GÖYƏRÇİNLƏR VƏ QARĞALAR
KORONA VİRUS GÜNLƏRİNDƏ OXU!
AZAD QARADƏRƏLİ
GÖYƏRÇİNLƏR VƏ QARĞALAR
(Hekayə)
KİŞİ
Bu
quşlardan, göyərçinləri deyirəm, həmişə qorxmuşam. Sehrli bilmişəm onları
uşaqlıqdan. Div, Keçəl, Cırtdan, Küpəgirən qarı, Göyçək Fatma və başqa nağıl qəhrəmanları
kimi Göyərçin də mənə nağıldan qalan sirli quş kimi gəlib. Küçə ilə maşını sürəndə
maşının sağı-solu ilə uçuşub elə bil mənə nəsə qandırmaq istəyirdilər. Ürəyimə
gəlirdi ki, bunlar hər şeydən xəbərdardılar... Bilməm məktub aparırmışlar, bilməm
birinin yanan evinə dimdiyində su çiləyirmişlər, bilməm sülh quşuymuşlar... (Uşaq
vaxtı bir göyərçin yuvası düşürmüşdüm. Yuva nə yuva! Beş-altı çör-çöp qoyub,
içinə də bir az öz tükündən yığıb, adın da qoyub yuva. Heç yuva tikə bilmirmişlər...
Babamın bir biədəb nağılı vardı bu barədə. Deyir, göyərçin – biz bu quşların vəhşisinə
alabaxta deyərdik – yuva tikmək istəyir, tikə bilmir. Qarğa deyir, gəl mənimlə
evlən, sənə də yuva tikmək öyrədim. Göyərçin onun arvadı olur, qarğa quşu
aldadıb qaçır. Bundan sonra göyərçinlər (vəhşi alabaxtalar) yanıqlı-yanıqlı
oxuyurlar:
-Dit-diiii...
dit-diii... dit-diii... dit-ditdi...
Babamdan
soruşardım ki, nə deyir o quşlar? Babam da özü qocalsa da, hələ cavan qalan
lotu gözlərini dolandırıb nağılı danışar və deyərdi:”...o vaxtdan alabaxta belə
oxuyur: s...., tikmədi, s....., tikmədi...”
Nənəm
söhbətimizi eşidirmiş. “Üzüun suyu tökülsün, uşağa gör nə danışır e...” deyəndə
kişi həttəndi arvada: uşaq niyə olur? Böyün, səhər yekə kişi olacax, qoy hər
şeyi bilsin... Hə, a bala, elə o vaxtdan
yuva da tikə bilmirlər. Çöldə-bayırda qalanları qalıb, qalmayanları gəlib
insanların yanına ki, onlara yardımçı olsunlar... Ona görə əfəlliklərinnən
qarınlarını da doyura bilmir, az qala ayağımızın altında qalırlar ki, bizə yem
atın...
Babamın sözü olmasın, zay quşdular. Özlərini müdafiə edə bilmirlər, üstəlik
yuva da tikə bilmirlər deyə, dünyaya car çəkirlər ki, sülh olsun... Hə göyərçin
yuvası düşürməyimnən danışırdım axı... İki zılğa balası vardı. Gözləri
açılmamışdı heç. Elə zılğalar əlimdə ağacdan düşürdüm ki, ana göyərçin özünü
toxudu sifətimə. Qorxub ağacdan özümü atdım yerə. Zılğalar əlimdə öldü, özüm də
burnu üstdə yerə gəldim. Qan götürdü məni. Evə çatanda nənəm yüyürdü üstümə.
Əhvalatı biləndə azaylandı:”Ay uşax, saa demişəm axı, o quşdardan uzax ol...
Onnarın nəfəsi ağırdı... Bəduğurdular. Ayrı gücləri yoxdu deyən, nəfəsləri ağırdı.
Birini qarğasalar, qarğışları tez tutar...” Elə o vaxtdan bu quşlardan aralı gəzmişəm...
Nə bilim, bəlkə o ana Göyərçin qarğamışdı məni. Yuvamı dağıtdın, yuvan
dağılsın, demişdi... Nə bilim...)
Hələ...
Bəlkə
bizim arvada da bunlar hər şeyi çıtızmışdılar? Gün axşamacan balkonnan bunlara
çörək qırıntısı, tum səpmirmi? Hətta bir dəfə birlikdə Dubaya gedəndə özüynən
bir qlazurlu farfordan göyərçin heykəli də gətirmişdi... Qışqırdım, bağırdım
ki, ay qız, nəyinə lazım bu farfor quş heykəli?! Özünə paltar al, qızıl al,
brilliyant al... Beş kiloyacan ağırlığı var... Qiyməti də nə az, nə çox, üç min
dollar! Kimə deyirsən... Tutdurdu ki, yox ki, yox, bunu alacam!..
Gətirdi,
qoydu salonun lap baş tərəfində.
Vallah,
bunu hələ indiyəcən heç kimə danışmamışam. Axı heç sizin hamınızı bir yerdə
görmürdüm ki, danışım da. Gah mən işdə olurdum, gah sizlərdən biriniz hara isə
gedirdiniz, gah ananız işdə olurdu... Boynuma alım ki, heç sizinlə belə yaxın
olmamışdım... Qabaqlar günüm itin günüydü, o mirət maşınla ora-bura çovuyurdum
ki, axşam evə gələndə beş manat yiyəsi olum, siz ac qalmayasınız... Sonra da...
Elə nə oldusa, o “sonra” oldu... İndi bu allahın bəlası... bu korona virus... yox
bir taclı virus... heç bilmirəm onu lənətləyimmi, ya sağ olsun deyimmi?.. Məni
ailəmlə, əslində o yaxınlaşdırdı...
Kişinin
ürəyindən keçirdiklərini yalnız Qadın anlaya bilirdi. Onların bağ evində hərənin
öz otağı olsa da, adətən bura gələnlərin əksəriyyəti günün çox hissəsini böyük
salonda keçirərdi. İndi Böyük qız salonda uşaqlarına nağıl oxuyurdu. Kiçik qız
balaca oğlu ilə qulaqcıqla ayfonla hansısa filmi izləyirdi. Arvad da dolma bükə-bükə
bir gözü Kişidəydi. Onun bayaqdan ürəyindən keçirdiklərini “eşidib” içində “hı”
eləmək istədi, amma necə oldusa səsi ürəyindən süsüb ağzından çölə çıxdı. Kişi
diksindi. Bilirdi ki, Qadınının bir “hı”sı bir romana bərabərdir. Bu “hı”nın
çox mənası vardı... Uzun zaman maddi çətinliklə boğuşan ailə bir gün allahın
göndərdiyi sehrli əlin qüdrətilə nəinki ağır vəziyyətdən çıxdı, hətta tez
zamanda özünü düzəltdi. Qadının uzaq qohumu bir gün onlara gəldi, özü ilə gətirdiyi
bir böyük bağlamanı yerə qoyub dedi: “Dayıqızı, dünən Urumçidən gəlmişəm
samalyotla, yükümü aereportdan mağazama daşıyanda bu bağlama yadımdan çıxıb
qalıb maşınımda. İndi maşını park eləyib banka gedəcəm. Tərs kimi açarım da
qalıb evdə - səfər sumkamın içində. Evdə də kimsə yoxdur ki, gedəm alam.
Maşında qoya bilmərəm bu bağlamanı, içində beş min dollarlıq mal var... Hamısı
qadın geyimidi... Bax, istəsəniz, açıb baxa bilərsiniz. Bəyəndiyiniz paltarı
götürün, pulunu sonra ödəyərsiniz, lap üç aydan sonra da olar... Qonşulara da
verə bilərsiniz... Hamısının qiymətini üstündə əlimlə yazmışam...”
Adam
getdi və Qadın qızları ilə bağlamanı səliqə ilə açdı, gözləri alışıb yandı! O,
ömründə hələ belə bahalı paltar geyməmişdi. Yəqin ki, heç geyməyəcək də... Bax,
bu alışıb-yanan şifon parça iyirmi beş şirvandır! O qanaovuz dəst qırx şirvan! Hələ bu, bu vilvet kostyum iyirmi səkkiz şirvan... Bu boyda pulu
onlar bir yerdə nə zaman gördülər ki?! Ər köhnə QAZ – 66 yük maşını sürür,
ora-bura zir-zibil daşıyır... Ayın başında cəmi qazancı otuz şirvan ola, ya
olmaya... Amma bir şey var axı – qohum demişdi ki, nisyə verir, lap üç ay da
gözləyər!..
“Şifon
paltarı götürəcəm vallah” deyib qızlara baxdı. Onlar da “ana, nə olar götür, nə
olar, götür” deyib arvadı həvəsləndirdilər. Və kişi gecə yorğun-arğın işdən gələndə Qadın o şifon donu geyinib çıxdı
qabağına. Kişinin mazutlu əlləri düşdü yanına. Eyni açıldı, “nə gözəl olmusan,
aaz?!” deyib ah çəkdi və qışqırdı:
-Götür
bunu, yatmaram, gecə-gündüz çalışaram, verərik birtəhər!..
Götürdü
götürməyinə, amma ərinin gecə-gündüz çalışmağına ehtiyac qalmadı.
Dayıoğlu
zəng edib dedi ki, mamaqızı*, o malın hamısın verirəm sənə, üstlərində qiyməti
var, binanızı blok-blok, kvartira-kvartira gəz, inandığın adamlara bir aylığına
nisyə ver, verəndə də üstünə beş-altı manat qoy ki, sənə də bir şey qalsın. Bir
ayın tamamında pulunu yığ, gəlib aparacam...
Bax,
möcüzə onda baş verdi. Bir aya Qadın iki binanın adamlarına dağıtdığı paltarın
pulunu yığdı və inanılmaz möcüzə baş verdi: özünə düz iki yüz əlli şirvan pul
qaldı!
Mamaoğlu
səhəri gəlib pulu aparanda dayıqızını da maşına qoyub dükanına apardı, yenə keçən
dəfəki qədər mal verdi satmaq üçün.
Bu dəfə də xeyli qabağa düşdülər. Həvəslənən Qadın ayda iki dəfə ərinin maşını ilə
paltarları götürüb mikrorayonları bina-bina gəzdi, inandığı yerdə nisyə,
inanmadığında nəqd verdi və düz bir ilin içində ailə özünü tutdu. Hətta xeyli
pul toplayıb Sədərəkdə ayrıca dükan yeri tutdular. Kişi dayıoğlunun onlara gətirdiyi
malları satdı, altdakı il daha bir dükan açdı və dayıoğlunu vurub keçdi. İndi
malı özü gedib gah İstanbuldan, gah da Dubaydan gətirirdi...
Mən
nə vaxt qızdım, özüm də bilmədim. Mağazamda işləyən üzübağlı qızı bir axşamüstü
iş bitər-bitməz mağazanın içərisinə - malları yığdığımız anbara tərəf dartdım.
Qız əvvəl naz elədi, qışqıran kimi oldu. Dartılıb əlimdən çıxmaq istədi. Mən də
qorxdum ki, qonşu mağazaların sahibləri, satıcıları eşidərlər, biabır olaram.
Buraxmaq istədim, amma Qız üstümə yıxıldı. Vallah, hə! Yıxıldı üstümə. Mən də
onu yarıkönül qucaqladım. Basdım malların arasına, elə paltar-palazda yıxdım
altıma. Bu vaxt bizim arvad gəlib durdu gözümün qabağında, o gecə qorxa-qorxa
geyindiyi o şifon paltarda moda göstərən kimi eləyib dedi:”Kişi, necəyəm?!”
Qolum boşaldı. Qızı buraxdım. Amma hardan? İndi qız məni buraxmadı. Elə
altımdaca çəkib əynimdəki köynəyi soyundurdu, sonra remenimi açdı və... Day nə
və?! Vəmi qaldı?! Bir də gördüm ki, qız yavaşdan bağırır altımda... O gecə evə
getmədim. Onun kirayədə qaldığı kvartirada keçirdik gecəni. Qız ağlayır,
qızlığını pozduğum üçün məni günahlandırır, özünü öldürəcəyini deyirdi... Mən
qıza inandırdım ki, qorxmasın, onu yalnız qoymayacam. Qoymadım da. Əlimin
altında fəhlə kimi işləyən qohumum olan Oğlana ərə verdim. Ev aldım onlara, hələ
bir maqazin də açdım... Düz beş il o qız yanımda işlədi. Axşam əriyən yatdı,
gündüz mənimlə...
Ailə
Hövsandakı iki otaqlı evi satıb şəhərin mərkəzində beş otaqlı ev aldı. Qadın
gündə bir dəst paltar geydi. Qızlar kitab açmasalar da, Beynəlxalq universitetə
pulla girdilər, oxumasalar da diplom aldılar... Oğlu da İdman akademiyasını
ölüm-zülümlə bitirdi, indi polisdə işləyir...
Kişi
ayda bir maşın sürürdü. İndi daha pal-paltarı tərgidib, maşın al-verinə
keçnişdi. Pula pul demirdi... Bir pis iş olmuşdu ki, indi evdə həftədə bir dəfə
görünürdü, ya görünmürdü. Qadının qulağına çatmışdı ki, saxladığı var. Özü də
kiçik qızı yaşdadır. Əvvəl-əvvəl dedi ki, cəhənnəmə ki, xoruzum olsun,
bacalarda banlasın! (Rəhmətlik nənəsinin sözüydü.) Amma sonra qızı yaşda o qadını görəndə dalağı sancdı.
“Qadınlığımnan mən də görsəm tamah salaram buna. Ağ mərmər kimidi qəhbə! Mən ərimi
qaytarmalıyam!” – deyib özünü çırpdı yerə. Uşaqlar bir təhər sakitləşdirdilər.
Yeganə oğlu əlini atdı cibinə, tapançasını göyə tutub bağırdı:”Onu qanına
bulamasam, maa da mən deməsinlər!”
Qadın
işin çillədən çıxdığını görüb oğlunu qucaqladı:”Anan ölsün, əlini qancığın
qanına bulayıb məni bədbəxt eləmə! Allah vurub onu! Qozuna da alma!..”
Utanmaz-utanmaz
gəlib qısılıb bizə. İndi neyniyim? Mən də salım çölə? Aləm nə deyər? Nə qədər
olmaya uşaqlarımın atasıdır. Amma çox hayasız adamdır. Çox kişilər var ki,
qıraxda arvad saxlayır. Amma bunu elə eliyir ki, bilən olmur. Bu, bax bu alçaq,
qəhbəsini salıb yanına Dubaya aparıb, Dubaya! Orda da kimnən qarşılaşsa
yaxşıdır? Bizim gədəylə!.. Yaxşı ki, uşağın beyni çönməyib, ikisini də güllələyərdi
vallah!..
Oğlu
var, var də. Ev almısan, almısan. Maşını var, var. Dolanışıq vermisən, vermisən.
Day nə düşmüsən götünə?! Çıx gəl xarabana dayna. Sənin evlənməli oğlun var
axı...
Amma
acı da olsa, deyim ki, lotu çox gözəldi...
Beləcə,
neçə il idi ki, Kişi evə qonaq kimi gəlib-gedirdi. Hələ danışırdılar ki, o təzə
arvadından bir oğlu da olub, hər gün kişi qoyur Cipə, aparır bağçaya...
Və
belə bir vaxtda dünya qarışdı. Əvvəl Çindən baş qaldıran korona virus, az keçmədi
İrana, ordan İtaliyaya sıçradı... Zarafat-zarafat bir gün kəsdi Azərbaycanın
qapısını... Onda da ciddiyə almadılar. Ta ki, hökümət qərar çıxardı ki, yaşı 65
olanlara küçəyə çıxmaq qadağandır. Bax onda Kişini təzə arvadı itələyib
salmışdı çölə və demişdi: ”Get evinə! Sənin 66 yaşın var. Mənə, oğluma verərsən
xəstəliyi...”
Kişi
əvvəl-əvvəl inanmamış, sonra bayırda qalınca köhnə arvadın yanına dönmüşdü. Düz
bir həftə idi ki, arvadla qapını bağlayıb oturmuşdular evdə. Qızlar öz evlərində,
oğlu da Dubaydaydı... Üç gün sonra qızları ailələri ilə gəldilər və hamı
maşınlarına minib Nardarandakı bağlarına qaçdıla ki, bəlkə bu virusdan
canlarını qurtaralar... İndi bağdakı üçmətrəbə villanın salonunda yığışmışdı
ailə...
Və
Kişi də ürəyində guya uşaqları ilə, ailəsi ilə dərdləşirdi. Amma bu dərdləşməni
təkcə Qadın anlayırdı.
Bilirsiz,
mənə çətindi... O siftəki qızı ərə verib təzəcə başımnan eləmişdim ki, bir gün
bir gənc xanım gəldi yanıma. O qədər gəzəl idi ki, adam onun gözəlliyinnən
utanırdı. Danışır, danışdıqca hərdən gözünnən gülür, gülüşü bir almaza dönüb
sifətimi, dil-dodağımı biçirdi. Öz-özümə deyirdim ki, ilahi, adamın belə bir
gözəl qadını ola, qoya evinin yuxarı başına, elə o gülə, sənin də əhvalın təzələnə.
Qadının yanağı aşağı yellənib üsünə toxunan saçının teli məni lap öldürürdü –
yazıq anam buna birçək deyərdi. Allah məni kəssin! Az qaldım ki, əlimi uzadıb o
berçəyi yığam, üzünə düşməyə qoymayam...
...-mən
sizdən radio üçün müsahibə almaq istəyirəm... ölkəmizdəki müstəqillik hərəkatı
ilə ilgili nə deyə bilərsiniz bir iş adamı, sahibkar kimi?...
Mən
onun gözəlliyiniə heyran-heyran baxarkən qadın nələrsə danışırdı. Atana lənət
yalan deyən, gör bir kəlmə qandımmı? Eləcənə:
-Hıy?
– deyib baxdım üzünə. Qadını dəli gülmək tutdu. Ayaqlarını yerə döyüb daha bərkdən
gülməyə başladı. Xüləs, mən baxıram mal kimi, o gülür, mən baxıram, baxa-baxa
ağzımın şorbası tökülür, o gülür. Axırı dedi, gəl belə eləyək, gedək şəhərə, bir
rahat yerdə oturaq, mən sənin çıxışını hazırlayım, bir-iki dəfə oxu üzünnən, əzbər
kimi öyrən, sonra səni aparım studuyaya, orada çıxış elə...
Nə
oldusa, elə o çıxışı hazırlayanda oldu. Getdik bir restorana. Balıqdan tutmuş
antrikotacan yığdırdı stola. Viski, şampan, italyanski amaretto... Hər zaddan
bir az daddıq, axşamacan beş-altı cümləlik çıxışımı elə orada diktafona
yazdı... Sonra elə o restoranın dərinliyindəki otaqlardan birində onunla
yatdım... O gecə cibinə min dollar basdım getdi, səhər durammadım, zəng elədim
ki, gəl. Belə-belə, o gözəllər gözəli qadın oldu mənim ikinci arvadım... Ərinnən
ayrıldı. Buna da üç otaqlı ev aldım. Ayrıca maqazin açdım, altına maşın
aldım... Və bir gün dedi ki, hamiləyəm. İndi beş yaşlı oğlumuz var...
Nə
deyim ki? Ərimdi. Dilini farağat qoysa, özünə yığışsa, dinib eliyən deyiləm...
Mən də arvadıyam dayna... Ömrümüzün son çağlarını bir yerdə keçirərik... Amma bir az arxayın deyiləm... Qızmağı var bunun.
Dana kimi mözələklədimi, irtməyi ələ gələn deyil... Bude, genı hıqqıldıyır... “Hıııı,
nədi, nə hıqqıldıyırsan?” Mən bunu həmişə baxışınnan başa düşmüşəm axı. Biz neçə
il bir yastığa baş qoymuşuq, az
danışmışıq. Eləcə sözsüz anlamışıq bir-birimizi... O qəhbələrin yanında qalanda
nigaran olurdum ki, axı bu dərdini deyən
deyil. Az danlşandı. Bəs onlar bunu nə təhər başa düşəcəklər?! İndi bude, ürəyi
mürəbbəli çay istəyir. Özü də zəncəfillə dəmləməliyəm... Eh... Gedim çay dəmləyim...
Bizi
biz eləyən o Dayıoğlu vardı ha, bax bizə əl tutannan sonra, dedim axı, iş elə gətirdi
ki, iki ilin içində bizim biznes onunkunu vurub keçdi. Mən gedib İstanbuldan
türk malı vurub gətirdim, onun Çin mallarının bazarını öldürdüm. Dayıoğlu
yalvardı ki, ay qağa, belə niyə eləyirsən, mənim bazarımı məhv edirsən axı?!.
Vecimə
də almadım. Beş ilin tamamında Dayıoğlu müflis oldu, məcbur qalıb maşınını,
bağını satdı. Maşını da, bağı da mən aldım, özü də qat-qat aşağı qiymətə.
Biznesini qurtarmaq üçün bankdan küllü miqdarda kredit götürdü, amma bir ildə
dollar qalxdı, adamın krediti qaldı əlində. Mənə əl açdı, yüz min pul istədi,
dedim, verərəm, ancaq faizə... Bir həftə keçmədi, asdı özünü...
Gecələr
gəlib girir yuxuma, yalvarır ki, heç olmasa balalarıma əl tut. Tutdum
tutmağına, amma istəmədilər. Oğlunu bir dükanıma satıcı qoydum, iki gün işlədi,
qaçdı ki, mən ali təhsilli mühəndisəm, satıcı işləmək şəxsiyyətimi alçaldır...
Qızı da gəlmişdi, onu da göndərdim bir dostumun yanına ki, kömək eləsin, o da nə
eləmişdisə, o gedən olub... Neynəyim mən? Bu, biznesin qanunudur: güclü gücsüzü
udmalıdır...
Amma o Dayıoğluya biz ailəlikcə borcluyuq. Qoy bu virus məsələsi bitsin,
gedəcəm qəbiristanlığa, ona quran oxutduracam...
QADIN
Bizim
kişinin nəfsi daşı da dələr. Bir istəmirəm deyənnən qorx, bir yemirəm deyənnən.
Bu da mazutlu QAZ – 66-dan düşdü, CİP-ə mindi, qızdı. Buğa kimi dişi görən kimi
aldı getdi, bu cəhənnəmə, xeyirxah insan
olan Dayım oğlunu da buynuzladı. Yazıq zəng vurmuşdu ki, ay mamaqızı, mən sizə
pislikmi elədim? Bə ərin mənnən nə istəyir?.. Dedim qağa, o daha mənim ərim
deyil, Sədərək talkuçkalarındakı qadınların əridir... Evə qonaq kimi gəlir. Gələndə
də gah mənimlə, gah uşaqlarla dalaşıb çıxıb gedir...
Hələ
o salonun yuxarısındakı Göyərçin heykəlinə baxın?.. Adam o gözəllikdəki heykələ
görə mənə itin sözün dedi... Mən uşaqlıqdan bu quşların vurğunuyam. Bizim
kişinin isə o quşları görməyə gözü yoxdur... Hətta heykəlini də...
Heykəli
satan çinli dedi ki, bu farfordan hazırlanıb... Uzun illər çinlilər Çin ipəyi
kimi farforun da sirrini gizli saxlamışdılar. Çinli satıcı deyirdi ki, vaxt
olub ki, farfor Avropada qızıla bərabər olub e... Bu nə qanır axı? Bununkı
ancaq pul qazanmaq, yemək, bir də kələ kimi qəhbə dalına düşməkdi... Ehhhh... Hərdən
deyirəm ki, kaş elə o QAZ – 66 maşında işlədiyi dövrlər olaydı... Kasıb
olaydıq... Eh, indi ağlayacam... Qoy durum gedim mətbəxə, dolmanı qoymuşam üstə,
yanar...
KİŞİ
O
gün şəhərdə sürürəm maşını, bir dəstə göyərçin boş küçədə bir adamı görən kimi
özlərini nə təhər atdılar onun üstünə... Ürəyim xarab oldu. Baxma də, həmişə
adam əlinnən çatdayan Bakı küçələri indi bomboşdur... Adamın ürəyi xarab olur e
vallah... Məm kitab-zad oxuyan deyiləm, bizim o beş yaşlı Topuşun anası jurnalistdi
axı, o danışırdı ki, Amerikada bir xalq olub qədimlərdə... Qoy görüm adı nəymiş...
Mmm... Eeee... Zaddı...Hə, Maya xalqı. Bu Maya hardan qalıb yadımda, o kino var
e, “Dəli Kür”dü, nədi... Yoox, “Böyük dayaq”... Hə, odu. Orda deyir e, Maya, Mayacan...
bax, mənim Jurnalistim də Maya kimi gəzəldir, ağ mayadır... Mən onu heç vaxt öz
adıynan çağırmadım, eləcə Maya dedim... Hə Maya xalqınnan danışırdım axı...
Bizim Topuşun anası Maya danışır ki, Maya camaatı qurulu evlərini, həyət-bacalarını,
hətta yarımçıq qoyduqları dulusçuluq məmulatlarını, həyətdə ocaq üstdə
qazanlarını belə qoyub, yoxa çıxıblar... Hara gediblər? Ölüblərsə, bəs sümükləri
hanı? Müharibə olubsa, yenə toplu insan skletləri çıxardı ortaya... Qeyb
olublar... Bax, mən 28 May metrosu tərəfdən köhnə Basin küçəsi ilə qalxıram
maşınla, küçədə bircə adam yoxdur... Eyzən Mayalılar kimi adamlar qeybə çəkiliblər
elə bil... Və birdən bircə adam görünür, onu da göyərçinlər bürüyür ağ rəngə...
Adama da, zəhləm gedən göyərçinlərə də, özümə də yazığım gəldi... Elə Bakıya
da...
Biz
nə günah işlətdik?.. Mən öz payıma deyim də... O qara, kir-pas içindəki QAZ –
66-nı mən tez unutdum. Eşşəkdən düşüb ata minmək buna deyirlər... İyirmi beş
ildir biznesdəyəm, bəlkə yüzəcən qadınla yatmışam... Hamısı özü yıxılmayıb ki,
altıma... Biri xoşnan olubsa, beşi zornan olub... Sonra... Bir qadın gəlmişdi
ki, oğlum müharibə əlilidir, əməliyyat olunmalıdır, çıxardıb beş manat verdim,
ağladı ki, bunnan əməliyyatmı olar? Söyüb qovdum qadını... Bir qız uşağı gəlib
mağazada bahalı paltarı taxıb əyninə, pulu da çatmır... İndi pulu yoxdu yoxdu,
bəs nəyisə var axı? Nəyi olacaq qız uşağının? Qayıdasan ki, dayı, nə istəyirsən
verim, bu paltarı ver mənə... On yeddi yaşı ola, olmaya... Onu da çəkib apardım
anbarın içinə... Bu korona virusu mən gətirmişəm Çindən, mən! Düz iki dəfə
Urumçiyə mal vurmağa getmişəm, bax onda mənim ayağımda gəlib!..
Maya
qəzetdən oxuyurdu ki, bu xəstəliyə Çinin Uhan şəhərində ilk dəfə bazarda canlı
krevetka satan Vey adlı bir qadın yoluxubmuş... O it-pişik, qurt-quş yeyənlərin
nə günahı var, bilmirəm, amma ən böyük günah bizimdir... Mən bilirsən nə
günahlar eləmişəm? O paltarın qarşılığında altımda qışqıran qızın səsi
qulaqlarımdan getmədi uzun müddət... Heç keyf almadım o qızdan... Bildim ki, o
qızın ahı tutacaq məni... Şəkər tutmuşam. Qapqara çörək yeyirəm. Nəfəs ala
bilmirəm... Heç kişiliyim də yaxşı sözümə baxmır... Eh Maya, Maya... Bizi də o
Maya camaatının aqibəti gözləmir görəsən?
Səhərdən
öz-özünə gumuldanır içində. Bilirəm nələr keçir ürəyindən. Mən bunun A-yına da,
B-yinə də bələdəm. Ağzın açmamış, nə deyəcəyini bilirəm. Xızıda da mülkümüz var
axı. Neçə il qabaq yayı orda keçirirdik. Beşaçılanı saldı çiyninə, dedi gedim
bir az gəzim, bəlkə ov-zad da vurdum. Heç üç saat keçməmiş, əlində bir alabaxta
qayıtdı. Alabaxta da göyərçinin bir formasıdı dayna, eynən. Bilə-bilə ki, göyərçinlərə
mənim sevgim var, qırmanın dəlib-deşdiyi quşun ölüsünü atdı üstümə ki, bir göyərçinni
plov dəmlə...
O
gün onun üzünə qayıtdım. Qarğadım ərimi... Səni də bu quş kimi əllərdə qalasan
dedim...
Nənəmin
bir Alabaxta nağılı vardı. Deyir bir qızı bəy oğlu istəyir. Amma qız başa düşür
ki, bu bəyzadədən ona yar olmayacaq. Ona görə qaçır onnan. Bir ay belə, iki ay
belə, axırı bəyzadə qızı dar bir bərədə tutur, deyir səni buraxdı yoxdu. Qız
dartınıb qaçmaq istəyəndə, bəyzadənin əlində tüfəng açılır, dəyir qıza. Qız
yaralı-yaralı bir oxumaq oxuyur. Allahın xoşuna gəlir, onu alabaxtaya döndərir.
O vaxtdan bu vəhşi göyərçin çöllərdə uça-uça oxuyur:
Alabaxtayam,
Alabaxta,
Sinəm olub taxta-taxta.
Məni vuran bəy oğlu,
Qan qussun laxta-laxta.
Nəsə
tappıltı ilə villanın hündür pəncərəsinə çırpıldı. Əvvəl qadın, sonra Böyük
qız, sonra Kişi balkona çıxdılar. Bir göyərçin şüşəyə çırpılıb dipçəyin dibinə
düşmüş, orada qanadlarını tərpədərək can verirdi. Ala qarğa isə həyətdəki
akasiyanın budağına qonub qarıldayırdı.
Bomboş
küçədəki gölməçədə sərçələr çimişirdi.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Onların rayonlarında bibioğluya belə deyirdilər.
26.03.2020
Yorumlar
Yorum Gönder