AZAD QARADƏRƏLİ ONUN SARI BƏNİZİ HEKAYƏ
AZAD QARADƏRƏLİ
ONUN SARI BƏNİZİ
hekayə
Bir ukraynalı uşaq Ukraynadan təxliyə
olunanlara
qoşularaq ağlaya-ağlaya Polşaya gəlib çıxmışdı...
İnternet xəbərlərindən
Yol
bitmir ki. Atasız yol belə uzun olurmuş. Anasız lap uzun. Qabaqda gedən qadın
uşağının ayağını ovxalayanda mənim də ayağım ana əli istədi. Özüm ovxaladı,
olmadı. Ana əli istəyirmiş. Hardan alım ananı? Putinin faşistləri öldürdülər.
Atam da anamı dəfn edəndən sonra məni şəhərdən çıxan adamlara qoşub, özü döyüşməyə
getdi. Qəhr olsun uşağlığı. Mən axı niyə uşaq oldum?! Böyük olsaydım,
çıxardımmı ölkəmdən?! Bu adamların üzünə necə baxacam?! Polyak uşaları mənə güləcək.
Vətənini qoyub, bizə sığınmağa gəlib deyəcəklər!..
Əslində,
elə buna görə ağlayıram. Anamın ölməyindən çox, evimizin yanmağından çox,
atamdan ayrılmağımdan çox, Vətəni tək qoyub gəlməyim yandırır məni. Mən burda tək
qalıb ağladığım kimi, o da orda ağlayır... Şəhərimizin küçələrində ölmüş
adamların yaralarından axan qan deyil ki! Qan deyil. Bizim Ukraynanın adamının
qanı çıxmaz indi. O küçələrdə axan Ukraynanın göz yaşlarıdır...
Bizim
qanımız qırmızı ola bilməz. Bizim qanımız sarıdır... Mənim bənizim kimi.
Olyanın saçlarının rəngi kimi. Bayrağımızdakı sarı kimi...
Olya...
Sən indi hardasan? Sənin də bənizin saralıbmı? Məktəbimizi vurdular, Olya. Xadimə
həyətdə yıxılmışdı. Qanı axmırdı, Olya. Atamdan soruşdum, dedi faşistlərin acığına
bizim qanımız axmayacaq. Qanımız axsa, ölərik axı. Amma ölmürük. Atam dedi ki,
gündüz ölənlərin hamısı gecə dirilib, Kiyevi qorumağa gəlirlər. İnanırsan,
Olya?! Ölülər də vuruşur orda...
Olya,
demə ki, Kiyevdə qalıb Molotov kokteyli düzəldənlərə yardım edirsən... Ürəyim
partlayar axı, Olya. Atam məni aldatdı. Dedi ki, sən əgər təxliyə olunanlara
qoşulub Polşaya getsən, anan da dirilib Kiyevin müdafiəsinə gələcək...
Ona
görə gəldim bura, Olya...
Demə
ki, barrikadadasan, demə ki Molotov kokteyli düzəldirsən... Nolar demə...
-Niyə
ağlayırsan, oğlan? Qorxursan? Acsan? Bəs atan-anan hardadır?
-Mən
ağlamıram! Ukraynalılar ağlamaz! Biz... Biz... Mən gəlməzdim, əgər anam dirilib
Kiyevin müdafiəsinə getməsəydi... Üüüüü-ühü.... Üüüüüüü...
-Ağlama,
nə olar, ağlama... Gəl səni qaçqınlar şöbəsinə təqdim edim...
-Mən
qaçqın deyiləm!.. Mən bura müvəqqəti gəlmişəm... Ordumuz Kiyevdən rus faşistlərini
qovan kimi geri dönəcəyəm...
-Çantan
ağırdır? Nə var içində? Ver, kömək edim...
-Olmaz.
Orada bizim ailənin sənədləri var. Mənim dərs kitablarım var... Bir də... Bir də
Üüüüü-ühü..... Üüüüüüüü...
-Bənizin
də sapsarı olub... Yəqin acsan... Qorxma...
-Yox!
Qorxmuram! Ukraynalı qorxmaz!... Bənizimin saralmağı bizim bayrağın yarı rəngidir...
Yarısı da göylərdədir... bax, ora – göylər... gömgöy... Çantamda bir də bilirsən
nə var?! Ukrayna bayrağı!
O
çantasını açdı, sarılı-göylü bayrağı çıxardıb köksünə sıxdı və daha bərkdən
ağlamağa başladı. Sərhəddəki bütün insanlar ona qoşulub ağlayırdılar.
Az
sonra o dikəldi. Bayrağı yuxarı tutub qəhərli-qəhərli oxumağa başladı:
Ще
не вмерла України і слава, і воля,
Ще
нам, браття молодії, усміхнеться доля...*
Ukrayna-Polşa
sərhəd keçid məntəqəsindəki minlərlə
adam bir ağızdan oğlanın dediklərini avazla təkrarlayırdı...
Danışırdılar
ki, balaca qəhrəmanımızın sinif yoldaşı Olya oğlanın anasını gecə, həqiqətən Kiyevin müdafiəçiləri arasında görübmüş.
07.03.2022
-------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Ukraynanın himninin sözləridir. Mənası:
Ukrayna hələ məhv olmayıb, hünərli və iradəliyik,
Gənc qardaşlar, biz həm taleyin gülüşünü bölüşəcəyik...
Yorumlar
Yorum Gönder