AKADEMİKİN PİŞİYİ, YAXUD PİŞİKLƏRİN QƏTLİAMI
AKADEMİKİN PİŞİYİ, YAXUD
PİŞİKLƏRİN QƏTLİAMI
hekayə
“Qan yoxdu” hekayəsinin müəllifi, dostum Ahmet Yıldıza
***
Hicran dəmi gecədirsə, bir səhərdir onda
vüsal.
Səbahəddin Yəhya Sührəverdi
Akademik sehirbaz idi.
Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi,
həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu
da yanına almış, öz peşəsini qardaşı
oğluna da öyrətmişdi ki, evə çörəkpulu gətirsin. O çağacan ki, uşaq dərsdən
soyumağa başladı. Onda anası (o kitabxanaçı idi) əmisi ilə dalaşmış, oğlunun
qulağından tutub evə gətirmiş, hədələmişdi:
-Mən özüm çörəyimizi pis-yaxş qazana bilirəm
hələ ki! Sən, məktəbə get, oxu, adam ol!
O da anasının sözündən çıxmamış, oxuyub
alim olmuşdu.
Amma bu illər ərzində sehrbazlığı canından
çıxarda bilmədi. Yeri gələndə elmin gözünə də qatdı bu peşəni. Əslində, onun
canında varmış sehrbazlıq. Əmisinin yüz əziyyətlə hazırladığı nömrəni – məsələn,
papağın altına yumurta qoyub cücəyə döndərməyi, həmin cücəni təkrar yumurtaya çevirib onu orta sırada oturanlardan birinin cibindən
çıxartmağı – bircə anda göstərə bilirdi… Məşhur bir ailənin övladı olan aspirant qızı hipnozla pişiyə
“çevirmiş”, sonra da başını sığallaya-sığallaya özünə aşiq etmişdi. Çox-çox
sonralar o qız and içirmiş ki, mən hələ indi də hərdən çaşıb özümü pişik hesab
edirəm. Elə ki bu hipnozdan ayıldım, həmin
illüzionist alimlə bərabər,
ömürlük pişik olmağın daşını atdım …
Hə, onun bir fobiyası vardı - ən çox istədiyi adamların onu tərk edəcəyindən
qorxardı. Ona görə onları pişiyə… Amma bu barədə az sonra…
(Bir dəfə
aspirant olanda akademiyada yen il axşamı o bir nömrə göstərdi. 500 səhifəlik
qalın kitabın içərisindən salondakı hər
hansı bir adamın oxuduğu cümləni dərhal
tapdı. Onda akademiyanın prezidentinə maraq güc gəldi: o da bu kitabdan bir
cümlə işarələdi. Bir göz qırpımında
düzgün cavab hazır oldu! Bundan
sonra prezident pələng cəsarəti ilə səhnəyə
atılan oğlanı yanına çağırmış, başını tumarlayaraq demişdi: “Yaxşıdır, əladır!
Yeni il şənlikləri bitən kimi yanıma gələrsən…”
Elə o nömrədən
sonra başına çəkilən tumar oğlanın
taleyini dəyişdi. Prezident onu özünə
köməkçi təyin etdi.
Akademiya ovcunun içində idi. Gənc yaşlarında elmlər
namizədi, elmlər doktoru oldu, adı SSRİ-nin hörmətli alimləri ilə yanaşı çəkildi…
Amma o tumar daha bir iş gördü: pələng cüssəli, pələng cəsarətli bu oğlan pişik
kimi müti, pişik kimi qorxaq birinə çevrildi. Yaxşı ki, əmisinin öyrətdiyi
sehrbazlığı onu tərk etmədi. Həm müti, həm sehrbaz olmaq onun işinə yaradı əslində.)
Akademik olanacan yüz kitabı vərəqləyib içindən bir kitab
çıxartmağı, bir kitabı dartıb uzadıb üç kitab eləməyi, son dönəmlərdə isə elmi
rəhbəri olduğu bir istedadsız aspirantı, yaxud indiki dillə desək magistri püfləyib
fəlsəfə doktoruna çevirməyi, yaxud tərsinə, bir
istedadlı fəlsəfə doktorunu
pisikdirib plagiatçı damğası vurmağı
an məsələsi idi. Sehr onun əlindəydi. Əlini bircə dəfə birinin üstünə çəkdimi?
Məsələ bitirdi…
Hətta söz gəzirdi ki, təzəlikcən
Akademikin kabinetində saxladığı Ala pişik (bu
çağacan yüzlərlə belə pişiyi yemləyib işlətmiş, sonra qovmuşdu) vaxtilə
telli-birçəkli bir şairmiş. Daha dəqiqi, şair-magistr. Və bir gün Akademikin
bığının altından necə keçirsə, kişi çox istədiyindən əlinin qüdrətini unudub, çəkib
telli gədənin başına. O, bu! Gədə dönüb pişiyə… Özü də Ala pişik!
İndi ha çalışır, vuruşur, onu əvvəliki
halına döndərə bilmir. Hətta iş o yerə gəlib çatır ki, gədə-pişik gənc
arvadıyla yatıb-duranda onun istəyini lazımınca ödəyə bilmir (iraq olsun,
pişiyin qadınla yatmasını heç təsəvvür edə bilmirəm?!), axırda gənc qadın
boşanır ondan.
Söz gəzirdi ki, gədə
pişik o qədər çox içirmiş ki, böyrəkləri sıradan çıxıbmış, bir saatdan
bir tualetə qaçırmış. Arvadı, əslində ona görə boşanıb – sidiyini saxlaya
bilmirmiş… Hətta gecələr yerini də isladırmış… İraq olsun…
Həəə, orda qaldıq ki, akademik əlini çəkmişdi
telli gədənin üstünə - peyqəmbər pişiyin üstünə çəkən kimi (yenə iraq
olsun) – gədə olmuşdu pişik…
(Mən onun pişik olmayan çağlarını görmüşdüm. And olsun
o müqəddəs pişiyə toxunan ələ ki, onun gözləri pişik gözü kimi parıldayırdı!
Üzü eyzən pişik üzü idi ki, durmuşdu. Bığı… Yox bığı yox idi, amma pişik kimi
cırmaq atmağı, bəzən yazıq-yazıq miyoldasa
da, birdən hovuru qalxan dişi pişik kimi
bağırmağı vardı. Bu misalı elə
bil onunçün demişdilər: pişiyi də
qayıranda gərək elə
qayırasan ki, adamın üzünü
çırmaqlamaya…)
Akademik üçün telli gədə - Ala pişik həm də bir daş idi –
soyuq silah timsalı. Əlinə götür, at düşməninə, boya al-qanına. Amma yooox, o həm
də bir sehrbaz idi axı. O bu kəpirli qaya parçasını (tumara yatan, çay daşı kimi sürüşkən olsa da, daxilən bu pişik-gədə kəpirli
bir qaya parçasıydı, dəydimi qan çıxartmalıydı) özü atmazdı. Məsələn, bir
dosentin əli ilə ağzına qan alan professora atardı, elə həmin o başı çapılan
professorun əli ilə akademiyanın öndəgedən müxbir üzvünə tullayardı, ortabab
bir yazıçının əlinə verib Akademikə baş əyməyən xalq yazıçısına çırpardı...
(Akademik pişiklərin dünya
tarixindəki yerinin təkcə Peyqəmbərlə məhdudlaşmadığını bilirdi. O bilirdi ki,
orta əsrlərdə Avropada yanlış olaraq
pişikləri qırıblar. Papa xristian dünyasında baş verən pisliklərə səbəb kimi sehrbazları, ovsunçuları və pişikləri günahkar bilib. Hətta pişikləri öldürənlərə
mükafat da təyin edib.
İtaliyadan
Fransaya, oradan Ukranyaya, Norveçədək böyük bir ərazidə papanın fətvası ilə
pişiklərin və sehrbazların qətliamı
başlayır.
Fəlakətin
acı nəticəsi özünü çox gözlətmədi: pişiklərin qırıldığı Avropanı tezliklə siçan
və siçovullar basdı. Körpə uşaqları belə bələkdə yeyən siçovullar evlərə hücum
çəkirdilər. Bu azmış kimi, qara ölüm adlanan cuma, yaxud cüzam xəstəliyi tüğyan
eləməyə başladı. Adamlar milçək kimi qırılırdılar. 1347-ci il hesablamalarına
görə Avropada bir ildə əhalinin 51 faizi, başqa sözlə 58 milyon adam məhv oldu.
Bu fəlakətin
qarşısını isə bir Təbriz türkü aldı. Təbriz sarayının həkim-filosofu Elxanilərdən
Əmir əl-Umara Çobanın oğlu, Ənuşirəvanın zamanında Təbriz sarayının və dövrünün dahi həkim
-filosofu Səhabəddin Yəhya Sührəvərdi Papaya məktub yazaraq fəlakətin səbəbini
açıqladı. Cuma xəstəliyinin yayılmasının baisi kimi siçan və siçovulların
artmasını misal göstərdi.
M.F.Zaxarov “Kardinallar döyüşə gedir”
kitabında yazır:”Yaxşı ki, papa bu ağıllı fikrə qulaq asaraq fətvanı geri
götürdü.”
Azərbaycanlı
alimin təklifi ilə Osmanlı dövləti Avropanın köməyinə gəldi: bu ölkədən
milyonlarla pişik və pişik balası Avropaya göndərildi. Az sonra artmağa
başlayan pişiklər siçan və siçovulları məhv etdi. Uğurlu nəticəni görən papa
sehrbazlara aid fətvanı da ləğv etdi. Bir Şərq aliminin və milyonlarla Şərq
pişiyinin köməyi ilə Avropa qurtuldu.
Akademik bu
tarixi yaxşı bilirdi. Özünü sehrbaz və pişiklərin himayədarı kimi böyük Sührəverdiyə tay tutmaqdan belə çəkinmirdi... Bir əl işarəsi
ilə o hər şeyi dəyişə bilirdi... Hər şeyi... Təsadüfi deyil ki, başının üstündə
prezidentin şəkli olsa da, masasındakı kompüterin profilində Sührəverdinin şəkli
vardı....)
***
Ala pişik qələmi döş cibinə, özü də çöldən,
görünən yerdən taxardı. Balaca netbukunu qoltuğuna vurub Akademikin qapısı
ağzında əmrə müntəzir dayanardı. Kimin karikaturasını çəkmək, kimə zəhərli
şarjlar yazmaq, kimi qaralamaq lazım gəlsə, bu pişik adam onun kimliyini,
istedadını soruşmadan düşərdi üstünə. Ən acı sözlər tapar, onu cəmiyyətin
gözündən salmaq üçün söyüşdən, küfrdən, qarğışdan belə istifadə edərdi. Hər
yazısının sonunda vurduğu düyünü yenə
hörümçək toru kimi hörər və yazısını belə bitirərdi: “Bu adam qeyri-ciddi
birisidir. O dərəcədə qeyri-ciddi ki, bu yazını belə yazmağa dəyməzdi. Haram
xoşu olsun!”
Pişik adam bir gün avtobusla evinə
qayıdırdı. Son yazısı Akademikin çox xoşuna gəlmiş, onu ödülləndirmiş, qonorarından
əlavə cibinə bir yüzlük də basmışdı. O da ucuz kafelərin birinə girmiş, yaxşıca
vurmuş, kefini qaldırmışdı. Amma hər dəfə olduğu kimi kafedəkilər onu incitmiş,
ələ salmış, pişim-pişim edərək təhqir etmişdilər. İndi avtobusda gedə-gedə o
qanqaraldıcı hadisə yadına düşür, ürəyi bulanır, qaytarmaq istəyirdi. Amma
hara? Qaytarmağa yermi var?
Bu vaxt yanındakı boş yerdə bir adam
oturdu. Oturan kimi də başladı azaylanmağa:
-Ölkə xarab oldu getdi! Pişiklərlə bir
avtobusda getmək yalnız bizim ölkədə ola bilər?! Əlimi caynağı ilə
yaralamağından qorxmasaydım, quyruğundan tutub
vızıldadardım bayıra bu sahat...
Belə də şey olar?! Avtobusu döndəriblər zooparka?!. Hələ gör nə qədər doldurub
tuluğunu!?
Tanıdı! O idi. Cəmi bir ay əvvəl Akademik
Dosentə, Dosent Professora, Professor ortabab Yazıçıya, o da Ala pişiyə demişdi, bu da götürüb bir uzundərə
yazı yazmışdı bu məşhur Yazıçı barədə. Yazıçını o ki var söymüş, sölənmiş,
axırda da akademik bir tonla bitirmişdi: “Bu qeyri-ciddi adam xalq düşmənidir.
Xalqın duyğuları ilə oynayandır. Dövlətin akademiklərini belə saymır. Halbuki
bir akademiki yetişdirmək üçün altmış il
vaxt lazımdır. Bu Yazıçıda bunu duyacaq başmı var? Yoxdur. Elə isə niyə beləsini
bayırda saxlayırlar ki? Təhlükəli canilərin yeri türmədir. Bizim xalq polisləri
hara baxır?!”
Təəccüblə Yazıçıya baxdı və
miyoldadı:”Sizi hələ həbs etməyiblər?!”
Yazıçı əlinin dalı ilə onu itələmək istəyəndə
balaca pəncəsini qaldırıb kişinin sifətinə vurdu və onun sifətində dörd qanlı
şırım açıldı. Bu vaxt avtobus dayandı.
Pişik bir göz qırpımında avtobusdan tullandı və özünü güc-bəla ilə
zibilliyə çatırdı. “Öhö” eləyib qaytardı...
***
Səhəri akademiyanın pillələri ilə qalxan
Ala pişik gözlərinə inanmadı: pilələrlə enən Yazıçının üzündə heç bir iz yox
idi. Dünən elə bil belə hadisə olmamışdı. Hətta Yazıçı əlini uzadıb ciddi-ciddi
onun başını tumarladı da...
Akademikin qapısını miyoldaya-miyoldaya
açanda əli üzündə qaldı: kişinin sifətində
qanı qurumuş dörd caynaq izi vardı. Ha eləsə də özünü cəmləşdirib şax dayana
bilmədi. Akademikin qapısı ağzında uzanıb yazıq-yazıq miyoldadı. Birdən başı
aşağı işləyən Akademikin gözü onu aldı. Yerindən ciddi-ciddi qalxdı, sol
ayağını yerə dayayıb sağ ayağını qaldırdı, ona möhkəm bir təpik vurdu. Açıq
qapıdan top kimi bayıra düşən gədə pişik bircə anda əvvəlki halına döndü. Döş
cibindən dəhlizə düşmüş qələmini götürmək üçün əyilmək istədi, əyilə bilmədi: təpik
bel sümüyünü zədələmişdi. Qələmi isə götürmədi – qırılmışdı.
Zibilliyin yanından keçəndə bir sürü
pişik gördü. Bəzisi acından ölmüş, bəziləri
zibillikdə eşələnirdilər. Bu pişik sürüsünü tək-tək tanıyırdı. Bunlar onun rəqibləri
idilər. Vaxtilə Akademikin qapısında sülənib, indi qovulmuşdular. Deyəsən,
pişiklərin ikinci qətliamı başlanırdı.
01.01.2017
Yorumlar
Yorum Gönder