AZAD QARADƏRƏLİ KOMADAN SONRA hekayə
AZAD QARADƏRƏLİ
KOMADAN SONRA
hekayə
Vətən
müharibəsi zamanı itkin düşən, sonradan sağ olduğu üzə çıxan qazilərə həsr
olunur*
Qaranlıq
idı. Gözünü açmaq istədi, olmadı. Torpaqmıydı, ya nəydisə, gözünə doldu. Əvvəl
elə bildi ki, ölüb, dəfn ediblər. Məəttəl qaldı ki, nə təhər dəfn ediblər ki,
gözünə torpaq tökülür? Axı əhlədin üstünə piltə döşəyib, hətta beton tökürlər?
Sonra
ağlına gəldi ki, bəlkə öləndə adətə görə, ölünün gözünə ən yaxını torpaq tökür
axı, bunu da dəfn edəndə torpaqmı atıblar?..
Amma
yox, torpaq şırıldayıb kəsdi. Gözünü bərk-bərk yumdu ki, torpaq dolmasın.
Ağlına ilk gələn o oldu ki, əlini qaldırıb, gözünə tökülən torpağı təmizləsin
ki, bəlkə bir şey görə bildi. Sağ qolunu tərpətmək istədi, bacarmadı. Qol meyid
kimi yanında qalmışdı. Sol qolu isə tərpənsə də hara isə girmişdi deyə, qaldıra
bilmirdi. Bir az qolunu tərpədəndən sonra anladı ki, altında qalıb. Ayaqlarını
tərpətdi. Cimildəyirdi, amma ağrımırdı. Onu da anladı ki, deyəsən, ayaqları
salamatdır. Güc verib ayağının birini qaldırdı və bu zaman su qarışıq palçıq
şırıltıyla yuxarıdan aşağı töküldü. O biri ayağını isə qaldıra bilmədi. “Ya çox
keyiyib qəciyib, ya da güllə dəyib sağ qolum kimi cansız olub?”
Bir
şeyə əmindi - sağdır. Və ona da əmin oldu: bura qəbir deyil və bayaq ayağının
üstünə tökülən palçıqdan anlaşılırdı ki, o səngərdədir və üstünə çoxlu torpaq
tökülüb...
Amma
bu torpağı kim tökmüşdü? Əsgər yoldaşları onu ölmüş bilib, üstünü
torpaqlayıblarmı ki, meyidi düşmən əlinə keçməsin? Ya ermənilər torpaqlayıb?
Erməni niyə torpaqlasın axı?
Ağlı
tamam yerinə gəlirdi get-gedə. Anlaqlı hala gəldikcə olub-keçəni xatırlamağa
çalışırdı...
Bilinən o ki, yağış yağmış, yer yaş olmuşdu. Ona görə nə qədər etsə də,
üstünə tökülmüş torpağı ata bilmirdi. Daha
üstündəki torpaq deyil, palçıq olmuş, buna görə də ağırlaşmışdı.
Başını
tərpətdi, bəlkə gözünə tökülən torpaq yana tökülsün. Amma başından bərk ağrı elə
tutdu, daha tərpədə bilmədi. Demək, başının harasındasa güllə yarası var. Əlac
salamat ayağına qalırdı. Yenə tərpətmək istəyəndə anladı ki, ayağının altında bərk
bir şey var və altında qalmış əlinin barmağının ucu ilə toxunub, qoburdakı
tapançası olduğunu duydu. Bu silahdan elə bir əlavə güc gəldi ona. Elə bil
silah deyil, canlı əsgər yoldaşı idi. Yanını ayağının köməyi ilə qaldırıb
altındakı qolunu çıxarda bildi. Bir az nəfəsini dərib, qolunu qaldırdı, üstündə
nəmləyib qalın palçığa dönmüş ağır yükü
atmağa çalışdı. Bir azını ata bildi hətta. Amma elə yoruldu ki, sərilib qaldı.
(“Guya sərili deyilmişəm”...)
Bir
dəqiqəmi, bir saatmı belə qaldı, bilmədi. Bu vaxt ona uzun bir zaman kimi
göründü. Kirpiklərini qaldırdı, gözünün birinə işıq dolduğu üçün tez də yumdu.
“O biri gözümə torpaq dolub yəqin”. Özünü topladı. Yeni həmlə lazımdı. “Ya
allah” deyib qolunu bir də tovladı və bu dəfə qalın yaş palaz kimi üstünə sərilmiş
bərkiməkdə olan palçığı bir kənara ata bildi. Həmin an gözlərini açdı. Bir
gözünə işıq doldu. “O biri gözümə torpaq dolub yəqin”. Əlini uzadıb sol gözünün
torpağını təmizləmək istərkən əli çayaya girdi, barmaqları qana batdı və
ağrıdan özündən getdi...
Bu
dəfə bu vəziyyətdə bəlkə üç-dörd saat qaldı. Ya bəlkə çox.
...Onun
taqımına qarşıdakı yüksəkliyi almaq və əlində saxlamaq əmri verilmişdi. Adətən,
yüksəkliyi aldıqdan sonra arxadan gələn yeni qüvvəyə verib, daha irəli gedərdilər.
Bu dəfə nədənsə orda möhkəmlənmək əmri verilmişdi. Buranı alacaqdılar, amma qeyri-müəyyən vaxtda orada dayanmaq çətin məsələ
idi. Niyə? Çünki adətən, arxadan gələn qüvvə həm onlara su, yemək və sursat gətirirdi,
həm şəhidlərin yerini dolduracaq əsgərlər dəstəyə qoşulurdu, həm də hücum
zamanı onlara artileriya vasitəsi ilə yardım edilirdi. Budur, hücuma başlayacaqlar,
elə indidən su ehtiyatı az, silah ondan da azdı. Əmr verdi ki, gülləyə və suya
qənaət etsinlər. Və gözləyib, düşməni qabağa buraxıb əks-hücuma keçməyə
üstünlük verdilər. Axı onların yeri çox hündür idi. Ən azı hücum zamanı nisbətən
aşağı enəcəkdilər. Belə də oldu. Ən yaxın məsafəyə buraxıldı, sərrast atıcılar
yerlərində qalıb düşmənə atəş açdı, qalanları isə sürünə-sürünə irəli gedib qəflətən
düşmənin üstünə atıldılar. Bunu gözləməyən rəqib çaşqınlıq içində geri qaçmağa
başladı. Komandir “irəli” bağıraraq düşmənin ardınca atıldı. Bir yandan da
arxadan sərrast atıcılar düşməni dənləyirdi. Nəhayət, ermənilər səngərə dolanda
bizimkilər üstlərini alıb, əlbəyaxa döyüşə qalxdılar. Düşməni süngü-bıçaqla təzəcə
qırıb qurtarmışdılar ki, hardansa minaatanlar və toplar yüksəkliyi atəşə tutdu.
Elə nə oldusa, onda oldu. Taqımın səngərdə öləni öldü, qalanı da yaralıları,
meyidləri götürüb arxaya çəkildi. Komandirin yanına düşən minaatan mərmisi
gözünü və budunu yaralayandan sonra iki metr aralı düşən top mərmisi onu səngərə
pərçimləyib üstünü də torpaqladı...
...Nəhayət,
özünə gələ bildi. Əlini uzadıb salamat gözünü qapadı, ətraf zülmətə qərq oldu.
Anladı ki, bir gözünü ya itirib, ya da zədələnib. Yanında qalmış qıçını tərpətməyə
çalışdı. Qıçı da yaralıydı, amma bu çox ağır yaraya bənzəmirdi. Çünki ayağını
artıq hiss edə bilirdi.
“Uşaqlar
məni ya ölmüş bilib gediblər, ya da heç torpağın altında qaldığımı hiss etməyiblər.
İndi iki məsələnə müəyyən etməliyəm: taqım irəlimi gdib, ya gerimi çəkilib?
İkinci, burdan çıxa bilsəm, bizimkilərə çatmaq şansım nə qədərdir?”
Əlini
yenə qoburun üstüə qoydu. Sanki silahından güc alacağına inanırdı. Bu soyuq dəmir
parçasından onun ürəyinə bir istilik, hərarət axdı. Zəif döyünən ürəyinin
döyüntüsü artdı elə bil.
“Silahım
soyuqdur, amma mənə enerji verir... Soyuq demişkən, bəxtimdən yağış yağıb və bu
nəmişlik mənim qanımın axmasını dayandırıb. Yoxsa qanaxmadan ölə bilərdim. Elə
yağışın torpaqda açdığı deşiklər də havalanağıma kömək edib, yoxsa torpağın
altında boğulub ölərdim... Ya allah! Kömək ol, burdan çıxa bilim!”
Disrəyini
yerə dayayıb yanı üstdə çevrilə bildi və ayağındakı, gözündəki, bədəninin başqa
yerlərindəki qəlpə yaraları səs-səsə verib sızıldaşdılar, qışqırmamaq üçün biləyini
ağzına soxdu. Nəhayət ikinci təkandan sonra torpaqdan çıxa bildi...
...Ətrafa
baxanda gördü ki, nə bir meyit, nə də yaralı var. Hətta düşmən meyidləri də yox
idi. Təxminən beş metr aralıda isə partlamamış bir mərmi dururdu. Bunu yaxşı əlamət
hesab etdi. “Allah ölməyimi istəməyib. Açılsaydı, yəqin ki, qəlpələr məni
param-parça edər, yaxud da üstümü daha çox basırardı. Demək, təslim olmaq
olmaz... Hə... Mən burada ən azı iki gün qalmışam. Allah öldürməyəndə
öldürmür... Geri sürünməliyəm. Bax, orda, ağaran yoldan maşınlar keçsə, məni
görüb götürərlər...”
Yaralı
ayağını cibindəki əl dəsmalı sıxıb
bağladı – sürünəndə qanaxma sürətlənə bilərdi.
Silahını əlində hazır tutdu ki, düşmənlə qarşılaşsa, atəş aça bilsin.
Yanından asılı su qabını açdı, bir qurtum su alıb ağzını yaxaladı, yerə tökdü –
susuzdan yansa da udmadı. Və sürünə-sürünə irəliləməyə başladı. Arada ağrıdan
bayılır, yenə ayılır, yenə irəliləyirdi. Bu minvalla nə qədər, neçə saat
süründüyünü bilmədi...
...Gözünü
- bəlli ki, bir gözü görmürdü – palatada açdı. Ətrafda ağ xalatlılar gəzişir,
bir-biri ilə nə barədəsə danışır, hətta mübahisə edirdilər.
“Bunun
düzəlməsi allaha qalıb. Məncə çətin ki, ayılsın... Az qalıb ay olsun, hələ də
komadadır. Yazığa nahaq əziyyət veririk.”
“Nə
edək, hocam? Adamı diri-diri moqa göndərməli deyilik ki?”
“Yox,
elə demədim... sadəcə aparata qoşulu vəziyyətdə qalması... Əziyyət çəkir...”
“Hocam,
bir baxın, gözünü açdı elə bil?!.” – tibb bacısı qışqırdı.
Həkimlər
bir anda xəstənin üstünə əyildilər. “Hocam” dedikləri əlini göyə açıb dua
etdi:”Şükür sənə, ilahi! Günah işlətmişdim beş dəqiqə qabaq... Keç
günahımdan...”
Gənc
həkim xəstənin qalxan əlini tutdu:
“Yaxşısınız,
cənab leytenant?”
Dodağını
tərpətmək istədi, quruduğundan tərpədə bilmədi. Tibb bacısı yaş pambıqla
dodaqlarını islatdı. Quyudan çıxan səs:”Yaxşıyam...”
Sonra
gözünü dolandırıb palataya gəzdırdi və bir az ümidlənmiş halda dedi:
“Neçə
vaxtdır burdayam?”
“Bir
ay var. Qorxutmuşdunuz bizi” – hoca dedikləri inamsız səslə dilləndi.
“Bəs...
Cəbhədə vəziyyət necədir? Mənim əsgərlərimnən nə xəbər var?”
Gənc
cərrah onun əlini sığalladı:
“Müharibə
bitib. Gözləriniz aydın! Biz qalib gəldik!.. Torpaqlarımızı qaytardıq sizin
kimi igidlərin sayəsində... Sizi isə... üstünüzdə sənəd tapılmadığınnan
kimliyinizi bilmirik... Ona görə də əsgərlərinizdən xəbər tuta bilməmişik...
Lütfən, ad-soyadınızı, hansı hərbi hissədən olduğunuzu deyin, tibb bacısı qeyd etsin... Sonra isə
yatın, istirahət edin. Səhər, sağlıq olsun, danışarıq...”
***
Bədənindəki
bütün qəlpələri çıxartmışdılar. Təkcə gözünün yanında bir qəlpə ilişib qalmışdı
və həkimlər qəara gəlmişdi ki, tamam sağalıb yaxşılaşandan sonra təkrar cərrahiyyə
yolu ilə o qəlpəni də çıxarda bilərlər. Bəlkə onda zədələnmiş gözünün də düzəlməsinə
ümid olar.
***
Bir
həftə sonra onu evə buraxdılar. Telefonunu itirsə də, tibb bacısının telefonu
ilə evə zəng vurmaq istədi, amma nə düşündüsə, vaz keçdi. “Qoy sürpriz olsun.
Müharibə qələbəylə bitib onsuz da. Qoy bir qələbəni də mən gedişimlə ailəmə bəxş
edim.”
***
Rayonlarına
çatanda axşam üstü idi. Bazarın yanında taksi dayanacağına yönəldi. Evəcən
taksi ilə gedəcəkdi. Baxdı ki, duracaqdakı taksiçilər ona qəribə gözlə
baxırlar. Hətta içlərində tanıdığı Həsənağa heyrətlə üzünü tutmuşdu. Keçib
maşında oturdu. Handan-hana Həsənağa yerinə keçdi. O, sürücüyə baxıb gülümsünməyə
çalışdı:
“Deyirsən,
yəqin müharibədən gəlir, pulu yoxdur? Ona görə sürmək istəmirsən? Pulum var.
Qorxma... Gəl, sür gedək.”
“Əstafürüllah...
Nə danışırsınız? Heç heylə şey olar? Biz taksi sürücüləri sözü bir yerə
qoymuşuq ki, davadan gələn əsgərdən pul almayacağıq...”
Bir
qədər maşında dinməzcə yol getdilər. Nəhayət, sürücü udquna-udquna dilləndi:
“Xəstəxanada
idiniz?”
“Hə...
Bir aydan çoxdur komadaydım... Bir gözümü...”
Sözünün
dalısını gətirə bilmədi. Bu aylar ərzində ilk dəfə idi qəhərlənirdi. Hətta tək
gözündən yaş da gəldi. Sarıqlı gözü isə sancdı. Əlini aparıb sarığın üstünə
qoyanda hiss etdi ki, ürəyi elə bil yarasında döyünür. Tez əlini götürdü.
Daha
danışmadılar. Sürücü bir-iki mənasız sual versə də, leytenantın həvəssiz “hə,
hı” eləməsini görüb susdu. Təxminən yarım saatdan sonra məhlələrinə çatdılar.
Maşından düşəndə həyətlərində çadır qurulduğunu görüb sarsıldı. “Atammı öldü?
Ya anam mənim yoxluğuma dözə bilmədi?! Yoxsa...”
Həyətə
yığılanlar onu görüb qeyri-ixtiyari geri çəkildilər. Hətta onların içində olan
atası da heyrətlə oğluna baxa-baxa qalmışdı. Az sonra qadınların içindən çıxan
ana onun üstünə atıldı və “oğlum” deyib boynuna sarıldı. O isə hələ də təəccüb
və qorxu içində qalan adamlara baxaraq anasının qulağına pıçıldadı:”Nə baş
verir, ana? Bu adamlar mənə niyə heylə baxırlar? Hətta atam da...”
Az
sonra ata da tərəddüddən çıxıb oğluna yaxınlaşdı. Sonra bacısı, sonra o biri
qohumlar irəlilədilər... Amma hələ də o şokdaydı. Heç kim cəsarətə gəlib, nə
baş verdiyini deyə bilmirdi. Tərslikdən ananın da ürəyi xarab oldu və leytenant
bir az əvvəl olanı unudub, anasının hayına qaldı...
***
Anası
təzəcə ayılmışdı ki, dedilər qonaq gəlib. Rayon rəhbərliyindən bi nəfər,
rayonun polis rəisi, bir neçə hərbçi həyətdə
dayanmışdılar. Əllərində gül-çiçək və əsgərlərin tutduğu iri bir çələng vardı.
Çələngin üstündə öz ad-familiyasını görəndə bilmədi gülsün, ya ağlasın. (Artıq
məsələni ona anlatmışdılar – evlərində onu öldü bilirdlər. Hətta hərbiçilərin gətirdiyi
bir tabutu aparıb rayonun şəhidlər xiyabanında dəfn də etmişdilər...)
Yaxınlaşıb
məsələni qonaqlara izah etdi. Sonra xahiş etdi ki, onu şəhidlər xiyabanına
aparsınıar.
Əsgərlərin
əlindən aldığı çələngi sökdü, gülləri çıxardıb şəhid qəbirlərinə və “öz qəbirinə”
qoydu. Sonra bu aylar ərzində ikinci dəfə qəhərləndi, tək gözündən axan yaşı
gizlətmək üçün üzünü yana tutub dedi:
-Xahiş
edirəm, şəhidimizin kimliyini tezliklə müəyyən edin ki, gözü yolda qalan bir
ailənin gözü yığılsın...
Polis
rəisi isə müdrik görkəm alıb dilləndi:
-Hə,
eskumasiya lazım olacaq... Sonra da DNT analizləri.
Leytenantın
sarıqlı gözü durmadan atırdı. “Mən bir dəfə özüm özümü eskumasiya eləmişəm.
Növbə sənindir, qardaş. Dava bitib, qan-qada bitməyib.”
26.12.2020.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Hekayə olmuş hadisə əsasında qələmə
alınıb. Lakin bəzi etik səbəblərdən qazimizin əsl adı mətndə şəkilmir.(Müəllif.)
Yorumlar
Yorum Gönder