələdçiliyimiz
yalnız yazılı mənbələr və buralarda yaşamış yaşlı insanlar vasitəsi ilə ola
bilir.
Paytaxtdan
buralaracan olan ən böyük məsafəni qət etdikdən sonra maşınımızı uyğun bir yerdə
saxlayıb, ayaqla yola davam edirik. Çünki bizə lazım olan nəsnənin
başlanğıcının elə buralarda ola biləcəyi ehtimalı böyükdür.
Bürkü.
İsti. Havasızlıq. Ayağımızın altında ovulan torpaq asanlıqla qum dənələrinə
çevrilir. Qabaqda gedən bələdçi – o həm də rəhbərimizdir - dayanıb qarşıdakı tək
ağacı göstərir və batıq səslə:
-O
ağacın dibində dayanaq, bir az kölgələnək, - deyib sağa burulur.
Biz
yeddi nəfərik. Yox, köhnə nağıllardakı kimi 7 rəqəminin sehrinə-zadına düşməmişik.
Sadəcə, son anda iki adam bizimlə yola çıxmaqdan imtina etdi və başçımız köhnə
fikirli adam olduğundan daha iki nəfər könüllü axtarmağa vaxt sərf etmədi. (Nə
bilim, bəlkə 7 nəfər qalmağımız ona sərf edirdi. Axı onun kimilər, hələ də
sehrli qüvvələrə, ağatlı oğlanlara-filana inanan olurlar. Qəribədir, 22-ci əsrin
başlamasına az qalıb, hələ də adam var
ki, 21-ci əsrin əvvəllərində ilişib qalıb. Hətta 20-ci əsrdən çıxa biməyənlər də
var! Təbii, belələri azdır, amma var.) Biz arxadan gələnlər onun ayaq izləri ilə
gedirik.
Bir gürzə aramızdan şığıyıb keçir. Əlimdəki elektron əsanı qaldırıb onu
vurmağa taqətim olmadığından sadəcə, o səmtə uzadıram ki, əsanın elektrikindən
keyisin, bir də bizə tərəf gəlməsin. Əsa ilanın quyruğuna toxunan kimi cücə
kimi cükküldəyir, bu da o deməkdir ki, artıq ilan zərərsizləşdirilib.
Mənim
yanımla addımlayan Ze (onun tam adı Zəkadır, lakin biz qısaca adının baş hərfinin
səsləyişi ilə çağırırıq) yoldan çıxıb ilanın üstünə şığımaq istəsə də mən
“stop” komandası ilə durdururam.
-Nə
işin var?! O bizə toxunmadı ki... – Məndən qabaqda gedən İl (adı İlkindir)
narazılıqla dillənir.
-Babamın
səsli xatirələrini dinləmiş, kitablarını oxumuşam. Buralar cənnət imiş. İldə üç
dəfə məhsul götürürmüşlər. İndi gürzələrin məskənidir. İmkanım olsa, hamısını
bu elektrikli əsamla məhv edərəm... – Hirslə dillənirəm.
-Onu
Heredot da yazıb ki, Arranda bir ildə üç dəfə məhsul götürürlər.
-Heredotu
neynirsən, bizim o xarabalığı qalan kənddən olan yazıçının kitabından da
oxumuşam ki, anası yazda lobya əkərmiş, yayda onu sökər, yerinə xiyar əkər,
payızda isə xiyar tağlarını sökər, yerinə payızlıq qarğıdalı səpərmiş... Oldumu
üç dəfə, oldu...
-Bu
dağın adı Qaladaşıdır. Yəhər belinə baxın hələ... Bizim nəsildən olan yazıçı
bir əsərində onu yandan baxanda xıxmış, yəni yerə yatmış dəvəyə, axşam tərəfi
isə üzbəüzdəki Yarımyaylağın kölgəsi üstünə düşəndə dikqulaq qurda bənzədib...
-Hə,
axı onlar dikqulaq qurdu öz əcdadları sanırdılar... Ha-ha-ha... – Ze rişxəndlə
gülür və mən onu əlimdəki əsa ilə vurmaqdan özümü güclə saxlayıram. Bu it oğlu
özü dəmir ola-ola bizi ələ salır, inanclarımıza lağ edir, hətta dolayır. İlin
acıqlanmasından ehtiyat etməsəm, dərsini verərdim – sadəcə düyməsini bassam, bəsdir,
it kimi gəbərəcək. Amma olmaz. Bu alçağın beyni saat kimi işləyir. Verdiyimiz ən
ağır sualı yarım dəqiqəyə çözür...
-Ən
dəhşətlisi isə bilirsən nədir? Bu dağın dibi ilə Bəsit adlı bir çay axarmış...
Yerində indi ancaq çaylaq qalıb... – İl ah çəkib iri ağacın kölgəsinə çatdı,
dizini qatlayıb od qalxan torpağın üstünə çökdü. Biz isə bir az aralıdakı
çaylağa acı təəssüflə baxırdıq.
Sonra
əlini kürəyindəki çantaya apardı, onu alıb yerə qoydu, əvvəlcə termosa oxşayan
ağzı bağlı bir qab çıxartdı, düyməsini basıb bir an gözlədi və balaca məməciyi
ağzına yaxınlaşdırıb əmdi. Boğazından aşağı axan suyu əli ilə silib dayandı,
qabı mənə uzatdı. Sonra çantasından bir balaca kitaba oxşayan şey çıxartdı (biz
buna “ki”, yəni kitab deyirik), kinin üstündəki düyməciyi basdı, vərəqlərin
arasında oynaşıb sıraya düzülən sətirləri oxumağa başladı: “Burada, Qaladaşının
(biz bu dağa indi Qa deyəcəyik – İl başını qaldırıb bizə baxaraq deyir) bir az
yuxarısında bir bulaq var, adına Aşağıbulaq deyərdik. O bulağın yeri əvvəl çox
yuxarıda, Ağincir dediyimiz incir ağacının ətəyində idi. Qaragözün bəzi
oğul-uşağı o incirliyi kəsib-doğradı, sanki bulaq küsdü, əvvəl qurudu, sonra da
kimsə onu başqa yerdə axtardı. Kəsik çinar dediyimiz ağac vardı burda, onu da
qurutdular, bax onun bir az yuxarısında Bərəher deyilən yerin qurtaracağında o
bulağı qazıb tapdılar. Bulaq çıxmağına çıxdı, amma əvvəlki dadı vermədi. De,
niyə? Ondan ki, əvvəlki bulağın suyu lap yuxarıdan, Mirzə Haşım qəbiristanının
sağ əlindəki təpədən süzülüb gəlirdi, indiki isə ordan gəlsə də Bəsit (biz indi
ona “Bə” deyəcəyik) çayının suyuna qarışırdı... Nə suyumuz o sudur, nə
torpağımız o torpaqdır, nə çayımız o çaydır...”
İl
ah çəkib alnında puçurlanmış təri əlinin dalı ilə silir və mənə sarı dönür:
-Az,
sən bilirsən ki, bax, o dağın döşündə yerləşən qədimi binanı sənin baban
tikdirib?
Mən
heyrətlə onun göstərdiyi səmtə baxıram:
-İl,
babamın kitablarından oxumuşam bunu... Demək, o həmin binadır? Məktəb binası?
-Hə.
Məktəb.
İl
dəstənin qoruyucuları olan polara (köhnə adamlar “polis” deyərmişlər) tərəf
dönür:
-Sən,
baş po, məlumat ver, təhlükəsizlik barədə son vəziyyət nədir?
O,
əlindəki kiçik cihaza baxa-baxa danışır:
-Xəbər
belədir: buralarda xallı pələng görünüb, ayılar da var. Ceyranlar yuxarı meşəliklərə
çəkilib su çatışmazlığına görə. Ən qorxulu düşmənimizsə, ilandır. Onu da həm
ayağımızdakı elektron çəkmələr, həm də əlimizdəki elektron əsalarla zərərsizləşdirə
bilərik...
-Bəs
haylar barədə nə deyə bilərsiniz?
-Bu
xalq, demək olar ki, Bə çayının başınacan buraları tərk edib... Bilirsiniz də,
buradakı Bə, yaxud Ba, yəni köhnə adamların Bəsit dediyi çaya həm də Baharlı
çayı deyiblər... Hətta onların lap yuxarıdakı Şeşkirt, Hənd, Sav kəndləri də
indi boşdur. Bir məlumata görə, indi Qafan şəhərində cəmi min nəfər adam
yaşayır. Onlar da hay deyillər, xaricdən gəlmiş mis mədənində işləyən
miqrantlardır.
Mən
söhbətə qoşuluram:
-Biz
bu səfərə çıxmamışdan öncə, balaca bir araşdırma apardım. İndi Hayestan deyilən
ölkədə cəmi bir milyon adam yaşayır. Onların da çoxu bizim Təbrizdən və
İstanbuldan oraya işləməyə gedən türklərdir. Bir əlli il də keçsə, yəqin ki,
Hayestan deyilən ölkə və dövlət tarixə qovuşacaq. Rusa və Hindistana axışan
haylar regionda yaranmış ekoloji böhrana görə buraları sürətlə tərk edirlər...
İl
bayaqdan heç danışmayan məsləhətçi Elə tərəf baxır və baxışları ilə sanki ondan
nə isə soruşur.
El
(ona üçüncü babası Eldarın adını qoyublar, amma biz, sadəcə El deyirik) müdrikcəsinə
başını yelləyib acı-acı gülür:
-Mənim
səksən yaşım var. Sizdən fərqli olaraq mən o hayları yaxşı tanıyıram. Bizim
onlarla son davamız olanda, yəni köhnə təqvimlə 2020-ci ildə mənim otuz yaşım
vardı. O davada mən də iştirak etmişəm. Onda onların cavanlarının vuruşmaq istəmədiyinin
şahidi oldum. Həmişə bizə qarşı aqressiv olan haylar bu dəfə, nədənsə ancaq
qaçmağa çalışırdılar. Elə qaçdılar da. Yəqin köhnə kitablardan, elə bizim yerli
yazıçımızın kitablarından da oxumusunuz? O döyüşdə biz onlara ölümcül zərbə
vurduq. Bir daha özlərinə gələ bilmədilər...
-El
əmi, ona görə indi qaçırlar? – İl soruşdu.
-Həlbəttə,
o da var, amma onlar bir az da keçmişi bilən, gələcəyi görən qazdan ayıq millətdir.
Bilirdilər ki, gəlmə olduqları bu yer onlara darlıq edəcək, necə ki, etdi. Bir
də onlar gələcəyi – indiki ekoloji katastrofanı görürmüşlər... Çayların
quruması, bulaqların yoxa çıxması, meşələrin məhv olması, torpağın şoranlaşıb
quma çevrilməsi onları bu yerlərdən qaçmağa vadar etdi... Onlar gedə bilər, biz
isə heç yerə gedən deyilik! On il bundan əvvəl Təbrizdə inqilab baş verdi, ölkəmiz
son üç yüz ildə ilk dəfə vahid ölkə, vahid dövlət oldu, daha ayrı dərdimiz
qalmadı – bu ekoloji fəlakətdən savayı. Buna qarşı aparacağımız mübarizədə bizə
ən vacib olan amil sudur. Bilirsiniz ki, neçə illərdir ki, Qrenlandiya uğrunda
üç böyük dövlət arasında savaş gedir. Hələ Antraktida uğrunda təzə qızışan
buzlaq savaşı Çinlə Hindistanı üz-üzə qoyub... Bizim nə Qrenlandiyada gözümüz
var, nə Antrakitidada. Bizim öz torpaqlarımızda tapacağımız xoşbəxtlik bizə yetər.
İl, sən ağıllı alimsən. Xahiş edirəm, köməkçlərini də götür, bu gün köhnə təqvimlə
2075-ci ildə - bu təzə təqvimlə edir 2080-ci il – mart ayının 18-də, bayrama
iki gün qalmış tamam qurumaq üzrə olan Araz çayından Qara (əvvəlki adı Qaradərə
idi) kəndinin başınacan tədqiqat aparın, bir-iki günə məlumat hazırlayın, görək
biz buralardan yeraltı su hövzəsi tapa bilərikmi? Əgər bunu tezliklə edə bilməsək,
onsuz da bu əlli ildə insan ayağı dəyməyən bu yerləri biz birdəfəlik itirəcəyik...
Halbuki yadımdadır, buralarda bərəkətli torpaqlar vardı. Bizim Azın babası olan
yazıçının kitablarından da bunları oxuya bilərsiniz...
(Az
– mənəm. Babam Azadın adını mənə qoysalar da, hamı Az çağırır. Yəqin ki, bir
azdan elə yeni kimliklər tərtib olunanda da Az yazılacaq. Çünki indi insanlar
danışmaqdan çox, bir-birilərini işarələrlə - mesajlarla başa salır.)
Ağacın
altında sərinlədik. Hər kəs öz elektron qabında sonuncu dəfə hazır naharını
qızdırıb yedi. Və başçı elan etdi ki, sabahdan etibarən hər kəs özü öz qarnını
doyurmaq qayğısına qalmalıdır. Çünki bura gəldiyimiz beş saat ərzində özümüzlə
gətirdiyimiz hazır yemək və içəcəklər tükənmişdi.
Elektron
çadırları bir göz qırpımında qurub işə başladıq.
(Bəzi
mətləblərə aydınlıq gətirim ki, bu ekspedisiyanın məqsədini biləsiniz. Əvvala,
bizim alimlər ötən illər ərzində sübut etdilər ki, ata-babalarımızın işlətdiyi 28, 29 fevral, 30, 31 günlük digər
aylar, 7 günlük həftələr, 24 saatlıq sutkalar artıq caiz deyl. Çünki zamanın
sürəkliliyi bizə diktə edir ki, bir gündə o qədər sürətlə vaxt keçir və o qədər
hadisələr o bir günə sığır ki, bunun 12 saat gün, yaxud 24 sutka olması,
bunların da birləşib 365, yaxud 366 gün əmələ gətirməsi qeyri-mümkündür. Uzun
axtarışdan sonra, belə qənaət hasil oldu ki, ən azı on ilə on bir il sığır. Ona
görə də 2025-ci ildən ötən köhnə təqvimlə 50 ilin üstünə hər on ilə bir il gəlsək,
bu edir 55 il. Yəni indi yeni təqvimlə 2080-ci ildir. Bu belə...
İknicisi
isə, yəqin danışıqlarımızdan da duydunuz, bu regiondakı, köhnə dillə desək, Zəngəzurun
Zəngilan-Qubadlı bölgəsindəki (biz uzun uzadı ad qoymağı sevmirik daha, ona görə
bəzən bir adı elə baş hərfi ilə, ya da ikinci hərflə yanaşı işlədirik, ona görə
də Zəngilan-Qubadlı əvəzinə elə Z-Q deyirik), yəni Z-Q regionundakı Bə (Bəsit),
Ox (Oxçu), Bər (Bərgüşad), Hə (Həkəri) və yeri-yurdu bəlli olmayan digər kiçik
çaylar quruduğundan bu ərazilərimiz xaraba səhraya çevrilib. Mən bu torpağın
yetirdiyi nəslə məxsus bir qələm adamı kimi - indi əvvəlki təki uzun-uzadı romanlar yazılmasa da, insanlar
üçün ekzotika kimi roman hələ də maraqlıdır, ona görə də mənim bir elektron
romanlar müəllifi olaraq bu ekspedisiyaya qoşulmaqda məqsədim buradan yeni bir
mövzu çıxartmaqdır - məhv olmuş bəhərli torpaqlarımızın yararlı hala gətirilməsi
uğrunda aparılan mübarizəyə qatqım olmasını istəyirəm... Və, ən əsası
tapacağımız yeraltı su ehtiyatı ilə ölkənin, xüsusən köhnə başkənd Banın (Bakının)
və yeni başkənd Qənin (Qələbənin) su ilə təminatını yaxşılaşdırmağa kömək etmiş
olacağıq. Bu, bir növ strateji məsələdir.)
***
Yeddi
nəfərlik dəstənin içərisində yeganə mütəxəssis olan O (adı Omardır,biz sadəcə O
deyirik) dörd saatlıq gərgin tədqiqatdan
sonra elektron katoloqa yüklədiyi hidrometrik lotları və dərinlikölçən
exolotları bizə göstərərək sevinclə deyir:
-Zenin
hesablamaları doğru çıxdı. İlkin ehtimallarımız öz təsdiqini tapdı. Exolotların
qənaətinə görə, bu dağın altı ilə dərin bir çay axır. Yanılmıramsa, buradan keçərək
indi tam qurumaq üzrə olan Arazın altından burulub, Qa dağının (Qara dağın) məhvərindən
adlayıb Heydərbabayacan gedir. Əlbəttə, bu ilkin ehtimaldır... İstiqamətin təyini
səhv də ola bilər... Amma kəşfimiz dürüstdür!..
O
bir qədər nəfəsini dərib başçımıza tərəf üz tutur:
-Bilməlisiniz
ki, bu kəşfdən daha önəmli bir şey də tapmışıq: bu vacib yeraltı su
ehtiyatından başqa Qar (Qaragöz) kəndinin
xarabalıqları olan ərazidə elmdə ağır su deyilən bir tapıntıya da tuş gəldik. Məlumunuz
olsun ki, bu ağır sudan atom-molekulyar qurğularının işlədilməsində istifadə
olunur. Düzdür, kimyəvi reaksiyalar zamanı onu süni surətdə almaq olur, lakin təbii
ağır su həmişə daha önəmli olmuşdur...
-Deməli,
bu boyda əzab-əziyyətə dəyərmiş!
-Bəli!
-Elə
isə, poların biri mənə dedi ki, bir cüyür vurub. Gedin ocaq qalayın, bu günkü
tapıntımızı qeyd edəcəyik... Mənim çantamı gətirin, orada yerli istehsal olan şərab
var... Bu gün içmək olar!
Hamı
sevincək odun tədarükünə başladı. Mən isə bu yenilikləri qeyd etmək üçün
elektron kitabçamı açıb kölgəyə çəkilirəm...”
***
...O
daha nələrsə oxumağa başlamışdı ki, gözlərim açıldı və qarşımda kompüterdən
yarımçıq əsərimi özümə oxuyan mənim oxşarım yox oldu. Bu qorxunc yuxudan
ayılmamış vəzirin başı göründü. Bildim ki, durmaq vaxtıdır. Hökümət işləri
tökülüb qalıb axı. Amma yuyunmağa getməmiş ona tapşırıram:
-Mənim
evdəki kompüterimi təcili surətdə bura gətirt!
Qocanın
təəccüblə mənə baxdığını görüb ona bəzi mətləbləri anlatmağa çalışıram:
-Vəzir, bilirsən də, mən axı
yazıçıyam... Üstündə işlədiyim son əsər var ki, başdan-başa faciədir. Belə səssiz
faciə. Ölüm, qan, qırğın yoxdu, amma faciənin səs-soraqsız içimizə ilan kimi
süründüyü açıqca görünür... Bax, təsəvvür elə ki, fevral ayıdır, amma ağaclar
yarpaqlayıb, hətta bəziləri çiçəkləyib də. Bu yerdə deyirəm ki, qışın özünü yaz
kimi aparması çox qorxuludur. Yazla qış ərlə arvad kimidir. Gərək araları
açılmasın. Açıldımı, fəlakət olar. Birində ailə dağılar, o birində dünya...
İndi
quraqlıq kəsib dünyanın qapısın. Bunun görsənən adı quraqlıqdır, əslində isə fəlakətdir.
Deyəsən, dünyanı yaradan kişi peşiman olub...
-18-
Vəziri
çağırıb mobil telefondakı xəbəri ona göstərirəm:
-Kamal
Sultanov adlı riyaziyyatçı alim bir məchul tənliyin həllini tapıb, xəbərin var?
-Qardaşım
Qardaş, mənim riyaziyyatdan başım çıxmaz ki? – Boynunu bükür.
-Guya
mənimki çıxır?! Amma bu adam böyük kəşf edib. Tap onu, bura çağır. Mükafat təqdim
edəcəyik.
Vəzir
məlul-müşkül halda gedir. Onun sifətindən bunları oxudum: “Neynirsiniz axı onu?
Riyaziyyat bizim nəyimizə lazımdır? Fizika, kimya, riyaziyyat kimi elmlərdən zəhləm
gedir. Qoy səhərdən axşamacam şeir deyək, mahnı oxuyaq... Yoxsa iks üstəgəl
iqrek bərabərdir zet, bilmirsən, dur, burdan get!”
Mən
isə telefonunmda qeyd etdiyim xəbəri təkrar oxuyuram:
“Navier-Stokes
tənliyi maye mexanikasını, sıxılmayan mayelərin axınını təsvir edən qismən
diferensial tənlikdir. İsveçrə riyaziyyatçısı Euler (Eyler) tərəfindən
yaradılan tənliyin ümumiləşdirilməsidir. Leonhard Euler 18-ci əsrdə sıxılmayan
və sürtünməz mayelərin axınını təsvir etməyə çalışdı və məşhur 7 körpü tənliyinin
həllinə cəhd etdi. 1821-ci ildə fransız mühəndis Claude-Louis Navier, daha real
və olduqca çətin olan özlülük mayeləri üçün özlülük (sürtünmə) elementini təqdim
etdi. 19-cu əsrin ortalarında ingilis fizik və riyaziyyatçı Sir George Gabriel
Stokes bu işi daha da yaxşılaşdırdı, lakin yalnız sadə iki ölçülü axınlar üçün
tam həllər əldə edildi. Mürəkkəb burulğanlar, təlatüm və ya xaos, sürətlər
artdıqca üçölçülü maye (qaz daxil olmaqla) axınlarında meydana gələn hər bir təxmini
ədədin analiz metodları üçün çətin olduğunu sübut etdi.
2000-ci
ildə, üç ölçüdə Navier-Stokes tənliyinə hamar, ağlabatan bir həll mövcud
olub-olmadığı təyin olundu. Minilliyin Problemi, xüsusi mükafat üçün ABŞ-ın
Massachusetts əyalətindəki Cambridge Clay Riyaziyyat İnstitutu tərəfindən
seçilmiş yeddi riyazi problemdən biri kimi qəbul olunur. Hər Minilliyin
Problemi üçün həll yolu 1 milyon dollardır.
Türkiyədə
yaşayan və Iqdır Universitetində çalışan həmyerlimiz Kamal Soltanov, nəhayət
ki, bu riyazi müəmmanın çözümünü tapıb. O, Navier-Stokes tənliyinin həllini kəşf
edib. Kamal Soltanov deyib ki, bu AXINLAR TEORİSİDİR ki, onun hər yerdə,
ekologiyada, sinergetikada, təyyarələrin, raketlərin hazırlanmasında da istifadə olunacaq.
Sözügedən
tənlik indiyəcən həllini tapmayan 7 çətin riyazi teoremdən idi ki, onlardan
yalnız biri – Puankare hipotezi rus riyaziyyatçısı Parelman tərəfindən həll
edilmişdi.”
Mən
məmnunluqla gülür və öz-özümə deyirəm:”Biz bu tənliyi Soltanov tənliyi
adlandırmalıyıq!”
Və
tez də səhvimi düzəldirəm: “Soltanlı tənliyi!”
Bu
vaxt vəzirin başı görünür qapıda.
-Qardaşım
Qardaş, tapmışam, amma iki saat sonraya bilet alıb, Türkiyəyə uçmağa
hazırlaşır...
Hirslə
onun sözünü kəsirəm:
-Ay
kişi, nə bilet?! De ki, biz ona ayrıca təyyarə tutarıq, lazım gələrsə. Bileti
qaytarsın, bura gəlsin. Biz onu necə lazımdır, yola salarıq.
-Mən
dedim... Dedi ki, qala bilməz... Təzə bilet almağa pulu yoxdur... İndi Türkiyəyə
təyyarə bileti bahadır axı...
-Sən
o Hava limanının rəisini bura çağırtdır! Kamal bəyi isə yola salmaq üçün bir
yaxşı heyət göndər. Gül dəstəsi, yaxşı ləziz şirniyyatlar, ən bahalı içkilər,
bir sözlə kişinin adına layiq törən düzəlt!.. Özün də de ki, bizim ölkə başçısı
sizinlə görüşmək istəyirdi, nə yazıq ki, alınmadı... Eybi yox, haçan ürəyi istəsə,
yaxın zamanlarda biz onu Bakıya dəvət edər, burada bir yaxşıca ağırlayarıq...
Vəzir
yazıq-yazıq başını aşağı salıb susur.
-Di
get də, niyə büzüşmüsən?
Adam
qorxa-qorxa əlindəki planşeti mənə sarı uzadırmış kimi dillənir:
-Mən
sizinlə danışarkən bu adamı bir az araşdırdım... Bir inanılmış mənbədən
bildirdilər ki, o şişirdilmiş hadisədir... Adam o dərəcədə də...
Hirslə
bağırıram:
-Qələt
edirlər! Sən bilirsən nə danışırsan?! Sən mənim tapşırığıma qarşı çıxırsan?!
Onun
əl-ayağı əsir, az qalır ki, planşeti əlindən salsın?
Bu
yaşlı adama acıyıram və gülümsünürəm.
-Qulaq
as. Sənə bir əhvalat danışacağam... Rəhmətlik Molla Nəsrəddin bir gün bir dəvə
kəsir və ehsan kimi camaata paylayır. Sonra da bunu hər yerdə danışmağa
başlayır. “Bəs bir dəvə kəsmişdim, əti quzu əti kimi, yeyən beş barmağını
yalayardı...”
Bir
belə, beş belə, axırı bir nəfər dözmür, deyir, a kişi, xata olub, bir dəvə kəsmisən,
day bizi dəng elədin, bəsdi də!
Molla
qeyzlə həmin adamın sözünü kəsir:
-Ə,
a bala, min ildi bir qoç kəsiblər, kəsmiyiblər, dastan bağlayıblar, kitab
yazıblar, İlahi kitabların hamısına salıblar, film çəkiblər, hələ də
danışırlar, yazırlar, çəkirlər. Bəs mən o boyda dəvə kəsmişəm, danışmayım?!
Danışacam, hələ beş də artıq eliyəcəm. Xoşun gəlmir, eşitmə, yum qulaqlarını!..
Gülürəm.
Vəzir də gülməyə çalışır. Və mən məmnun halda:
-Di
get, dediklərimi yerinə yetir, - deyib rahatlayıram. Adam bu dəfə lap
ağlamsınır:
-Dediklərinizi mən hansı hesabdan ödəyim?
-Yaz.
Akademiya işçilərinin içərisində ölkə əhəmiyyətli və xüsusən beynəlxalq əhəmiyyətli
kəşflər, yeniliklər və novatorluq duyğusu yaradan əsərlər üçün xüsusi fond yaradılsın və həmin fonddan seçilən
alimlərə ayrıca pul mükafatı ödənilsin. İlk mükafat 100 min AZN dəyərində
olmaqla Kamal Soltanova verilsin!.. Di get, əməl elə... Bu pullar Neft fondunda
yığılıb qalan hesabdan ödənilsin.
Adam
gedir. Mən isə ağır fikrə dalıram.
Kamal
Sultanov mənim təklifimi qəbul etmədi. Bu nə deməkdir? Mənim hakimiyyətimi qəbul
etməməkmi, yoxsa bunu ciddiyə almamaqmı?
Hər
nədirsə, bu barədə ciddi-ciddi düşünmək lazımdır.
Elə
bu gün xarici ölkələrin səfirlərini qəbul etmək lazımdır...
Mövlananaın
sözlərini dilimin altında vird edirəm:”Yıxıl, qalx, amma əyilmə...”
Mən
bu uzun ömrümdə heç əyilmədim. İndi buradamı əyiləcəyəm?!
Haşa!
Sonu ölüm olsa belə, sonacan gedəcəyəm. Onsuz da yazıçı kimi tarixə düşmüş
adamam. Ən pis halda, antalogiyalarda da olsa, məni xatırlayacaqlar.
Demək, tarix məni yaxşı hökmdar kimi xatırlasın deyə yox, əlimə düşmüş
imkandan xalqıma və vətənimə yardım etmək üçün istifadə etməliyəm...
***
Artıq
xətti açıq olan telefonuma zəng gəlir.
-Buyurun,
eşidirəm.
-Bağışlayın,
qardaşım qardaş, sizi Kamal Soltanov narahat edir...
-Hə,
çox yaxşı. Mən sizi təbrik edirəm...
-Mən
çox üzr istəyirəm... Bilirsiniz, düzü, mən ölkədə nələr baş verdiyini anlamaqda
çətinlik çəkirəm... Sizi isə tanımırdım... İndi öyrəndim ki, yazıçısınız, hətta
Türkiyədə də kitablarınız çıxıb...
-Hə...
Bunlar boş şeydir... Əsas sizin qələbəniz... O xətti tənliyi... Düzü, mən bu
riyaziyyatı yaxşı anlamıram... Amma onu bilirəm ki, kəşfiniz dünya əhəmiyyətli
məsələdir... Sinergetika... Aviasiya... Raketqayırma kimi məsələlərdə gərəklidir...
Ona görə də, mən tapşırmışdım ki, sizi dəvət etsinlər...
-Hə...
Bəli... Təəssüf ki, mən təcili Ankaraya uçmalıydım... İndi qəzetlər, eee,
bağışlayın, saytlar yazdı ki, siz mənim kəşfimə 100 min manat mükafat verilməsini
tapşırmısınız! Düzü, sizə necə təşəkkür edəcəyimi bilmirəm... O ki, qaldı sizin
dəvətə gələ bilməməyimə... Günahımı heç cür talafe edən söz tapa bilmirəm... Mən
təyyarədən enən kimi mütləq universitetin rəhbərliyi ilə əlaqə saxlayaıb, izn
istəyəcəm və iki günlüyə də olsa, sizin qəbulunuza gələcəyəm... İndi mən təyyarəyə
minməliyəm... Sizinlə xudafizləşməliyəm... Hər şeyə görə təşəkkür edir və bir
daha xətama görə sizdən üzr istəyirəm..
Bu
yaxşı oldu. Yoxsa, onun o qeyri-etik hərəkəti lap qanımı qaraltmışdı...
***
Əməlli-başlı
qrimlənmişik. Vəzir heç, onu kimdi tanıyan? Amma məni yazıçı kimi az-çox
tanıyırdılar, üstəlik də, şəkillərimi axşamdan qəzetlər, saytlar, televiziyalar
partapart yayımlayır. Ona görə, grimyora, belə qrim uastasına tapşırmışam ki,
elə qrimlə ki, bizim arvad da rastıma çıxsa, tanımasın.
Təzə
bazarda vəzirlə bərabər alver edirik. Cangüdənlərə tapşırmışam on metr bizdən
aralı dursunlar. Pomidor satana yaxınlaşırıq.
-Neçəyədir
pamidor?
-Üç
manat.
-Bəs
xiyar?
-Üç
əlliyə.
-Niyə
belə baha?
-A
kişi, mart ayıdı e! İndinin pamidor-xiyarı neçəyə olmalıdı ki?! – Satıcı üstümə
çımxırır.
Vəzir
ona gözünü ağardır. Mən də vəzirə.
-Alma
neçəyədir?
-Bunlar
xarici maldır, üç manatadır. Bunlar yerli maldır, iki manata.
-Bizdə
nə də olmasa, alma boldur axı, bu xaricdən gətirilən GMO məhsulları niyə
satırsınız?
-Onu
mənə niyə deyirsiniz?! Mən xaricdən mal gətirirəm? Gedin onu hökümət
adamlarından soruşun...
-Kartof
neçəyədir?
-Bu,
bir əlli, bu bir otuz, bu isə bir həştad... Xalis Gədəbəy malıdı.
-Həştad
yox, səksən.
-Olsun
səksən.
-Bax,
bu kartof, məncə insan orqanizmi üçün ziyanlıdır. Bu, mala verilən, donuzlara
verilən kartofdur. Bəs bu bazarın həkimi haradadır? Onu çağırın bura.
Az
sonra həkim gəlir və qışqıra-qışqıra deyir:
-A
kişi, sən kimsən ki, məni çağırırsan?! Mən məsul adamam, bu boyda bazara nəzarət
edirəm.
Vəzir
onu yanlayıb qulağına nəsə deyir. Adam ayaq üstəcə keçinir. Dedim, bu saat öləcək,
qalacaq üstümüzdə.
-B-b-bağışlayın,
qardaşım qardaş... Mmmən... mmmən...
-Bura
bax, a kişi! Bu kartof, heyvanlara yem üçün verilən kartofdur, eləmi?!
-Bbbəli...
-Bəs,
niyə satışına icazə vermisən?!
-Qqardaşım
qardaş...
-Get,
bazar rəhbərliyinə bildir ki, bu gündən vəzifəndən istefa verirsən. Sənə bir şəhərin
insanlarının taleyi tapşırılıb...
Ətrafımıza
çoxlu adam yığılır. Deyəsən, artıq bizim kimliyimizi öyrəniblər. Bunda vəzirin
də günahı oldu, şübhəsiz. Gərək həkimin qulağına pıçıldamayaydı.
Cangüdənlərin
köməyi ilə aradan çıxa bilirik.
Maşında
vəzirə diktə edirəm:
-Yaz,
vəzir. Bazarlara, ərzaq satışı nöqtələrinə nəzarət etmək üçün Baş nazirin
yanında xüsusi komissiya yaradılır. Bu günnən bütün satış nöqtələrində, o cümlədən
bazarlarda həmin xüsusi komissiya tərəfindən yoxlamalara başlansın. Şişirdilmiş
qiymət artımları, GMO məhsulların satışı, insana ziyanlı olan məhsulların
satışı yoxlanılsın, ölçü götürülsün. Sərhəd keçid məntəqələrində, gömrükdə
xaricdən gətirilən qida məhsullarına da yaradılmış yeni xüsusi komissiya tərəfindən nəzarət edilsin. Hər həftənin sonunda Baş
nazirə vəziyyətlə bağlı məruzə edilsin.
Vəzir
qəfil üzümə baxıb ağlamsınır:
-Sizin
bazara səyahətinizi manşetə çıxardıb saytlara qoyublar...
-Vəzir,
sənin səriştəsizliyinin nəticəsidir bu! Niyə axı o həkimin qulağına
pıçıldayırdın ki?!
-Qardaşım
qardaş, qorxdum ki, o sizi təhqir edə....
Ehhhhh...
Vəzir, vəzir... Sənə mən nə deyim axı?
***
Qəzetləri
gətiriblər. İndi bizdə bu qədər qəzet çıxdığını bilmirdim. Hətta ingiliscə də,
rusca da qəzet çıxırmış. Bir məqalənin başlığını oxuyub dəli oldum: “QARDAŞLARI
ƏR EVİNDƏN QAÇAN BACINI BALTA İLƏ ÖLDÜRDÜ”.
Daha
ardını oxumadım. “Şüşə ev” romanımdakı qızların faciəli taleyi yadıma düşdü. Və
illər əvvəl başıma gəlmiş bir olayı da xatırlamalı oldum...
...93-ün
sonları idi. Ağır qaçqın-köçkün həyatı belimdən bassa da, ailəmi Binəqədidəki
bir otaqlı evdə uzun müddət kirayədə necə saxlayacağımı düşünmür, daha mümkün
variantlar axtarırdım. Nəhayət, belə bir təklif aldım ki, bir alim (ər) və
yazıçı (keçmiş xanımı) Bakı kəndlərindən birindəki bağlarını ziyalı bir qaçqın
ailəsinə verməyə hazırdır.
O
bağa köçəndən sonra uşaqlarımın oxumasını da nəzərə alaraq ərazidəki məktəbləri
gəzməyə başladım. Bağın, nisbətən yaxınlığında yerləşən bir kənd məktəbinin
görünüşü və direktorun səmimiyyəti xoşuma gəldi. Amma məktəbdə elə bil uşağın
az olduğu şübhəsi ilə soruşdum:
-Səhərdən
baxıram, tənəffüsə çox az uşaq çıxır... Uşağınız azdırmı?
Direktor
gülümsədi, siqretini sümürüb Bakı ləhcəsinin ən tünd variantı ilə dedi:
-Bilürsüz,
bizim kentte şağları mektebe buraxmamağ kimi bir xəsteliy var... İllah da ğız
şağlarını heç qoymazlar...
Çox
təəccüblənsəm də, direktorla söhbətimiz tutdu. Hətta biləndə ki, mən
rayonumuzda məktəb direktoru olmuşam, xanımım da müəllimdir, dedi, ikinizi də
müəllim kimi işə görüreceyəm...
Adı
Əbdülağa olan bu qıvrımsaç adam çox danışan olmasa da, mənimlə söhbəti alındı.
Hətta tezliklə dostlaşdıq da. Məktəbdə bayram günləri, görkəmli adamların
ildönümü ilə bağlı tədbirlər hazırlamağım direktorun çox xoşuna gəldi.
Şəxsi
dostluğumuz tezliklə ailəvi dostluğa çevrildi. Baxmayaraq ki, onların kəndində
qadınlar kişilər olan məclisə gəlməzdilər, onun xanımı da bizim məclislərdə
iştirak edər, ailəmizə mehribanlıq göstərərdi.
...Əlbəttə,
bu məktəbdə işləməyim bu ağır köçkünlük həyatını aşa bilmək üçün lazım idi.
Tezliklə bir neçə yerdən iş təklifi aldım və bu kəndin məktəbi ilə vidalaşmalı
oldum. Az sonra uşaqlarımı da, xanımı da götürüb şəhərdə aldığım kiçik həyət
evinə köçdük.
Amma
Əbdülağa müəllimlə münasibətimizi kəsmədik. Bir-birimizin xeyir işlərimizdə, tədbirlərdə
görüşür, yeyib-içir, dərdləşirdik. Biləndə ki, universitetlərdən birində dərs
deyirəm, çox sevindi. “Bilirdim ki, mənim dostumun istiqbalı gözel olacey”
deyib boynumu qucaqladı, üzümdən öpüb doluxsundu.
Bir dəfə məndən xahiş etdi ki, hansısa ali məktəbdə oxuyan bacısı
qızının imtahanına kömək edim. “Bilirsən, ğədeş, o mənim mərhum bacımın
yadigarıdur. Birinci kursdan ərə verdük, yəxci hazırlaşa bilmədi... İndi
şağları da var... Kömey elüye bilsen, əla olar.”
Əlbəttə,
belə işləri sevməsəm də, dostumun rəhmətə getmiş bacısını, üstəlik iki uşaq
anasını darda qoya bilməzdim...
İmtahan
götürən müəllim də Bakı əhli imiş. Təəccübləndim ki, nə əcəb, Əbdülağa həmyerlisinə
özü deməyib bu məsələni?
Müəllimlə
kafedə görüşdük. Yaxş adam idi. Mənim utana-utana dediyim məsələni bilən kimi
gülümsündü və dedi ki, bizdə belə şey üçün utanmağa gərək yox...
Sonra
Əbdülağanın bir dostunun söylədiyi əhvalatı mənə danışanda tüklərim biz-biz
oldu.
“Bu
Əbdülağagilin kəntü, bilirsən yəqin, çox mühafizəkardur. İllah da Sovet
yıxılannan sonra Xomeyniçilər doldu kəntə. İrandakı İslamın qara niqabı bu kəntün
başı üstünü aldı. Qız uşağlarını məktəblərdən çağartdılar. Heç oğlanlar da düz-əməlli
oxumurdular. Bu Əbdülağanın bacısı onuncu sinifdə oxuyanda onu ərə verürlər.
Qızın da istədiyi varmış. Əri növbəli işdə olanda qaçıb istədiyi oğlanla
görüşürmüş. Bunu Əbdülağaya deyirlər. O da gedib qızı tutur, baltalayır, həyətlərindəki
su quyusuna tökür cesedinü... Hə, belənçik bir faciə... Sonradan məlum olub ki,
qız oğlanla intim münasibətə-zada görə görüşmürmüş, sadəcə, yarımçıq qalmış məktəbinə
davam etməy üçün oğlannan köməy alırmış... Əh, bizim Baki kəntləri bir
bilmecedür... Qıza isə ğiymet yazaciyəm, narahat olmaginən...”
...O
gündən sonra Əbdülağa ilə görüşməmişəm. Görüşə bilməmişəm...
Cəmi
iki dəfə zəng vurub, telefonu açmamışam...
Onun
bacı qatili olan o əlləri ilə məni qucaqlamasını qəbul edə bilmədim...
Qucaqladığı
boynum, sıxdığı əlim də günahkar idi elə bil...
...Vəzirdə
qəribə intusiya var. Haçan mən onu çağırmağa hazırlaşıram, başı qapıdan
görünür. İndi də belə oldu.
-Sizinlə
bir məsələni həll etməliyik.
-Buyurun.
-Yaz.
Bakı kəndlərində, uzaq əyalətlərdə qız uşaqlarına qarşı vəhşiliklərə son
qoyulması üçün Milli Məclisdə xüsusi qərar hazırlansın. Hüquq mühafizə
orqanlarına tapşırılsın ki, erkən nikahlar və qız uşaqlarının məktəbdən
yayınması məsələsini diqqətdə saxlasınlar....................................
Və
bunları da tapşırıram:
-Ekologiya
nazirini, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrini, Azərsu
Açıq Səhmdar Cəmiyyətinin sədrini, Bakı Su-Kanal idarəsinin rəisini təcili
yanıma çağır!
-19-
-Ölkənin
su ehtiyatları barədə sizin fikrinizi bilmək istəyirəm. Buyurun, təbii, ilk
olaraq nazirdən başlayaq.
Nazir
eynəyini taxır, bir qalaq kağızı qovluqdan çıxardıb oxumağa başlayır. Sanki
hesabat yığıncağıdır. Bir dəqiqə onun uzun girişini dinləyib dayandırıram.
-Mənə
beş dəqiqəlik fikir bildir: içməli su, suvarma suları, meşələrin qorunması,
yeni salınan meşə massivləri, ətraf mühitin çirklənməsi və bizi gözləyən fəlakətlərin
önlənməsi üçün nələr etməliyik?
Adam
qıpqırmızı qızarır və yenə vərəqlərə baxmaq istəyir. Hiss olunur ki, bu vərəqlərsiz
onun halı fənadır.
-Mir
Cəfər Bağırovun nəvəsi idimi, ya qardaşı nəvəsi idi, sizin yerinizdə işləyirdi,
onu tanıyırdınızmı?
Oturanlardan
biri nazirin cavabının gecikdiyini görüncə dillənir:
-Hüseynqulu
Bağırov...
-Ay
sağ olun... Onun haqqında min cür söz danışırdılar: rüşvətxordur, korrupsenerdir,
dövlət malına kəm baxandır və həkaza... Bunlarla işim yoxdur, mən onun ayrı əməlindən
danışmaq istəyirəm... Bax, o adamı mən yaxından görmüşdüm. Bilirsinizmi harada?
Bakı – Şirvan yolunun kənarlarındakı səhralıqlarda ağac əkdiyi yerdə... Sizin
indi hər iki tərəfi yaşıllıqla əhatə olunmuş yolla maşında rahat gedə bilməniz
üçün o adam istidə, soyuqda, qarda, çovğunda o səhralıalarda ağac əkirdi... Özü
şəxsən ağac əkirdi. Mən heç o adamı yaxşı tanımırdım. Lakin radioda işləyəndə təsadüfən
oralara gedib çıxmış və iki kəz onunla görüşmüşdüm... Bunu mən özüm görmüşdüm.
O adam əkirdi. Bəs siz nə etmisiniz? Danışın... Mən sizi dinləmək istəyirəm...
Təbii,
məni qane edən danışığı eşidə bilmədim.
Yenə
quru rəqəmlər, yenə vədlər, vədlər. Adamın bizləri gözləyən, başımızın üstünü
almaqda olan ekoloji fəlakətdən xəbəri belə yoxdur. Yəqin rahat kabinetinin pəncərəsindən
hər şey gözəl görünür.
-Siz
bizi əhatə edən mühitin ekoloji böhrana doğru sürətlə irəlilədiyinin fərqindəsinizmi?
Tezliklə bizim su qıtlığı ilə üz-üzə qalacağımızı anlayırsınızmı? Qurnanı
açanda suyunuz yaxşı gəlir, eləmi?!
-Cənab...
Eeee... Qardaş... Qurna nədi?
-Hə,
qurna, yəni krant...
-Krantdan
su gəlir... Yayda bəzən kəsinti olur, amma ölkədə su ehtiyatları normadan... Su
ehtiyatımız...
-Hə,
su ehtiyatımız nə qədərdir?! – qeyzlə qışqırıram.
O
kağızlarını əlləşdirərkən vəzirin başı görünür və əli ilə cavab vermək üçün
icazə istəyir. Mən başımı tərpətməklə razılıq işarəsi verirəm. Vəzir əlindəki
planşetə baxaraq deyir:
-Qardaşım
Qardaş, ölkəmizin su ehtiyatının ümumi həcmi 16,2 milyard kub metrdir.
Vəzir
çəkilir. Mən yenə nazirə dönürəm.
-Yaxşı,
cavabı eşitdiniz. İndi deyin, bu normaya uyğunmudur, yoxsa..?
O
udqunur. Masadakı su butulkasına gözucu baxıb, dərhal da gözünü yayındırır. Mən
ona işarə edirəm ki, su içə bilər. Adam əlləri əsə-əsə boş stəkana su töküb
içir və nəsə demək istəyir, amma səsi çıxmır. Mən gülümsünürəm:
-Gördünüzmü?
Bax, biz həyat qurtaran sudan danışırıq. Əgər o suyu içməsəydiniz, halınız
yaxşı olmazdı... Bütün cəmiyyət, ölkə bu haldadır. Biz təbiətin bizə
qarşılıqsız bəxş etdiyi bu müqəddəs neməti
göz bəbəyi kimi qorumalıyıq... Zaman-zaman bir çox əsərlərin mövzusuna
çevrilib su. Nizaminin su haqqında məşhur fikirləri yadınızdamı? Hələ “Xeyir və
Şər”in dastanı?!. Eh...
O
“bəlli” deyib, yenə kağızlarına baxır və deyəsən, şeir oxumaq istəyir:
-Sözün
də... Sözün də su kimi lətafəti var...
Adam
ekoloji fəlakəti qəti anlamır. Adamın bu işdə işləməsi ən azı günahdır. Ona görə
hirslə onu dayandırıram:
-Gedin,
ərizənizi yazın, işləri müavininizə təhvil verin. Özünüzə su ilə, ekologiya ilə
əlaqəsi olmayan iş tapın...
Adam
sapsarı saralmış vəziyyətdə kabineti tərk edir.
Azərsunun
rəisi və o biri suçularla da söhbətimiz sərt keçdi. İsrailin baş naziri olmuş
Ariel Şaronun İsrail dövlətini qurarkən quru səhrada, susuz bir yerdə nə edəcəklərini
çox düşündükləri və yaşama, xüsusən kənd təsərrüfatına ayrıca önəm vermələrinə,
buna uyğun olaraq şor dəniz suyunu necə yararlı suya çevirməyin elmi yolunu
axtarıb tapdıqlarını, bu təmizlənmiş sudan həm içmək, həm də suvarma üçün
istifadə etdiklərini və İsraili dünyanın ən qabaqcıl kənd təsərrüfatı ölkəsinə
çevirdiklərini onlara anlatdım və tapşırdım ki, o məruzəni mütləq tapıb
oxusunlar.
Ceyranbatan
su anbarı ilə bağlı, oraya gizli surətdə axıdılan kanalizasiyalarla bağlı sərt
söhbətimiz oldu. Onlara bir həftə vaxt verdim: Ceyranbatan su anbarının mühafizəsi
beşqat gücləndirilməli, oraya yaxın ərazilərdə yaşayan əhali köçürdülməli, su
anbarı namusumuz kimi qorunmalıdır!
Və
ən yaxın zaman üçün son dərəcə məsul bir tapşırıq verirəm: ölkənin bütün nöqtələrində
istifadəyə yarasız yerlərdə, təxminən yerin otuz-qırx metr dərinliyində böyük
su anbarları tikilməli və yağış suları həmin su anbarlarına axıdılmalıdır. Elə
etmək lazımdır ki, bu su anbarlarından ən yaxınlıqdakı su tutarlarına yol olsun
və ehtiyat üçün gələcəyə hesablanmış bu su mənbələri bir-birinə axıdıla bilsin
ki, su köhnəlməsin, istifadə üçün yararlı halda qala bilsin.
Və
daha bir mühüm tapşırıq: həmin nəhəng su anbarlarının tikintisi, istifadəsi və
mühafizəsi üçün Ekologiya nazirliyinin tərkibində xüsusi idarə yaradılsın.
Və
Bakı Su-Kanal idarəsinin rəisini divara dirəyirəm. Nə üçün indiyə qədər
paytaxtın kanalizasiya sistemi ilə köklü iş aparılmayıb? Nə üçün babat güclü
yağış yağan kimi şəhər suyun altında qalır? Nə üçün kanalizasiya sistemini belə
bərbad vəziyyətdədir və buna niyə dözürsünüz?!
Rəisin
rəngi ağarsa da qətiyyətlə cavab verir:
-Qardaşım
qardaş, əgər mümkünsə, mənimlə təklikdə danışın. Elə bilirəm ki, paytaxtın
kanalizasiya siyasəti ölkənin prioritet məsələlərindəndir və bu barədə mən
sizinlə təklikdə danışmaq istəyirəm...
Qəbulumdakılara
vəzirin çoxaltdığı “Buradan bir çay axardı” hekayəmdən çıxan nəticənin planı da
paylandı və bir həftənin tamamında onlarla təkrar görüşmək barədə razılığa gəldik.
Amma bunu bilmələrini istədim: su hövzələri
haqqında, həm içməli, həm suvarma sistemləri ilə ilgili çıxardığımız qərarlara
qarşı laqeyd olanlarla söhbətimiz indikindən də sərt olacaq!
...Rəislə
təkbətək qalmışam. Hətta vəzirin də çıxmasını istədi.
Söhbətimiz
isə elə istiqamətdə getdi ki, eynilə Müdafiə Naziri ilə olan söhbət kimi bunu
da açıqlaya bilməyəcəyəm. Amma sədrin əlində olan və beş il əvvəl hazırlanan
layihə şəhərdə çox böyük yıxımlara səbəb olacaq. Təxminən, üç yüzə yaxın
qeyri-qanuni tikinti obyekti sökülməli (bunlar, əslində “qanuni” obyektlərdir,
yəni əllərində müvafiq orqanların razılıq sənədləri var, zira o sənədlər özləri
qanunsuzdur, çünki hər şey rüşvət və qanun pozuntusunun müşayəti ilə həll
edilib), yeni kanalizasiya sistemi qurulmalıdır.
Sədə
sual verirəm:
-“Səfillər”i oxumusunuz?”
-Bəli.
-Yadınızdadır,
orada Jan Valjanla Javerin Parisin kanalizasiyasında dik ayaq üstdə yerimələrindən
söz edilirdi. Hətta Jan Valjan çiynində bir nəfəri də daşıyırdı? Bax, mən böyük
Hüqonun 160-170 il əvvəlin Parisində təsvir etdiyi o kanalizasiya sisteminin şəhərimdə
qurulmasını istəyirəm, cənab rəis!.. Sonra da deyirsiniz ki, Avropa acınnan
qırılır!.. Get, əlindəki layihənin tətbiqinə aid nə lazımdırsa, vəzirlə birgə
yoluna qoy və bir həftəyə mən bu barədə böyük bir videokonfrans çağırarkən
orada ilk geniş məlumatı sən verəcəksən. Düşünürəm ki, biz, təxminən bir il ərzində
bu məsələni həll etməliyik...
***
Kompüterimi,
nəhayət ki, açıram. Ekrandakı materialların adına baxanda ilk gözümə sataşan
“BURDAN BİR ÇAY AXARDI”, İKİNCİ SƏFƏR adlı vörd oldu. Vördün üstünə tıklamamış
fikir məni apardı: əcəba, mən bu hissəni yazmışammı, yoxsa bu sadəcə açdığım
yeni vördün adıdır?
Ha
fikirləşsəm də, məqbul cavab tapmağa vəfasız
yaddaşım mane oldu. Əlacsız qalıb vördü açmalı oldum.
Pəh!
Yazıbmışam ki!
Öz
yazımı başqa birisinin yazısı kimi oxumağa başlamışdım ki, bir də gördüm
qapının yanavından bir baş boylanır. O idi. Həminki MƏN. Hə də. Niyə
şaşırdınız? O, həqiqətən var, mövcuddur. Sadəcə, mənim içimdədir. O böyük şair
necə demişdi?
“Bir
mən var məndən içəri...”
Başım
ağırlaşır, kompüterin üzərinə əyilir...
...-Qardaşım
Qardaş, atanız gəlib.
-Nə?! Dəlisən?! Mənim atam 35 iş qabaq vəfat edib. Görəsən, bu haranın
fırıldaqçısıdır?! - Hirslə qışqırıram.
...-?
Vəzir
isə başını aşağı salıb cavab gözləyir. Və mən onun gözlərindən bu sözləri də
oxuya bildim:”Siz bura gələndən buranı həsənsoxdu dəyirmanına döndərmisiniz.
Artist, kənd müəllimi, ara şairi, Viktor Hüqo, haranınsa fahişəsi, indi də
ölmüş atanız...”
Düzü, bilmirəm, nə edim. Bir az düşünüb
“burax gəlsin görək” deyib, heyrətlə qapıya baxıram.
And
olsun kəlama ki, atamdır içəri girən. Həmin hirsli, sarıtikan, balacaboy adam.
(Boyumuz balaca olar. Amma atam, elə mən özüm də qabağımızdan yeyən deyilik.
Sözü şax deyən, lazım gələndə həqiqəti çatdırmaq üçün – təbii, hər kəsi öz həqiqəti
var, atamınkı başqa, mənimki başqa – qışqıra-qışqıra danışan, bir sözlə el
arasında SARITİKAN ləqəbliyik.)
-Mən
rus dilini bilməsəm də, rusu yaxşı bilirəm. O nədi, rus dili haqqında o cür
axmaq fərman çıxartmısan?! Ayıb deyil?!
(Biz
tərəfdə “deyil” yerinə “dəyil” deyərlər. Gör işin harasıdır ki, kişi hirsindən ədəbi
dildə danışır. Bu barədə “Cülyettanın sağ döşünə toxunmaq” adlı romanımda da
yazmışam. Bir hirslənəndə, bir də rəsmiyyətə salmaq istəyəndə belə danışır
bizim adamlar. Yəni, həndəvərimə düşüb xahiş-minnət eləmə, “sən öl” zad vurma.)
-Niyə
ayıb olur ki?! Kimnən ayıbdır?!
-Bizdən.
70 il bir yerdə yaşadığımız, bizə atalıq qayğısı göstərən, bizə ali təhsil verən,
bizi dindən, fanatizmdən xilas edən rəhmətlik Sovet hökumətinnən! Bizi
qaranlıqdan işığa çıxardan böyük rəhbərdən – Leninnən! Faşizmi məhv edib
dünyanı Hitlerin caynağından xilas edən İosif Vissorianoviç Stalinnən!..
Bu
vaxt kişinin arxasından, 10-11 yaşlarında uşaqlar başlayırlar xorla oxumağa.
Əvvəl nə oxuduqlarını ayırd edə bilmirəm. Çünki o dəstənin içərisndə başı
ülgüclə dibdən qırxılmış eynən mənə oxşayan bir uşaq da var ki, lap canfəşanlıq
edir – dirijor Niyazi kimi şəhadət barmağını yuxarı tutub göstərə-göstərə
oxuyur:
Açıldı
gözəl səhər,
İşıqlandı
obamız.
Azadlıq
verdi bizə
Lenin
əzizi babamız...
Kişi
əli ilə işarə edir və mən də daxil uşaqlar, baş əyib yox olurlar. Sonra 70-80
yaşlarında bir qoca arvad döşündə komsomol nişanı, əlində süpürgə görünür və
sarayın qapı-pəncərəsinin tozunu ala-ala oxuyur:
Gül
baxçalar kənarında
Qoşa gəzir gözəllər,
Onlar
tutmuş əllərində
Ətirli
qızılgüllər...
Sonra
qəfil əl atıb komsomol nişanının üstündəki oraq-çəkici çıxardır, mənə sarı tutub
qışqırır:
-Ruki
verx!
Baxıram
ki, bu bizim məktəbin kommunist süpargəçisidir. İstəyirəm yalvaram ki, ay
arvad, amanın günüdür, sənin burada nə işin var, çıx bayıra, ayıbdır, mən indi
ölkə başçısıyam, belə baş nazir-filanam...
Arvad
o biri əlindəki süpürgəni qoltuğuna alıb, baş barmağını orta və şəhadət
barmaqlarının arasından çıxardıb biədəb şəkildə deyir:
-Zırt!
Ala bax, baş nazir görəndə mıyı görərsən!
İstədim
deyəm ki, ay balam, mıyı nədi, məyər İmişlidənsən, bını denən.
Arvadla
atam əl-ələ verib bir heykəlin – qəribədir ki, heykəl olsa da yeriyir – qoluna
girib xəstə adam kimi itqusdu gətirirlər zalın ortasında dikəldirlər. Heykələ
baxanda o saat tanıyıram: Kirovdur. Əlində də bir qalın kitab var. Kitabı mənə
tərəf uzadıb təmiz bizim türkcədə qışqırır:
-Elə
elləməyin ki, bu dəfə on ikinci qızıl ordunu soxum bura!
Ayağa
durub onun əlindəki kitaba baxır, üstündəki yazıları oxuyur və gülünsünürəm:
-“Bir
addım irəli, iki addım geri” yox, min addım geri düşdünüz! Artıq xalqlar
oyanıblar. İllah da türk xalqları! Sizin o möhtəşəm heykəlinizi kəlləmayallaq
edən Azərbaycan türkü daha geri addım atmayacaq!
Bunu
deyib, onsuz da “xəstə” kimi belini tutan heykəli itələyib zalın pəncərəsindən
bayıra atıram və qışqırıram:
-Azərbaycan
görəndə mıyı görərsiniz!
(Baş
barmağımı şəhadət barmağımla orta
barmağımın arasına soxub eynən süpürgəçi qadın kimi “Kirov”a sarı uzadıram. Və
qəfil heyrət edirəm ki, mən də “bunu” əvəzinə “mıyı” demişəm.)
Süpürgəçi arvad da, atam da yox oldular və mürgüdən ayılıb dik
atıldım... Baxdım ki, baş barmağım şəhadət barmağımla orta barmağın
arasındadır...
Allah,
sən saxla. Bu nə yuxuydu?!.
...-Vəzir,
yaz! Təcili surətdə heykəltaraşlar arasında müsabiqə elan edilsin. Məhəmməd
Əmin Rəsulzadənin abidəsini ucaltmaq üçün on gün ərzində müsabiqənin nəticələri
elan olunsun və KİV-lərdə xalqa çatdırılsın.
1-ci
yerin qalibinə 500 min manat mükafat verilsin və yaratdığı abidə bir zamanlar
Kirovun heykəlinin qoyulduğu yerdə
ucaldılsın.
2-ci
yerin qalibinə 300 min manat verilisn və yaratdığı abidə Gəncə şəhərinin ən
görməli yerində ucaldılsın.
3-cü
yerin qalibinə 200 min manat verilsin və yaratdığı abidə BDU-nun qarşısında
ucaldılsın və orada illər əvvəl qoyulmuş daş parçası çıxarılaraq Cümhuriyyət muzeyinə
hədiyyə edilsin.
...Nəhayət,
özümə gələn kimi kompüterin açıq faylını – haçansa yazdığım yazının (allah
bilir, bəlkə də mənim əvəzimdən süni intellekt yazıb?) davamını oxumağa
başlayıram...
Elə
sehrlənmişəm ki, izahı mümkün deyil.
Elə
bil belə mistik bir yazı yazacağımı, özü də ölkə başçısı olaraq o yazının
altına imza atacağımı bilirmişəm...
Vallah,
havada dövrə vuran paraşütçü kimiyəm...
(Ardı gələn həftə elə burada)

Yorumlar
Yorum Gönder