AZAD QARADƏRƏLİ MÖVZU VƏTƏNDİRSƏ... (Bir serial haqqında qeydlərim)

 

                    

      AZAD QARADƏRƏLİ

 

      MÖVZU VƏTƏNDİRSƏ...

 

            (Bir serial haqqında qeydlərim)




 

            Türkiyənin Kanal D televiziyasında yayımlanan “Vatanım sensin” serialının bir neçə seriyasını izləsəm də, işlərimin çoxluğu bu seriala diqqət ayırmağıma imkan vermədi.

            ARB televiziyasının bu serialı bizim dildə səsləndirməsi  və yaxın çevrəmdə olan vətənpərvər insanların  bu çoxseriyalı izləməyimi şiddətlə tövsüyə etmələrinə baxmayaraq bir yazı-pozu adamı kimi yorğunluq və son zamanlar məni üstələyən yaş  problemi yenə vaz keçməmə səbəb oldu. Amma...

            Bir gün təsadüfən serialın hansısa seriyasını sonacan izləyəndən sonra anladım ki, serialın bəhs etdiyi dönəm - Türkiyənin ölüm-qalım zamanı və bu mühüm mərhələdən  bəhs edən  bu “əsər” (bəli, mən bu serialı məhz bir əsər hesab edirəm!), neçə seriya olur-olsun baxılmağa layiqdir. Elə buna görə də ARB televiziyasının bu serialın dublyajını yarımçıq kəsib yerinə Xoşqədəmli-Zahurlu şoular verməsi heç kefimə soğan doğranadı! Kanal D-nin arxivindən serialın bütün hissələrini endirərək seyr etdim. Düzdür, bu “seyr etmə” mənim uzun zamanımı aldı, zira bu zamana heç qızırğalanmadım. Bu serialı bir roman oxuyurmuş kimi seyr etdim.

            Kino və seriallara aid bilgim çox məhdud olduğundan yaradıcı qrup, onların işi və sair kimi məsələlərdən bəhs etməyəcəyəm, bunun öz bilgələri var. Mən isə sırf bir tamaşaçı kimi danışıram burada. Ssenari uğurla yazılıb,  serial da çox ustalıqla çəkilib, hər şey yerli-yerindədir. Təkcə bəzi döyüş və agentura şəbəkəsinə dair səhnələrdəki bəsitliyi nəzərə almasaq, hər şey bir mizana, ölçüyə tabe etdirilib.

            Və...

            Üstəlik, mövzu Vətənsə...

            (Və bu Vətən bizə də doğma və hətta öz Vətənimiz qədər gərəklidirsə!..

            Yadıma Sovet dönəmindəki “Baharın 17 anı” serialı düşür və o serialı seyr etdiyim zamanıma və o seriala xərclədiyim hiss və duyğularıma  acıyıram. Baxmayaraq ki, o serialda həqiqətən gözəl aktyor işi və əla səhnələr vardı, amma o serial bizə yad olan bir vətəndən bəhs edirdi və bizi o “vətən”i sevməyə səsləyirdi... Əslində o “vətən” bizim öz Vətənimizi işğal etmiş, müstəqilliyimizi məhv etmiş, suverenliyimizi zorlamışdı...)

            Məncə, Az.Tv hökmən özünün yüksək səviyyəli dublyaj texnikası və heyətinin məharətinə güvənərək bu serialı mütləq yayımlamalıdır. Torpaqlarının hələ də bir qismində yağı ordusu gəzən, daim düşmən təhdidi altında yaşamaq və işləmək məcburiyyətində qalan (bu gün də bir əsgərimiz Kəlbəcərdə düşmən snayperi ilə öldürülüb) biz Azərbaycan  türkləri üçün, əslində elə Türkiyənin ölüm-qalım savaşı verdiyi zamandır, yəni biz hələ də müstəqillik savaşındayıq. Gəlin özümüzü aldatmayaq. Müstəqilliyimizin tarixi hələ 30 il çərçivəsindədirsə, bunun belə olduğunu qəbul etməliyik. Baxmayaraq ki, müsəlman və türk Şərqində ilk Cümhuriyyəti biz qurmuşuq, müstəqillik savaşımız bitməyib. Belə görünür ki, hələ uzun zaman da davam edəcək. Ondan ki, ətrafımızda qəvi bir düşmən və ondan da qəvi olan onun havadarları var...

            Əzizlərim! Mövzu Vətəndirsə, qalan bütün nəsnələr bihudədir...

                                                                                                                      12.01.2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə