AZAD QARADƏRƏLİ GÖZƏGÖRÜNMƏZLƏR Hekayə
AZAD QARADƏRƏLİ
GÖZƏGÖRÜNMƏZLƏR
Hekayə
( Vətən Müharibəsi şəhidi kapitan Elçin
İsmayılovun xatirəsinə)
“Dərviş, gələcək həyatın ölüm anına qədər
insana əyan olması –
böyük səadət, sərhədsiz işıqdı! İnsanlar bu barədə heç nə bilmirlər.
Əgər bilsəydilər, o işığı gecə-gündüz axtarar, onu görməyə
çalışardılar ki, ölümlərinnən sonra qayıdacaqları məkanı tanısınlar. “
Əziz əd-din ibn Məhəmməd Nəsəfi
Bura
qədim dərviş təkkəsinə oxşayır. Şəhərin tünlüyünnən uzaq, rayonlara gedən yolun
üstündə bir məkandır. Aşpazlar da, qulluq edənlər də, hətta qabyuyanlar da
kişidir. Spirtli içki və manqal yeməkləri verilmir. (Bu da kafenin sahibinin
fəlsəfəsinə görədir: yol üstündə olan yeməkxanaya hər cür adam gələ bilər.
Kababların qoxusu imkansızların narahatlığına səbəb olar. İçki isə normal adamı
asanlıqla təbi-halınnan çıxardar, yol adamları dava-şavaya ürcah olar.)
Ensiz, amma uzunası bir xeyli olan zalda iri odun sobası yanır. Üstündə də
saxsı piti qabları vam odda bişməkdə. İçəridən-içəriyə kimidir otaqlar. Amma
yox, dəhliz ümumidir, 3, 5, 7... nəfərlik evciklərdə sakitlikdir – bunlar da dərviş
hücrələrini xatırladır. 3, 5, 7... də adi rəqəmlər deyil. Təkliyə işarədir
sanki. Buranın qonaqları təklərdir. Əgər girişdəki yazıya – ən hündür yerdəki səmənd
rəngli mərmərə həkk olunmuş ornamentə diqqətlə baxsanız, orada da TƏK
yazıldığını görəsiniz. Qəribədir ki, heç kim buranı öz adıyla deyil, adətən
saat beşdən sonra köhnə mersedesiylə təşrif buyuran qoca sahibinin – hamının
“General” deyə müraciət etdiyi kişinin ləqəbiylə tanıyır. Deyilənə görə, kafeyə
ən çox hərbçilərin, daha çox zabitlərin – yaxınlıqda hərbi hissə var - gəldiyi
yer olduğuna görə, sahibinə də “general” ləqəbinin verilməsi buradan
qaynaqlanır...
(Amma
daha ağılabatan versiya da söylənir: bu “General” 44 günlük müqəddəs Vətən
Müharibəmizə qədər işğalda olan rayonlardan birinnəndir və 1-ci Qarabağ
savaşında döyüşüb, bir ayağını da orada itirib – amma yeriyəndə taqqıltısı
eşidilməsə, ayağının qobul* olduğunu qəti bilməzsən. Orada, məşhur dəmiryolunun
üstündə onun atasının işlətdiyi və Sovet vaxtı deyildiyi kimi bir bufet varmış.
O bufetdə də atası dadlı-ləzzətli küftələr, pitilər verərmiş qonaqlarına. Ermənilər
onların rayonuna soxulanda həmin bu “General” başına dəstə roplayıb könüllülərdən
ibarət batolyon yaradır. Gündüzlər ermənilərlə döyüşər, gecələr də həmin o məşhur
bufetdə yığışıb məşvərət edirmişlər. Döyüşçü dostları ona general deyərmişlər.
Hətta belə bir əfsanə də gəzir indiyəcən ki, əgər “General”ın ayağını qəlpə aparmasaydı, düşmən çətin ki,
onların rayonunu işğal edə biləydi... Elə o zamannan adı qalıb “General”... Əsl
ad-soyadını bəlkə özü də unudub.)
----------------------------------------------------------------------------------------------------------------------
*Qobul – yerli ləhcədə ayağa taxılan
protezə verilən ad.
Biz zalda əyləşib çay içirik. Pitinin qoxusu
burnumu qıcıqlandırsa da, fikrim qonaqdadır. Hələ ilk görüşümzdən bilirəm ki,
onun çox danışan adamnan xoşu gəlmir. Ona görə hərəyə iki armudu stəkan çay içsək
də, salam-sağoldan o tərəfə getməmişik. Onu da bilirəm ki, qonağım sualı da özü
verir, cavabı da. Zira bu sirli adamı elə dindirməsəm yaxşıdır. Özüyeriyən
aparat kimi haçansa “işə düşsə düşəcək.”
Odun
sobası da bir ayrı sirdir. Elə bil bura bu istini canımıza çəkməyə gəlmişik.
“Müharibə
başdan-ayağa sirdir. O sirri daha tündləşdirənlərsə, Xüsusi Təyinatlılardır. Əgər
Xüsusi Təyinatlı şəhid olub, dəfn olunubsa, üstünnən bir ay, beş ay, lap elə
bir il keçənnən sonra xapdan durub gəlsə, heç təəccüblənmə” – deyir və məni də
heyrətdə qoyub siqaret yandırır. Mən “nə əcəb siqaret çəkirsiniz, axı sizlər adətən
bunnan uzaq olursunuz?” sualını verməyə hazırlaşanda yerə baxıb davam edir:
“Bilirəm, siqaret çəkməyim səni təəccübləndirib. Bu müharibədə olduqca qiymətli
tələbələrimi itirmişəm. Öz oğlum da içlərində... Gəncliyimdə cəmi bir il çəkib,
sonra buraxdığım siqareti də yenidən başlamağıma səbəb onları itirməyim oldu...
Hərəsi bir ordu idi... Ruhları şad olsun...”
Siz
onu tanıyırsınız. Xudayar haqqında da o danışmışdı, Cəbrayıldan da yana-yana
söz açmışdı, Arəstədən isə öz qızı kimi bəhs etmiş, danışanda ona yaraşmayan tərzdə
ufuldamışdı. Adını-soyadını, kimliyini heç mən də düzəməlli bilmirəm. Tələbələri
“Baba” deyirmişlər. Məni onunla calaşdıran da tələbəsi imiş. İndi hərbidə yüksək
vəzifə tutur – qarın, çovğunun içində vətən torpağını qorumaq vəzivəsi. Yalnız
onun xahişinnən sonra mənimlə danışmağa razı oldu. Düzü, bilmirəm ki, “Baba”
adıdır, yoxsa gizli ləqəbidir. Ya bəlkə çal saqqalına görə baba deyirlər? Nə
bilim? Adam başdan ayağa sirr qoxuyur...
“Elçin
haqqında mən sizə ancaq hamının bilə biləcəyi şeyləri deyə bilərəm. O tutduğu
mövqeyə görə nə qədər qaranlığın, görünməzliyin, bilinməzliyin içərisəndə olsa da, ruhu tamam od idi, işıq
idi. O, 300 nəfərin içərisinnən çeçilən 20-likdə olub. Əsasən Türkiyə ordusunun
xüsusi təyinatlılarının tipində təlim alırdılar onlar. Yəni NATO standartlarına
uyğun... Ali təhsilli zabit idi. Gözüyumulu 30-40 nəfərlik düşmənin üstünə tək
gedib, hamısını məhv edib geri qayıda bilənlərdən idi. Ermənicə, rusca,
ingiliscə təmiz danışa bilirdi. İndi bunu demək olar: bir neçə dəfə o üzə keçib
qayıtmışdı. Elçin gözəgörünməzlərdən idi.”
Telefonuna
zəng gəlir. Çox qısa danışır və “hə”, “hı” eləyib susur. Sonra mənə sarı
baxmadan cibinnən bir bloknot çıxardıb baxır və deyir:
“Bizim
uşaqlara – kəşfiyyatçıların içərisində xüsusi adla işarələnmişləri vardı ki,
söhbət onlardan gedir - getdikləri əməliyyat, kəşfiyyat səfərləri, təlimlər barədə
kimlərəsə danışmaq, hətta ailə üzvlərinə məlumat vermək qadağan idi. Ola bilərdi
ki, bizdən biri əməliyyat zamanı şəhid olardı, amma onun harada və necə şəhid
olması barədə dəqiqi məlumat verilməzdi. Hətta təltif olunanların siyahısında
da onlar olmaya bilərdilər... Olurdular, əslində, sadəcə bunu bir qism adam
bilirdi. Mətbuata-filana sızmazdı. Onların varlığı belə sirr idi. Sadəcə bir
fakt deyim: əgər Elçin və Elçin kimi kəşfiyyatçılar yola çıxanda atası belə
görsə, onu tanıya bilməzdi. Son dərəcə maskirovka olunurdular. Onların rütbəsi
olmurdu. Əslində olurdu, amma paqon daşımazdılar. Sadəcə, kod adları vardı.”
“Baba”
kədərlənsə də, Elçinnən danışdıqca kədəri də yox olur. Sanki diri adamnan
danışır.
“Elçin
bir hücumda təkbaşına 23 erməni zabitini məhv etmişdi. O, əfsanə idi. Mən artıq
onnan özüm də çəkinirdim, baxmayaraq ki, o və onun kimiləri ustadına qarşı
mistik bir şəkildə müti idilər. Ortada prinsip vardı: “öl – öl, qal – qal”!..
Başqa seçənək yox idi... “Çəkinirdim” kəlməsinə, deyəsən bir az aydınlıq gətirməliyəm:
o, ustadını, müəllimini ötənlərdən, qabağa gedənlərdən idi. Həyati təcrübə ona
mənim öyrətmədiklərimnən də çox şey öyrətmişdi...”
Mənə
sual verməyə imkan vermir. Adam, elə bil ürəkləri oxuya bilir. Ağzımı açmamış
sualımı özü səsləndirir:
“Gördüm
gözünüzdəki sualı. Bu, qabaqcadan onlara bildirilmişdi... Ailə onların sirrinin
bir faizinnən belə xəbərdar deyildi. Hətta həyat yoldaşları da ərlərinin nə işlə
məşqul olduqlarını bilə bilməzdi. Əgər bilsələr, bir nəfərin deyil, bütöv bir
heyətin həyatı risk altında olardı... Təbii ki, söhbət bütün Xüsusi Təyinatlılardan
getmirdi... Onların içərisində də XÜSUSİLƏR vardı... Elçin onlardan idi...
Yadımdadır,
Elçin bir nəfəri qovmuşdu. Səbəb isə o idi ki, həmin Xüsusi Təyinatlı ezamiyyətdə
olanda rəhbərliyə xəbər vermədən evlənmişdi... Bu, qəti qadağan idi. Evlənə bilərsən,
lakin o toyda ən azı on nəfər bizdən iştirak edəcəkdi; video çəkilişləri,
fotoaparatçı da bizim nəzarətimizdə olmalıydı... Nəzərə alın ki, o toy Aprel
döyüşləri ərəfəsində baş tutmuşdu. Dəstə üç gün sonra döyüşə girmişdi, həmin əsgər
isə toy ab-havasındaydı...
Mənə
başqa sualınız var?”
Boğazım
qurumuşdu. Nə sual, qardaşım? Beləsi ilə həmsöhbət olmaq nə qədər təhlükəlidirsə,
bir o qədər də maraqlıdır.
“Mən
sizin danışdıqlarınızdan nə dərəcədə yararlana bilərəm?” – yenə sualımı gözləmədən
gülümsünür:
“Nə
demişəmsə, hamısınnan... Axı... (Səsi
qırılan kimi olur. Baxışlarını mənnən gizlətməyə çalışır – Müəllif.) O indi
şəhid olub... Ona görə bəzi sirləri açmaq olar... Bir şey də əlavə edim: Elçin
və Elçin kimilər ailəyə, nəsilə, kəndə, rayona deyil, millətə və dövlətə məxsusdurlar...
Hə, lap unutmuşdum: Elçin danışırdı ki, ən azı 200 erməni döyüşçüsü öldürüb...
O tam bir ordu idi...”
***
Həmişə
düşünürdüm ki, niyə axı bizdə də Türkiyə, Rusiya, Britaniya kimi olmasın? Dərin
dövləti, gizli agentura şəbəkəsi olmayan ölkənin və dövlətin gələcəyi dərin ola
bilməz. İkinci, gözəgörünməz “dövlət” mütləq olmalıdır... SSRİ-ni 70 il yaşadan
çekistlər olmadımı? Böyük Britaniyanı illərdir ayaqda tutan gizli agentura
deyilmi? Osmanlını, sonra indiki Türkiyəni bütün çaxnaşmalardan dərin dövlət
qorumadımı?.. Bizdə niyə olmasın?
“Baba”
ilə ikinci söhbətimnəm sonra bir şeyə əmin oldum: arzuladıqlarımnan o da varmış,
bu da... Hələ onun dərinliyi də... Çox şükür ki, məni içdən ağrıdan, narahat edən
mətləblərdən agah ola bildim. Hərbçi dosta zəng edib təşəkkür edirəm. O da son
vaxtlarda yazdığım hekayələrlə tanış olub və öz növbəsində minnətdarlıq edərək
bir xeyli xoş söz söyləyib kefimi açdı. Axırda dedi ki, Elçin buralarda – şəhid
olduğu yerdə, bu qarlı-çovqunlu havada da bizimlədir.
“Anlamadım?”
deyəndə ucadan güldü:
“Biz
adımızı da, özümüzü də bu dağlara, bu çöllərə fəda etdik. İndi durduğumuz yüksəklik
Füzuli rayonunun ən hündür nöqtəsidir. Bu təpəyə Elçinin adını vermişik – Elçin
dağı...”
***
“Şəhid
olsam, ağlamayın... Hələ sevinin ki, o məqama ucala bilmişəm” – kəşfiyyatçı
kapitan Elçinin sözləridir. Ailəsini, övladlarını doyunca görmək, nazlarını çəkmək
nəsibi olmadı. Oğlunun 1-ci sinfə getməsini belə görə bilmədi. Aprel döyüşlərində
Elçin və dəstəsi qəhrəmanlıq göstərmiş, düşmənə sarsıdıcı zərbə vurmuşdu. Zira
bu barədə də heç yerdə qeydə rast gəlməzsiniz. Onlar özlərinnən sonra iz
buraxmırdılar. Hətta Vətən Müharibəsinədə döyüşən qardaşları Nurlan və Elvin də
Elçinin harada döyüşdüyünü, nə işlər gördüyünü dəqiq bilmirdilər.
Elçin
amerikalıların təlimlərinə qatılmış, sonra isə Türkiyədə Xüsusi Təyinatlıların “Anadolu
Tatbikatı”nda iştirak edərək böyük təcrübə toplamışdı.
Vətən
Müharibəsi Elçinin içində yatmış pələngi oyadır.O, Murovun fəthində elə pələng
kimi vuruşur. Tanıyanlar deyirmiş ki, bu zabitin arxasınca irəliləmək hər bir əsgərçün
şərəf imiş. Cəbrayılda isə Elçin təkcə dəstəsi ilə düşməni fiziki cəhətdən məhv
emir, onlara mənəvi zərbəni də öz əlləri ilə vurur – Cəbrayılda ilk bayrağı o
yüksəldir.
Vətən
adlı bir əsgərin dediklərindən:“Biz 44 günlük müharibədə niyə qalib gələ
bildik? Bu sualın bir neçə cavabı var. Amma biri dəqiq budur: əvvəllər hücuma
keçən əsgərlər qorxmurdular, ona görə
ki, “arxamızda yüksək çinli zabitlərimiz dayanıb” deyirdilər. Bu müharibədə
isə məsələ daha fərqliydi. İndi əsgərlər belə deyirdilər: “Biz irəli getməyə
qorxmurduq, ona görə ki, önümüzdə, bizdən qabaqda yüksək çinli zabitlərimiz
gedirdi. Biri elə Elçin İsmayılov. O əsgərini ardınca aparardı döyüşə.”
23
yüksək çinli düşmən zabitini təkbaşına məhv edən bu igid döyüşçü Füzuli uğrunda
vuruşmalarda qəhrəmancasına şəhid olub. Ucardakı Şəhidlər Xiyabanında uyuyan
kapitan Elçin İsmayılovun igidliyi və şücaəti hələ çox-çox illər sonra tam bəlli
olacaq. Nədən, bilirsinizmi? Onnan ki, onlar etdiklərini bildirməyən, gördüklərini
göstərməyən hər kəsə qapalı, ancaq Vətənə açıq olan Xüsusi Təyinatlılar idilər...
Atasının üzünü doyunca görə bilməyən Mübariz belə onun əslində kim
olduğunu doğru dürüs bilməyəcək bəlkə,
amma qanına Mübarizlərin ruhu ötürüldüyünnən bir igid kimi böyüyəcək. Bu Vətən
torpağı igidlərin ayaq səsləri üçün yadırğamasın deyə...
18.02.2021.
Yorumlar
Yorum Gönder