“AĞLA İNCƏ-İNCƏ...”
AZAD QARADƏRƏLİ
“AĞLA İNCƏ-İNCƏ...”
hekayə
Elina*
üçün bir ağız ağı
Havadan
yanıq məftil iyi gəlirdi. Elə bil hardasa qısaqapanma olmuş, şunurların rezini
tüstüləmiş, məftillər də yanıb qızarmış, rezin qoxusu məftil qoxusuna
qarışmışdı. Ya da mis, aliminium satanlar hardasa tapdıqları şunur-məftil
qırıntılarını yandırırdılar.
Amma
az sonar öyrəndim ki, bunların heç biri deyilmiş. İş yuxarıdaymış. Maqnit seli
varmış və bu da yerdəki havanı da, insanları da vəlvələyə salmışdı.
Belə
havalarda, adətən çölə çıxmıram. Amma daha çıxmışdım və əllərimi arxadan
qoşalayıb belimə qoyaraq yeriməyə başlamışdım. Az sonra havadan lax yumurta, ya
da köhnə sirab qoxusu da duyuldu və düşündüm ki, gərək geri dönəydim, yoxsa bu
hava bir azdan özünü batıracaq...
...“Salam
allahındır. Gərək onu heç kimdən əsirgəmiyəsən. Lap çörək kimi, hava-su kimi...
Elə şeylər var, heç insana aid deyil, allahdangəlmədir. Yaxşılıq, gözütoxluq,
paklıq... Bunlar insana allahdan keçib. Salam da elədir. Gərək onu heç kimdən əsirgəməyəsən.
Boş evə girdinmi, ora da salam ver. Noolsun ki, boşdur. O boşluğun da bir əyəsi
var... Salamı əsirgəməzlər...”
Babamın
sözləridir. Kişi yüz yaşadı. Qəddi əyilmədi. Dili dolaşmadı. Qulağı eşidən
oldu, gözü görən. Deyirdi, bunlar da Allahdandır...
İndi
Bakının ucqar qəsəbəsinin bu dar dalanıyla gedə-gedə babam yadıma elə-belə düşməyib.
Neçə vaxtdır həkimlərin məsləhətiynən gündüz saat 12-dən birəcən təxminən iki
kilometrəcən məsafəni ayaqla qət etməliyəm. Mən də bizim evdən qəsəbənin baş
küçəsinə, ordan da bu uzun dar dalanacan gəlir, parka enib bir az dincəlir və qayıdıram. Hər dəfə bu dar dalana
girəndə səksəkədə oluram. İndicə o, qabağıma çıxacaq!.. Və mən məcbur olub ona
salam verəcəm. Və adam salamımı alıb az qala baş əyərək yanımdan ötüb keçəcək.
Və beş addım atmamış ilk qabağıma çıxan adam deyəcək:
-Siz
niyə ona salam verdiniz?! Axı o...
Qulağımı
əllərimlə tutub keçəcəyəm...
Adın
tut, qulağını bur – bu deyimdən zəhləm getsə də, deyilib, mən də deyirəm - budur,
o adam dalandan üzübəri gəlməkdə. Mənəcən iki yerdə döngə var, bəlkə də onların
birindən dönməlidr, amma dönmür, düz üstümə gəlir. Salamımı almalıdır axı...
-Salamın
əleyküm...
-Əleyküm
salam... – Baş əyib dayanır. Dayanır, əyilmiş qəddini düzəldir, “yazı-pozu” ilə
dolu sifətinə bir azacıq təbəssüb qonur. (Hiss olunur ki, bu sifət uzun
zamandır təbəssümə möhtac qaldığı üçün yadırğayıb ona. Bəlkə buna görə, təbəssüm
özününkünə oxşamır, elə bil başqa bir adamın sifətindən alıb bu çil-çopur sifətə
sürtüblər astar alçlnı divara üzdən qabaq sürtən kimi.) Əlini uzadır və mən də
məcbur qalıb bu naqolay uzanan əli tuturam.
-Nə
əcəb bizim bu dar dalanla yürüyürsünüz?
-Nə
bilim?.. Həkimlər məsləhət bilib yeriməyi... Azı iki kilometr yeriməliyəm...
Maşın yolu toz olur... Buralarda ən sakit yersə sizin dalandır...
Qurtaracağında da park var axı... Orda da bir az dincimi alacam...
-Hə,
biz də bura yeni gəlməyik... Rayondakı ev-eşiyi satdım, gəldim bu yaşımda oldum
şəhərli... Allah adamın sohrakı ayıbınnan saxlasın...
Dalanın
başında adamlar iki bir, üç bir toplaşaraq bizə baxırlar. Elə baxırlar, az qala
gözlərilə yeyəcəklər ikimizi də. Barmağı ilə məni göstərəni tanıdım. Bir il əvvəl
gəlmişdi bizə, oğlunu şərləyib tutmuşlar. Mənə ərizə yazdırdı. Bilmədim axırı nə
oldu.
Danışa-danışa
gəlib adamların yanından ötürük. Kişi deyəsən məndən ayrılana oxşamır. Daha bu
adamla dərinə getmək istəməsəm də, aramız açılıb. Ona görə soruşuram:
-Niyə
gəldiniz ki? Kənddə problemmi oldu?
-Nə
bilim, problem mənnən yan keçmədi ki...
Dalandan
çıxmağa az qalmış qulağım arxadan bunları çaldı:
-Ağsaqqal
da qoşulub bu lülüşə... Salamına heyfi gəlmədiyi bəs deyil, hələ əl tutur, söhbət
edir...
Dönüb
baxdım. Mənə ərizə yazdıran kişi idi. Dilimin ucuna gələn sözü güclə qaytardım:
“Ay namərd, bu adamın gəldiyi beş-on gün deyil, lülüşlüyünü hardan bildin?!”
-Arvadım
qoşuldu bir cavan oğlana getdi, bir il sonra qayıtdı... İstədim qoymayam evə,
yazığım gəldi... Yaşım əllini keçib... Təzədən evlənən deyiləm ha... Dedim, tay
gəlmisən, qaxıl otur xarabanda, qızlarının başın dara, paltarların yu, yeməklərin
bişir...
Parkda
skamyada oturduq. Maraqdan ölürdüm. Havadakı qaz iyi-zad da yadımdan çıxmışdı.
-Üç
ildir qayıdıb gəldiyi, mən ona ərrik eləməmişəm... Yəni, qardaş-bacı kimi bir
damın altda qalırıq... Neynim, üç qızımız var, su sonası kimidilər... Onlara
görə qəbul elədim onu... Bir də...
Kişinin
üzündəki “yazı-pozu” onu ələ verir – təxminən bunları oxuyuram ordan: “Bir də
ki, mən onu sevirəm axı...”
-Yaxşı,
bəs rayondan niyə çıxdınız?
Ağrıdan
qıvrılan adam kimi içinə yığılır, kirpi kimi yumurlanır və handan-hana açılıb
deyir:
-Kənddə
yaxşı təsərrüfatım, ev-eşiyim vardı. Bağ-bağatım, sürüynən mal-heyvanım, taxıl
sahəm, biçənəyim... Hər şeyim vardı. Bağın məhsulunu qapımda çəkib alırdılar. Hər
il on mal satırdım. Südümüz, qatığımız, pendirimiz aşıb-daşırdı. Allah bəsdi
deyincə vermişdi... Arvadın bir axmaqlığı hər şeyimizi məhv elədi. Daha məndən
mal almadılar. Süd-qatığımızı bazarda da alan olmadı. Taxıl zəmilərimi, biçənəyimi mal-heyvanla otardılar. Mənə açıq-açığına
oğraş kimi baxırdılar. Gədələr qızlarıma söz atırdılar. Hətta bir düdük oğlan
qapımızacan gəlmiş, qızlardan birinin qoluna əl də atmışdı. Tüfəngi götürdüm,
vuram, əlim qalxmadı. Qorxdum ki, tutulacam, qızlarım qalacaq sahibsiz... Ona
görə ev-eşiyi, mal-heyvanı dəyər-dəyməzinə satdım, çıxdım ordan...
Əslində,
adam yaraşıqlı, boy-buxunludur. Amma elə bil sir-sifətini, boy-buxununu gizlətmək
üçün içinə çəkilir. Yox olmaq, görünməmək istəyir.
-Bir
ildə üç yer dəyişmişik. Hara gediriksə, dərdimiz özümüzdən qabaq gedir. Sanki
kimsə bizdən qabaq gəlib düşdüyümüz məhəllədə
bizi tanıdıb gedir. Salam vermələri cəhənnəmə, salamımı belə almırlar. Hətta şəhərdə
oğraşın yerinə təzə ad qoyublar mənə: raqonoseç... Bilmirdim mənasın. Baxdım
lüğətə, papağım başımnan düşdü... O papağı mən çoxdan günə vermişəm onsuz da...
Adam
danışdıqca ürəyim ağrıyır. Başa düşdüm ki, bir şey eləməsəm, yazığı bu məhlədən də perik
salacaqlar.
-İndi
şəhərdə nə işlə məşğulsunuz? Axı ailəni dolandırmaq üçün nəsə etməlisiniz?..
-Mən
çox şey bacarıram. Qoysalar, başımın çarəsini qılaram... Əlimdən hər iş gəlir.
Misgərəm, qalayçıyam, dülgərəm... Kənd adamı olmağıma baxma, şəhər işlərini də
bacarıram: santexnik, elektrik, malyarlq... Bir də ağacdan maraqlı fiqurlar da
düzəldə bilirəm... Burda, parkın başında bir dükan kimim var, baxmaq istəyirsiniz?
Şıq-şıq
sallofan torbanı köksünə sıxaraq sanki “nə olar, etiraz etmə” deyir gözlərilə.
Çox inamsız olan bu gözlərdən hədsiz kədərlə bərabər, bir güclü enerji də axır.
Bu kədərlə o sonsuz enerjinin qarışığından isə atom reaktorını işlətməyə yetən
alov gördüm. Adını unutduğum bir nüvə mütəxəssisinin çıxışından eşitdiyim sözlər
yadıma düşdü: “İnsan qəlbindəki enerji atom enerjisindən güclüdür. Ona görə də
insanlarla ehtiyatlı olun. Ən qorxunc partlayış atom bombsının törətdiyi
partlayış deyil, daha qorxuncu insan ruhunun partlamasıdır. Onların səbri
böyükdür. İnsan səbrinin daralması, ən güclü partlayışa səbəb olar ki, bu da
yer üzünün məhvinə gətirib çıxarar...”
6-7
kvadrat metrlik bir yerdir. Qabağında bıçaq itiləyən alət, mis qab-qacaq və
bir-iki taxta heykəl fiquru var. Heykəlçiklərə ötəri baxıb içəri girirəm. Sanki
sehirli bir aləmə düşürəm. Taxtadan düzəldilmiş rəflər başdan-başa taxta heykəllərlə
doludur. İnək heykəlləri, çöngə, dana, öküz, keçi, qoyun, qoç fiqurları...
Atlar lap çoxdur. İnsan da var, ancaq heyvanların fonunda, süjetli
fiqurlardadır insan.
-Bunlar
əladırlar ki?! – Heyrətlə dillənirəm. Adam başını qaldırıb utancaq görkəmlə:
-Əlim
təsərrüfatdan üzüləndən sonra, başladım mal-heyvanımın heykəllərini düzətməyə...
Neynim, arvadın peyin iyindən, tövlə iyindən xoşu gəlmirdi. Elə bizi atıb getməsinin
bir səbəbi də məndən qoyun iyi, tövlə iyi gəlməsi imiş... Sonra öz rayonumuzda bizi
yola vermədilər... Gəlib Əli Bayramlıya çıxdıq... İndi adı nədi?.. Hə ora,
Şirvana. Orda bu fiqurları düzəltməyə başladım... Sonra gəldik Sanqaçala...
Orda da düzəltdim... Bir şey pisdir ki, burda tut ağacları azdır. Gərək pulnan
alasan... Mənə tut ağacı lazımdır axı... Bunların hamısını tutdan düzəltmişəm. Həə...
Nə bilim e...
-Niyə
insan yoxdur?
-Var,
niyə? Amma insan təkcə nə edə bilər? Bax, burda insan, at və it var... Üçü bir
yerdə... İnsan bu dünyada tək deyil axı...
Dediyi
fiquru, bir at heykəli, bir də buğa fiqurunu alıram. Kişi qiymət söyləmək istəmir.
“Pulsuz aparın” deyir. Amma mən razı olmuram. Üç fiqura otuz manat qoyub
çıxıram və deyirəm:
-Sən
bu bıçaq itiləyəni də götür, gedək bizim məhləyə. Çağıraram qonşuların, elə
bizm də bıçaqlarımızı itiləyərsən.
-Olar
yəni? – Təəccüblə soruşur.
-Olar,
niyə olmur...
-Yaxşı.
Qoy dükanı bağlayım....
***
-Onu
sən çağırmısan?
-Kimi?
-Nə
bulim, hərə bir söz deyir... Deyirlər yaxşı ailə deyillər... Uşaq-muşaq Peysər
deyir... Bıçaq itiləyir, nə qayırır, bilmirəm...
-Ayıbdır,
uşaq-muşağın sözün ağzına alma. Qələt eləyirlər! Normal adamdır. Əsil sənətkardır...
Əlindən hər iş gəlir. Bıçaqları ver görüm. – Arvada təpinib bıçaqları da
götürüb çıxıram. Yazıq boynuburulu dayanıb bizim həyətin ağzında. Evə çağırsam
da, gəlmir. Dəzgahını elə buradaca qurur və başlayır işə.
Heç
iyirmi dəqiqə keçməmiş, qonşular tərəddüdlə də olsa bıçaqlarını gətirirlər.
Kişinin rəngi-rufu yerinə gəlib. Ayaqlarını pedala basıb işlədikcə ona baxır və
düşünürəm:”Bax, insan budur. O hər şeyə qadirdir. Birini çöpləyib dəli də edər,
adam kimi yanaşıb iltifat da göstərər.”
***
Təxminən
bir həftə sonra gördüm onu. Rəngi qaçmış, gözlərinin altı şişmişdi. Ağzımı
doldurub nə baş verdiyini soruşmaq istədim, özü başladı.
-Kiçik
qızım məktəbdə sinif yoldaşları ilə mübahisə edib... Bütün sinif üstünə gəlib.
Bu da dözməyib, damarlarını sinifdəcə doğrayıb... Direktor da, sinif rəhbəri də,
müəllimlər də deyirlər ki, günah bizim qızdadır. Guya oğlanlarla gəzirmiş...
Şeir dəftəri varmış... Nə vaxtdan şeir yazmaq cinayət olub axı?..
Əlini
döş cibinə aparır, bir kiçik vərəq çıxardıb mənə uzadır:
-O
dəftərdən qopan bir vərəqdir... Sevgi şeiridir...
Vərəqi
alıb oxuyuram:
Mən
ölsəm, bağışla,
Səni
sevə bilmədim layiqincə.
Qəbrim
üstə gəl, ağla incə-incə.
Ətim
ürpəşir. Güclü zərbə almış adam kimi yerimdə səndirləyirəm. Kişi isə vərəqi
alıb uzaqlaşır. Arxasınca çağırmaq istəsəm də, səsim çıxmır. Adamın adını da
soruşmadım.
30.10.2019
-----------------------------------------------------------------------------------------------------------------------------------------------
*Elina adlı bir məktəbli qız sinif yoldaşlarının təhriki
ilə özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar etmişdi.

Yorumlar
Yorum Gönder